“Yazıçılar Birliyində layiq olmayan adamlara yüksək vəzifələr verilir” - Tanınmış yazıçı AYB-ni "topa tutdu"

“Yazıçılar Birliyində layiq olmayan adamlara yüksək vəzifələr verilir” - Tanınmış yazıçı AYB-ni "topa tutdu"

 

Yazıçı-publisist Elçin Hüseynbəyli BakuPost-a müsahibə verib. O, Azərbaycan Yazıçılar Birliyində gedən söz-söhbətlərdən, qruplaşmalardan, narazı gənclərdən danışıb, birliyə ayrılmış 800 min manat pulun hara xərclənəcəyi barədə fikirlərini bölüşüb.

Sozcu.info  həmin müsahibəni təqdim edir:

- Mən sizə müsahibə edək deyəndə dediniz, gəl elə indi edək, ola bilsin, məni sonra tapa bilmədin. Elə məsələ burasındadır ki, AYB işçilərini AYB-də tapmaq olmur. Məsələn, siz niyə işə gəlmirsiniz?

- Haqlısan ki, son günlər işə gəlmirəm. Çünki evdə təmir işləri gedir, onunla məşğulam. Üç gün olmamışam işdə. Ümumiyyətlə, mən intizamlı adamam. Ona görə sonra tapa bilməyəcəksən deyirəm ki, xaricdə kitabım çap olunub, ora gedəcəm. Mən düşünürəm ki, Azərbaycan yazıçısı xaricə dəvət alırsa, onu urvatlı şəkildə xaricə yola salmaq lazımdır. Ədəbiyyatın təbliği bundan keçir. Baxmayaraq ki, Tərcümə Mərkəzində Afaq xanım yaxşı işlər görür, bizim Səlim Babullaoğlu fəaldır. Ancaq hansısa proqram görmürəm. Bizdə Səlimin özünün də proqramları var, amma ayrılan vəsait kifayət eləmir. Azərbaycan ədəbiyyatının sistemli şəkildə xaricdə təbliğatı olmalıdır. Avropa özünü çox təkrar edir. Amma şərq adamı yeni düşüncələrə can atır. Ən böyük problemlərdən biri Türkiyədə bizim kitabların təbliğ olunmamasıdır.

 

- Bu qədər pul ayrılıb, niyə təbliğ olunmur, pulları neynirsiniz?

- Əgər cənab Prezidentin sonuncu birdəfəlik yardımdan söhbət gedirsə, onlar müəyyən təyinatlar üzrə xərclənir. Ancaq razı qalan adam çox azdır. Kimlərəsə mükafat verilib, başqaları deyir ki, mənə niyə vermirsən? Ancaq məndə olan məlumatlara görə, başqalarına da başqa cür dəstək olunur. Əgər şəffaflıq axtarılırsa, katibliyin nümayəndələri ilə görüşüb söhbət etmək lazımdır. Məsələn, yazıçıların kitabları çap olunsun deyə pul ayrılıb. Mən təklif edərdim ki, o yazıçıların sayı azaldılsın və kitabları xaricdə çap olunsun, təbliğatı getsin. Ancaq burada başqa bir sual ortaya çıxır ki, istedadlı yazıçı kimdi? Hamı özünü istedadlı sayır. İstedadlılığın kriteriyasını müəyyən edən bir neçə sadə amil var: bu adam nə yazır, yazdığı nə dərəcədə Azərbaycan mentalitetinə uyğundur və Avropada nə dərəcədə qavranıla bilər. Burada kosmopolit ədəbiyyatdan yox, öz ədəbiyyatımızdan söhbət gedir. Elə əsərlərimiz, dastanlarımız, tarixi şəxsiyyətlərimiz var ki, onlar əsasında əsər yaratmaq olar. Ancaq Avropada o əsərin, şəxsiyyətin kodu yoxdursa, Avropa səni anlamayacaq. Avropadan oxu mədəniyyətinə görə 500-600 il geri qalmışıq.

 

- Dediniz ki, AYB-dən narazılıqla bağlı deyilənlərlə razısınız. Bəs siz özünüz necə, razısınız, yoxsa narazı?

