Dövlət Gömrük Komitəsi ləğv olunur


Dövlət Gömrük Komitəsi ləğv olunurMonopoliyada qalacaq məhsulların adı yalnız "Yeni Sözçü”də

Neftin sürətlə ucuzlaşması nəticəsində iqtisadi çətinliklərlə üzləşən iqtidar çıxış yollarından biri kimi də dövlət aparatında ixtisarlar aparmaqda görür. Ötən il Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin ləğv edilməsi ilə başlayan bu proses yeni ilin ilk günlərindən etibarən daha geniş sahələri əhatə edəcək. Bütün dövlət qurumlarında istinasız olaraq kadr ixtisarları aparılacaq, bəzi nazirlik və dövlət komitələri ləğv ediləcək. Hətta bu yazını oxuduğunuz zaman bəzi qurumlar ləğv edilmiş ola bilər. Nəqliyyat Nazirliyinin faktiki olaraq adı qaldığı, bu qurumun ləğv olunmağa birinci namizəd olduğunu söyləmək də indi artıqdır. Ziya Məmmədovu artıq sabiq nazir hesab etmək olar. Nəqliyyat Nazirliyinin ləğvi nə qədər gözləniləndirsə, Dövlət Gömrük Komitəsinin ləğv olunacağı bir o qədər gözlənilməz idi.  İndi Dövlət Gömrük Komitəsinin də ləğvi gündəmə gəlib. Hətta sosial şəbəkələrdə DGK-nın ləğv olunduğu ilə bağlı məlumatlar yayılır.  Əlbəttə ki, bayram günlərində belə struktur islahatlar həyata keçirmək qanuni cəhətdən  mümkün deyil. İstənilən hüquqi qərar, yalnız qanuni iş günlərində qəbul edilə bilər. Sadəcə olaraq bir sıra rəsmi şəxslərin və deputatların mətbuata verdiyi açıqlamalarda gömrük sahəsində struktur islahatların keçiriləcəyi ilə bağlı fikirlər səslənib. Bu nə rəsmi mövqe nə də hüquqi sənəd deyil. Sadəcə heç vaxt danışmayan deputaların birdən-birə gömrük sahəsində struktur islahatlardan danışmağa başlaması sadə vətəndaşlar tərəfindən bu məsələ artıq həllini tapmış olay kimi qəbul edilir.

"Yeni Sözçü” qəzetinin ötən saylarında  Dövlət Gömrük Komitəsinin mövcudluğunun əsasının olmadığını, bu qurumun Vergilər Nazirliyi ilə birləşdirilib Maliyyə Nazirliyinin tərkibinə verilməsinin məntiqə uyğun olduğunu qeyd etmişdik.  Artıq hakimiyyət də bu fikirə gəlir ki, gömrük və vergi orqanları bir qurumda birləşməlidir. Struktur islahatları ilə yanaşı monopoliyaların ləğv olunacağı haqqında fikirlər də səslənir. Doğrudur, Azərbaycanda monopoliyanın olduğunu təsdiq edən qanuni sənədlər yoxdur. Ancaq monopoliyanın olduğunu təsdiq edən onlarla, yüzlərlə açıqlamalar, bəyanatlar var. Hamı bilir ki, Azərbaycanda idxal və ixracda monopoliya var. Məhz bunun nəticəsidir ki, Azərbaycanda monopoliyanın simvolu hesab olunan bananın qiyməti Gürcüstanda və Türkiyədə bizdən iki dəfə ucuzdur. Eyni fikirləri başqa idxal məhsulları haqqında da demək olar. İndi ölkədə  çox çətin iqtisadi vəziyyət yaranması hakimiyyəti bu monopoliyalara qarşı ciddi addımlar atmağa vadar edib. Prezident İlham Əliyevin monopoliyalara son qoyulacağı ilə bağlı açıqlaması ölkədə inhisarçılığın olduğunu təsdiq etməklə yanaşı dövlət başçısının buna son qoymaq istəyindən xəbər verir. Ancaq əldə etdiyimiz məlumata görə, uzun illər monopoliyadan istifadə edərək yüz milyonlarla, milyardlarla asan gəlir əldə edən yüksək çinli məmurlar inhisarçılıqdan asanlıqla əl çəkmək niyyətində deyillər. Gömrük orqanlarındakı mənbəmiz bildirir ki, Dövlət Gömrük Komitəsi ləğv edilib, Vergilər Nazirliyi ilə birləşdirilməsi çıxış yolu deyil. Gömrük orqanlarında 20 ildən artıq iş stajına malik olan mənbəmiz qeyd edir ki, DGK-nın ləğvindən əvvəl monopoliyaya nəzarət edən Əbülfəz Məlikov həbs edilməlidir. Bu adamın "Transbroker” MMC-nin əməkdaşlarının idxal-ixrac əməliyyatlarında gömrük əməkdaşlarından daha böyük söz sahibi olmadığını bilməyən yoxdur. İndi onun çox mürəkkəb monopoliya mexanizmi dağıdılmasa DGK-nın ləğvi heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq. Mənbəmiz bildirir ki, hazırda monopoliyanın tam aradan qaldırılması haqqında deyil, onun məhudlaşdırılması ilə bağlıdır. Mənbəmiz bildirir ki, təxminən 15-20 adda məhsulun üzərində monopoliya yenə saxlanılacaq. Beləliklə, üzərində monopoliyanın saxlanılacağı malların adını təqdim edirik.

