Qərb “demokratiya”sının növbəti hədəfi – Orta Asiya

Qərb “demokratiya”sının növbəti hədəfi – Orta Asiya Suriyadakı İŞİD mövqeylərinə Xəzərdən atılan qanadlı raketlər, Əfqanıstanın şimalında cəmləşən qüvvələrə Türkmənistanın, Rusiya ilə ortaq sərhədlərinin olmamasına rəğmən, ehtimal edilən münaqişədə tək qalmayacağı barədə mesajı vaxtında çatdırdı

Suriyada gedən hadisələri müşahidə edən ekspert və şərhçilərin ara-sıra müzakirə etdikləri məqamlardan biri də, Rusiyanın məhz Bəşər Əsəd iqtidarının arxasından çəkilmə ehtimalları ilə bağlıdır. Xüsusilə Moskva Suriya ərazisində terror qruplaşmalarına qarşı hərbi hava əməliyyatlarına başladıqdan sonra, regionun qərb yönümlü ərəb dövlətləri hətta bu məqsədlə Kremlə bəzi cəlbedici təkliflər də etmişdilər. Bu xüsusda ən çox rezonansa səbəb olmuş məqamlardan biri də Səudiyyə Ərəbistanı kralı tərəfindən bu məqsədlə Rusiya rəhbərliyinə 300 milyard ABŞ dolları təklif ediləcəyinə dair mətbuata sızan məlumatlarla bağlı olmuşdu. Yayımlanan məlumatın həqiqətə nə dərəcədə uyğun olub-olmadığı barədə fikir yürütmək istəməzdim. Bununla belə Kremlin belə bir təklifi qəbul edəcəyi təqdirdə sözsüz ki, itirəcəklərinin daha çox olacağına şəxsən bu sətirlərin müəllifində heç bir şübhə olmayıb. Həm də burada söhbət sadəcə Kremlin Yaxın və Orta Şərq regionunda nüfuzunun artıq bərpa olunmayacaq qədər düşəcəyindən də getmir. Məsələ bundadır ki, Bəşər Əsəd iqtidarının süqutu, artıq analoji proseslərin Orta Asiya ölkələrinə keçidinə başlanğıc verəcək. Həmin ölkələrdə Qərbin marionet rejimlərinin qurulması və hətta ən azından bu ölkələrdə mövcud hakimiyyətin devrilərək, əvəzində bu gün Yaxın və Orta Şərq regionunda müşahidə edilən xaosun burada da bərqərar olunması əlbəttə ki, Rusiya üçün son dərəcə böyük bir təhdid olardı. Təbii ki, bu təhlükəni Orta Asiya dövlətləri də aydın görürlər. Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində radikal islamçı qruplaşmalar artıq bu regionda hakimiyyəti ələ keçirmək üçün müəyyən cəhdlər də göstərmiş və hətta bir neçə il ərzində Tacikistanda buna nail ola da bilmişdilər. Son vaxtlar isə, uzun illər Pakistanda mühacir həyatı yaşayan, daha dəqiq desək öz saatlarının gəlişini gözləyən islamçılar yenidən Əfqanıstanın şimalına, Türkmənistanla sərhəd ərazilərə gətirilmişlər. Bütün bunların Qərbin növbəti “demokratiya ixracına” hazırlıq planlarının tərkib hissəsi olduğunu görmək üçün heç də ekspert olmaq lazım deyil. Təbii ki, Orta Asiya dövlətlərinin bu gün İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının hücumları qarşısında uzun müddət təkbaşına duruş gətirə biləcəklərini gözləmək olmaz. Xüsusilə də, Türkmənistan kimi əhalisinin sayı az və ordusu zəif olan bir dövlətin. Məhz elə bu səbəbdən də, hazırda bu dövlətin Əfqanıstanla sərhədlərinin mühafizəsinə Rusiya xüsusi təyinatlıları da cəlb olunublar.
Beləliklə, Suriyadan sonra növbədə gələn ölkələrin məhz Orta Asiya dövlətləri olduğunu aydın dərk edən Kreml, digər maraqları ilə yanaşı həm də bu səbəbdən Əsəd iqtidarının arxasından çəklmədi (ən azından indilik). Lakin bu heç də Qərbin Orta Asiya ilə bağlı öz planlarından əl çəkməsi anlamına gəlməməlidir. Əlbəttə, Suriyadakı İŞİD mövqeylərinə Xəzərdən atılan qanadlı raketlər, Əfqanıstanın şimalında cəmləşən qüvvələrə Türkmənistanın, Rusiya ilə ortaq sərhədlərinin olmamasına rəğmən, ehtimal edilən münaqişədə tək qalmayacağı barədə mesajı vaxtında çatdırdı. Bununla belə Qərb, hər zaman “B” planının da olduğunu yenidən hamıya xatırlatdı. Bu planın işləklik dərəcəsini yoxlamaq üçün isə, ABŞ-ın dövlət katibi Con Kerri ilkin olaraq noyabr ayının 1-də Səmərqənddə Özbəkistan, Qazaxıstan,Qırğızıstan, Türkmənistan və Tacikistanın xarici işlər nazirləri ilə görüşdü. Maraqlıdır ki, görüş zamanı ABŞ rəsmisi öz məqsədlərinə hətta don geyindirməyə belə zərurət görməmiş və Orta Asiya dövlətlərinə Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmələri barədə açıq-aşkar mesajını təqdim etmişdir. Görüşdə etdiyi çıxışında C.Kerri demişdir: “Biz aydın başa düşməliyik ki, yalnız bir ölkə ilə dostluq olmaz. Ən azından bu, digər ölkə ilə də dostluq etmək imkanlarını məhdudlaşdırmamalıdır. Bu oyun deyil.” Bundan iki gün sonra, noyabr ayının 3-də isə, Con Kerri artıq Düşənbədə Taciksitan prezidenti Emoməli Rəhmonla görüşmüşdür.
Beləliklə də Qərb Orta Asiya ölkələrinə eyni zamanda həm təkliflərini, həm də təhdidlərini üstüörtülü də olsa, hər kəsin başa düşəcəyi bir təzdə çatdırdı. Bu ölkə başçılarından kimin nəyi qəbul edəcəyini söyləmək elə də asan olmaya bilər. Lakin birmənalı olan budur ki, ABŞ özünün dünya hegemonluğunu bərqərar etmək üçün Rusiyaya qarşı həmlələrini səngitməyəcək. Bu həmlələrin Orta Asiyada hansı təzahürlər tapacağını və Moskvanın bu təhdidlərə nə ilə cavab verəcəyini isə, yəqin ki, artıq çox yaxın gələcəkdə müşahidə edə biləcəyik.

Elçin Sami


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}