GÖMÜLMÜŞ TEATR SİYASƏTİ

 

Və yaxud Azərbaycan Milli Məclisi niyə "CƏRİMƏ MƏCLİSİ” funksiyasını yerinə yetirir?

Peşəkar sənətə sintetik sahə statusu ilə yanaşmaq qaydasına əlvida deyilməlidir. Çünki, sintetika olan yerdə sənət və cəmiyyət mənəvi baxımdan öz inkişaf düsturunu tapa bilmir...
Son illər ədəbi tənqid adı altında "ədəbi məddahlıq” Himalay dağlarının zirvəsinə doğru analoqu olmayan möhtəşəm sürətlə irəliləməkdədir. Buna görə də milli teatr sənətimiz illər ötdükcə daha da geriləməkdədir. Sənətin metodikası, interaktivliyi, onun sosial problemlərinin bazası ölü durumdadır. Beləcə sənət və teatr bir-birinin əlavəsinə çevrilə bilmir. Zamanın sənət ritmi isə onun sosial problemlərinin ənginliklərində it-bata düşüb. 
Bu gün teatr sənətində dəbdə olan "Debate and theatre workshop” (Teatrın çevrəsində debatlar və forum) anlayışı ilə dünyanın hər yerində yaranmış böhranlardan çıxış yolları arandığı halda, Azərbaycanda bu sahəyə sorumlu olan MTN (Mədəniyyət və Turizm Nazirliyi) və TXİ (Teatr Xadimləri İttifaqı) susqunluq nümayiş etdirirlər. Gözəlim məmləkətin problemlərini bir nəfərin, yəni ölkə prezidentinin üzərinə yükləməklə bütün sorumluluqlardan bürokratcasına yayınma prosesi hələ də davam edir. 

