ÇİNİN TACİKİSTAN EKSPANSİYASI: alçaldılan taciklər, Çinə borcunu ödəyə bilməyəcək hökumət, sümürülən milli sərvətlər... - ARAŞDIRMA

 

Ravşan Racab

fergana.agency, 03.02.2019

Tacikistan Sənaye Nazirliyi bu günlərdə xəbər verib ki, Çinin ТВЕА şirkəti Ayni bölgəsin də iki qızıl yatağının – "Yuxarı Kumarq” və "Şərqi Duoba”nın işlənməsinə başlayacaq. Hər iki yataqda sübut edilən qızıl ehtiyatı 52 tona yaxındır. Tərəflər arasındakı müqaviləyə görə, şirkət "Düşənbə-2” İES-in inşasına sərf edilən vəsaitin yerini doldurunca bu mədənlərdən qiymətli metal hasil etmək hüququna malikdir – bu isə 330 milyon $-dan çoxdur. Bununla yanaşı, iki mədənin ehtiyatları Çin şirkətlərinin xərcinin bağlanmasına bəs etməsə, TBEA daha bir qızıl yatağının işlənməsinə hüquq əldə edəcək.

Çinlilər son onillikdə Tacikistanda ciddi fəallıq gəlişdirirlər. Bundan qabaq 2007-ci ildə ÇXR və TR arasında xeyirxah qonşuluq, dostluq və əməkdaşlıq haqda Müqavilə bağlanıb, bundan sonra respublikada yol, tunel yüksəkvoltlu elektrik ötürülməsi xətlərinin (EÖX) çəkilişi, zavod inşası, yataqların kəşfiyyatı, faydalı qazıntılar hasilatı və bir çox başqa şeyləri Çin şirkətlərinə etibar ediblər. Burada Çinin qurduğu obyektlərin sayı və ümumi dəyəri ildən-ilə artır. Çinin Tacikistanda iqtisadi iştirakının əsas yönlərinin qısa icmalını göstərək.

Qızıl damar

Qızıldan başlayaq. Rəsmi məlumatlara görə, indiki anda Tacikistanın qızıl yataqlarının yarıdan çoxu bu yataqların səhmlərinin 60%-dən çoxuna sahib olan Çin şirkətlərinin istifadəsinə verilib. Bundan başqa, saxlanmış qızıl sənayesi müəssisələri də onlara verilib. Bu mənada dörd böyük ("Taror”, "Cilau”, "Hirsxona” və "Olimpiya”) və bir sıra xırda yataqları işləyən Çin-Tacikistan "Zarafşon” birgə müəssisəsi (BM) daha səciyyəvidir.

Bundan başqa, Çin sözügedən "Yuxarı Kumarq” və "Şərqi Duoba” qızıl mədənlərindən savayı Vəhdət bölgəsində ehtiyatları 134 ton dəyərləndirilən son dərəcə zəngin "Pakrut” yatağını əldə edib. Ehtimal ki, bu siyahı heç də tam deyil, çünki Tacikistan hökuməti belə şeylər haqda artıq söz deməməyə çalışır.

Məsələnin nə qədər uzağa getdiyni anlamaq üçün demək yetər ki, Tacikistanın qızıl hasilatıyla məşğul olan bir "Tilloi toçik” müəssisəsinə Çinin üç güclü şirkəti – Zijin Mining Group Co. Ltd, China Nonferrous Gold Limited və ТВЕАdüşür.

Səciyyəvidir ki, ÇXR yatırımlarının böyük bölümü qızıl yataqları və nadir torpaq metallarının işlənməsinə yönəldilib. Bundan savayı, Çin şirkətləri sənaye inşaatıyla getdikcə daha çox məşğul olur. Onlar bir neçə sement zavodu, habelə kimyəvi müəssisələr tikib. Çinlilər həmçinin fəaliyyətdə olan Tacikistan alüminium şirkəti (TALKO) müəssisəsinin ərazisində yeni alüminium zavodunun tikintisinə başlayıblar.

