DÖVLƏTÇİLİK ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏ...

DÖVLƏTÇİLİK ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏ...

 

"Fitnə göyərir torpağımızdan, daşımızdan …”

M.Ə. Sabir

Başım çıxmır, Rusiya daha nə eləməlidir ki, bu qibləsini unutmuş millət xabi-qəflətdən ayılıb haqq yoluna üz tutsun. Çığırda-çığırda torpaqlarını alıb Ermənistan yaratdı, Qarabağın dağlıq, aran zonası da əldən çıxdı. Hərbi müşahidə peyklərinin, bütün dövlət strukturlarında yerləşdirdiyi agenturasının köməyi ilə daha o sahə qalmayıb ki, oranı nəzarət altında saxlamasın.

Xalq mənən elə şikəst edilib ki, o, din və millət xainlərini hələ indi də imam övladı kimi tanıyır, dərddən od tutub yananların da sözünü eşitmək belə istəmir. Moskva irticası Azərbaycanda yaxşı oyun qura bildi, əvvəlcə milli dəyərləri, mənəvi sərvətləri qoruyanların bir-bir axırına çıxdı, sonra da komsomol və gənc kommunistlərdən sadiq manqurt zümrəsini formalaşdırdı. Mükafatlar, ənamlar, orden və medallar dolu kimi yağdı...

Əlimin altında gözəl mövzunu işləyib qurtarmaq istəyirdim ki, qulağıma qeylü-qalın sədası gəldi. Nə olub, nə baş verib, heç demə xaricdə yaşayan Leyla Yunus eks-prezident Əbülfəz Elçibəy üçün bəzi xoşagəlməz sözlər işlədib. Burada nə var ki, Bu son 25-30 ildə bizdə kimlərin üzərinə föhş yağdırılmayıb, çirkab atılmayıb? Kimlərin xatirəsi təhqirə məruz qalmayıb?

Əvvəla, ondan başlayaq ki, şəxsən mənim heç bir vaxt Leyla Yunusa rəğbətim olmayıb. Əbülfəz Elçibəyə də münasibətim hamıya bəllidir. Bir qərinə ərzində dediklərimi, yazdıqlarımı burada təkrar eləmək fikrində deyiləm. O kişi haqq yerindədir, biz isə hələlik fani dünyada. Məni bir məsələ maraqlandırır, Leyla Yunus haradasa nəsə çərənləyib, buna əhəmiyyət vermək, indiyə qədər əllərindən iki qara qəpiklik faydalı iş gəlməyən siyasətbazları qabağa vermək kimə lazımdır? Bunun bir adı var, baş qatmaq, camaatın diqqətini beş-altı günlük də olsa yayındırmaq. Ən avam adam da mənəvi mühitin nə gündə olduğunu görür, iqtidarın deməyə sözü yoxdur, müxtəlif təqaüdlərlə, mükafatlarla ağızları möhürlənmiş "ziyalıların” kəraməti hamıya bəllidir, giyena xislətli məmurlar nəfslərini söndürmək fikrində deyillər. Narazılıq da saatbasaat artır...

Ağızlarına söz düşüb, milli azadlıq hərəkatı! Başqa millətlər qəddlərini dikəldib azadlıq uğrunda davaya başlayanda insan tələfatı versələr də, nadir hallarda vətən torpaqlarını itirirlər. Onu da görürdün ki, qısa mübarizədən sonra həmin itkilər geri qaytarılırdı.

Bizdə isə bir ovuc əyalət avantüristlərin "nəcib” əməlləri sayəsində Azərbaycan həm rüsvayçı məğlubiyyətə düçar oldu, həm də ərazisinin yarısını (!!) itirdi. Bəşər tarixində bu tragikomediyaya analoq tapmaq müşkül məsələdir. Yüz il, yəni bir əsr tarix üçün heç nədir. Azərbaycan xalqı isə bu dövr ərzində özündən min qat zəif düşmən tərəfindən üç dəfə döyüldü, alçaldıldı, torpağı da əlindən alındı. Sayıram, 1905-1907-ci illər, 1918-1920-ci illər, nəhayət bir də əsrin sonunda. Bu dəfəki fəlakət nə təsvir olunasıdır, nə dilə gətiriləsi.

Bütün rəzalət festivallarla, idman yarışları, estrada müsabiqələri, pulgir məddahların gəvəzəmələri ilə ört-basdır edildi. Mən hələ özlərini qələm sahibi sayanların gədalığından danışmıram. Bunları qınamıram, onlara "fərman” belə verilib, korifey, dahi, ustad hesab etdiyiniz danosbaz sələflərinizin yolunu davam etdirin, çörəksiz qalmayacaqsınız.

