Əbülfəs Qarayevin günahı varmı?

 Azərbaycana turistlərin cəlb edilməsində əsas problemlərdən biri  viza məsələsidir

 


Neftin kəskin ucuzlaşması büdcə gəlirlərini təmin etməyi kəskin çətinləşdirib və hökuməti digər sahələrə yönəlməyə vadar edib. Qısa müddətdə dünya bazarlarında rəqabətə davamlı məhsul istehsal etmək faktiki olaraq mümkün olmadığının fərqində olan hökumət əsas gəlir mənbəyi kimi turizmi dirçəltməyə çalışır. Lakin bu o qədər də asan iş deyil. Baxmayaraq ki, Azərbaycan bir neçə mötəbər yarışmaya və idman turnirinə ev sahibliyi edərək, müxtəlif reklam kompaniayaları apararaq dünyada özünü tanıtma mərhələsini də keçib. Bununla belə, turizm arzu edilən səviyyədən çox-çox uzaqdır. Azərbaycan ən çox turisti 2012-2013-cü illərdə qəbul edib ki,  bu da "Eurovision" musiqi yarışmasına ev sahibliyi etməsi ilə əlaqələndirilir. Həmin ildə Azərbaycana 2.5 milyon turist gəlib ki, bu da ölkəmizin tarixində ən yüksək nəticə hesab olunur. Ancaq bu qonşu Gürcüstanın ötən il əldə etdiyi uğurun yanında çox kiçik rəqəm kimi görünür. Belə ki, ötən il Gürcüstana 6 350 825 turist gəlib ki, bu da 2015-ci ilə müqayisədə təxminən yarım milyon artıq turist deməkdir. Ümumiyyətlə, Gürcüstan artıq turizm ölkəsinə çevrilib və bu ölkəyə gələnlərin sayı ildən –ilə artır. Gürcüstan hökuməti 10 milyon turist cəlb etməyi hədəfləyib və belə görünür ki, bu rekord çox da uzaqda deyil. Avropa ölkələri ilə vizasız gediş-gəlişin reallaşması bu prespektivi yaxın illərdə reallığa çevirəcək.

Gürcüstan hökumətinin niyyətini anlamaq isə çətin deyil. Bu ölkənin büdcəsi yalnız ötən il turizmdən 2 milyard dollar təmiz gəlir əldə edib. Turistlərin Gürcüstana xeyri isə bundan bir neçə dəfə çoxdur.

Gürcüstanın  müstəqil dövlət kimi əldə etdiyi uğurlar bizi sevindirir. Ancaq bizi ilk növbədə ölkəmizin inkişafı düşündürür. Neftin bir daha inkişafımızın lokomotivi ola bilməyəcəyini nəzərə alanda, qeyri-neft sektorunu inkişaf etdirməkdən başqa çarə qalmır. Dünya bazarlarında rəqabətə davamlı məhsullar istehsal etmək asan vəzifə olmadığı üçün turizmin inkişafı bizim üçün prioritet məsələyə çevrilir. Gürcüstanın əldə etdiyi uğurların yanında bizim uğursuzluğumuza görə turizm sektoruna nəzarət edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi ittiham etmək məsuliyyəti bölüşməməyin ən asan yolu, "günah keçisi” tapmağın ən qısa yoludur. Bunu ona görə qeyd edirik ki, Gürcüstanın uğurlarını bəziləri artıq nazir Əbülfəs Qarayevə qarşı "kompramat”a çevirməyə çalışırlar. Əlbətdə, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006-cı ildən Mədəniyyət və turizm naziri olan Əbülfəs Qarayevin turizm sektorunun hazırkı mərhələsinə görə məsuliyyəti var. Ancaq bu hökumətin və bütövlükdə iqtidarın məsuliyyətindən azdır. Məsələ ondan ibarətdir ki, Azərbaycana turistlərin cəlb edilməsində əsas problemlərdən biri viza məsələsidir. ASAN Viza xidmətinin yaradılması bu problemin həlli deyil, sadəcə problemin bir qədər yüngülləşdirilməsidir. Halbuki, Gürcüstanın 94 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edib. Hətta Tbilisi bəzi ölkələrin vətəndaşlarına yalnız şəxsiyyət vəsiqəsi və yaxud da şəxsiyyətini təsdiq edən istənilən sənədlə Gürcüstana gəlmək hüququ verib. Gürcüstan hökuməti bu istiqamətdə qətiyyətli addımlar atır və turistlərin cəlb olunmasına mane olan bütün bürokratik əngəlləri aradan qaldırmağa çalışır.

Azərbaycan hökuməti isə belə niyyətdən çox uzaq görünür və ASAN Viza bu yolda ciddi uğur sayıla bilməz. Buna görə, Gürcüstanın uğurları fonunda Azərbaycanın uğursuzluğuna görə nazir Əbülfəs Qarayevi tənqid etmək ədalətli hesab oluna bilməz. Azərbaycan hökuməti isə belə görünür ki, nazir Əbülfəs Qarayevin işini çətinləşdirməkdə qərarlıdır. Məsələn, valyuta dəyişmə məntəqələrinin ləğvi, valyuta dəyişmə qaydalarının sərtləşdirilməsi turizmin inkişafına mənfi təsir edəcək. Gürcüstana günün istənilən vaxtı istənilən valyuta dəyişmə məntəqəsindən istədiyin valyutanı istədiyin qədər ala və sata bilərsən. Azərbaycanda isə valyuta əməliyyatları ancaq banklarda aparılır və ölkəmizə gələn turistlər gəzmək üçün ayırdırdıqları vaxtın bir hissəsini valyuta dəyişmək üçün bank axtarmağa  məcburdurlar. Əllərində qalan Azərbaycan manatını isə aparıcı valyutalara dəyişmək turistlər üçün başqa bir problemdir.

Azərbaycanda turizmin inkişafına mənfi təsir edən amillərdən biri də gömrük və sərhəd xidmətinin Gürcüstan gömrük və sərhəd xidməti ilə müqayisədə çox kobud iş sistemi, korrupsiyaya meyilliyi və qorxaqlığıdır. Məsələn, Avropa ölkələrinə eyni pasportla səfər edən birini Azərbaycan sərhədçiləri çək-çevrə salırlar ki, şəkildə çox gəncsən. Adam pasportunun etibarlıq müddətinin  bitmədiyini desə də, sərhədçilərin çək-çevirindən uzun müddət yaxa qurtara bilməyib.

Bütün bunları ümumiləşdirərək demək olar ki, iqtisadi sistem daha da liberalşmadıqca Azərbaycanda turizmin inkişafı ancaq arzu olaraq qalacaq. Yalnız kompleks qərarlar bu sahənin inkişafına imkan yarada bilər. Əks halda asan yol nazir Əbülfəs Qarayevi tənqid etmək olacaq ki, indi bir çoxları məhz bu yolu tutub.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}