Suriya müxalifəti Kremlə yol axtarır

Suriya müxalifəti Kremlə yol axtarır
Rusiya hərbi aviasiyasının hava zərbələrinə məruz qalmış Suriya müxalifətinin silahlı birləşmələri Qərbin dəstəyindən məhrum olduqları üçün indi də Moskva ilə anlaşmağa çalışırlar

Azad Suriya Ordusunun (ASO) rəsmi təmsilçisi İssam əl-Reys BBC-yə verdiyi müsahibəsində bəyan etmişdir ki, ASO-ya daxil olan hərbi qruplaşma liderləri Rusiya ilə əməkdaşlığa hazırdırlar. ASO təmsilçisi demişdir: “Biz Moskvanın təklifindən imtina etmirik. Sadəc olaraq, biz demək istəyirik ki, əgər Rusiya özü bu təklifə ciddi yanaşırsa, bu zaman Moskva bizim bazaların yerləşdiyi və dinc sakinlərin məskunlaşdığı rayonları bombalamağı dərhal dayandırmalıdır”. Maraqlıdır ki, hələ bu yaxınlara qədər ASO liderləri terror qruplaşmalarına qarşı birgə fəaliyyət göstərməyə dair Rusiyanın təklifini qətiyətlə rədd edirdilər. Ola bilsin ki, yarandığı dövrdən Qərbin himayəsi və nəzarəti altında olan bu hərbi qruplaşmalar Rusiya hərbi aviasiyasının hava zərbələrindən də ABŞ və Avropanın “çətiri” altında daldalana biləcəklərinə ümid edirdilər. Lakin İŞİD və digər terror qruplaşmaları ilə Bəşər Əsədə qarşı çıxan bütün digər hərbi birləşmələr arasında elə də böyük prinsipial fərq qoymayan Moskva silahlı müxalifətin bu ümidlərini çox tez puça çıxara bildi. Məhz buna görə də, artıq Qərb “çətiri”nin etibarsızlığına əmin olmuş müxalifət liderləri bundan sonrakı mövcudluqlarını riskə atmamaq üçün adekvat addımlar atmağa məcbur olublar. Digər tərəfdən isə, ASO təmsilçisi tərəfindən verilmiş bu bəyanatda hələ də tam səmimilik hiss olunmur. Belə ki, bir tərəfdən əməkdaşlığa hazır olduqlarını bildirən İssam əl-Reys, digər tərəfdən də hazırkı məqamda Moskvanın dəstəyinə ehiyacları olmadığını və mövqeylərinin bombalanmasına son qoyulacağı təqdirdə bu barədə danışıqlar aparılmasının mümkünlüyünü vurğulayır. Təbii ki, bu kimi çıxışlar silahlı müxalifət dəstələrinin sadəcə olaraq vaxt qazanmaq və malik olduqları az-çox hərbi qüvvənin də tamamilə məhv edilməsinin qarşısını almaq niyyətlərindən xəbər verir. Lakin onların bu kimi “aldadıcı” gedişlərlə Rusiyadan hansısa güzəştlər əldə edə biləcəkləri qətiyyən inandırıcı görünmür. Rəsmi Moskva Suriyada hərbi hava əməliyyatlarına başladığı ilk gündə olduğu kimi, bu gün də prezident Bəşər Əsədin müraciəti əsasında hərəkət etdiyini və yalnız İŞİD obyektlərini bombaladığını vurğulayır. Bununla yanaşı Rusiya rəsmiləri terror qruplaşmalarına qarşı mübarizəyə qatılmağa hazır olan bütün digər qüvvələrlə əməkdaşlığa hazır olduqlarını da daim diqqət mərkəzinə çəkirlər. Hərçənd, bu gün Suriya müxalifətini təmsil etməyə iddialı olan qüvvələrin özləri də heç də ümumi bir konsepsiyaya malik deyillər. Belə ki, hazırda bu qüvvələri iki əsas qanada ayırmaq olar. Bunlardan biri ölkə daxilində mövcud olan müxalifətdir. Daxili müxalifətin əsas aparıcı qüvvələrindən biri kimi Azadlıq və islahatlar uğrunda xalq cəbhəsi (AİXC) hərəkatını göstərmək olar. 2011-ci ildə “mülayim müxalifəti” təmsil edən müxtəlif partiya və təşkilatların birləşməsilə yaradılmış bu quruma Qədri Cəmil rəhbərlik edir. AİXC istənilən xarici müdaxilənin əleyhinə çıxış edir. Qeyd etmək lazımdır ki, Qədri Cəmilin ötən əsrin 80-ci illərində kommunist partitasının fəallarından olduğunu, eləcə də onun 2012-2013-cü illərdə Suriya hökumətində yer aldığını və nəhayət, artıq bir neçə dəfə Rusiyada keçirilmiş görüş və danışıqlarda iştirak etdiyini nəzərə alsaq, məhz Azadlıq və islahatlar uğrunda xalq cəbhəsinin Rusiya ilə danışıqlar masasında yer ala biləcəyi ehtimalını daha yüksək qiymətləndirmək olar. Müxalifət qüvvələrinin digər qanadı olan xarici müxalifət isə bu kimi şanslara daha az ümid etməlidir. Hətta, hazırda xarici müxalifətin ən nüfuzlu təşkilatı sayılan Suriya Milli Şurasının (SMŞ) hazırkı rəhbəri Corc Səbranın da bir vaxtlar Suriya kommunist partiyasının üzvü olması və 2011-2012-ci illərdə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşlərdə iştirakı da bu şansları artırmaya bilər. Məsələ bundadır ki, SMŞ 2011-ci ildə İstanbulda siyasi emiqrantlar, o cümlədən Suriyada qadağan olunmuş “Müsəlman qardaşları” təşkilatı tərəfindən təsis olunmuşdur. 2012-ci ildə SMŞ Avropa Birliyi və “Suriyanın dostları” qrupu tərəfindən suriyalıların rəsmi nümayəndəsi kimi qəbul edilmişdir. Şuranın əsas maliyyə dəstəyi isə, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilir. Məhz bu səbəbdən də Suriyanın gələcəyi barədə bu qurumun planları ilə Kremlin razılaşa biləcəyi ehtimalı qətiyyən inandırıcı görünmür.

Elsami


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}