EÖX və tunellər

Çinin TBEA şirkəti son 12 ildə beş elektrik ötürülməsi xətti qurub: Cənub – Şimal (500 kV), Lolazar – Xatlon (220 kV), Xucand – Ayni, Ayni – Rudaki (220 kV) və Düşənbə – Obi Qarm (220 kV). Aparılan işlər ölkənin energetika sisteminin ayrı-aytrı hissələrini birləşdirmək imkanı verib ki, bu da çoxillik qış enerji qıtlığı şəraitində çox önəmliydi. Bundan savayı, çinlilər Düşənbədə artıq sözügedən istilik elektrik stansiyası ("Düşənbə-3” İES) qurublar, indi isə onun ikinci növbəsinin tikintisini aparırlar.

Tez-tez soruşurlar: Tacikistan bütün bu obyektləri öz gücüylə tikə bilməzdimi? Təəssüf ki, bacarmazdı. Yüksək dağ bölgələrində EÖX inşası texniki baxımdan çətin və böyük məsrəf tələb edən işdir. Tacikistan belə layihələri, sadəcə, gerçəkləşdirə bilməz – birinci növbədə mütəxəssis və vəsait yoxluğuna görə.

Avtomobil və dəmir yollarının, habelə bununla bağlı tunellərin çəkilməsi də Çinin üstünlüyüdür. Çin şirkətləri bütün Tacikistanda artıq yüz kilometrlərlə yol çəkib və yeniləyib. TR qabaqlar bu sahədə İranla işbirliyinə cəhd edib. Amma bu sınaq uğursuz sayılıb. Əhali İranın paytaxtdan 80 km şimalda Düşənbə-Xucand trasında yerləşən Anzob aşırımında tikdiyi "İstiklol” tunelini "qorxu tuneli”, yaxud "ölüm tuneli” adlandırır. O, 2006-da istismara verilib, amma orada süxur sularının ötürülməsi üzrə işlər indiyədək bitməyib, havalanma sistemi işləmir, normal işıqlandırma yoxdur.

Çinlilərin eyniadlı aşırımın altında tikdiyi "Şahriston” tuneli İranınkından rahatlığı, işıqlandırma və havalanmasıyla əlverişli şəkildə fərqlənir. Çinlilər təkcə Düşənbə-Yavan-Kulyab dəmiryol xəttində ümumi uzunluğu, demək olar, 4 km olan üç tunel qurublar. Ölkənin cənub hissəsində avtotraslarda sonradan "Xatlon” adlandırılan "Çormaqzak” və "Şar-Şar” ("Ozodi”) tunellərini də onların aktivinə yazmaq olar.

Bundan başqa, dəniz səviyyəsindən 3-4 min metr yüksəklikdəki aşırımlarda yol sahələri Çin tərəfindən yenidən qurulub. Orada yolu azaltmaq və gedişi daha təhlükəsiz etməyə imkan verən yeni yol sahələri inşa olunub.

Torpağı çinlilərə?

Çin iş adamları kənd təsərrüfatı sahəsini də gözdən qoymurlar. 2011-də Tacikistana Çinin, ən azı, beş aqrar şirkəti gəlib – əsasən, ölkənin güneyinə. Bu şirkətlər xirdaçılıq etmir: yüzlərlə və hətta minlərlə hektar torpağı icarəyə götürüb – özü də dərhal 49 illiyə. Çinlilərin bura axını yüzlərlə hesablanır və uzun müddətə gəlirlər.

