İlham Əliyevin hədəfində kimlər var? – “Korrupsiya silinməlidir”

 Prezident İlham Əliyevin icra başçılarını əvəzləməsi həm də onlara sərt xəbərdarlıqları ilə müşahidə olunur. Artıq ikinci dəfədir ki, ölkə başçısı yeni təyin etdiyi icra başçıları ilə görüşündə onlara qanunsuz əməllərə yol verəcəkləri halda cəzalanacaqlarını deyir.

"Yeni Sabah” xatırladır ki, bundan əvvəlki çıxışlarında prezident məmurlara yalnız tövsiyə və xəbərdarlıqlar edirdisə, son çıxışında qanunları pozan, vətəndaş və sahibkarları incidənlərin cəzalandırılacağını da sərt şəkildə ifadə etdi. Həmçinin vətəndaşlara da müarciət edərək bildirdi ki, yerli rəhbərlərin əyri yola getdiklərini görsələr, bu barədə ona məlumat versinlər.

 

İlk tapşırıq

 

İlham Əliyev öz fikrini açıq və aydın ifadə edib: "Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olmalıdır. Birincisi, xalqa ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək”.

 

Siyasi şərhçilərin fikrincə, bütün bunlar artıq ənənəvi idarəetmə formasından imtinanın mesajıdır. Bu isə yeni idarəetmədə rüşvət və korrupsiyanın minimuma enəcəyi, məmur özbaşınalığının aradan qaldırılacağına ümidləri artırır. Prezidentin sərt xəbərdarlıqlarına gəlincə, yeni idarəetməyə uyğun fəaliyyət göstərməyən məmurların həbs edilə biləcəyi barədə ehtimalları artırır.

 

Yaramaz məmurlara son xəbərdarlıq

 

Prezidentin ritorikasındakı sərtliyin artması yerində olmayan məmurlar üçün son şans hesab oluna bilər. Öz vəzifə səlahiyyətindən istifadə edib yanlış addımlara yol verən məmurlar təbii olaraq hakimiyyəti hədəfə gətirmiş olur. Bunu prezident də gözəl anlayır və həmin şəxslərə də mesajını göndərdi:

 

"Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir”.

 

Xatırladaq ki, hələ ölkə başçısı islahatlara start verməmişdən əvvəl belə məlumatlar yayılmışdı ki, əhalinin daha çox narazılıq etdiyi məmurlardan bəziləri həbs oluna bilər. Siyasi şərhçilər hesab edir ki, bu məlumatlar indiki halda özünü doğrultmasa da, həbs təhlükəsi sovuşmayıb. Hələ proses davam edir və hakimiyyət komandasında əhali arasında ciddi narazılıq yaradan və mənfi reputasiyaya malik məmurlar var. Onların ya öz təfəkkürlərini dəyişməsi (bu o qədər də inandırıcı görünmür), ya da vəzifələrindən azad edilməsi bir qədər zaman alacaq.

 

Korrupsiya tarix ola bilərmi?

 

Prezidentin hədəfində olan əsas kəsim bu vaxta qədər rüşvət və korrupsiyaya bulaşmış şəxslərdir. Müşahidəçilər bildirir ki, hökumətin yüksək eşalonunda aparılan son islahatlarda da əsas məqsədin elə rüvşətxorluğun aradan qaldırılması olduğunu bildirirlər. Yəni artıq rüşvət pramidasının zirvəsi yoxdur və bundan sonra məmurların rüşvət almaq üçün bəhanəsi də olmamalıdır. İlham Əliyevin son çıxışından daha bir sitat:

"Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar”.

İddialara görə, bu gün ən çox elə bu kateqoriyadan olan məmurlar narahatdır. Və bu narahatlıq işdən çıxarılmaqla yox, həbs təhlükəsilə bağlıdır. Ekspertlər bildirir ki, bunun baş verəcəyi gözləniləndir: "Prezidentin sərt ritorikaya keçməsi də bu gözləntilərin əsassız olmadığını göstərir. Əlbəttə bu, tezliklə baş verməyə bilər. Çünki yeni konfiqurasiyanın qurulması, idarəetmə mexanizminin dəyişdirilməsi o qədər də sadə proses deyil. Lakin görünən odur ki, Prezident ortaya siyasi iradə qoyub və bu yolda heç bir güzəştə getmə niyyətində deyil”.

 

Xalqa müraciət

 

Prezident xalqa müraciət etdi və məmur problemləri ilə bağlı ona məlumat verilməsini istədi. Bu əslində ölkədə ictimai fəallığı artırmaq, vətəndaşı öz fikrini açıq bildirmək üçün prezident tərəfindən atılan bir addım idi. Sözsüz ki, ölkədə necə bir prosesin baş verdiyini hələ də anlamayan yüksək vəzifəli şəxslər mövcuddur. Onlar sadəcə bu yeniliyi, rüşvətsiz yaşamağın mümkün olduğunu dərk etmək iqtidarında deyillər. Bu baxımdan xalqın İlham Əliyevin bu pozitiv çağırışına cavab verəcəyi qaçılmazdır. Çünki, problemin həllinin başqa bir alternativi görünmür. Xalqı incidən məmur yerində olmamalıdır. Bunun üçün isə prezidentə sadəcə xəbər vermək lazımdır:

İlham Əliyev də bunu istəyir: "Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}