Teatrın sosium anlayışı

Son beş ildə Milli Məclisin çıxardığı qanunların əksəriyyəti ölkə vətəndaşlarının necə cərimələnmsi ilə zənginləşdirilib. Bir yandan insanların hüquq qaydalarını pozma, o biri yandan kasıbların boğazına çökmüş inzibati-amirlik metodununun "cərimə” (töycü) siyasəti gerçəkdən çox acınacaqlıdır. Ölkədə vətəndaşların sosial haqlarının, eləcə də onların necə və hansı yolla normal şəkildə para qazanmalarının haqqında isə hər hansı bir yeni qanunun qəbul etdiyini nə eşitdik, nə də duyduq. Əslinə qalsa Milli Məclisi "CƏRİMƏ MƏCLİSİ” adlandırmaq daha yaxşı olar. Bizim maraq dairəmizdə olan teatr sənəti yönündə çalışan minlərlə insanların həyatının, sosial durumunun acınacaqlı olduğuna dair öncələr də yazılarla çıxış etmiş, həyəcan təbili çalmışdıq. Ölkəni süni şəkildə xaosa sürükləyən bürokratiya ötən yüzilin 70-ci illərində olduğu kimi durğunluq siyasətinin qəflət yuxusundan oyanmaq bilmir. MTN-nin rəhbərliyində bir nəfər də olsun teatr sənəti üzrə peşəkar mütəxəssis yoxdur. TXİ elə mürgüləyib ki, bu quruma rəhbərlik etmiş Sultan Məcid Qənizadə, Həbib Mahmudbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli, Abbas Mirzə Şərifzadə, Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Lütfiyar İmanov və Həsənağa Turabovun məzarda sümükləri sızıldayır. Bu qurum 1897-ci ildə "Artistlər İttifaqı” kimi yaradılmış, 1920-ci ildə "Türk Aktyorlar İttifaqı” adını almış, 1948-ci ildə "Azərbaycan Teatr Cəmiyyəti”nə çevrilmişdir. 120 yaşı olan qurumu indi ətalət xəstəliyi bürüyüb. Dahi teatr xadimlərinin sayəsində MTN-lə birgə teatr sənətinin inkişaf yolu daim diqqət mərkəzində olub. Teatr xadimlərinin sosial problemləri və yaradıcılıq sahəsində hüquqlarının qorunmasında fəal olmuşlar. Bu, həm də teatrın yüksək səviyyədə inkişafında böyük bir təkana çevrilmişdi. İndi teatrlarda sənət adamına 200 manat maaş vermək ən böyük sosial problemlərdən biri deyilmi? TXİ-yə 2003-cü ildən rəhbərlik edən Azərpaşa Nemətovun hər hansı bir təşəbbüsünü kimsə görməyib. Elə bu dönəmdən özəl teatr statusu ilə məşhurluq qazanmış "Gənclər Teatrı”, "Kamera Teatrı” və digər teatrlar fəaliyyətini dayandırmalı olub. Teatr sənətinə ögey münasibətin qaynağı sadəcə TXİ-nin deyil, eləcə də MTN-nin apardığı "ölgün teatr” siyasətinin strateji hədəflərindən biri sayılır. Hər iki qurum ötən müddətdə teatrlarda çalışan minlərlə sənət adamının sosial problemlərinin çözümü yönündə səslərini ucaltmayıblar. Hansısa təşəbbüslə çıxış etməyiblər. Bütün günahları və problemlərin həllini birbaşa hökumətin üstünə atmaqla yayınıblar. 
GÖMÜLMÜŞ TEATR SİYASƏTİ
Bədii sənət və bazar iqtisadiyyatı
Faktiki olaraq, dünyanın hər yerində teatr və kino sənətində, eləcə də mədəniyyətin başqa sahələrində sənət adamlarının hüquqlarının təsbit edilməsinin qanuni şəkildə mexanizmləri mövcuddur. Aktyor, rejissor, dramaturq, ssenarist və bu yöndə çalışan digər mütəxəssislərin statusları, onların dərəcələri ilə bağlı mexanizmlərin qanuni şəkildə qəbul edilməsi ilə bağlı olan sistemdir. Dünyanın inkişaf etmiş ölkələrində sənət adamlarının statusları haqqında müxtəlif meyarlar var. Sənətə və sənətkara verilən dəyər qanuni şəkildə öz yerini tapıb. Azərbaycanda isə bütün bunlara rast gəlinməz. Peşəkar aktyor hansısa televiziya serialına çəkilir. Prodüser və ya sponsor arsızcasına sənət adamının hüquqlarını ilk görüşdə "camış balasını tapdalayan” kimi taprdalamağa başlayır. Çünki, teatrlarda da durum belədir. Əgər kino və teatr sahəsində MTN və TXİ sənət adamlarının hüquqlarını istədiyi kimi pozursa, nədən özəl sektor bu addımı atmasın, dilemması indi sənət adamlarının üzləşdiyi bataqlıq sindromuna çevrilib. Cəmiyyətin demokratikləşməsinin tək yolu sənət adamlarının hüquqlarının və onların statuslarının tanınmasından keçir. Çünki sənət adamları cəmiyyətdə daha çox üzdə olan bir zümrədir. Onları teatrda, kinoda, televiziya kanallarında hər gün görmək olur. Az qala sənət adamını dilənməyə qədər məcbur etmək elə bil MTN və TXİ-nin məramlarına çevrilib. Bazar iqtisadiyyatı mərhələsinə qədəm qoymuş ölkəmizdə bu prinsiplər təkcə teatr və kino sahəsindən uzaq düşüb. Ona görə də teatr və kino sənəti inkişaf edə bilmir. Cokerlər və menecerlər sənət bazarını tənzimləmək üçün gərəkən inkişaf prosesində fəallıq göstərə bilmirlər. Ünlü alman analitik sosial psixologiya araşdırmaçısı Erih Fromm sənət və onun inkişafı ilə bağlı belə qeyd edir: "Daxili sənət bazarının dəyişməsi üçün, ilk öncə bu sahəyə rəhbərlik edənlərin təşəbbüsləri olmalıdır. İctimai istehsalın differensial əlaqə və rabitəsi olmadan dərin hədəflərə də baş vurmaq qeyri-mümkündür. Bazar və dövlət münasibətlərində bu konteksin həlli yolları birlikdə çözülməlidir. Teatr sənətinin inkişafı üçün yarmarkalar, prodüser mərkəzləri, agentlik və peşə birgə çalışmalıdır”. 