Baş nazir kim olacaq: Kəmaləddin Heydərov yoxsa Samir Şərifov?

Baş nazir kim olacaq: Kəmaləddin Heydərov yoxsa Samir Şərifov?

Natiq Əmirov da namizədlərdən birinə çevrilir

Ölkədə ictimai-siyasi proseslər dünyada gedən proseslərin təsiri altında istiqamətini dəyişməyə başlayır. İlk olaraq neftin qiymətinin düşməsi qeyd edilməlidir. Neftin kəskin ucuzlaşması Azərbaycana təsir edən ən ciddi səbəb oldu. Məlum idi ki, Azərbaycandakı daxili sabitlik bahalı neftlə bağlı idi. Bahalı neft Azərbaycan iqtisadiyyatının dinamik inkişafı təəssüratını yaradır, milli valyutamız manatın avro, dollar kimi güclü valyuta olması rəyi yaranmışdı. Ancaq neftin ucuzlaşması bu yalançı təəssüratları dağıtdı. Azərbaycan manatı ötən il devalvasiya ən çox məruz qalan valyuta oldu. Azərbaycan iqtisadiyyatındakı sabitlik də manatın devalvasiyası ilə birlikdə sarsıldı. İndi artıq iki il əvvəlki Azərbaycan yoxdur. Onun yerini işsizliyin artdığı, insanların real gəlirlərinin sürətlə azaldığı Azərbaycan alıb. İqtisadi problemlər isə siyasi problemlər doğurmaqdadır. Bu proses ilk olaraq özünü hakimiyyətin monolitliyində biruzə verməyə başlayıb. Hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olan Eldar Sabiroğlunun müstəntiq oğlu Rüfət Səfərovun rejimə üsyanı da məhz ölkədə baş verən proseslərin tərkib hissəsi kimi görülməlidir. Eldar Sabiroğlunun özü də uzun müddətdir ki, hakimiyyətin bəzi yüksək çinli məmurlarına qarşı kəskin tənqidi mövqe nümayiş etdirir. Əlbəttə, bütün bunlar hakimiyyətdə mərkəzdənqaçma prosesinin başlandığını göstərmir. Ancaq hakimiyyətin belə bir proses ərəfəsində olduğunun da göstəricisi hesab oluna bilər. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, hakimiyyətdə mərkəzdənqaçma prosesi baş nazir dəyişikliyindən, eləcə də Bakı Ankara ilə Moskva arasında seçim etdikdən sonra yaranacaq. Baş nazir Artur Rasi-zadənin də öz postunu məhz buna görə qoruyub saxladığını bildirən ekspertin sözlərinə görə, hal-hazırda Nazirlər Kabinetinin rəhbəri postuna iki əsas namizəd var. Onlardan biri FövqəladəHallar naziri Kəmaləddin Heydərov, ikincisi isə Maliyyə naziri Samir Şərifovdur. Ekspert bildirir ki, prezidentin iqtisadiislahatlar üzrə köməkçisi Natiq Əmirovun da adı artıq baş nazirlikdə şanslı namizəd kimi çəkilməyə başlayıb. Natiq Əmirovun şanlı namizədə çevrilməsi isə onun ətrafında Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin yaradılması ilə bağlıdır. Belə iddilar var ki, bu Xidmət gələcək Baş nazirin komandasının formalaşdırılması istiqamətində atılan ilk addımdır. Bu Xidmətdə iqtisadçılar, hüquqşunaslar və maliyyəçilərdən ibarət komandaının formalaşdırılması prosesi gedir. Belə məlumatlar var ki, bu Xidmət özünün islahatlar paketini hazırlayır və mart ayında prezidentə təqdim edəcək. Prezident İlham Əliyevin bəyənəcəyi halda həmin islahatların tətbiqinə başlanılacaq. Məlumata görə Xidmətin hazırladığı islahatlar paketin əsasən sahibkarlığın dəstəklənməsi, bank sektorunun gücləndirilməsi və iqtisadiyyatın daha da liberallaşdırılmasına yönəlik islahatların həyata keçirilməsi öz əksini tapacaq. Çox guman ki, struktur islahatlar da məhz bundan sonra başlayacaq. İslahatlar paketinin qəbulu, struktur islahatların başlanması kadr dəyişikliklərini də gündəmə gətirəcək. Mənbənin sözlərinə görə, ötən ildən planlaşdırılan kadr dəyişiklikləri də məhz buna görə təxirə salınıb. İqtidar iki dəfə kadr dəyişikliyi həyata keçirmək istəməyib.

Ekspertin fikirincə bütün bu planlara mane ola biləcək amil isə Moskva ilə Ankara arasında münasibətlərin daha kəskinləşməsi ola bilər. Əgər Bakı məcburən bu güc mərkəzlərinin birinin yanında yer alsa Natiq Əmirovla bağlı planlar gündəmdən çıxa bilər. Bu zaman Nazirlər Kabinetinin başına Bakının seçiminə uyğun şəxs gətirilə bilər. Əgər Azərbaycan Rusiyanın yanında yer alsa, baş nazir postuna Moskvaya daha yaxın bir şəxs gətirilə bilər. Yox əgər Türkiyənin yanında yer alsa, Ankara, Brüssel, Vaşinqton və Ər-Riyyadla yaxşı münasibətlərə malik şəxs gətirilə bilər. Ekspert hesab edir ki, bu zaman Samir Şərifov Kəmaləddin Heydərovdan önə çıxa bilər. Samir Şərifovun Qərb və Türkiyədə yaxşı münasibətlərə malik olması haqqında fikirlər mövcuddur. Kəmaləddin Heydərov Ərəb şeyxləri ilə, xüsusilə də Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan zəngin ailələrlə yaxşı münasibəti olsa da, onun Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yaxın münasibətləri əleyhinə işləyə bilər. Qərb Rusiyanın hərbi dairələri ilə yaxınlığı iddia olunan bir şəxsin baş nazir postuna gətirilməsinə razı olmaz. Azərbaycanın üzləşdiyi gərgin siyasi və iqtisadi vəziyyətdə isə Qərblə yaxşı əlaqələrə malik baş nazirə ehtiyacı var. Bu isə Samir Şərifovun mövqeyini gücləndirə bilər. Qeyd edək ki, Samir Şərifov da ölkənin üzləşdiyi iqtisadi böhrandan çıxması üçün müəyyən planlar üzərində işləməsi haqqında rəyə gəlməyə imkan verən bəzi hadisələr baş verib. Azərbaycan Beynəlxalq Bankının gücləndirilməsi ilə bağlı nəzərdə tutulan təkliflər əslində Natiq Əmirovun Bank sektorunu dəstəkləmək planlarının maliyyə naziri tərəfindən artıq həyata keçirilməyə başlanması deməkdir. Belə görünür ki, Natiq Əmirov kimi Samir Şərifov da Bank sektorunun inkişafını iqtisadi islahatların mərkəzinə qoyur.

Azərbaycan xalqı isə qoca hökumətin yerini daha gənc, çevik və islahatçı hökumətin nə zaman alacağı günü səbirsizliklə gözləyir. Səbr isə sonsuz deyil. Buna görə hakimiyyət bu məsələdə daha çevik davranmalı, qərarların kütlənin təzyiqi ilə qəbul olunacağı günə saxlamamalıdır. Çünki bu xeyirdən çox zərər verə bilər.

 

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar