İsti yay Səhmdar Cəmiyyətlərin sədrlərinin karyeralarında dondurucu qış effekti yaradacaq.

 

   

Səhmləri dövlətə məxsus Səhmdar Cəmiyyətlərində kadr dəyişikliyi olacaq.

 

Nazirlər Kabinetinin formalaşması prosesinin başa çatmaq üzrə olması diqqətləri səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin rəhbər şəxslərinə yönəldib. Əksər ekspertlər bu sahədə də ciddi dəyişikliklərin ola biləcəyi haqqında proqnozlar verir. Qeyd edək bu gün səhmləri dövlətə məxsus onlarla hüquqi şəxs mövcuddur. Onların əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Səhmləri dövlətə məxsus bəzi hüquqi şəxslərə büdcədən ayrılmalar əksər nazirlik və dövlət komitələrinə ayrılan vəsaitlərdən bəzən dəfələrlə çox olur.

Məsələn, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılmış "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və bu kimi səhmləri dövlətə məxsus hüquqi şəxslərə ayrılan büdcə vəsaitlərinin həcmi az qala Nazirlər Kabinetinin strukturuna daxil olan qurumlara ayrılan büdcə vəsaitinə bərabərdir. Çox maraqlıdır ki, bu Səhmdar Cəmiyyətlərin əksəriyyətinin rəhbərləri də uzun illərdir eyni vəzifəni daşıyırlar. Məsələn,"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bu sahəyə 1993-ci ildən rəhbərlik edir. Etibar Pirverdiyev 2001-ci ildən "Azərenerji” ASC-nin prezidentidir. "Azərişıq” ASC-i 2015-ci ildə "Bakıelektrikşəbəkə” ASC-nin bazası əsasında yaradılıb. Həmin dövrdən də "Azərişıq” ASC-yə 2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin Sədri olmuş Baba Rzayev rəhbərlik edir.  Qorxmaz Hüseynov "Azərsu” ASC-yə 2011-ci ildən rəhbərlik edir. Bundan əvvəl isə Azərbaycan Dövlət Neft Şirkətində sosial məsələlər üzrə vitse-prezident vəzifəsində çalışıb.

2007-2015-ci illərdə "Azəryolservis" ASC-nin sədri olan Cavid Qurbanov 2015-ci ildən "Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir.

Cavid Qurbanovdan sonra isə adı bir neçə dəfə dəyişdirilən, əvvəlcə "Azəryolservis” ASC-i, sonra isə  "Azəravtoyol” ASC-i adlandırılan və ən nəhayətində "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nə çevrilən quruma hazırda Saleh Məmmədov rəhbərlik edir.

"Aqrolizinq” ASC-nin rəhbərliyi dəfələrlə dəyişdirilsə də, bu qurumun fəaliyyətində korrupsiya halları azalmaq bilmir. Bütün bunlar isə hakimiyyəti səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinə daha artıq diqqət ayırmağa vadar edir. Səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində ciddi irəliləyiş əldə etmək üçün bu qurumların rəhbərliyində dəyişiklik etmək nəzərdə tutulur.

"Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, yaxın bir neçə həftə ərzində səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin bəzilərinin rəhbərləri dəyişdiriləcək. Belə ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri, 73 yaşlı Əhməd Əhmədzadənin tezliklə istefaya göndəriləcəyi gözlənilir. 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədri olan Əhməd Əhmədzadə artıq istefa ərəfəsindədir. Məlumata görə, İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunduqdan sonra Əhməd Əhmədzadənin istefası daha da labüd məsələyə çevrilib. Çox böyük ehtimalla "Meliorasiya və Su Təsərrüfatı” ASC-i Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə veriləcək. Hətta belə olmasa da "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi hökmən dəyişəcək. Bu həm ölkənin meliorasiya və su təsərrüfatında baş verən ziddiyyətli, neqativ hallarla yanaşı Səhmdar Cəmiyyətinin sədrinin yaşı ilə də bağlıdır.

Məlumata görə, 2001-ci ildən "Azərenerji” ASC-nin prezidenti olan Etbar Pirverdiyev və 2011-ci ildən "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun də istefaya göndəriləcəyi haqqında iddalar da var. Səhmləri dövlətə məxsus onlarla hüquqi şəxslərin digər Səhmadar Cəmiyyətlərin sədrləri öz vəzifələrini qoruyacaq. Ən azından bu gün bir sıra Səhmdar Cəmiyyətlərin rəhbərləri ciddi qalmaqalla üzləşməyib. Ancaq "Aqrozlinq” ASC-nin sabiq sədri Elşən Məmmədov hələ də ciddi problemlə üz-üzədir. Elşən Məmmədov Kənd Təsərüfatı Nazirliyi yanında "Aqrolizinq” ASC-nin sədri vəzifəsindən azad edilsə də nazirliyin Texniki siyasət şöbəsinin müdiri təyin olundu. Məlumata görə, bununla nazir İnam Kərimov Elşən Məmmədovu nəzarətdə saxlamağa çalışır. Eyni zamanda Elşən Məmmədovun "Aqrolizinq” ASC-ə rəhbərlik etdiyi dövr ərzində Səhmdar Cəmiyyətə dövlət büdcəsindən ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı hesab da sorulacaq. Bütün bunlar hakimiyyətin ciddi qərarlar ərəfəsində olduğunu göstərir və belə görünür ki, isti yay bəzi məmurların karyeralarında dondurucu qış effekti yaradacaq.

Azad Aydın 

 "Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}