KİMDİR BÖHTANÇI: "HÜRRİYYƏT", YOXSA SƏFƏR MEHDİYEV?

KİMDİR BÖHTANÇI: "HÜRRİYYƏT", YOXSA SƏFƏR MEHDİYEV?

 

Gömrük Komitəsindən ay yarım sonra verilən qərəzli cavab

Səfər Mehdiyev, yerli istehsalı olmayan Azərbaycana nəqliyyat vasitəsinin idxalı nədən xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlir?

"Hürriyyət" qəzeti olaraq bizim bu və ya digər şəxslə, o cümlədən hər hansı nazirlik, komitə və idarə ilə ədavətimiz yoxdur

Sizcə, gömrük əməkdaşlarının xaricdən idxal olunan nəqliyyat vasitələrini gömrük kalkulyatorunda qeyd olunan dövlət rüsumları əsasında qeydiyyata almamalarına nə ad vermək olar?

Bugünlərdə Dövlət Gömrük Komitəsi aprel ayının 20-də "Hürriyyət" qəzetində "Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir" başlığı ilə dərc olunan məqaləyə münasibət bildirib. Düzdür, komitənin yaydığı məlumatda qəzetimizin adı qeyd olunmasa da, aydın şəkildə görünür ki, verilən cavab məhz "Hürriyyət"ə yönəlib. Beləliklə, bizi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlamaqda ittiham edən Dövlət Gömrük Komitəsi hesab edir ki, sözügedən yazı sifariş xarakterildir. Və burada məqsəd gömrük orqanlarına qarşı qərəz, böhtan xarakterli məlumatlar yaymaqdır. Təbii ki, bu, kökündən yanlış yanaşmadır. Ona görə ki, "Hürriyyət" qəzeti olaraq bizim bu və ya digər şəxslə, o cümlədən hər hansı nazirlik, komitə və idarə ilə ədavətimiz yoxdur. Məhz bu səbəbdən də həmin məqalənin qərəzli, sifariş xarakterli olduğunu bəyan etməyin özü bilavasitə qərəzin nümunəsidir.

Bundan başqa, əgər Dövlət Gömrük Komitəsinin yetkili şəxsləri qeyd olunan yazı ilə tam şəkildə tanış olsaydılar, o zaman həmin məqalənin obyektiv, Gürcüstandan Azərbaycana avtomobil gətirən şəxslərdən birinin dedikləri, eyni zamanda tanınmış vəkil Bəhruz Bayramovun bir neçə il əvvəl üzləşdiyi problemin, müstəqil iqtisadçı ekspert Razi Abasbəylinin fikirləri əsasında hazırlandığını görərdilər. Lakin qarşı tərəf hər hansı qərəzli ifadənin əks olunmadığı, yalnız faktlara, ekspert rəyinə əsaslanaraq tənqid üzərində qurulan yazıya zamanında münasibət bildirmək əvəzinə, üzərindən təxminən, ay yarım keçdikdən sonra köçünü sudan quru çıxarmaq naminə ən asan yola əl ataraq qəzetimizi ittiham edib. Halbuki Dövlət Gömrük Komitəsinin səlahiyyətli şəxsləri məsələ ilə bağlı "Hürriyyət"ə rəsmi cavab verib, şikayətçinin dərdini dinləyib ona çarə tapsaydılar daha məqsədəuyğun olardı. Axı, biz həmin məqalədə qeyd olunan problemləri özümüzdən uydurmamışıq...

İş ki, belədir, o zaman bir müddət əvvəl kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşündə ölkədə inhisarçılığın olmadığını bəyan edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və qurumun digər yetkili şəxslərindən soruşmaq istərdik ki, nədən yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsinin idxalı xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlir? Bəlkə bunu da qərəzli sual adlandıracaqsınız, cənab gömrükçülər?! Məgər, səhv deyirik? Hər kəsə bəllidir ki, avtomobil istehsal edən ölkələrdə belə, bu qədər böyük rüsumlar tətbiq olunmur. Bundan başqa, xaricdən idxal edilən nəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydaları deyil, gömrük orqanı əməkdaşlarının iradəsi əsas meyar kimi götürülür. Hörmətli Səfər Mehdiyev, sizcə gömrük əməkdaşlarının xaricdən idxal olunan nəqliyyat vasitələrini gömrük kalkulyatorunda qeyd olunan dövlət rüsumları əsasında qeydiyyata almamalarına nə ad vermək olar? Yəni bu, vətəndaşın əlavə xərcə düşməsi, ondan dövlət rüsumundan artıq ödənişin tələb olunması anlamına gəlmir? Yox, əgər belə deyilsə, onda mümkündürsə, deyin biz də bilək.