- Mənim xaricdə kitabımın təqdimatı olacaq. Ona vəsait ayrılıb. Bu yaxında, inşallah, səfər planlaşdırılır. Mən təklif eləmişəm ki, otaqlar kompüterləşdirilsin. Heç kimin kitabı çap olunmasın, ya da az adamın kitabı çap olunsun, əsas xaricdə təbliğat gücləndirilsin. Çünki Azərbaycanda hər kəsin öz kitabını çap elətdirmək imkanı var. Sonra mükafatlar var, mən Anar müəllimə də dedim ki, bu mükafatlar bərpa olunsun. 17 nəfərə mükafat verilib, hələ azdır. Yəni sayını artırmaq da olardı.

 

- Elçin müəllim, Kənan Hacı, Murad Köhnəqala kimi kasıb yazıçılarımız qalıb kənarda, götürüb mükafatları universitet rektoru olan Kamal Abdulla, baş nazirin müavini olmuş Elçin Əfəndiyev kimi adamlara verilir. Bu, nə dərəcədə doğrudur?

- Yenə də gəlib həmin məsələyə dayanırıq ki, 2000 manat Elçin Əfəndiyevə lazımdırmı? Mən də razıyam ki, lazım deyil. Ancaq Elçin Əfəndiyevin də haqqı var ki, mükafat alsın. Axı istedad kasıbçılıq və ya varlı olmaqla ölçülmür. Mən eşitdiyimə görə Kamal Abdulla öz pul mükafatını gənclərə hədiyyə eləyib.

Bütövlükdə götürəndə mükafatların sayı çox olmalıdır. Məsələn, 50 mükafat veriləydi. Amma yenə də həmin narazılıqlar olacaqdı. Bu məsələlər yenə mübahisəli olacaqdı. Mən uzun müddətdir ki, AYB-də işləyirəm, bura mühafizəkar bir təşkilatdır. AYB-də işçilərin davamiyyətinə son zamanlar diqqət ayrılıb. Hər kəs nizam-intizamla işə gəlməlidir.

 

- Adama elə gəlir ki, bəzi adamları yoldan tutub gətirib mükafat verirlər.

- O məsələlər üzvülükdə də elədir. Biz şərq ölkəsində yaşayırıq və bizdə hamı bir-birindən utanır. Bir də görürsən ki, biri deyir, mənim qohumum var, nəsə yazır, cızma-qarası var, onu AYB-yə üzv eləyin. Bir dəfə mənə, bir dəfə Anara, bir dəfə Rəşad Məcidə, bir dəfə Çingiz Abdullayevə deyir. Nəhayət, həmin adam üzv olunur. Bu məsələdə təhlükəli heç nə görmürəm.

 

- Təsadüfi adamları üzv eləyib, sonra da mükafat verirsiniz...

- Sən deyirsən ki, filankəsə niyə mükafat verilib, mənə yox? Mən isə deyirəm ki, onlara mükafat verilib, lap yaxşı, mənə də verilsin. Bu mənada bizim metodlarımız müxtəlifdir.

 

- Deyirlər, Yazıçılar Birliyinin tərkibində qruplaşmalar var. Hərə bir yerə dartır.

- Yaradıcı qrupların, birliklərin hamısında belədir. Qruplaşmasız da nə cəmiyyət, nə də təşkilatlar idarə olunur. O başqa məsələdir ki, kimsə öz səlahiyyətindən istifadə edir. Doğurdan da layiq olmayan insana yüksək mərtəbələr təqdim edilir. O baxımdan sənlə razılaşıram.

 

- Yəni deyirsiniz ki, AYB-də vəzifəsindən istifadə edib haqsızlıqlar, söz-söhbətlər yaradan insanlar var?

- Təkcə Azərbaycan Yazıçılar Birliyi daxilində deyil, istənilən yaradıcı qruplarda kimlərsə öz səlahiyyətlərindən sui-istifadə eləyir. Hansısa yüksək vəzifəli məmurumuz öz səlahiyyətindən istifadə etmirmi? Bunu bütövlükdə necə edib aradan qaldırmaq olar? Bax, onun resepti məndə yoxdur.

