Beynəlxalq danışıqları da dinləyiblər, MTN-nin "rabitə çetesi" ilə bağlı şok detallar

Beynəlxalq danışıqları da dinləyiblər, MTN-nin "rabitə çetesi" ilə bağlı şok detallar
Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu bir daha təsdiqlənib.

Xüsusi Dövlət Mühafizə Xidmətinin birbaşa nəzarətində aparılan qanunsuz dinləmələrlə bağlı istintaqda MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin ifadələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq-red) həbslərlə birbaşa bağlı olduğu artıq heç bir şübhə doğurmur.

Oktyabrın 28-də Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov da saxlanılıb.

***
Həbs edilən Cəlil Cəfərov kimdir?
C.Cəfərovun rəhbərlik etdiyi BƏHM cəmi bir neçə ay əvvəl hüquqi forması dəyişdirilərək "Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
BƏHM "Aztelekom İB”in tərkibində 1994-cü ildə yaradılıb. Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində ilk müstəqil qurum olan BƏHM 1995-ci ildə "Aztelekom İB”in tərkibindən çıxarılıb və birbaşa Rabitə Nazirliyinə tabe edilib.
C.Cəfərov 1972-ci ildə anadan olub. Texniki Universitetin radiotexnika fakültəsini bitirən C.Cəfərov Elmlər Akademiyasının Fotoelektronika (indiki Fizika İnstitutu) İnstitutunun aspiranturasının məzunudur. 1995-1997-ci illərdə Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. Sonradan Rabitə Nazirliyinin Telekommunikasiya İdarəsinin baş mütəxəssisi, investisiya şöbəsində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Daha sonra BƏHM-in direktoru vəzifəsinə təyin olunub. "Rabitə ustası” fəxri adına layiq görülən C.Cəfərov "Tərəqqi” medalı ilə də təltif olunub. Məlumata görə, iki övladı var.
Həbsin müəmması
Rabitə Nazirliyindəki həbslərlə bağlı heç bir rəsmi açıqlama verilmir və belə görünür ki, heç yaxın zamanda verilməyəcək də. Çünki qanunsuz dinləmələrlə bağlı istintaq birbaşa Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır. Bu iş tam olaraq Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Əyyubovun icraatındadır və ifadələrin alınmasında son dərəcə məxfilik qorunur.
Məhz C.Cəfərovun həbsi MTN-dəki gizli dinləmələrlə bağlı xəbərlərə yeni yön verib və sensasion iddialara səbəb olub. Çünki həbs edilən C.Cəfərovun rəhbərlik etdiyi BƏHM Azərbaycanla dünya ölkələri arasında beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsinə məsul olub. BƏHM-in funksiyasına həmçinin beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması da daxildir.
Bu həbs o anlama gəlir ki, MTN-in "rabitə çetesi” təkcə Azərbaycanın siyasi hakimiyyət mənsublarının ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb. Güman ki, dövlət aparatına daxil olan şəxslərin xarici dövlətlərin vəzifəliləri və diplomatları ilə telekommunikasiya təmasları da Rabitə Nazirliyindəki adamları vasitəsilə kontrol edilib.
Bu arzuedilməz praktikadan Rusiya kəşfiyyatı daha çox istifadə edir və son illər bu cür beynəlxalq telefon danışıqlarının yayılması beynəlxalq skandal yaradıb. Məsələn, ötən il ABŞ dövlət katibinin müavini Viktoria Nuland və Amerikanın Ukraynadakı səfiri Geoffrey Pyattın Ukrayna müxalifətini müzakirə edən telefon danışığı internetdə yerləşdirmişdi. Həmin telefon danışığı zamanı ABŞ dövlət katibinin müavini Avropa İttifaqı barədə ədəbsiz ifadəyə yol vermişdi. ABŞ rəsmiləri telefon söhbətinə gizli müdaxilə edilməsini Rusiya kəşfiyyatının "çirkin oyunu” adlandırmışdı.
MTN-in "telefonçu qrupu”

MTN-in "telefonçu qrupu”nun da Azərbaycanın dövlət adamlarının xaricilərlə danışmasına niyə bu qədər həvəsli olmasının səbəbləri barədə ilkin mülahizələri daha da genişləndirmək olar. Məlumdur ki, Azərbaycan hakimiyyətinin Qərblə soyuq münasibətləri olsa da, Kremllə hiss olunacaq dərəcədə yaxınlaşıb. Eldar Mahmudov hələ ki bilinməyən səbəblərdən nədənsə hakimiyyətdəki "qərbpərəstlər” siyahısına daxil edilirdi. Ona görə də MTN-in daha çox "şimaldan gələn zənglərin” kontrol edildiyi versiyası haqda danışmaq mümkündür. Əgər bu məlumatlar rəsmən təsdiqlənərsə, "MTN işi” həm də ciddi beynəlxalq qalmaqala çevrilə bilər. Məhz həbs edilənlərin ifadəsi Eldar Mahmudovun sonrakı taleyini həll edəcək.

Yeri gəlmişkən, istiqlal.az saytı Eldar Mahmudovun ailə üzvlərinin Azərbaycanı tərk etdiyi xəbərini yayıb. Məlumatda bildirilir ki, sabiq nazirin ailə üzvləri, həmçinin qayınatası E.Mahmudov işdən çıxarılmamışdan bir neçə gün əvvəl Azərbaycandan çıxıb. Bəzi mənbələr isə Mahmudovların bir neçə il əvvəldən Londonda yerləşdiyini iddia edir...

"Yeni Müsavat”


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}