Nəzərinizə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin etirazına səbəb olan həmin yazıda məsələ ilə bağlı mövqeyini ifadə edən müstəqil iqtisadçı ekspert Razi Abasbəyli də hazırda əhali arasında ən çox gömrük kalkulyatorunda tətbiq edilən avtomobillərin qiymətləndirilməsi ilə bağlı ciddi narazılıqların olduğunu qeyd edib. Belə ki, o, burada bir sıra boşluqların olduğunu deməklə yanaşı, gömrük keçid məntəqələrində təqdim edilən bəyannamələrdə ölkəyə idxal olunan nəqliyyat vasitələri ilə bağlı gömrük əməkdaşının şəxsi iradəsinin mühüm rol oynadığını vurğulayıb. Yəni ekspert izah edir ki, bu zaman vətəndaş ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına rəsmiləşdirməyə çalışarkən çox ciddi problemlərlə üzləşir: "Məsələn, vətəndaş hər hansı xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurmaqda çətinlik çəkir. Qeyd edim ki, Nazirlər Kabinetinin qəbul etdiyi həmin normativdə bir məqam var: Gömrük əməkdaşının müəyyən etdiyi qiymətləndirilmə. Bu kimi hallar isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin "Biz çalışırıq ki, gömrük qiymətləndirilməsində və bəyannaməsində elektronlaşmaya, şəffaflığa nail olaq", deyə verdiyi bəyanatlarda heç də özünü ehtiva etmir. Yəni həmin maddədə artıq fərdin şəxsi iradəsi mühüm rol oynayır". Bundan başqa, gömrük əməkdaşının qiymətləndirmə zamanı öz iradəsini ifadə edə bildiyini söyləyən ekspert iddia edir ki, bu isə öz əksini Azərbaycana idxal edilən nəqliyyat vasitəsinin dəyərində göstərir: "Təbii ki, bu da vətəndaşların haqlı olaraq narazılıqlarına səbəb olur. Burada bir məqam da var. Məsələn, ölkəyə eyni maldan 2, 3 və ya 4 ədəd gətirilməsi ilə bağlı müxtəlif vergi rüsumları tətbiq olunur. Lakin bu zaman gömrük əməkdaşı vətəndaşın ölkə xaricindən Azərbaycana həmin məhsuldan neçə dəfə və yaxud şəxsi istehlak məqsədiylə gətirdiyini yazaraq vətəndaşı cərimələrdən, rüsumlardan azad edə bilər. Yəni gömrük əməkdaşı öz iradəsiylə vətəndaşın xeyrinə qərar verə bilir. Bununla da vətəndaş eyni maldan 2 və ya 3 ədəd gətirərkən cərimələrdən azad olur. Bir sözlə, gömrük əməkdaşı istənilən adamla şəxsi ünsiyyətdə olaraq eyni maldan 5 və ya 10 ədəd gətirən vətəndaşın həmin malları şəxsi istehlak məqsədiylə gətirdiyinə dair rəy yaza bilər. Bununla da həmin vətəndaşa cərimə tətbiq edilə bilməz. Və yaxud da gömrük əməkdaşı eyni maldan 2 ədəd gətirən vətəndaşa "Bu şəxsi istehlak məqsədiylə gətirilməyib" deyib karqo xərcləri ödənilsə belə, malı geri qaytara və vətəndaşa ziyan vura bilər. Odur ki, burda artıq gömrük əməkdaşının fərdi iradəsi əks olunur. Təbii ki, əgər ortada gömrük əməkdaşının iradəsi varsa, o zaman müxtəlif gizli sövdələşmələrə gedərək rüşvət və korrupsiya faktına yol açıla bilər". Xülasə, iqtisadçının sözlərinə görə, nə qədər ki, gömrük əməkdaşının bu prosesdə iştirakı davam edəcək, ortada rüşvət və korrupsiya olacaq, gömrük kalkulyatorunda göstərilən məbləğlə vətəndaşın faktiki olaraq ödədiyi məbləğ arasında fərq ortaya çıxacaq.