Birinci məcburi ricət

Çoxdan səs-səmiri eşidilməyən Lalə Şövkət xanımın çıxışı özgə bir aləmdir. 1945-ci ildə müharibəni qələbə ilə başa vurub, faşist Almaniyasını tar-mar edib, Avropanı diz çökdürmüş, Yaponiyanı uzaq Şərqdən sıxışdırıb bir kənara atmış Stalin üçün vaxtilə deyilmiş sözləri Lalə-Şövkət xanım Əbülfəz müəllimin ünvanına işlədib! Vallah, hörmətli xanım, Sizin yerinizə utanıram. Bu hörmətli xanıma bir-iki sual vermək istərdim. Vaxtilə kleptokratiya, yəni, oğrular hakimiyyəti sözünü kimlər üçün işlətmişdiniz? On ildə ateizm mövzusunda yüz əlli qrankalıq ən axmaq dissertasiyanı yaza bilməyən əyalət macəraçıları barədə şəxsən mənə dediyiniz sözləri indi təkrar edə bilərsinizmi?

Sizin vəzifədən çıxmaq üçün Heydər Əliyevə yazdığınız mərdanə ərizəniz, Milli Məclisdə oturmaqdan imtina etməyiniz, dövlət katibi kimi hərbi hissələrə baş çəkib məsuliyyət hissini itirmiş azğınları divara qısnamağınız və digər gözəl işlərinizi camaat unutmayıb.

Kim olmasa da siz, Əbülfəz Elçibəyin bütə döndərilməsini təşkil edəni, onun səhabələrinin bütün fəaliyyətlərini nəzarətdə saxlayanı, "azadlıq hərəkatını” idarə edən pultun kimin əlində olduğunu əla bilirdiniz. Elə buna görə də indi səmimiyyətinizə inanmıram. Sizi dilləndirən nə Elçibəyə hörmətdir, nə də Leyla Yunusa nifrət. Mabadini yazmaq istəmirəm.

Leyla Yunusun gəvəzələməsi Qüdrət Həsənquliyev kimi bir "sirr dağarcığını” da qəzəbnak edib.

Vaqifiəsrar Qüdrət ağa

Millət göz yaşlarını silə bilər, Qüdrət ağa ölkədə yeganə nadirəlvücud şəxsdir ki, Rusiyanın ən müdhiş təşkilatının agentura şəbəkəsinin sirrlərini bitdə-bitdə bilir. O təşkilatın adı belədir, "Ordunun baş kəşfiyyat idarəsi” rus dilində abbviaturası bu cürdür "QRU”.

Bizim pak, imanında sabitqədəm, ağzlarına indiyə qədər haram tikə dəyməmiş gözəl insanların yığnağı sayılan Milli Məclisin ən dilavər üzvü Qüdrət ağa daha o adam qalmayıb ki, alnına "Agent” möhürü vurmasın. Görünür, bizim indi boğazlanmış bəzi nakəslər, Rusiyanın "QRU” generalları bütün arxivləri açıb qoyublar bu kişinin qənşərinə, yəni, özün bax saf çürük eylə. O da gözünə döndüyüm indi gül ağzını açıb kimi gəldi yıxıb sürümək fikrindədir(Heç kim cürət edib fikirləşməsin ki, guya mən Leyla Yunusu müdafiə edirəm. Əsla! Onun əleyhinə ən kəskin məqaləni mən yazmışam, bax, "Gündəlik Bakı” qəzeti №47 13 mart 2015-ci il).

Qüdrət ağa, mənim iki-üç sualıma cavab verə bilərsiniz? 1991-ci ilin yayında Sizin dost-doğma qaragüruhunuz bir zərrə də həya eləmədən Yeltsinin böyük portrertini Azadlıq meydanına çıxartdı. Öz doğma vətənini anqlo-saksların, beynəlxalaq sionizmin ayaqları altına atan, türkün birinci düşməni bu əyyaş guya Azərbaycana səadət bəxş edəcəkmiş.

Qüdrət Həsənquliyev, cəsarətin çatırsa cavab ver, Yanvar qətliamında həlak olanların kəfənləri hələ saralmamış, yaraları sızıldayanlar hələ də gecə-gündüz əzab çəkəndə hansı binamusun (...ların) razılıq və göstərişi ilə bu portret meydana gətirilmişdi? Qarabağda isə həmin bu rus köpəyinin yardımına, köməyinə arxalanan ermənilər kəndlərimizin altını üstünə çevirir, soydaşlarımızı gülləbaran edirdilər.

2005-ci ilin may ayının 21-də "pambuq bəylərinin” qulbeçələri türk-islam dünyasının qatı düşməni Buşun şəklini başları üzərinə qaldıracaq. "Amerka kömək et!” şüarı ilə ABŞ-ın səfirliyi qarşısına gəldilər. İraqda üç milyon uşağı yetim qoyan, bütün muzeyləri talayan, Əfqanıstanı yerlə yeksan edən cəlladı bizim mənfur siyasi əxlaqsızlar xilaskar bütə döndərməkdən çəkinmədilər. Dövlətin şərəf və nüfuzuna zərbə vuran belə alçaqlığın təşkilatçılarını siz yaxşı tanıyırsınız Qüdrət ağa.

