Sıravi vətəndaşların həyat tərzi ilə məmurların həyat tərzi arasında dərin uçurum yaranıb

 

Sıravi vətəndaşların həyat tərzi ilə məmurların  həyat tərzi arasında dərin uçurum yaranıb

 


 

Sıravi vətəndaş ən vacib ehtiyyaclarına pul tapa bilmir, məmurlar bahalı avtomobillərə və təyyarələrə ətək-ətək pul xərcləməkdən belə çəkinmirlər

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu  özünün "Facebook” səhifəsində məmurlardan birinin istifadəsində olan "Mercedes-Benz S Class” avtomobilinin fotosunu paylaşıb və bununla bağlı bəzi qeydləri də yazıb. "Nömrə nişanına görə bu xidməti avtomobil Azərbaycan Respublikasındakı bir nəfər  icra hakimiyyətinin başçısına  məxsusdur və Bakıda dövlət qeydiyyatından keçib. Müəllif onu da  əlavə edib ki, avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır.

Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır”. Iqtisadçı alim daha sonra yazır: "Bu avtomobilin yalnız zavod dəyəri ayrı-ayrılıqda dövlətin 18. 55 məcbur köçkünə 1 ay ərzində yaşamaq üçün verdiyi müavinətin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 11.818 uşağın qəyyumlarına verdiyi birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud olan 18 yaşadək 6. 784 uşağa ayırdığı aylıq sosial müavinətin, 3.163 pensiyaçıya ödədiyi orta aylıq təqaüdün məbləğinə bərabərdir”.

Dövlət büdcəsi hesabına məmurlara belə bahalı avtomobillərin alınması nə qədər arzu olunmaz olsa da, məmur övladlarının bahalı təyyarələr almaqdan çəkinməməsi daha çox diqqət çəkir. Məşhur WikiLeks saytı bir neçə il əvvəl ABŞ diplomatlarının məxfi yazışmalarını yaydı və məlum oldu ki, Fövqəladə hallar naziri Kəmalədin Heydərovun oğlanları 2 ədəd "Golfstream” təyyarəsi almaq xəyalına düşüblər. Onlar bu istəyə o zaman düşüblər ki, artıq məxsus olduqları ailənin "Airbus A319” markalı şəxsi təyyarəsi vardı. "Airbus A319” markalı təyyarənin qiyməti isə təxminən 57 milyon dollardır.

Bu məlumatlar yayıldıqdan sonra nazir övladlarının bu istəkdən vaz keçəcəklərini düşünənlər az sonra məyus oldular. Belə ki, sosial şəbəkədə Heydərovların aldığı 67 milyon dollarlıq Gulfstream G650 təyyarəsinin fotoları paylaşıldı.

Qeyd edək dünyada zənginlərin şəxsi təyyarəsinin olması təəccüblü hadisə deyil. Ancaq məsələ ondan ibarətdir ki, həmin zənginlər özlərinin var-dövlətini halal yolla, istedadları və gərgin əməkləri hesabaına qazanıblar. Məsələn, dünyaca məşhur "Microsoft”şirkətinin sahibi, dünyanın iki ən zəngin adamından biri Bill Qeyts 40 milyon dollara "Bombardier BD-700 Global Express” təyyarəsi almasında heç bir təəcüblü hal yoxdur. Şəxsi sərvəti 100 milyard dollara yaxınlaşan Bill Qeytsin, hətta qiyməti 40 milyon dollar olan "Bombardier BD-700 Global Express” təyyarəsindən iki ədəd almasında ziddiyətli bir məqam yoxdur.

"Google” şirkətinin sahibləri Sergey Brin və Larri Peydcin "Google Jet” adlanan birgə təyyarəsi Boeing 767-200 iş adamlarına 25 milyon dollara başa gəlib. Bu şəxslərin birgə sərvəti 100 milyard dollara yaxındır. Hələ ötən ilin oktyabrında Sergey Brinin sərvəti 46.9 milyard dollar, Larri Peydcin sərvəti isə 48.2 milyard dollar təşkil edirdi. Hal-hazırda onların hər birinin sərvəti 50 milyard dollara çatıb və yaxın zamanlarda daha da artacağı gözlənilir.

Dünyanın ən zəngin 10 adamından biri hesab olunan, "facebook”un yaradıçısı Mark Şukerberqin sərvəti 72 milyard dollar təşkil edir və onun şəxsi təyyarəsini bu günə kimi görən olmayıb. Mark Şukerberqin şəxsi təyyarəsi olması haqqında məlumatlar yayılsa da, bununla bağlı dəqiq məlumat yoxdur. Ancaq onu da əlavə edək ki, Tale Heydərovun 67 milyon dollarlıq Gulfstream G650 təyyarəsinin olduğu bir zamanda sərvəti 72 milyard dollar olan Mark Şukerberqin şəxsi təyyarəsinin olmaması təəccüblü olardı. Hörmətli oxucular onu da nəzərə almalıdır ki, Tale Heydərovdan fərqli olaraq, Mark Şukerberqin bütün sərvətini beyin məhsulu olan "facebook”un hesabına qazanıb. Tale Heydərovun rəhbərlik etdiyi "Gilan Holdinq”in bəşəriyyət bir yana, Azərbaycan xalqına hansı keyfiyyətli məhsulu bəxş etdiyi məlum deyil.

Ən maraqlı hadisə isə Kəmaləddin Heydərov fövqəladə hallar nazir postundan azad edilib, toxunulmamazlıq statusunu itirdikdən sonra baş verəcək. O zaman məlum olacaq ki, Tale Heydərovun rəhbərlik etdiyi "Gilan Holdinq”in fəaliyyəti və maliyyə sərmayəsi nədən ibarət olub. "Gilan Holdinq” nəzarətində olan pambıq zavodlarında subsidiyalarla bağlı ciddi pozuntular olması haqqında redaksiyamıza daxil olan məlumatlar ətrafında araşdırma aparırıq və növbəti saylarımızın birində bu məsələyə aydınlıq gətirə biləcəyimizi düşünürük. "Gilan Holdinq” nəzarətində olan pambıq zavodlarında subsidiyalarla bağlı baş verdiyi iddia olunan ciddi pozuntuların Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı siyasətinə hansı zərbəni vurduğuna da aydınlıq gətirməyə çalışacağıq.

Sıravi vətəndaşların həyat ilə tərzi məmurların, onların övladlarının həyat tərzi arasında yaranan dərin uçurum isə dövlətçilik üçün ən böyük təhdid hesab olunmalıdır. Bununla bağlı məmurlar və onların övladları bir daha düşünsələr, yaxşı olar. Çünki, sıravi vətəndaş ən vacib ehtiyyaclarına pul tapa bilmədiyi bir dövrdə məmurların, onların övladlarının bahalı avtomobillərə və təyyarələrə böyük pullar xərcləməsi vətəndaş həmrəyliyinə, milli birliyə, ən əsas da  dövlətçiliymizə  çox güclü zərbə  vurur.   

Azad Aydın,

"Yeni Sözçü" qəzeti  

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}