Tramp, kralı "döşündən qan gələnə qədər sağdı": 350 milyard dollarlıq “süd”

Tramp, kralı "döşündən qan gələnə qədər sağdı": 350 milyard dollarlıq “süd”

 

İlk xarici səfərini Səudiyyə Ərəbistanına edən Trampla ölkə kralı Salman arasında ümumi dəyəri 100 milyardlarla ölçülən hərbi müqavilə imzalayıb.

Ovqat.com xəbər verir ki, müqavilədə qarşıdakı 10 il ərzində Səudiyyə Ərəbistanının ABŞ-dan 350 milyard dollarlıq silah alması nəzərdə tutulur.

Maraqlıdır ki, liderlər ABŞ müdafiə sənayesində onminlərlə yeni iş yeri yaratmaq məqsədilə "əməkdaşlıq sazişi və xüsusi sektor müqavilələri imzaladıqlarını” da gizlətməyə ehtiyac duymayıblar.

Halbuki, Trampın səfərindən əvvəl rəsmi Riyad ölkə silah sənayesini gücləndirmək üçün ciddi investisiyalar yatıracağını və silah idxalatını azaldacağını bildirmişdi. Trampın səfəri zamanı isə bu qədər böyükhəcmli silah alış-verişini nəzərdə tutan müqavilələrin imzalanması Riyada bu imkanın verilmədiyi mənasına gəlir.

 

Dünyanın ən böyük silah alıcılarından olan Səudiyyə Ərəbistanı  öz cəbbəxana ehtiyaclarının cəmi 2%-ni yerli istehsalın gücünə təmin edir. Digər 98%-in böyük qismini isə ABŞ-dan alır. Bir növ ABŞ silah fabrikalarının ən böyük müştərilərindən olan Səudiyyə Ərəbistanının öz müdafiə sənayesini qurması, təbii ki, Vaşinqtona sərf etməzdi.

Bəlkə də iki dövlət arasında indiyədək ən böyük silah ticarəti müqaviləsinin Tramp hakimiyyətinin ilk dövründə imzalanması gözlənilməz deyildi. ABŞ-ın yeni prezidenti hələ seçkiqabağı təşviqat zamanı Səudiyyə Ərəbistanını təhdid etmişdi; krallığı sağmal inəyə bənzədərək, nə qədər ki canında can var, onu döşündən qan gələnədək sağacaqlarını, südü quruyandan sonra isə kəsəcəklərini demişdi. Bununla da krallığa "südünü bol elə ha, yoxsa sənin süddən kəsildiyini düşünə və bıcağımızı itilədə bilərik” mesajını vermişdi. Trampın ilk xarici səfərində 100 milyarlardla dollarlıq müqavilələrin imzalanması Riyadın bu mesajı "tutduğunu” göstərir.

 

ABŞ-ın sabiq prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanını "etibarsız ölkə” kimi xarakterizə etməsiylə pozulan dövlətlərarası münasibətləri Trampın səfəriylə yenidən bərpa edəcəklərini düşünən və bu səfəri toy-bayramla qarşılayan krallıq rəsmilərini ən çox sevindirən isə yeni ağanın İranla bağlı mövqeyidir; xüsusilə son zamanlar İrana qarşı sərt ifadələr işlədən və onu təhdid edən Tramp Riyada böyük ümidlər verir. Krallıq rəsmiləri Yaxın Şərqin liderliyini əldə saxlamaq üçün əsas rəqibləri olan İranı, nəhayət, sıradan çıxara biləcəklərini düşünürlər. Bu ümid ABŞ prezidentinin səfəri zamanı Riyad küçələrini bəzəyən şəkillərdə də öz əksini tapmışdı. Kralla prezidentin qoşa şəkilinin altında yazılan "birlikdə qələbə qazanacağıq”  cümlələri də məhz bu ümiddən doğurdu.

