Manat əsəbləri tarıma çəkir

Manat əsəbləri tarıma çəkir

 


Mərkəzi Bank cəmiyyəti çalxalayır

Həftənin ilk günü banklarda ABŞ dollarının bir həftəlik ucuzlaşmasından sonra əks istiqamətə kurs götürməsi başladı. Belə ki, həftənin ilk günü səhər saatlarından dolları 1. 60 manatdan alan "Azərtürkbank”, günortadan başlayaraq məzənnəni 1.64 manata qaldırdı. Bu bank ABŞ dollarının satış qiymətini isə 1.7450 manatdan 1.76 manata yüksəltdi. Eyni ilə "Bank of Baku” dolların alış qiymətini 1.68 manatdan 1.70 manata, satış qiymətini isə 1.79 manatdan 1.80 manata,” Nikoyl Bank” dolların alış qiymətini 1.63 manatdan 1.67 manata, satış qiymətini isə 1.70 manatdn 1.77 manata,” PAŞA Bank” dolların alış qiymətini 1.6250 manatdan 1.65 manata, satış qiymətini isi 1.7550 manatdan 1.77 manata, "AG Bank” dolların alış qiymətini 1.63 manatdan 1.64 manatdan, satış qiymətini isə 1.7350 manatdan 1.76 manata qaldırdı.

Halbuki, cəmi dörd gün əvvəl fevralın 9-da Mərkəzi Bankın valyuta hərracında manat dollara nisbətən 9,64 qəpik və ya 5,3% möhkəmlənərək bir dollara görə 1,7301 manat təşkil etmişdi. Bu, son 14 ayda milli valyutamıızn ən yüksək səviyyədə möhkəmlənməsi idi. Bu tarixdən bir həftə əvvəl, yəni fevralın 2-də manatın rəsmi məzənnəsi bir dollara görə 1,92manat idi.

Bankların dolların kursu üzərində oyunları davam etdiyi bir zamanda ekspertlər manatın bu cür kəskin möhkəmlənməsi üçün real iqtisadi səbəblərin olmadığını bu prosesin sadəcə olaraq bank spekulyasiyası olduğunu bəyan etdilər. İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, valyuta bazarında iki oyuncu var və ikisi də dövlət qurumudur: Mərkəzi Bank və Dövlət Neft Fondu.

"Bir qurum təklifi, digəri isə tələbi formalaşdırır. Mərkəzi Bank və Dövlət Neft Fondu öz fəaliyyətini iqtisadi qanunlar əsasında yox, inzibati metodlar əsasında qururlar. Odur ki, istənilən vaxt manatı dəyərsizləşdirmək və ya möhkəmləndirmək onlar üçün çətin deyil”.

İqtisadçı Samir Əliyev də hesab edir ki, banklar aktiv spekulyasiyaya girişiblər. O, qeyd edib ki, bəzi banklarda alış və satış qiyməti arasında fərq 15%-ə çatır.

"Süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar”.

Ekspertlər hesab edir ki, Beynəlxalq Bank və SOCAR-la bağlı problemlər həllini tapmayıb. Çünki, bütün cəhdlərə baxmayaraq hökumət 2 ildir Beynəlxalq Bankı sağlamlaşdıra bilmir. Rəsmi məlumatlara görə, son 2 ildə Beynəlxalq Bankın sağlamlaşdırılmasına 8 milyard ayrılıb. Ancaq heç bir müsbət nəticə əldə olunmayıb. Digər bir problem SOCAR-ın çox yüksək məbləğdə, 9,4 milyard manat borcu var.

Manata ən böyük problemi isə ixrac və idxal arasındakı payda qeyri-neft məhsullarının həcminin çox kiçik olması göstərir. Belə ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkədən 11,9 milyard dollarlıq mal ixrac, 7,7 milyardlıq mal isə idxal edilib. Ancaq ölkədən ixrac edilən məhsulun 91 faizi xam neft ixracının payına düşür. Xam nefti isə əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ixrac edir və bu mənbədən gələn valuyta isə birbaşa bazara daxil olmur, Neft Fondunun hesabına keçir. Yəni Azərbaycana daxil olan valyuta əhalidə deyil, dövlət qurumunda cəmləşir. Bu dövlət qurumu isə bazarda dolların kursunu müəyyən edən əsas oyunçu qismində çıxış edir. Beləliklə, iqtisadiyyatın bütün subyektlərinin taleyi bir qurumun siyasətindən asılı vəziyyətədüşür. Təbii ki, bu da iqtisadiyyatın inkişafına heç bir müsbət təsir göstrə bilməz. Əksinə, valyutanın kursunun real bazar tərəfindn deyil, neft dollarının yığımını həyata keçirən bir qurum tərəfindən həyata keçirilməsi çox mənfi haldır. Bu gün ölkədə yaşanan valyuta panikasının, qıtlığının arxasında da məhz bu məqam dayanır. Gürcüstanda valyuta satışında heç bir problem olmadığı halda, Azərbaycanda yaşanan valyuta qıtlığının əsas səbəbi də budur. Gürcüstana hər gün daxil olan valyuta birbaşa kiçik və orta biznesə yönəlir. Onlar da ehtiyaclarını qarşılamaq üçün həmin valyutanı bazara çıxarırlar. Buna görə valyuta qıtlığı yaşanmır. Azərbaycanda isə yuxarıda qeyd etdiyimiz kimi, valyuta bir-iki dövət qurumunun əlində çəmləşir. Onların bazara nə qədər və nə zaman dollar çıxarması prosesə ciddi təsir edir. Bu proses davam etdiyi müddətdə vəziyyət dəyişməyəcək.

Eyni zamanda Mərkəzi Bank saxta üzən məzənnə ilə cəmiyyətin səbrlərini tarıma çəkməkdə, iqtisadiyyatı böğmaqda davam edəcək. Bu isə ciddi sosial böhranlar yaşayan cəmiyyətdə ciddi fəsadlara yol aça bilər.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}