"PREZİDENT İSLAHATI ADMİNİSTRASİYASINDAN BAŞLAMALIDIR"

"PREZİDENT İSLAHATI ADMİNİSTRASİYASINDAN BAŞLAMALIDIR"

 

Əkrəm Həsənov: "Prezidentin fərmanı məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə aparacaq"

Qubad İbadoğlu: "Fərmanla tanış olanda ilk növbədə onu hazırlayanların hüquqi savadına şübhələr yaranır"

Nəzakət Məmmədova: "İslahat üçün indiki hakim korpusu buraxılmalı, tam obyektiv əsaslarla yeni hakimlər seçilməlidir"

Ənnağı Hacıbəyli: "Bu fərman son illər bir neçə dəfə imzalanmış deklarativ fərmanlardan ciddi şəkildə fərqlənmir"

Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Həmin fərmana əsasən, bütün məhkəmə sədrlərinə, hakimlərə tövsiyə olunur ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü fəaliyyətlərində ədalətli olsunlar, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyi və Azərbaycan qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. O cümlədən, fəarmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması məsələsinə də toxunulur. Bununla bağlı, bir sıra qurumlara müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində dövlət başçısına təqdim etmələri tapşırılır.

"Hürriyyət" xəbər verir ki, sözügedən fərmana görə, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxması öz həllini tapmalıdır. Bundan ötrü, vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxmaqdan ötrü ixtisaslaşmış məhkəmənin yaradılması öz həllini tapmalıdır. Eyni zamanda, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması da vacib sayılır. Fərmanda deyilir ki, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılmasına da diqqət yetirilməsi zəruri sayılır. Bundan başqa, cavabdeh qurumlar məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etməkdən ötrü bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsinə də diqqət verməlidirlər. Onlar eyni zamanda, mülki, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə tərəflərin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsinə də nəzər yetirməlidirlər.

Nəzərinizə çatdıraq ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda Məhkəmə-Hüquq Şurasına da bir sıra mühüm tövsiyələr verilir. Belə ki, "Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın", deyə fərmanda qeyd olunub. Bununla yanaşı, hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyü təmin edilməlidir. Fərmanda Ədliyyə Nazirliyinə tapşırılır ki, məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanı özəl qurumların həyata keçirməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və təkliflərini üç ay müddətində prezidentə çatdırsın. Vəkillər Kollegiyasına edilən tövsiyələrdə isə deyilir ki, bu qurum vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınmasından ötrü tədbirləri gücləndirməlidir. Nəhayət, fərmana əsasən, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə hakimlərin ümumi sayı 200 nəfər artırılmalıdır.

"İndi əsas odur ki, fərman icra olunsun!"

Bu arada, "Hürriyyət"in məlumatına görə, ölkə başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" imzaladığı fərmanın lap yerinə düşdüyünü vurğulayan hüquqşünas Əkrəm Həsənov hesab edir ki, sözügedən fərman məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə aparacaq: "Dünən (srağagün-red.) bankın şərlədiyi və müdafiəçisi olduğum vətəndaşa qarşı cinayət işi üzrə hazırlıq iclası idi. Hazırlıq iclasları adətən bir neçə dəqiqə çəkir. Bizdə isə 3 saata yaxın çəkdi! Hakim məhkəmə baxışının təyin edilməsinə münasibətimizi soruşdu. Dedim ki, etirazımız yoxdur, amma vəsatətlərimiz var. İlk növbədə vəsatət verdim ki, bank kredit dosyesini gətirsin. Bank etiraz etdi (torbada pişik var! nədənsə qorxur!). Hakim müşavirəyə getdi. Müşavirəsi 2 saata yaxın çəkdi. Sonra da gəlib qərarını oxudu ki, vəsatət təmin edilməsin (aha! indidən müdafiə tərəfinin sübut toplamasına əngəl yaradılır!), filan tarixə də məhkəmə baxışı təyin edilsin. Qayıtdım ki, axı dediyim kimi mənim digər vəsatətlərim də var, iclası niyə bitirirsiz? Hakim, prokuror, bankın nümayəndələri bir ağızdan dedilər ki, baxışın təyin edilməsinə etiraz etməmişdim. Mən də onların yadına saldım ki, bir neçə vəsatətimin olduğunu demişdim. Hakim dedi ki, baxışda verərsiz. Cavab verdim ki, vəsatətlər sırf hazırlıq iclasına aiddir, bu gün baxılmalı idi. Həm də indidən verirəm ki, proses uzanmasın. Adətən təqsirləndirilən şəxs prosesin uzanmasında maraqlıdır. Bu işdə isə əksinə biz işin tez bitməsində maraqlıyıq. Çünki vətəndaşa qarşı olan bu prosesi bankın ifşası prosesinə çevirəcəyik! İndi təsəvvür edin ki, möhtərəm prezidentin dünənki (srağagünkü-red.) fərmanındakı "bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi" tələbi artıq qüvvədə olardı. Təbii, bu halda proses belə pozuntularla aparılmazdı (videoyazı olsaydı, daha da yaxşı olardı: bəzən tərəflərin sifətindəki ifadənin özü hər şeyi deyir!). Odur ki, fərmanın həm bu, həm də digər məqamları həqiqətən də məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklərə aparacaq. Şadam ki, fərmanda dəfələrlə qaldırdığım məsələlərin hamısı (hüquq təhsilindən başqa) öz əksini tapıb. İndi əsas odur ki, fərman icra olunsun!"

"Bu fərman məhkəmələrlə bağlı mövcud sualları cavablandırmaq əvəzinə, yeni suallar yaradır"

“Neft Fondunun gəlirləri 6 dəfə azalıb” - Yalnız səhmlərin idarə edilməsindən 42,9 milyon ziyana düşüb

"Hürriyyət" xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetində dərs deyən iqtisadçı alim Qubad İbadoğlu da sözügedən fərmanla bağlı fikirlərini bölüşüb. Belə ki, "Fərmanla tanış olanda ilk növbədə onu hazırlayanların hüquqi savadına şübhələr yaranır" deyən Qubad İbadoğlunun fikrincə, əsas gözləntilər məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınmasından, onun müstəqilliyinin artırılmasından, bu sistemdə korrupsiya ilə mübarizədən ibarət olsa da, bu fərman həmin problemlərin həllinə dair heç bir konkret mexanizmlər təklif etmir: "Məsələn, fərmanla hakimlərin gəlir və əmlaklarına dair bəyannamələrin doldurulması və dərci nəzərdə tutulmayıb. Bir sözlə, bu fərman məhkəmələrlə bağlı mövcud sualları cavablandırmaq əvəzinə, yeni suallar yaradır. İlk sualı fərmanın adı yaradır. Sual olunur ki, bu islahatlar nə zaman başlamışdır ki, indi də o dərinləşdirilir? Fərmanda nəzərdə tutulur ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmə yaradılsın. Burdan iki sual yaranır. Birincisi, dərin hüquqi bilik və təcrübəsi olmayan hakimlər nə işlə məşğul olacaq? İkincisi, sahibkarlıq fəaliyyətinin predmeti əsasən mülki münasibətləri əhatə etdiyi halda onunla bağlı mübahisələrin hüquqi tənzimlənməsi üçün ayrıca məhkəmənin yaradılmasına ehtiyac nədən yaranır? Onun əvəzinə investisiyaların müdafiəsi üzrə müstəqil Ombudsman institutunun yaradılması nəzərdə tutulsa idi bu daha işlək və effektiv mexanizm ola bilərdi".

"Əgər qanun layihəsinə də prezident baxırsa, onda 120 nəfərlik parlament nəyə lazımdır?"

rmanda mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılmasının, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə müvafiq orqanların təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmələrinin nəzərdə tutulduğunu bildirən iqtisadçı alim "Əgər bu sahədə təkliflər 6 aya hazırlanacaqsa, onda sahibkarlıq üzrə ixtisaslaşmış məhkəmənin yaradılmasına nə əsasla fərman verilir?", deyə qeyd edib: "Fərmanda qeyd olunur ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Sual olunur, əgər qanun layihəsinə də prezident baxırsa, onda 120 nəfərlik parlament nəyə lazımdır? Fərmanda nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Burda da ən azı iki sual yaranır. Birincisi, indiyə qədər bu maddə üzrə büdcə xərcləri nədən dəqiq proqnozlaşdırılmayıb? İkincisi, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması islahat xarakterinə görə nə məzmun daşıyır?"

Beləliklə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri bu qənaətdədir ki, sözügedən fərmanda əks olunan texniki xarakterli dəyişikliklər təklifi ilə məhkəmə sistemində mövcud olan köklü problemləri həll etmək mümkün deyil: "Görünür, bu fərmanın məqsədi də o deyildir. Əsas məqsəd görüntü yaratmaqdır ki, Azərbaycanda hərtərəfli islahat gedir, ən sonda məhkəmə sistemi də islahat olundu".