ABŞ-ın Yaxın Şərq siyasətinin mahiyyətinə nəzər salanda isə həmin ümidlərin sabun köpüyündən ibarət olduğunu görürük. Ümumiyyətlə, dünyanın müxtəlif regionlarındakı rəqabət mühitindən faydalanmaq yolunu tutan ABŞ xarici siyasətini müəyyənləşdirən strateqlər bu şəraitin ortadan qalxmasıyla özlərinin də dünya hegemonluğuna son qoyulacağını yaxşı bilirlər. Odur ki, üzdə birinin, daldada digərinin müttəfiqinə çevrilirlər.

 

Bu ikibaşlı  siyasətin ən bariz nümunəsini Yaxın Şərqdə və özəlliklə də İrana qarşı yürüdüldüyü məlumdur. İran İslam Respublikası qurulandan sonra şah dövrünün ən yaxın strateji müttəfiqi sayılan ABŞ-ın bu ölkədən qovulmasını həzm edə bilməyən Vaşinqton bunun qisasını İraqı müharibəyə təşviq edərək almışdı. 8 il davam edən bu qanlı müharibənin isə qazananı ABŞ və hazırkı nəticə etibarilə İran olmuşdu. Bütün beynəlxalq şəraitin və silah gücünün uyğun olmasına baxmayaraq, İraqın bir addım belə, irəliləyə bilməməsinin sirri sonradan "İranqeyt” qalmaqalıyla ortaya çıxmışdı. Məlum olmuşdu ki, ABŞ bir tərəfdən İraqı dəstəklədiyi kimi, digər tərəfdən də İsrailin əliylə İrana külli miqdarda silah satırmış. Həmin vaxt bütün dünyanı təəccübləndirən bu skandalı dövrün ABŞ prezidenti Reqan belə, etiraf etmək məcburiyyətində qalmışdı.

Sözsüz ki, o dövrdə İrana silah satılmasının yeganə səbəbi pul qazanmaq da deyildi. Regionda qüvvələr nisbətini heç kimin üstünlük qazanmayacağı səviyyədə tənzimləmək və tarazlığı qorumaq digər səbəblərdən biri idi. 1985-86-ci ildə baş verən skandaldan qısa müddət sonra İraq prezidenti Səddam Hüseyn ABŞ-ın əsas düşməni halına gəlmiş və I körfəz müharibəsiylə sarsıdıcı zərbəyə məruz qalmışdı. Daha sonrakı proseslərdə isə Səddam Hüseyn hakimiyyəti məhv olunmuş, İraqın yüyəni İrana verilmişdi. Nədən ki, Yaxın Şərqdə daha böyük rəqabətlərə yol açacaq yeni tarazlıq qurulmalı idi. Bu tarazlığın bir tərəfində şiə İran, digər tərəfində isə sünniləri maliyyələşdirən Səudiyyə Ərəbistanı dayanmalı idi.

 

Yaxın Şərqdəki bu əzəli rəqabət isə ABŞ-a bir çox cəhətlərdən sərf edir. Regionu qan gölündə boğan məzhəb müharibələri istər-istəməz həm İsraili müsəlmanların hədəfi olmaqdan çıxarır, İslam dünyasını daxili çarpışmalara sövq edərək, zəiflədir, həm ABŞ-ı bütün tərəflərin, nə qədər nifrət etmələrinə baxmayaraq, sığınacağı qucaq halına gətirir, həm də onun silah sənayesinə milyardlarla dollarlıq sərvət qazandırır. Təsəvvür edin, əgər sünni-şiə düşmənçiliyi ortadan qalxar, tərəflərdən hər hansı biri digəri üzərində tam və qəti qələbə qazanardısa, kral Salman prezident Trampdan 350 milyard dollarlıq silah alardımı?

Məsələyə bu konteksdən yanaşanda cənab Trampın seçkiqabağı çıxışında da qeyd etdiyi kimi, ilk xarici səfərində kral Salmanı döşündən qan gələnə qədər sağdığı məlum olur.

Heydər Oğuz 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}