Burada deyilməlidir ki, ÇXR vətəndaşlarının ucqar dağ bölgələrində iştirakı yerli sakinlərin gözünə dəymir, rahat yol və müəssisə inşası formasında isə qazanc göz qabağındadır. Amma çinlilərin vadiyə gəlişi əhalidə narazılıq doğurub. Bu da anlaşılandır: Tacikistanda torpaqların cəmi 7%-i əkinə yararlıdır, bir hektar əkin torpağına düşən adamın sayı isə 2,7 təşkil edir ki, bu da MDB üzrə qonşulardakından 1,5-2 dəfə azdır. Torpaq qıtlığı göz qabağındadır və bu problem yalnız ağırlaşır: əhali hər il 250 min artır və yerli sakinlərin indi hətta fermer təsərrüfatına, ya da ev tikməyə torpaq sahəsi almağı çətindir.

Adamlar nəsə yetişdirə və sata biləcəyi torpaqlarını vermək istəmirlər. Onlar firavanlıq duyğusunu məhz torpaqla əlaqələndirirlər. Çox sayda kənd kişilərinin Rusiyada gəzərgi mühacirətdə olduğu, torpaqların isə istifadəsiz qaldığı şərait heç kimi inandırmır. Axı hər bir əmək mühacirinin evində tezliklə ərsəyə gələsi bir neçə övladı var və günəş altında onlara da yer lazım gələcək. Çinin "torpaq ekspansiyası” məhz buna görə yerli sakinlərdə ciddi narazılıq doğurur.

Lakin nə mətbuatdakı tənqidi məqalələr, nə də adamların aşkar qəzəbi təsir edir. Tacikistan hökuməti torpağın Çin fermerlərinə niyə icarəyə verildiyini belə də açıqlamayıb.

Ev sahibi kimdir?

Tacikistan KİV-ləri Çin fəhlələri və yerli sakinlər arasındakı münaqişələr haqda son illərdə müntəzəm məlumat verir. Bu, yerlilərin fikrincə, adətən, kişilər arasında çinlilərin davranışından doğan dava-dalaş və yaxud təbii resurslardan istifadə haqda mübahisələrdir.

İş mübahisələri münaqişənin yeni forması olub. Son belə hadisələrdən biri haqda yanvarın sonunda məlum olub. O, Pəncikəntdə "Zarafşon” Tacikistan-Çin birgə müəssisəsinin rəhbərliyi və bir qrup sürücü arasında baş verib. Burada xırda bir haşiyə çıxaq – "Zarafşon” BM-nin nə olduğunu açıqlamaq gərəkdir. O, geoloqların hələ sovet dövründə kəşf etdikləri bir neçə böyük qızıl yatağında işləyir, SSRİ-nin mövcudluğunun son illərində qızıl mədəni kombinatı da orada işə salınıb. Müəssisə 1994-də səhmləşdirilib və səhmlərinin nəzarət zərfinin Britaniyanın "Commonwealth and British Minerals PLC” şirkətinə satıldığı "Zarafşon” BM-ə çevrilib. 2007-də səhmlər Çinin "Zijin Mining Group Co. Ltd.” şirkəti tərəfindən alınıb. "Zarafşon” ildə 2.5 tondan çox qızıl çıxardır və respublikada ən böyük qızıl hasilatçısıdır. Amma münaqişəyə qayıdaq. Bunun səbəbi "Zarafşon” BM-nin direktorunun (onu sosial mediada Çjan Hollinq adlandırırlar, amma transliterasiya yanlış ola bilər – "Fergana”) yerli sürücülərin zavod yaxınlığında çıxardıqları daş və çınqılı daşımalarına yasağı olub. Onlar son 20 ildə dövlət müəssisələrinə və başqa sifarişçilərə buradan hər gün çınqıl çatdırıblar. Bu, BM-ə heç bir dəxli olmayan sürücülər üçün daimi qazanc qaynağı idi. Onların əlləri bundan çıxandan sonra Soqdi vilayətinin sədri Racabboy Əhmədzodaya müraciət ediblər. Lakin hukumat (administrasiya) təmsilçsi məsələnin həlli üçün gələndə Hollinq ona məlumat verib ki, cavab birbaşa Tacikistan hökumətinə veriləcək.