"Hakimlərin maaşlarının artmasına qəti etiraz edirəm, bunun onları ədalətli qərarlar çıxarmağa təşviq edəcəyinə inanmıram"

Qeyd edək ki, mövzu ilə bağlı özünün "facebook" səhifəsində mövqeyini bildirən beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədovanın sözlərinə görə, bu, çox mütərəqqi fikirlər ehtiva edən sərəncamdır: "İlham Əliyev tarixə islahatçı, mütərəqqi prezident kimi düşəcək, amma Azərbaycan dövlətinin indiki dövrünün tarixə qızıl dövr kimi yazılması, insanların hüquqlarının pozulmadığı, vətəndaşın dövlətdən həqiqətən də razı qaldığı bir idarəetmə dövrü kimi yazılması üçün məmurlar prezidentin islahatlarına vicdanla dəstək verməlidir. Bu, onların borcudur. Lakin insan amilinə əsaslanan bir sıra məsələlər yenə də məhkəmə sistemində iştirak edən şəxslərin, xüsusilə məhkəmə sədrlərinin, hakimlərin vicdanına bağlı olacaqdır. Məsələn, şəxsən mən hakimlərin maaşlarının artmasına qəti etiraz edirəm. Maaşın artmasının bəzi rüşvətxor, vicdansız, ləyaqətsiz hakimləri ədalətli qərarlar çıxarmağa təşviq edəcəyinə inanmıram. Maaş artmasıyla göz doymalı, rüşvət almağa meyl azalmalıdırsa, onda məntiqlə 150 manat maaş alan müəllimlərin süpürgə pulu yığmasına niyə bu qədər kəskin reaksiya verilir?! Axı, maaşı azdırsa, deməli bunu ehtiyacdan edir. Hakimlərin indiki maaşı da az deyil, hər halda məzlum müəllimdən, həkimdən 10 dəfə artıq maaş alırlar. 1500 yox, 3000 maaş alanda onlarda vicdan hissi yaranacaq?! Bir dövlət ədalətlə idarə olunar, ədalət yoxsa o dövlət gec-tez məhvə məhkumdur".Nəzakət Məmmədova hesab edir ki, islahat üçün indiki hakim korpusu buraxılmalı, tam obyektiv əsaslarla yeni hakimlər seçilməlidir: "Avropa bu günkü ədalətli sistemini məhz qanunlara hörmət edən cəmiyyətə və dövlət idarəetməsinə borcludur. İnsanlar öz haqlarını məhkəmələrdə axtarırlar, əgər orada ədalət yoxdursa, dövlətə inam azalır".

"Fərmanın əksər bəndləri məhkəmələrə və başqa dövlət orqanlarına vəzifələrini xatırlatmaqdan uzağa getmir"

Картинки по запросу Ənnağı Hacıbəyli

Azərbaycan cəmiyyətinin və dövlət hakimiyyətinin bu ən ağrılı sahəsinə kardinal islahatların gərək olduğunu, son vaxtlar rəsmi orqanlar və şəxslərin, o cümlədən ölkə başçısının da bunu etiraf etdiyini deyən tanınmış hüquqşünas Ənnağı Hacıbəylinin bildirdiyinə görə, fərman gözlənilirdi və bir çoxları düşünürdü ki, ciddi dəyişikliklər, yəni gerçək islahatlar başlanacaq: "Mən təbii ki, belə gözləntisi olan adamlar kateqoriyasına daxil deyiləm və düşünürəm ki, ölkədə mövcud olan idarəçilik sistemi, hakimiyyətin mahiyyəti hər hansı gerçək islahat imkanını istisna edir. Məncə belə də oldu". Fərmanda bəzi pozitiv məqamların olduğunu vurğulayan hüquqşünasın fikrincə, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin bölüşdürülməsinin korrupsiyaya imkan verməyən və ya bu imkanı məhdudlaşdıran üsullarının tətbiqi, alternativ ekspertiza institutunun və qurumlarının yaradılması, mediasiyanın tətbiqi, sahibkarlıqla bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi, kargüzarlıqla bağlı vəsaitlərin hakimlərin bank hesabına köçürülməsi, hakimlərin sayının 200 nəfər artırılması və s. pozitiv dəyişikliklərə şərait yarada biləcək tədbirlər sayıla bilər: "Məhkəmə hakimiyyətinin indiki durumu, onun müstəqilliyinin vəziyyəti bu tədbirlərin uğurla tətbiqinə inam yaratmasa da, bütövlükdə tədbirlər fərmanın pozitiv notları sayıla bilər. Aydındır ki, hər şey əlahəzrət siyasi iradədən asılıdır və bizim də quşqumuz məhz onunla bağlıdır. Fərman son illər bir neçə dəfə imzalanmış deklarativ fərmanlardan ciddi şəkildə fərqlənmir və onun əksər bəndləri məhkəmələrə və başqa dövlət orqanlarına vəzifələrini xatırlatmaqdan uzağa getmir. Dövlət orqanlarına qanuni vəzifələrini fərman vasitəsilə icra etdirməyə sonsuz uğursuz cəhdlər Azərbaycan hakimiyyətinin və hüquq tətbiqetmə praktikasının qüsurlu şakərinə çevrilib, bu fərman da istisna deyil. "Sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxmasını təmin etmək məqsədi ilə ixtisaslaşdırılmış məhkəmələr yaradılması" planlaşdırılır. Bu nə deməkdir? Bəlkə vergi məhkəmələrinin yaradılması planlaşdırılır? Axı bu sahədə artıq iki məhkəmə sistemi yaradılıb – iqtisad məhkəmələri və inzibati məhkəmələr. Onlar özünü doğrultmurmu? Hətta bundan sonra da hakimlərin sahibkarlıqla bağlı mübahisələrə baxmaq üçün yetərincə bilik və təcrübəsi yoxdursa, indiyədək xərclənən milyonların hesabı kimdən sorulmalıdır? Hakimlərin imtahanları, təkmilləşdirilməsi, xarici ölkələrə səfərləri ilə bağlı gurultulu bəyanatların köpü nə tez alındı".

"Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınmasının çox sadə yolu var – Prezidentin bunu öz administrasiyasına qadağan etməsi"

Ali Məhkəməyə vahid məhkəmə təcrübəsi formalaşdırmağın təklif olunduğunu deyən Ənnağı Hacıbəyli qeyd edib ki, "Məhkəmələr və hakimlər haqqında" Qanunla bu, Ali Məhkəmənin birbaşa vəzifəsidir: "Prezident bunu Ali Məhkəməyə neçə dəfə tapşırmalıdır? Ali Məhkəmə birbaşa vəzifəsini icra etməyibsə, onun sədri və hakimləri nə işlə məşğuldur? Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, bilmirəm neçənci dəfədir ki, kimlərəsə tapşırılır. Bu vəzifənin icrasının çox sadə, asan və effektiv yolu var – Prezidentin bunu öz administrasiyasına qadağan etməsi. Ölkə oradan idarə edilir və bütün nailiyyətlərimiz bu orqanın adı ilə bağlıdır. "Dövlət rüsumunun dərəcələrinə yenidən baxılsın, rüsumun müəyyən hissəsi məhkəmə aparatı işçilərinə ayrılsın". Bu bədbəxt rüsumlara neçə dəfə baxmaq olar? Vəkillər və hakimlər artıq onları izləməkdən yorulublar. Vətəndaşlar isə ondan əllərini çoxdan üzüblər. Amma yenilik də var. İndi rüsumlar bədbəxt vətəndaşın hesabına artırılacaq və onun bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarının artırılmasına xərclənəcək. Büdcəni dolduran vətəndaş həm də büdcənin əvəzinə məmuru yedizdirməli olacaq. Kəmərlərinizi bərkidin, vətəndaşlar. Cərimələrlə büdcə doldurmaq Azərbaycan qanunvericiliyinin başlıca inkişaf tendensiyasıdır.

"Bu bədbəxt mülki və inzibati-prosessual məcəlləyə nə qədər yamaq vurmaq olar?"

Fərmana əsasən, bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsini əsl islahat tədbiri kimi xarakterizə edən hüquqşünas bu qənaətdədir ki, bundan sonra heç bir hakim məhkəmə iclas protokolunu saxtalaşdıra bilməyəcək: "Ekspertiza təyin edilməsi üzrə tərəflərin hüquqlarının genişləndirilməsi" isə fərmanın ən kardinal islahat tədbiri sayılmalıdır. Bununla da Azərbaycan ədalət mühakiməsinin bütün problemlərinin həllinə biryolluq nail olunacaq. Çünki məhkəmələrin çıxardığı tək-tük qanunsuz qərarlar məhz ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının məhdud olmasından qaynaqlanır. Məhkəmə proseslərinin effektivliyinin artırılması üçün mülki prosessual qanunvericiliyi təhlil etmək və onu təkmilləşdirmək üçün təkliflər vermək bir dəstə orqana tapşırılır. Bu bədbəxt mülki və inzibati-prosessual məcəlləyə nə qədər yamaq vurmaq olar? O yazıqların ən böyüyünün hələ 20 yaşı tamam olmayıb, şalvarının yamaqsız yeri yoxdur. Bir də ki, məhkəmə proseslərinin efferktiv olmamasında ən az günahkar elə məhz prosessual qanunvericilikdir".

Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə alverinə son qoymağın tapşırıldığını deyən Ənnağı Hacıbəylinin fikrincə, yerinə yetirilsə, gerçəkdən islahat baş verə bilər: "Məhkəmə-Hüquq Şurasında qaynar xətt yaradılmasının ədalət mühakiməsinə nə verəcəyini proqnozlaşdıra bilmirəm. Fiziki və hüquqi şəxslərin hakimlərdən şikayət imkanı qanunvericilikdə o qədər məhdudlaşdırılıb ki, o xətti nə qədər qaynatsan da şikayətçilərin canı qızmayacaq. Bu fərmanın məsuliyyəti onu imzalayandan çox hazırlayanların üzərindədir. Məncə, prezident islahatı administrasiyasından başlamalıdır".




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}