Onlar hansı ölkənin agentləri idilər? Dövlətçilik üçün ən böyük təhlükə mühacirət yox, ölkə daxilində ellik zəmanətlə bir-birilərinə bağlı olan vampir məmurlar, min üzlü muzdlu məddahlar, tüfeyli ideoloqlar və təyin olunmuş deputatlardır.

Mətbuatı, interneti izləyirsən, az qalır ürəyin partlasın biz buna layiq idik? Qətl-qarət, zorakılıq, adət-ənənələrin tapdanması və bütün bu cəhənnəmi ört-basdır etmək üçün özəl telekanalların düşük, heyvərə, elementar mədəniyyətdən uzaq verilişləri. Millət nə qədər tanınmış "mavilərin”, elit fahişələrin təşkil etdikləri verilişlərə aludə olursa bir o qədər yaxşıdır. İrtıca rahat nəfəs ala bilir...

Bir yanda arı yeyib namusu atmış yapist məmur milyonları həzm-rabedən keçirir, bir yanda Rusiyadan kefə gəlmiş estrada həşəratını dünya malından sirab edirlər. Budur bizim dost-doğma iqtidarımızın əsl siması. Qüdrət ağa, mühacirətdə olanların üzərinə çirkab atıb hamını eyni arşınla ölçmək kişilikdən deyil.

"Yeni Müsavat” qəzetində dərc edilmiş açıqlamana fikir verdim. Kimin üçünsə "Qumun əl öpən məzunu” sözünü işlətmisən. Bunu başa düşdük, bəs respublikada rus dilli məktəblərin açılmasına rəvac verən, Moskva irticasının qarşısında reverans edə-edə əzilib-büzülən, rus gözəlçələri yuxarı başa çəkib, Azərbaycan qızlarını "Dil bilmir!” bəhanəsi ilə çölə atan, Bakını bilərəkdən beynəlxalq "priton”a döndərən bişərəflər səlib dünyası rəhbərlərinin nələrini və haralarını öpürlər?

Başları pul yığmaqdan, yeyib-içməkdən ayılmayan bizim tüfeyli ideoloqlar hələ dərk etməyiblər ki, millət çoxdan iqtidardan bezib. Axı buna necə dözəsən ki, düşmən Qarabağın yeraltı, yerüstü sərvətlərini daşısın, Şuşada kefə baxsın, hökumətim də bu tərəfdə milyonları töksün səlib dünyasının lotularının ciblərinə ki, gəlin nə tədbiriniz, yarışınız, fırıldağınız var, hamısını Bakıda keçirin, otellərimizdə, küçələrdə istədiyiniz qədər gəzəyən qız, "mavi” var, biz tolerantlıq, yemək-içməkdən korluq çəkməyəcəksiniz.

Onu görürsən ki, bizim telemüftəxorlar Ermənistandan danışanda ya bir uçuq tövlə, qol-budağı qurumuş ağac, ya da polislə dartışan əlli-altmış sakini göstərirlər. Yəni, baxın ürəyiniz xoş olsun, Ermənistan məhv olur, iqtisadiyyatı can verir, insanlar da bu gün-sabah üsyana qalxacaq. Kürreyi-ərzdə gücdə, qüdrətdə bir qoşun bizimkilərə çatmaz, düşmənin belini yerə vurmağa hazırıq.

Bir azdan onu eşidirsən ki, bəs heç demə ermənilər işğal etdikləri bölgələrdə yollar çəkirlər, heç kimə məhəl qoymadan abadlıq işləri görürlər. Özü də kefləri gələndə istədikləri yerləri atəşə də tuturlar və bizim qüdrətli ordudan çəkinib eləmirlər.

Onlar heç olmasa adi bir məişət məsələsini yoluna qoymaq xatirinə küçəyə çıxıb etirazlarını bildirirlər. Bizdə isə hünərin var, Allahın sənə bəxş etdiyi hüququ tələb eylə, ya da bilatəşbeh sözü bir yerə qoyub küçəyə çıx, bir rüşvətxor məmurun məsuliyyətə cəlb edilməsini istə. Əvvəlcə iqtidarın "ton-ton makut”larını camaatın üstünə qısqırdacaqlar, daha sonra dil boğaza qoymayanları bir-bir təkləyib başlarına itin oyununu açacaqlar. Ya özünü bir tikə çörəkdən mərhum edirlər, ya da yaxınlarını, oğul-uşağını işdən çıxarırlar.

Qüdrət ağa, hələlik millətin keyləşməsindən, ruhdan düşməsindən, başına dəyən həqarətdən özünü itirərək hər kəlmə başı "Buna da şükür!” deməsindən sui-istifadə edin. Ağalara xoş gəlmək üçün onu-bunu ləkələyin, arxayın olun, çox keçməz sələfiniz Rauf Arifoğlu kimi bir-iki medala layiq görüləcəksiniz. Hələlik bu qədər, amma xudanakərdə qəzəbnak olub şahə qalxmanızı istəməzdim. Səbr edin, deyəcəyim ucu güləbətinli sözlər hələ qabaqdadır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}