O vaxtdan artıq üç ay keçib, yasaq isə belə də ləğv edilməyib və sürücülər qabaqkı kimi işsiz və pulsuzdurlar. Onların sözlərinə görə, hamısının indi dolanışıq vəsaiti olmayan 5-8 başlıq ailəsi var.

Təbii, yüzilliklərlə bu yerlərdə yaşayan adamlar çevrədəki torpağı, əkinləri və dağları öz mirasları sayırlar. Onlar yaranmış durumu birmənalı qavrayırlar: gəlmə çinlilər birdən komanda verməyə başlayır və yerli sakinləri qanuni hüquqlardan məhrum edirlər. Təəssüf ki, münaqişə uzanır, hökumət isə ziyan çəkənlərə köməyə tələsmir.

Qeydiyyata düşmürlər

Tacikistanda neçə çinlinin olduğunu öyrənmək asan olmadı. Prezident yanındakı Statistika Agentliyindən "Fergana”ya bildiriblər ki, 2018-ci ilin başlanğıcında çinlilərə rəsmən 5486 işləmək icazəsi verilib, həmin ilin ortalarına doğru isə daha 2804 icazə verilib. Agentliyin əməkdaşı Abduvəli Kulov bu məlumatı şərh edərək dəqiqləşdirib: "Bu bildirmir ki, 2804 nəfərin hamısı yeni gələnlərdir. Sadəcə, Çin mühacirlərinə əmək fəaliyyətinə icazə bir il müddətinə verilir. Və çoxu bunu təzədən alır”.

O habelə aydınlaşdırıb ki, respublikaya gələn Çin vətəndaşlarının differensial qeydiyyatı aparılır. Bunun sayəsində aydındır ki, gələnlərin ümumi sayının 51%-i hökumətlərarası sazişlər üzrə layihələrdə işləmək üçün gəlib, 49%-i isə öz təşəbbüsylə Tacikistana düşüb.

2017-yədək Çin vətəndaşları üçün işləməyə illik 4,5 min nəfərlik pay ayrılırdı. Lakin TR hökuməti iki il qabaq Çin fəhələlərinə – Tacikistan hissəsindəki çəkilişi 2020-ci ilədək uzanacaq Türkmənistan-Çin qaz borusunun inşaatçılarına əlavə 1700 icazə ayırıb. Tacikistan hökuməti 2018-ci ildə Çin fəhlələrinə daha 2,4 min icazə ayırıb. Bu zaman birgə layihələrin gerçəkləşdirilməsi çərçivəsində Çindən yüksəkixtisaslı mütəxəssislərə icazə gərək deyil.

Qırğızıstandan Tacikistana quru yolla gələn Çin vətəndaşları ayrıca bir problemdir. Bu respublikadan onların nə qədər gəldiyi dəqiq bəlli deyil, çünki sərhədi çox vaxt qanunsuz keçirlər. İstənilən halda, adi gözlə görünür ki, Tacikistanda Çin vətəndaşları rəsmi rəqəmlərdəkindən xeyli çoxdur. "Ozodi” radiosu qeyri-rəsmi qaynaqlara söykənərək Tacikistanda yaşayan və işləyən 100 minlərlə Çin vətəndaşından xəbər verir. Bu Çin vətəndaşları guya "biznes məqsədilə Taciksitana gəlir, sonra isə Tacikistanın uyğun qurumlarına rüşvət verərək vizanın müddətini uzadırlar”.Başqa məlumatlara görə, respublikada Çin mühacirlərinin sayı 150 min nəfərə çata bilər.

Qalmaq və evlənmək

Tacikistanın bölgə və şəhərlərinə daha çox çinli sızdıqca onların yerli əhali tərəfindən qəbuledilməzliyi bir o qədər aydın olur. Belə qarşıdurma mədəniyyətlər, davranış və dinlərin böyük fərqindən meydana çıxır. Məsələn, Səmalar ölkəsindən mühacirlərin hətta yemək vərdişləri çoxunu sarsıdır. Dağ yolları boyunca yerləşən qışlaqların sakinləri danışırlar ki, dağlarda işləyən çinlilər bütün tısbağa, ilan və hətta bəzi quşları tamam məhv edirlər – sadəcə, onları havayı məzə kimi yeyirlər. Bu zaman yerli sakinlər – əsasən, müsəlmanlar məlum səbəblərdən belə yeməklərdən çimçəşirlər.

