Rusiyalılar üçün 2019 asan keçməyib – Etirazlar isə hələ də məişət səviyyəsindədir

Rusiyalılar üçün 2019 asan keçməyib

 

Rusiyalıların 43 faizi üçün yola salmaqda olduğumuz 2019-cu il çətin keçib, 15 faiz isə onu lap ağır hesab edir. Ümum-Rusiya İctimai Fikri Öyrənmə Mərkəzi (VTSİOM) yeni sorğunun nəticələrini açıqlayıb. Bu haqda "Vedomosti” qəzeti yazır.

Respondentlərin təxminən 30 faizi bu ili ümumilikdə yaxşı, 4 faizi uğurlu adlandırıb. Sosioloqların sözlərinə görə, illə bağlı şəxsi dəyərləndirmələr daha yüksəkdir. 47 faiz rusiyalı 2019-cu ilin özü və ailəsi üçün yaxşı keçdiyini deyib. Təxminən 30 faiz onu çətin sayır. Son 10 ildə rusiyalılar üçün ən çətin il 2015-ci il olub: 75 faiz respondent ilin ölkə üçün çətin və pis keçdyini demişdi.

Bundan öncə "Levada” mərkəzinin açıqladığı sorğuda isə rusiyalıların 43 faizi 2019-cu ildə həyat səviyyələrinin pisləşdiyini dilə gətirmişdi.

"Levada”-nın sorğusuna görə, rusiyalılardan ötrü bu ilin ən vacib hadisəsi pensiya islahatları və onların nəticələri olub. Respondentlərin 44 faizi belə düşünür. İkinci və üçüncü yerləri Sibirdə yanğınlar (38%) və yayda İrkutskdakı daşqınlar (30%) tutub.

Sorğu iştirakçıları təbii kataklizmlərlə yanaşı Krım körpüsünün dəmiryol hissəsinin açılışını, Rusiyanın Suriya müharibəsində iştirakını, dopinq qalmaqalını, Barents dənizində sualtı qayıqda dənizçilərin ölümünü misal çəkiblər.

Bundan başqa, respondentlər böyük hadisələr siyahısına Vladimir Zelenskinin Ukraynada prezident seçkisində qələbəsini, Parisdə Notr-Dam kilsəsində yanğını, Saratovda bir qızın, Sankt Peterburqda aspirantın öldürülməsini, "Moskva işi”ni, Gürcüstanla aviasiya əlaqəsinin kəsilməsini, məişət zorakılığı barədə qanun layihəsinin müzakirəsini sadalayıblar.

"İctimai Fikir” fondunun hazırladığı tədqiqata görə isə, Rusiyada böyük hadisələr kimi Krım körpüsünün açılışı, pensiya yaşı barədə qanunun qüvvəyə minməsi, təbii fəlakətlər, idmanda baş verənlər sadalanıb. Respondentlər dünyadakı vacib məqamlar kimi Ukraynada yeni prezidentin seçilməsini, Notr-Damda yanğını, ABŞ Prezidenti Donald Trampın siyasətini vurğulayıblar.

Prezident Vladimir Putin neft qiymətlərinin ucuzlaşması və beynəlxalq sanksiyalardan əziyyət çəkən iqtisadiyyatı yoluna qoymağa çalışdığı bir vaxtda ölkə əhalisi zibilin daşınmasından tutmuş xəstəxanaların bağlanmasına kimi hər şeyə etiraz edir. Bu barədə isə ABŞ-ın məşhur "The Wall Street Journal” nəşri yazır.

Moskvada yerləşən İctimai Əmək Hüquqları Mərkəzinin etiraz hərəkatını müşahidə edən qrup rəhbəri Anna Oçkina qeyd edir ki, etirazlar fəallar, siyasi partiyalar tərəfindən deyil, sadə vətəndaşlar tərəfindən təşkil edilir.

Məqalə müəllifi Enn Simmons Rusiyada ictimai etiraz ənənəsinin olmadığını xatırladır. Sovet dövründə vətəndaşlar Kommunist partiyasının komitələri, həmkarlar ittifaqları, qəzetlər, mağaza və dövlət müəssisələrinə yerləşdirilən rəsmi "şikayət kitabçaları” vasitəsilə şikayət ərizəsi göndəriblər.

 

 

Fəallar hökumətin təzyiq göstərdiyini deyir. 38 yaşlı Krasimir Vranski sosial məsələlərlə bağlı kütləvi mitinqlər təşkil edən və sakinlərin şikayətlərinin yerli idarəetmə orqanlarına çatmasına kömək edən "Gözəl Peterburq” təşkilatına başçılıq edir. Son səkkiz ildə qrupun üzvlərinin sayı 150 nəfərdən 60 min nəfərədək artıb. Keçmiş fəal sentyabrda Sankt-Peterburqun qubernator postuna namizədliyini irəli sürmək istəsə də, siyahıya düşmək üçün lazım olan 155 imza vərəqəsini toplaya bilməyib.

Polis əməkdaşlarının Arxangelsk vilayətində Şies kəndi yaxınlığında 500 akrlıq zibilxana meydanının tikilməsinə etiraz edən qadınlarla kobud davranması Dmitri Povolokinin həyatında dönüşə səbəb olub. O, may ayında Moskva vilayətindən hər il 1,5 milyon tona yaxın zibilin daşınacağı zibilliyə etiraz etmək üçün aksiya iştirakçılarına qoşulub. Hazırda tikinti işləri dayandırılıb. 38 yaşlı biznesmen deyir ki, iqtidar onun xarici agent olduğunu iddia edir.

"Hökumət hesab edir ki, biz torpaqlarımızı Moskvanın zibilindən qorumaq üçün deyil, Tramp bizə pul ödədiyi üçün etiraz edirik, - deyə o bildirir. – Təhlükəsizlik xidmətlərinin bütün əməkdaşlarını inandırıblar ki, etirazçılar Qərbdən maliyyələşir. Əlbəttə, bizə heç kim pul vermir”.

Bu ay rayon sakinləri ilə görüşdə Sankt-Peterburqun vitse-qubernatoru Nikolay Linçenko "söz verib ki, gələn ildən məktəb və uşaq bağçası tikiləcək”. Belə ki, həmin rayonun sakini, əvvəllər heç vaxt etirazlarda iştirak etməyən 38 yaşlı evdar qadın Oksana Qunker dekabrda "Kim cavabdehlik daşıyır?” tələbi ilə təkbaşına aksiya keçirib. Belə ki, onun yaşadığı rayonda məktəb çatışmadığı üçün beş övladından biri başqa məktəbə getmək üçün yolda vaxt itirməli olacaq. Bütün vədlərə baxmayaraq, sakinlər şübhə ilə yanaşır və təkbaşına piketləri davam etdirirlər.

"İnsanlar sadəcə ictimai etirazı təzyiq vasitəsi kimi mənimsəyiblər”, - deyə Oçkina qeyd edir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}