Rusiya vətəndaşı olan ermənilər Azərbaycana SƏRBƏST GƏLMƏLİDİR?

Rusiya vətəndaşı olan ermənilər Azərbaycana SƏRBƏST GƏLMƏLİDİR?

 

İlham İsmayıl: "Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlməsi düzgün deyil”

Elxan Şahinoğlu: "Azərbaycana gələn istənilən erməni təhlükəsizlik problemləri ilə üzləşə bilər”

Rusiya XİN növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir.

"Azərbaycanın sərhəd xidməti birbaşa və ya dolayı olaraq erməni millətinə aidiyyat əlamətləri olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq, ölkə ərazisinə buraxmaqdan imtina etməkdə davam edir. Səbəb kimi bu cür şəxslərin təhlükəsizliklərinin təminatının mümkünsüzlüyü göstərilir. Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının ernik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzıliyi haqqında Rusiya tərəfinin Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlər cavabsız qalır”,- Rusiya XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir.

Məlumatda deyilir ki, bu xüsusatlar nəzərə alınaraq XİN Rusiya vətəndaşlarına Azərbaycana səfərləri planlaşdırarkən "mümkün riskləri hərtərəfli ölçüb-biçməyi” təkidlə tövsiyə edir.

Əslində, Rusiya XİN-nin bu bəyanatı qərəzlidir. Rusiya bilə-bilə ki, ermənilər Azərbaycan buraxılsa, burada təhlükəsizlik problemləri ola bilər, buna baxmayaraq, hər dəfə bu məsələni gündəmə gətirirlər. Xüsusilə qurumun mətbuat katibi Mariya Zaxarova həmişə ermənipərəst mövqe ifadə etməkdən çəkinmir. Rusiya XİN-in rəsmi nümayəndəsi Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasını görməzlikdən gələrək, ermənilərin Azərbaycana girişinə qadağa qoyulduğu üçün ölkəmizin ünvanına tənqidi fikirlər səsləndirir. Bu və digər bəyanatlardan da görünür ki, Rusiyanın Azərbaycana qarşı ədalətsizliyi davam etməkdədir.

"Burada bir erməni xətti var”

“Xalqın narazılığının azalmasına çox az səbəb var” - İLHAM İSMAYIL

Rusiya XİN-nin bəyanatı ilə bağlı keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl "Hürriyyət”ə dedi ki, həmin bəyantın verilməsində erməni xətti var: "Bununla bağlı dəfələrlə bizim Xarici İşlər Nazirliyi ilə aralarında söhbət olub. Azərbaycan Xarici İşlər Nazirliyi hər dəfə deyir ki, biz onların təhlükəsizliyinə qarant dura bilmərik. Söhəbt erməni əsilli Rusiya vətəndaşlarından gedir. Yəni ölkəmiz ermənilərlə müharbə vəziyyətindədir deyə, onların təhlükəsizliyinə qarant verilmir. Rusiya son aylar bu məsələni xüsusi qabartmaqla məşğuldur. Burada bir erməni xətti var. Bunlar maksimum çalışırlar ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar getdiyi yerdə bizi daha pis obrazda göstərsinlər, desinlər ki, bəs, bunlar irqi ayrıseçkilik edirlər, heç bir erməninin Azərbaycana gəlməsinə dözmürlər. Yəni, əgər Rusiya vətəndaşı olan erməniləri Azərbaycana qoymurlarsa, Dağlıq Qarabağda ermənilər bunlarla necə bir yerdə yaşaya bilər? Bu mənada bu xüsusi bir göstərişin əsasında fəallaşmadır. Bir növ start verilib ki, bu işləri görsünlər.

Rusiya, ümumiyyətlə, son vaxtlar Azərbaycana qarşı bu cür addımlar atır. Vətəndaşları olmayan azərbaycanlıların sıxışdırlması, ölkədən çıxarılması kimi məsələlərə girişiblər. Görünür ki, münasibətlərdə müəyyən soyuqluq var, ondan irəli gələn məsələdir. Yoxsa onlar dəqiq bilirlər ki, erməni əsilli Rusiya vətəndaşının Azərbaycana gəlməsinin doğrudan təhlükəsizliyinə qarantiya yoxdur. Kim bilir ki, hansısa ermənin qonaq gəldiyi yerin qonşusu hansısa şəhid ailəsidir, qonşusu onu görsə, tamam başqa münasibət göstərəcək. Onlara bunun dəfələrlə izah olunmasına baxmayaraq, yenə də öz bildiklərini edirlər”.

"Erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasını düzgün hesab edirəm”

İ. İsmayıl vurğuladı ki, sözün həqiqi mənasında təhlükəsizlik nöqteyi-nəzərindən erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycana gəlməsi düzgün deyil: "Düzdür, yeri gəlib ki, erməni vətəndaşı bura gəlib, amma müəyyən qoruma altında gəlir, tədbirdə iştirak edir, çıxıb gedir. Amma erməni əsili Rusiya vətəndaşı olan bir şəxs qoruma ilə gəlmir və yaxud biz ondan ötrü xüsusi öhdəlik götürümürk, axı. Doğrudan da, 10 nəfər gələr, onun biri kifayətdir ki, başına iş gəlsin, öldürülsün. Bu, tamamilə mümkün olan bir şeydir. Ondan sonra hay-küy daha pis çıxar, Azərbaycana münasibət daha da pisləşər. Ona görə də Azərbaycan onların gəlişi ilə bağlı xəbərdarlıq edir. Ya gərək, birbaşa deyə ki, mən sənin təhlükəsziliyinə qarant vermirəm, ya da gəlmələrinə icazə versə və burada da bir hadisə olsa, deyəcəklər dövlət bunu öz qəsdən öldürtdürüb, yaxud xəsarət yetirib. Ona görə də erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasını mən düzgün hesab edirəm”.

"Bu, həm də "Azərbaycanın gəlirlərini artırmayın” deməkdir”

Rusiya XİN-nin bəyanatı ilə bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd edib ki, Rusiya XİN-nin bu bəyanatı iki ölkə arasındakı əməkdaşlığın əleyhinə yönəlib: "Halbuki, iki dövlət arasında iqtisadi əməkdaşlıqda problem yoxdur. Elə bu bəyanatın yayıldığı gün Bakıda iki ölkənin ticarət əməkdaşlığı və qarşılıqlı investisiyalar barədə toplantısı keçirilirdi. Azərbaycana ən çox turist Rusiyadan gəlir. İndi isə Rusiya XİN vətəndaşlarına bildirir ki, Azərbaycana getməyin. Bu, həm də "Azərbaycanın gəlirlərini artırmayın” deməkdir. Moskva vaxtilə eyni siyasəti Türkiyəyə qarşı istifadə etmişdi. Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu dövrdə Rusiya XİN öz vətəndaşlarına müraciət edərək Türkiyəyə getməməyi məsləhət bilmişdi”.

"Bir neçə erməni mənşəli Rusiya vətəndaşına görə Rusiya XİN kəskin bəyanat yayınlamaya bilərdi”

Şahinoğlunun fikrincə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər süni olaraq gərginləşdirilir: "Kreml erməni separatçılarının Moskvada toplantısına icazə verməyə bilərdi. Digər tərəfdən, Azərbaycana buraxılmayan bir neçə erməni mənşəli Rusiya vətəndaşına görə Rusiya XİN kəskin bəyanat yayınlamaya bilərdi. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı və digər soyqırımlar törədilib. Bu baxımdan, Azərbaycana gələn istənilən erməni təhlükəsizlik problemləri ilə üzləşə bilər. Buna baxmayaraq, son illər ərzində Azərbaycana müxtəlif ölkələrdən ermənilər gəlib. Sadəcə, bu haqda onlar Azərbaycanın dövlət strukturlarına əvvəlcədən xəbər veriblər və səfərin məqsədini açıqlayıblar. Həmin ermənilərin gəlişinə şərait yaradılıb. Həmin ermənilər Bakıda olub, onların təhlükəsizlikləri təmin olunub, heç bir problemlə üzləşməyiblər”.

"Azərbaycana əvvəlcədən məlumat vermədən gəlmək istəyən erməninin gizli niyyəti var”

"Bakıya xəbərsiz gəlmək istəyən istənilən erməni isə obyektiv olaraq Azərbaycanın təhlükəsizlik orqanlarında suallar yaradır. Niyə gəlib? Məqsədi nədir? Rusiyada yaşayan azərbaycanlının Ermənistana səfərini təsəvvür etmək olarmı? Belə hal olmayıb. Çünki istənilən azərbaycanlı bilir ki, bilet alıb, Ermənistana getsə, ciddi problemlərlə üzləşəcək. Belə olan halda Rusiyada yaşayan erməni Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana niyə səfər etmək istəsin? Deməli, Azərbaycana əvvəlcədən məlumat vermədən gəlmək istəyən erməninin gizli niyyəti var. Yoxsa təhlükəsizlik problemləri ilə üzləşə biləcəyini əvvəlcədən bilən erməni mənşəli Rusiya vətəndaşı niyə əvvəlcədən məlumat vermədən Azərbaycana səfər etsin ki? Bu, ona bənzəyir ki, İkinci Dünya Müharibəsinin getdiyi illərdə Almaniyanın hər hansı vətəndaşı Moskvaya getməyə risk edərdi”,-deyə politoloq əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}