Çinlilərin diribaşlığı da tacikistanlıları xoşagəlməzcəsinə heyrətləndirir. Deməli, ötən əsrin 90-cı illərində şəhərin baş prospektində, birbaşa parlamentin qarşısında Çin məişət texnikası mağazası açılmışdı. Burada qiymətlər istənilən malın zəmanətsiz və sənədsiz satıldığı bazardakından bir az yüksək idi. Amma adamları bütün malların sınacağı halda dəyişdiriləcəyi vədiylə üçillik zəmanətlə verilməsi cəlb edirdi – alıcılara mağazanın möhürü vurulmuş pasport verilirdi. Gülərüz satıcı qızlar tərəddüd edənlərə tərcüməçi vasitəsilə xeyli endirim təklif edir və bonus bağışlayırdılar. Aydındır ki, televizor və kondisonerlər isti kökə kimi əlüstü satılırdı. Amma alıcılardan biri iki aydan sonra bu mağazaya üz tutub televizorun xarab olduğunu xəbər verəndə ona münasibət kəskin dəyişilib: tərcüməçi harasa yox olub, çinli satıçılar isə onu başa düşməkdən tamam imtina ediblər. Müştəri başqa bir gün gəlməyi kəsdirərək gedib. Amma növbəti dəfə gələndə artıq mağazanın özü də yox olub. Başqa sözlə, çinlilər bilə-bilə "zəmanətlə” keyfiyyətsiz mal satıb, öhdəliyi yerinə yetirmək vaxtı çatanda isə, görünür, sadəcə, əkiliblər.

İndi Tacikistan paytaxtında o qədər çinli var ki, hətta "Çin bazarı” adlı bazar yaranıb. Düşənbədə də xeyli Çin restoran və kafesi meydana çıxıb. Onlar yerli əhalinin zövqünə sürətlə uyğunlaşıb və çinlilərin xoşladıqları donuz əti və yaxud məsələn, ilan bişirmir, əvəzində taciklərin alışdıqları qoyun və mal əti işlədirlər. Bu restoranlarda yerli adamlar da sıravi qulluqçu kimi işləyirlər.

Çinin tibb müəssisələri də ortalığa çıxıb. Bununla yanaşı, onlar bir anda meydan çıxır, amma beləcə tez də yox olur. Bəzən hətta anlamaq çətindir ki, bunlar kimin üçün nəzərdə tutulub – çinli mühacirlər, yoxsa yerli sakinlər üçün. Şəhərlilərin Çin "poliklinikaları”nın işindən təəssüratı güclü fərqlənir: kimi razıdır, kimi, əksinə, söyür.

Tacikistanlıların çoxu – bunu "Fergana”nın sorğusu da təsdiqləyir – çinlilərin yerli qızlarla evlənərək vətəndaşlıq almaq və həmişəlik burada qalmağı məqsəd qoyduqlarını güman etməklə Çin vətəndaşlarilə nigaha mənfi yanaşır.

Üzücü iş rejimi

Çinin əməyi təşkili də yerli adamların alışdığından güclü fərqlənir. Məsələn, Düşənbənin cənub qırağının bir qadın sakini nağıl edir: "Səhər erkən eyni geyimli, bizim mikrorayondan cərgəylə tez-te yeriyən çoxlu çinlini görəndə məəttəl qaldımOnlar yolla gedirdilər, orada yük maşınları artıq gözləyirdi. Aydın oldu ki, onlar yaşayışbinalarının avtodayanacaqda vaqonlarda yaşayan inşaatçılarıdır. Onları heç kim görmürdü, çünki səhər 5-də qaranlıqda gedir və gecə 11-də qayıdırdılar. Ancaq onda başa düşdüm ki, niyə yaxınlıqda Çin ərzaq mağazası açılıb. Bir ildən sonra yox oldular”.

