Anar Məmmədovun Kamal Öksüzün həbsinə aidiyyatı varmı?

Anar Məmmədovun Kamal Öksüzün həbsinə aidiyyatı varmı?

 

 

Oliqarx övladlarının lobbiçilik fəaliyyətinin zərərli nəticələri üzə çıxır

Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyası (Assembly for the Friends of Azerbaijan) adlı təşkilatın prezidenti Kamal Öksüz ABŞ Ədliyyə Nazirliyinin İnterpolun qırmızı bülletinlə verdiyi axtarışı nəticəsində Ermənistanda həbs edilib. Ermənistan polisi Öksüzün İnterpol ilə əməkdaşlıq nəticəsində saxlanıldığını açıqlayıb. Məlum olub ki, Kamal Öksüz haqqında İnterpol xətti ilə axtarış avqustun 23-də elan olunub, cəmi beş gün sonra həbs edilib. ABŞ-ın Ədliyyə Nazirliyi Kamal Öksüzü bir neçə maddə üzrə cinayətdə ittiham edir. Onlardan əsası ABŞ dövlət orqanlarına bir qrup amerikalı konqresmenin 2013-cü ildə Bakıya səfərinin təşkili ilə bağlı təqdim etdiyi sənədlərin saxta olmasıdır. Məlum olub ki, ABŞ Konqresinin Etika Komitəsi bu səfərin maliyyələşmə mənbəyi haqqında araşdırmaya başlayanda Kamal Öksüz saxta sənədlər təqdim edib ki, maliyyələşmə şəxsən ona məxsusdur. Sonradan məlum olub ki, təqdim olunan sənədlər saxtadır. Belə şübhlər var ki, bu səfərlər SOCAR tərəfindən maliyyələşdilib.

Bir qrup amerikalı konqresmenin 2013-cü ildə baş tutmuş səfəri o zaman Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Amerika Alyansı (Azerbaijan America Alliance) tərəfindən həyata keçirilmişdi. Həmin günlərdə Anar Məmmədovun bir qrup amerikalı konqresmenlə birlikdə olduğu tədbirdən şəkillər də yayılmışdı. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ-ın hazırkı prezidentinin ailə üzvüləri də münasibətləri məlumdur. Adının çəkilməsini istəməyən mənbə bildirir ki, Anar Məmmədovun yaratdığı Azərbaycan Amerika Alyansının guya Azərbaycanın lobbiçilyini edəcəyi göstərilsə də, əslində Məmmədovlar klanın maraqlarının qorunmasına xidmət edirdi.

İndi isə bir qrup amerikalı konqresmenin 2013-cü ildə Bakıya səfərinin təşkili ilə bağlı məsələlər süni şəkildə gündəmə gəlir və ABŞ Ədliyyə Nazirliyi (eyni zamanda Baş Prokurorluq) bu məsələdə adı keçən Kamal Öksüzün həbsini gündəmə gətirir. Bu məsələdə Anar Məmmədovun hər hansısa rolunun olub-olmadığını iddia edə bilmərik. Ancaq Kamal Öksüzün həbs edilməsi, bir qrup amerikalı konqresmenin 2013-cü ildə Bakıya səfərinin əsas təşkilatçısı Anar Məmmədovun prosesdən kənarda qalması çox düşündürücü məqamdır. Bu yerdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) iki ay öncə ləğv edilməsi yada düşür. Belə görünür ki, rəsmi Bakı artıq oliqarx övladlarının sədaqətinə inanmır və onların böyük dövlətlərdə lobbiçilik fəaliyyəti ilə məşğul olmasını istəmir. Hyustonda yerləşən Azərbaycanın Dostları Assambleyası prezidenti Kamal Öksüzün ətrafında baş verənlər də belə görünür ki, təsadüfi deyil.

Kamal Öksüzün həbsi isə Azərbaycana ciddi problemlər yaratması istisna deyil. Çünki, bu təşkilatın xəzinədarı (kassiri) SOCAR-ın Vaşinqton filialının rəhbəri Rauf Məmmədovun olması haqqında fikirlər var. Əgər məlum olsa ki, SOCAR Kamal Öksüzün qanunsuz əmmələrində iştirak edib, o zaman Azərbaycan Dövlət Neft Şirkətinin ən azı maliyyə cəzası alacağı qaçılmaz olacaq. Bu isə SOCAR-ın reytinqinə çox pis təsir edəcək.  Bu günlərdə ABŞ Ədliyyə Nazirliyi özünü dünyanın baş ədliyyə orqanı kimi aparır. Ədliyyə Nazirliyinin hansı ölkəyə məxsus olmasından asılı olmayaq istənilən şirkətə maliyyə sanksiyası qoymasını nəzərə alanda Anar Məmmədovun əməllərinin nəticəsi ölkəmiz üçün baha başa gələ bilər. Məlum olduğu kimi Azərbaycanın maliyyə sabitliyi və büdcənin təminatı birmənalı olaraq SOCAR-dan asılıdır. SOCAR-ın hansısa sanksiya ilə üzləşməsi Azərbaycanın maliyyə sabitliyini poza bilər ki, bunun da çox ciddi sosial-iqtisadi və siyasi nəticələri ola bilər. Buna görə də, indidən müfaviq tədbirlər görülməlidir. Sonra çox gec ola bilər.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}