Meyvələrdən banan, xurma, parfumeriya məhsulları, tütün məhsulları, kərə yağı, şəkər, ət məhsullarından sosislər və kolbasalar, eləcə də diri heyvanlar, meyvə şirələri, spirtli içkilər, elektronika vasitələrin bəziləri, tikinti məhsullarından da sement, taxtanın yenə də monopoliyada qalması nəzərdə tutulur. Ölkədə ən böyük sosial gərginlik yaradan qida məhsullarının monopoliyası olduğu məlumdur və dövlət başçısının ilk növbədə bu sahədə inhisarçılığa son qoymaq istədiyi də aldığımız məlumatlar arasındadır. Ancaq belə məlumatlar var ki, uzun illər kartof, buğda və un məhsullarının monopoliyasını nəzarətdə saxlayan qüvvələr öz mövqelərini asanlıqla əldən vermək istəmirlər. Buna görə də müxtəlif mexanizmlər vasitəsilə öz mövqelərini qorumağa çalışırlar. Monopolistlər öz mövqelərini və yerli istehsalı qorumaq üçün bəzi məhsulların üzərində monopoliyasının qalması ilə bağlı rəy yaratmağa çalışırlar. Onlar belə fikirlər irəli sürülər ki, əgər bütün malların üzərindən monopoliya götürülsə, yerli müəssisələr rəqabətə davam gətirməyib, bağlanacaq. Bu isə işsizliyin artmasına səbəb olacaq. Uzun illərdir normal bir istehsalat sahəsi yarada bilməyən bu oliqarxlar indi mövqelərini məhz bu arqumentlə qorumağa çalışırlar. Monopoliyadan istifadə edib Azərbaycan xalqını keyfiyyətli məhsullardan məhrum edənlər, indi dövlət başçısını işsizliyin artacağı ilə faktiki olaraq şantaj edirlər. Bu məqsədlə onların öz nəzarətlərindəki media orqanlarından və maliyyələşdirdikləri ekspert, QHT və siyasi partiyaların imkanlarından da istifadə etməyə başlayacaqlarının ən yaxın günlərdə şahidi olacaqsınız. Biz isə monopoliyalarından istifadə edərək xalqı talayan məmurların Prezident İlham Əliyevin iradəsinə qarşı mübarizəsini ifşa etməyə çalışacağıq.

Arzuman Loğmanoğlu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}