Tacikistan parlamentariləri 2016-da birgə müəssisələrdə 90%-dən az olmayan tacikistanlıların işləməsini tələb edərək qanunvericiliyə dəyişiklik ediblər. Buna qədər belə müəssisələrdə əcnəbi fəhlələrin sayı 30%-ə çata bilirdi. Amma çox tezliklə aydınlaşdı ki, yerli adamlar Çinin əmək rejiminə, sadəcə, dözmək iqtidarında deyillər: birbaşa iş yerində yalnız yarımsaatlıq naharda dayandırılan çox yüksək templi 12 saatlıq iş günü. İş gününün intensivliyi və müddəti haqda Çin mühəndisləri və sonda, sadəcə, işdən çıxıb gedən yerli fəhlələr arasında daim mübahisələr yaranırdı.

Çin layihələrində işləyən adamlar danışırlar ki, maaşları adambaşına 300-500 $ təşkil edirdi. Təkcə menecerlər çox alırdılar – 600 $ civarında. Tacikistanlıların çinlilərlə işləməkdənsə maaşların yuxarı, iş şəraitinin isə daha yaxşı olduğu Rusiyaya getməyə niyə üstünlük verdikləri aydın olur.

Yad ekologiya hər şeyə tab gətirər

Budur, Çinin Tacikistandakı fəallığını səciyyələndirən olduqca tipik bir əhvalat. Zirək bir çinli Düşünbənin lap mərkəzində fəaliyyətdə olmayan zavodun ərazisində metal qırıntılarından metal əritmək üçün soba quraşdırıb. İş bu zaman gecə-gündüz davam edib. Yaxınlıqdakı evlərin sakinləri normal yuxudan olublar: zəhərli qazlar havanı elə zəhərləyib ki, onlarda başağrısı başlayıb və zəhərlənmənin başqa simptomları meydana çıxıb.

"Hətta, demək olar, bir kilometr məsafədə nəfəs almaq mümkün deyildi, – yerli sakin Nərgiz danışır. – Asılmış mələfə kiloqramlarla çökən küldən əlüstü bozarırdı, həyətdəki kollar və güllər qurudu”.

Sakinlər ekologiya üzrə şəhər idarəsinə kollektiv məktub göndəriblər, amma təsir etməyib. Aydınlaşıb ki, çinli pürçüklü işləri ən müxtəlif səviyyəli rəhbərliklərlə yoluna qoymağın mahir ustasıdır. Əldəqayırma zavodun işi bu qayda ilə bir neçə il çəkib – Düşənbədə, demək olar, havayı metal qırıntısı ehtiyatı tükənənədək. Amma sevinmək tez idi: üfüqdə daha əhatəli problemlər peyda olub.

2016-nın sonunda Düşənbədə çinlilər tərəfindən elə onların puluyla da "Düşənbə-2” İES qurulub. Şübhəsiz, mühüm və gərəkli obyektdir, çünki paytaxt sakinlərinin evlərinə verilən işığı artırmaq və enerji limitini azaltmaq imkanı verir. Bir "əmma” ilə: İES kömürlə işləyir, amma bu, şəhər hüdudlarında yerləşən müəssisələrə qadağan edilib və eyni zamanda, hər şeyə əsasən, müasir təmizləyici süzgəclərlə təmin olunmayıb. İES böyük duman kimi evlərə, ağaclara və torpağa çökərək mümkün olan hər şeyi zəhərləməklə kömür tozunun tullantısını həyata keçirir. Bununla yanaşı, hökumət düşənbəlilərin qəzəbini görməzliyə vurmağa üstünlük verir.

