ADPU-nun tələbələrinin hazırladıqları “Şəhidimin hekayəsi” filminin təqdimatı keçirilib

ADPU-nun tələbələrinin hazırladıqları “Şəhidimin hekayəsi” filminin təqdimatı keçirilib

 

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə, ADPU-nun rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə universitetin IV tədris ili tələbəsi Şıxməmməd Şıxməmmədovun rəhbəri olduğu "Şəhidimin hekayəsi” layihəsi çərçivəsində çəkilən "Şəhidimin hekayəsi” filminin təqdimatı keçirilib.

Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, rektor köməkçisi Riyad Rüstəmli, layihədə iştirak edən şəhid ailələri, universitetin müəllim və tələbələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri Şıxməmməd Şıxməmmədov bu ideyanın həmişə onun qəlbində yaşadığını və nəhayət, AzGF-in XI qrant layihəsi müsabiqəsinə müraciət edib müsbət cavab aldıqdan sonra fədakar ADPU tələbələrindən ibarət komanda ilə birgə fəaliyyətə başladıqlarını, 3 ay ərzində Bakı, Bakıətrafı kənd və qəsəbələr, Sumqayıt, Ağdam, Horadiz və Cocuq Mərcanlıda 20 şəhid ailəsində çəkilişlər aparıldığını və bu filmi kiçik bir komandanın az bir zaman ərzində ortaya qoymasını böyük bir iş olduğunu vurğulayıb. Layihə rəhbəri deyib: "Biz əlimizdəki imkanlarla 20 şəhid ailəsi ilə bir film ərsəyə gətirdik, fəqət onlar elə böyük həyat yolu yaşamış qəhrəmanlardır ki, onların biri haqqında daha çox film çəkilə bilər!”

Sonra 1 saat 45 dəqiqəlik sənədli film nümayiş olunub. 300-dən çox insanın toplaşdığı zal şəhid yaxınlarının ürəkdağlayan, eyni zamanda ibrətamiz xatirələrini dinlədikcə göz yaşlarına qərq oldu. Filmin yekununu bütöv zal ayaq üstə sürəkli alqışlarla müşayiət etdilər.

Nümayişdən sonra professor Fikrət Rzayev çıxış edib, filmi ərsəyə gətirən heyətin heç də peşəkarlar deyil, tələbələrdən ibarət olduğunu vurğulayaraq tamaşaçıların alqışları altında bu fəadakar komandanın üzvləri-icraçı Sahil Qələndərov, layihə rəhbəri Şıxməmməd Şıxməmmədov, təşkilatçılar Taleh Budaqov, Taleh Mirzəyev və videoqraf Məhərrəm Əliyevi səhnəyə dəvət edib.

Daha sonra Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran xanım çıxış edərək bu müqəddəs işin ADPU-nun gəncləri adından şəhid ailələrinə verilən böyük dəyər olduğunu, eyni zamanda bu gün bu zalda olan bütün tələbələrdən də eyni münasibəti duyduqlarını ifadə edərək bildirib: "Bizim övladlarımız şəhid oldular, amma əvəzində bütün Azərbaycan gəncləri bizə doğma övlad oldular ki, bu gün buradakı tələbələrimiz də bunu bir daha təsdiq etdilər”.

Qeyd edək ki, yaxın günlərdə filmin digər məkanlarda, o cümlədən Ağdam rayonunda da təqdimatının keçiriləcəyi gözlənilir.

Filmin rəsmi trailerini aşağıdakı videoda izləyə bilərsiniz:





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}