2002-ci ildən başlayaraq, dünyanın inkişaf etmiş ölkələrində "qeyri kommersiya sahələri”nin yeni metodologiya üzrə inkişaf yolları aranmaqda və bir sıra uğurlar əldə edilir. Azərbaycanda isə MTN və TXİ hələ də, Cabbar Qaryağdıoğlu demişkən: "Qalada yatmış idim, top atdılar oyanmadım” uyğusundadır. Bunun üçün ilk öncə teatrların Bədii Şuraları və TXİ-nin birgə hazırladığı arayışlar əsasında, daha sonra isə MTN tərəfindən təsdiqlənmiş halda sənət adamlarının dərəcə və digər hüquqları təsbit edilməlidir. Belə olduğu təqdirdə, teatrda, kinoda, digər çəkiliş və tədbirlərdə kimsə sənət adamlarının hüquqlarını poza bilməz. Bunun üçün dinamik struktur olmalıdır. Dünyanın hər yerində Azərbaycan sənət adamlarının dəyəri ona görə yoxdur ki, bizim məmləkətdə mərhum şairimiz Famil Mehdi demişkən "Dilən professor, dilən” aqibəti ilə üz-üzə qalıblar. Teatr siyasətinə birbaşa sorumlu olan MTN-nin əbədi və müdrik müavini Ədalət Vəliyev və TXİ-nin sədri Azərpaşa Nemətov uzun illərdir ki, öz statuslarının nədən ibarət olduğunu bilmirlər. Bədii sənətin bazar iqtisadiyyatı şərtləri içində onun inkişaf yollarını bir dəfə də olsun dilə gətirməyiblər. Dünyada mövcud olan praktikadan belə, xəbərsizdirlər. Bürokratcasına ən yüksək səviyyədə maaş almaq, öz səlahiyyətlərindən yararlanaraq inzibati amlrlik metodu ilə sənət adamlarının hüquqlarını pozmaq gerçəkdən acınacaqlıdır. 110 manat maaşla aktyordan yüksək sənət tələb etmək, hətta bu maaşı ona çox görmək teatrımıza olan münasibətlərin fəlakətinin təməlidir. 
GÖMÜLMÜŞ TEATR SİYASƏTİ
Estetik sənət və cəmiyyətin mənəviyyatı
Görkəmli sənət xadimi Semen Rapport "Estetik oçerklər” əsərində çox haqlı olaraq qeyd edir ki: "Yırtıcı kapitalizmin ritminə uyan sənət ölü doğulmuş uşaqdır. Cəmiyyətin estetik düşüncə tərzinin inkişaf yolları sənətin bədii xarakterinin ən üstün səviyyədə olması ilə müşahidə edilməlidir. Bunun üçün, ilk öncə sənət adamlarının sosial prolemlərinin həlli yönündə onların hüquqları qanuni xarakter almalıdır”. Bədii prosesin estetik düzəni ilə birgə inkişafının yolları sənət adamlarının açıq şəkildə söz demək, bürokratların öz mənfəətləri üçün yaratdığı əngəlləri ortaya qoymağı bacarmalıdırlar. Susqun olmaq heç də sənət adamlarının acizliyindən doğmur. Onlar azından istedadlarını və sənətə olan sayğılarını yaşatmaq üçün susurlar. Azərbaycan cəmiyyəti məhz bu amillə müşahidə olunur. Sənət adamının hüquqi baxımdan statusunun olmaması bürokratların işinə yarayan yaramazlıqlardan doğur. İqtisadiyyat və teatr qurumunun birgə tandemi olmadan sənət də inkişaf edə bilməyəcək. Yaradıcılıq prosesi isə tamamilə ölgün duruma yuvarlanacaq. Bundan ən böyük zərər isə cəmiyyətə dəyəcək. Sosiallaşma baxımından estetik sənət cəmiyyətin mənəviyyatına çevrilmirsə, sənətin inkişafı da yox kimidir. Bunun tək çözüm yolu isə "Repertuar Teatrı” anlayışına bağlıdır. Bu yöndə Lev Sundstrem "İqtisadiyyat və sənət meyarı” əsərində çox haqlı olaraq yazır: "Sənət adamlarının istedadına görə dərəcələri və qonoarar sistyemi təsdiq olunmalıdır ki, sabah onların yaradıcılıq potensialına görə sosial problemlərinin həlli də asan olsun. Peşəkarlıq olan yerdə sənət də yüksək səviyyədə inkişaf edir. Bu, sadəcə sənətə verilən qiymət deyil, həm də estetik baxımdan cəmiyyətin mənəvi inkişafı üçün təkan deməkdir”. Effektiv idarəetmənin sənət baxımından çətin olmadığı indi dünyanın hər yerində öz təsdiqini tapan amillərdən biri sayılır. Çünki, sənət adamlarının dərəcələri bəlli bir düzənlə öz təsdiqini tapmışdır. Bu proses Azərbaycanda ən çox axsayan sahə sayılır. Sənət aləmindəki menecer və menecment anlayışının öz yerini tapmaması ucbatından ölkəmizdə sənət adamlarının hər addımda hüquqları pozulur. Beləcə istedadı olmayan, peşəkar sənət aləmindən uzaq zümrə formalaşmaqdadır. Bayağılıq sənət aləminin tərkib hissəsinə çevrilib. Bunun üçün də yaranmış sənət böhranının qarşısının alınmasının tək çözüm yolu peşəkarların hüquqi statusları, onların sənət dərəcələri MTN və TXİ-nin birgə təşəbbüsləri ilə həll edilməlidir. Beləliklə mədəniyyətin iqtisadiyyatı ümumi sosial iqtisadi nəzəriyyənin praktikasına çevrilməlidir. Azərbaycan bir ölkə olaraq, dünyanın tərkib hissəsidir. Dünya standartlarına uyğunlaşmağımız isə qaçılmaz və danılmaz bir prosesdir. Biz hansı dəyər və prinsiplərlə dünya birliyinin harmoniyasında yer alırıq? Bu suala indiyə kimi təəssüflər olsun ki, teatr sənətinə birbaşa sorumlu olan nə MTN-nin müavini Ədalət Vəliyev, nə də TXİ-nin sədri Azərpaşa Nemətov cavab verməyiblər. Bayağı məhəlli düşüncə və bürokratik təfəkkürlə sənət inkişaf edə bilməz. Peşəkar sənətə sintetik sahə statusu ilə yanaşmaq qaydasına əlvida deyilməlidir. Çünki, sintetika olan yerdə sənət və cəmiyyət mənəvi baxımdan öz inkişaf düsturunu tapa bilmir. Teatr sənətini bəlirsizlik uçurumunda gömmək olmaz. Ona can və ruh vermək gərəkdir ki, sənət də inkişaf etsin. Biz bunun çözüm yollarını göstərdik. Gerisi MTN və TXİ-nin boynundadır. 

Ənvər BÖRÜSOY, sənətşünas


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}