Paytaxt sakini Əbdurahmon bu tullantılara dözməkdən bezib İES idarəsinə yollanıb ki, şəhərin haçansa çiçəklənən guşəsini nəyə çevirdiklərinə baxmaq üçün rəhbərliyi dəvət etsin.

"Çoxlu kabinetləri olan beşmərtəbəli binada bir nəfər yerli işçi tapmadım, – o, təəccüblə danışır. – Kabinetlərin hamısında kompüterlərin qarşısında şən, gənc çinlilər əyləşmişdilər. Onların içində suallarımın cavabında səmimi gülümsəyən qızlar çox idi. Nəhayət, baş mühəndisin kabinetini tapdım, amma o da çinliydi və nə tacik, nə də rus dilində bir kəlmə deyə bilirdi”.

Çinin Tacikistan səfirliyinin ticari-iqtisadi məsələlər üzrə müşaviri Sun Yan bu fərəhsiz fonda "Avesta” informasiya agentliyinə bildirib ki, TBEA şirkəti İES-də "əhəngdaşı və gipsdən tüstü qazlarının kükürdsüzləşdirilməsi üçün obyekt qurub, tozu ləğv etmək üçün ən çağdaş elektrikli kimyəvi kompozisiyadan, habelə qazançada az miqdarlı azotla yandırma texnologiyasından istifadə edib ki (…), bu da Tacikistanın ətraf mühitini ziyanlı tullantılardan qoruyur”.

Məsələlərin gerçək durumunu isə arzulayan hər kəs öz gözlərilə görə bilər.

Milyonlarla yardım

Çinin Tacikistandakı şirkətləri KİV-lərdə geniş işıqlandırılan xeyriyyə aksiyalarını daim təşkil edir. Məsələn, onlar respublikada artıq yeddi məktəb tikiblər. Deməli, TBEA dörd müasir məktəb inşa edib. Bunlara yatırım həcmi 9 milyon dollara yaxındır. Çin habelə 40 min tələbəyə onlarla ixtisasın tədris ediləcəyi universitet tikməyi planlaşdırır. Çinlilər yoxsul ailələrdən çıxan məktəblilərə məktəb ləvazimatlarının paylanmasını daim həyata keçirir, təbii fəlakətdən əziyyət çəkən adamlara pul və mal bağışlayırlar. Hədiyyələri bəzən firmaların özlərinin məhsulu kimi verirlər. Məsələn, "Huaksin sement” korporasiyası təkcə məktəb inşa etməyib, həm də onlara 2,3 milyon $-dan yuxarı məbləğdə sement ianə edib.

Bundan başqa TR orta məktəblərinin 30 məzunu Tacikistan-Çin "Trans-Asia Gas Pipeline Company Limited” BM tərəfindən 5 il təqaüd verilməklə Çinin müxtəlif universitetlərinə pulsuz göndərilib. "Tacikistan-Çin dağ sənayesi şirkəti” ASC Tacikistanda Konfutsi İnstitutunun inşasına vəsait ayırıb və yerli dağ sənayesi üçün mütəxəssislər hazırlayıb.

Təhsil və Elm Nazirliyinə 10 min stasionar naqilsiz stansiya, Rabitə Nazirliyinə fövqəladə durumlarda əlaqə üçün 300 GOTA kommunikasiya terminalı, İqtisadiyyat və Ticarət Nazirliyinə isə videokonfrans keçirmək üçün sistem bağışlamış ZTE də geridə qalmır. İndiki anda Çinin ən böyük hədiyyəsi ÇXR-in yeni parlament binası və hökumət rezidensiyasının inşasına havayı ayırdığı 345 milyon $ olub.