Elə zənn etməyin ki, yalnız Razi Abasbəyli bu qənaətdədir. Belə ki, sözügedən mövzu ilə bağlı yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Azərbaycanda avtomobil gömrük rüsumları ilə bağlı ciddi məntiqsizlik var. O bildirib ki, gömrük rüsumlarının, aksiz vergilərinin yüksək olduğu yerlər adətən çox böyük avtomobil istehsalçısı olan ölkələr olur: "Yəni öz daxili bazarlarını qorumaq, daxili istehsalçılarına dəstək olmaq üçün həmin ölkələr bəlli çərçivədə özlərinə xaricdən avtomobillərin gətirilməsini qarşısını almaq məqsədilə böyük gömrük rüsumları, vergi, aksiz dərəcələri müəyyən edirlər. Azərbaycanda isə belə bir ehtiyac yoxdur. Ölkəmizdə yerli avtomobil istehsalı da mövcud deyil".

Gördüyünüz kimi, sözügedən yazıda qərəzdən-filan söhbət belə, gedə bilməz. Çünki məsələ ilə bağlı vətəndaşın şikayəti ilə yanaşı, ekspert rəyi də öyrənilib və hər bir məqam obyektiv şəkildə qeyd olunub. Yox, əgər bundan sonra da həmin məqalədə əks olunan neqativ halların mövcudluğuna inanmayanlar varsa, o zaman ölkəyə xaricdən avtomobil gətirən şəxslərlə söhbət edib onların fikirlərini öyrənməyi məsləhət görürük. Məhz onda görəcəksiniz ki, gömrük keçid məntəqələrində avtomobillərin rəsmiləşdirilməsi zamanı vətəndaşlar nə kimi problemlərlə üz-üzə qalır. Lakin Dövlət Gömrük Komitəsi isə ciddi-cəhdlə bunu inkar edir.Eyni zamanda, komitənin yaydığı məlumatda deyilir ki, "Gömrük tarifi haqqında" Qanunun 11.3-cü maddəsinə əsasən Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Axı bu, çıxış yolu deyil. Niyə? Çünki yuxarı gömrük orqanı heç bir halda öz əməkdaşını qoyub vətəndaşın xeyrinə qərar qəbul etməz. Bu, real görünmür və bildiyimiz qədər hələlik belə bir təcrübəyə rast gəlinməyib. Məhkəməyə gəlincə, bu variant da xaricdən avtomobil gətirən vətəndaşın maraqlarına cavab vermir. Ona görə ki, məhkəmə prosesi getdiyi müddət ərzində o, Dövlət Gömrük Komitəsinin "Meyvəli" bazarının yaxınlığında yerləşən Avtonəqliyyat Terminalına hər gün üçün 10 manat qaraj pulu ödəməlidir. Orta statistik məhkəmə prosesinin 4-5 ay ərzində tamamlandığını nəzərə alsaq, deməli, vətəndaş haqlı mövqedə olduğunu sübut etdiyi müddət ərzində əlavə 1200-1500 manat xərcə düşməlidir. Bundan başqa, mövcud reallığı nəzərə alsaq, hansısa hakimin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin və ya qurumun digər yetkili şəxslərinin maraqlarına zidd qətnamə qəbul edəcəyi də inandırıcı görünmür. Elə buna görə də xaricdən avtomobil gətirən şəxslər gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq edərək gömrük orqanının müvafiq düzəlişləri ilə razılaşdığını bildirmək məcburiyyətində qalır. Çünki onların başqa çıxış yolu yoxdur. Yəqin razılaşarsınız ki, "no komment" sözü məhz burda lap yerinə düşər…



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}