 

- Elçin müəllim, siz yazıçısınız, ziyalısınız, haqqı-ədaləti danışmaq sizin borcunuzdur. Bircə mərtəbədir, niyə düşüb demirsiniz ki, ay bala, bunu niyə belə edirsiniz?

- Hər bir haqq hələ ədalət demək deyil. Sənin nəyəsə haqqın çatırsa, o demək deyil ki, sənin düşüncən ədalətlidir. Çünki o deyər ki, mənim də haqqım çatır, o biri deyir ki, mənim də haqqım çatır. Elə bilirsən ki, sabah Elçin Hüseynbəyli gəlib sədr olsa, başqa cür idarə olunacaq? Yaradıcı insanları idarə etmək çox çətindir. Çünki intriqalar var. Bu, təkcə bizdə deyil, teatr tamamən bərbad gündədir, hər gün dava-dalaş olur.

 

- Dediniz ki, xaricdə kitabınız çıxıb, təqdimat keçiriləcək, buna da pul ayrılıb. Sirr deyilsə, nə qədər ayrılıb?

- Elə də yüksək deyil. Ona görə də demək ayıb olar. Mükafat məbləğindən, yəni 2000 manatdan yuxarı deyil.

 

- Dünən AYB katibliyində müzakirə olunaraq xaricdən gələn qonaqlar üçün 30 min manat pul ayrılıb. Dediniz ki, sizə ora getmək üçün də ayrılıb. Biz həm onların gəlməsi, həm də bizim getməyimiz üçün pul ayırırıq?

- Mənim kitabım Litvada çap olunub. Onlarda bizimki kimi ucuz deyil, bir kitab 10 min avroya çap olunur. Onlarda kitab mədəniyyəti bizdən qat-qat fərqlidir. Bizdəki pulunu qoyur cibinə və gedir kitabını çıxartdırır, o da çıxarıb verir qoltuğuna. 6 hekayəm Qarabağla bağlıdır. Ermənilər də orda kitab təqdimatları eləyir. Biz də istəyirik ki, hər şey yüksək səviyyədə olsun. AYB-nin ayırdığı pulla yüksək səviyyədə eləmək olmaz. Yəqin ki, səfirlik də dəstək olacaq. Son 25 ildə Litva dilində heç bir Azərbaycan yazıçısının kitabı çap olunmayıb. Mən istəyirəm ki, vəsait ayrılsın və hamının kitabları xaricdə çap olunsun, təbliğatlar aparılsın. Ancaq onu deyim ki, xaricdən qonaq dəvət olunursa, pulu ödənilməlidir. Mən çox yerə getmişəm, hamısına xarici ölkələr pul ayırıb.

 

- Bizim elə yazıçılarımız var ki, bu dəqiqə bir manata ehtiyacı var. Onu görməzdən gəlirik və gedib Cona, Andreyə 30 min manat ayırırıq?

- Mənim təkliflərimdən biri də budur ki, bu il həm yubileyimiz, həm də payızda qurultayımızdır, belə vaxtda beynəlxalq tədbirlər keçirə bilərik. Qonaqları da o vaxt dəvət edək. Ancaq beynəlxalq konfransı bizim ölkədə keçirilməsi yaxşı haldır. Başqa ölkələr də keçirir və onlar da bütün qonaqların xərclərini qarşılayır. Bəli, dövlət bizim kasıb yazıçıların qeydinə qalmalıdır. Ancaq yazıçı birinci özü öz qeydinə qalmalıdır. Mən yazıçı tanıyıram ki, istedadlıdır, amma avaradır. İndi biz gedək onun ailəsinə çörəkpulu qazanaq? O da doğru yanaşma deyil.

 

- Siz 2000 manat almasaydınız da belə danışacaqdınız?

- Mənim bütün müsahibələrimə baxa bilərsən, heç vaxt ədalətsiz danışmamışam. Sənin yanaşman yanlışdı. Biz prinsipləri, proqram və layihələri müzakirə etməliyik. Ümumi şəkildə bu vəsaitin hara xərclənməsi barədə plan qurmaq olar. Ancaq o puldan hər kəsə eyni ayrılmalıdır deyə bir şey yoxdur. O demək deyil ki, hamıya pul düşməlidir. Hər kəsin öz dəyəri var.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}