Çin xeyriyyəçiliyi bəzən son dərəcə özünəxas formalar da alır. İqtisadi blok müəssisələrindən birinin əməkdaşı "Fergana”ya anonimlik şəraitində olduqca maraqlı bir əhvalat danışıb:

"Çinlilərin keçirdikləri seminara qatılmışdım. Bir neçə nazirliyin əməkdaşları iştirak edirdilər. Qeydiyyat zamanı arzulayanların hamısına Çin barədə yanaşı masanın üzərindəki xeyli sayda kitablar təklif olunurdu. Amma az-az adam onları götürürdü. Mən öz əməkdaşlarıma vermək niyyətilə üç kitab götürdüm. Sonradan gördüm ki, hər birinin içinə 100 $ qoyulub, bu isə mənim aylıq donluğum qədər idi. Əhvalatı öz həmkarlarıma gülə-gülə danışdım – onlar bundan sonra çinlilərin payladıqları bütün bəxşişləri götürürlər”.

İndi yumşaqdır, sonralar sərt olacaq

Ekspertlərin çoxu ÇXR-lə bu qədər sıx əməkdaşlığa girməyin səmərəli olduğuna şübhələrini ifadə edir. Hökumətə bəraət kimi demək olar ki, böyük layihələrə vəsaitinin aşkar qıtlığı onu buna vadar edir.

ÇXR-in TR-dəki fövqəladə və səlahiyyətli səfiri Lyu Bin bu il yanvarın 30-da "Avesta”ya müsahibədə məlumat verib ki, respublikada Tacikistanın əsas yatırımçısı olan Çinin puluna yaradılmış 400-dən çox müəssisə işləyir. Bununla belə, respublikanın ÇXR-ə borcu ilbəil artır – 2018-in sonunda 1,2 milyard $-ı aşıb.

Sanki Tacikistan sənayesi və infrastrukturuna belə böyük axınlar artıq hiss olunası iqtisadi effekt gətirməliydi – ən azı, büdcəyə vergi mədaxilini əsaslı artırmalı və əhalinin soisal durumunun yaxşılaşmasına təsir etməliydi. Lakin Tacikistan qabaqkı kimi MDB-nin ən aşağı maaşla (ortalama 130 $) və yoxsulluğun ən yksək səviyyəsiylə (30%-ə yaxın) ən zəif inkişaf edən ölkəsi olaraq qalır. Bununla yanaşı, fərq etməz, Çinin borclarını vermək lazım gələcək – pulla olmasa da, qızılla, qızıl olmasa, ərazi ilə – Tacikistan artıq 2000-ci ildə Dağlıq Bədəxşan ərazisində min kvadrat kilometrdən çox torpağı Səmalar ölkəsinə bağışladığı kimi. Tacikistan Çindən son dərəcə asılıdır və yaranmış münasibətlər dostluq sayılsa da, bəzi ekspertlər hesab edirlər ki, bərabərhüquqlu deyil. Məsələn, Tacikistan iqtisadçısı Sodikcon Nosirov iddia edir ki, Çin yatırımları Tacikistan üçün ciddi borclara dönəcək, yatırılan vəsaitlərin böyük bölümü isə Çinə qayıdır, çünki "Çin şirkətləri xaricdə işləyərkən öz texnikasından, öz materiallarından istifadə edir, habelə əsasən Çin mütəxəssislərini cəlb etməyə çalışır”.

Çinin iştirakından yaxşılaşma görüntüsünün yoxluğu və bu özüldə zaman-zaman meydana çıxan dartışmalara baxmayaraq, Tacikistandakı şərait bütünlükdə yetərincə sakit qalır. Alma-Ata və Bişkekdə Çin ekspansiyasına qarşı keçirilən mitinqlərə bənzər aksiylar Düşənbədə, sadəcə, ağlasığmazdır. Burada heç kim Çinlə "dostluq”dan başını itirmiş hökumətin fəaliyyətini tənqid etməyəcək. Çinin məhvedilməz praqmatizmi nəzərə alınsa, bu başdan söyləmək olar ki, Çinin Tacikistandakı siyasi və iqtisadi basqısı yalnız çoxalacaq. İndiki halda qədim rus atalar sözü Çinin siyasətinə daha çox yaraşır: "Yumşaq döşək salar, yuxuda qara basar”.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}