Siz “Difaini”ni yaradanların xələfləri deyilsiniz

 

Son həftələrdə eşitdiklərimdən od tutub yanmasaydım, neçə illər bundan əqdəm yazdıqlarıma bir də qayıtmayacaqdım. Dərd güc gələndə təsəllini cəfakeş Sabirin əşarından, Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasından almışam. Bunlar vətən, millət üçün yanıblar desəm, az olar, xeyr, bu binəvalar kül olublar. Biri dərd - ələmdən sağalmaz mərəz tapdı, birini hamamda kassir işləməyə məcbur edib çərlətdilər, birini də öz milli "donosbazlarımız” şəkər xəstəliyinə saldılar. Aqil, rəhman Allaha qurban olum, naqislər, dahilərə qənim kəsilənlər nəsilləri ilə birlikdə yer üzündən elə yox olublar ki, itirib axtaranları da yoxdur. Amma cəfakeşlərimiz yenə də müsəlləh əsgər kimi mənəviyyatımızın keşiyində durublar. Onlar indi də qoymurlar ki, biz ruhdan düşək, sınaq, əyilək. Məhz indi müstəqillik qazandığımız illərdə bu cəfakeşlərin əsərləri əsl döyüş şeypurlarına dönərək vicdan əhlini, əsl vətənsevərləri xabi-qəflətə getməyə qoymurlar. Bizləri ayıq-sayıq olmağa səsləyirlər.

... 1905-ci ildə "Peterburqski vedmosti” kimi nüfuzlu imperiya qəzetində bütün dairələrdə tanınmış Maqda Neyman adlı bir qadının azərbaycanlıları özgə cürə təhqir edən böyük  bir məqaləsi çıxır.

         Hakim xanədana yaxınlığından sui-istifadə edən bu qadın daha o söyüş, nifrin qalmır ki, millətimizin ünvanına işlətməsin. 20 yaşlı Üzeyir bəy "Həyat” qəzetinin həmin ildə çıxan 62-ci sayında dərc etdirdiyi məqaləsi ilə M. Neyman kimilərə dərin ikrah və nifrətini cəsarətlə bildirir. İmperiyada müsəlmanlara necə münasibət bəslədildiyini, həmin illərdə senzuranın necə tüğyan etdiyini nəzərə alsaq, Üzeyir bəyin çıxışı doğrudan da şücaət idi.

         Mirzə Cəlilin rəhbərlik etdiyi qüdrətli molla nəsrəddinçilər dəstəsi də millətimizin adına, çərəfinə böhtan atan imperiyanın titullu, vəzifəli şəxslərinə layiqli cavablar verirdilər. Sözümün canı odur ki, bu torpaq mərd kişilərdən xali olmayıb, onlar lazım gələndə müsəlmanın irz və çərəfini hər təcavüzdən qorumaq üçün min əzaba qatlaşıblar.

         ... Yubileylərdə, əlamətdar günlərdə onu görürsən ki, bütöv bir tarixçi, siyasətşünas ləşkəri teleekranlarda səf çəkib... Ağızlardan dürr tökülür, biri Əhməd bəy Ağayevə mədhiyyələr deyir, biri illər uzunu masonlara lakeylik etmiş, Osmanlı imperiyasının axırına çıxmış xəyanətkar "gənc türklər” barədə ağzına gələni dörd yana səpələyir. Söz güləşdirməkdə, gəvəzləməkdə pərgarıq... Fikirləşirsən, götür-qoy edirsən, bir tərəfə gedib çıxmaq mümkün deyil, bu laqqırtı vuranlar, "qrant” pərdəsi altında əcnəbilərdən muzd alanlar, əsl sutenyorlar kimi müsəlman qız-gəlinlərini satanlar doğrudanmı vaxtılə zəhmli "Difai” təşkilatını yaratmış kişilərin xələfləridirlər. Bu həmin təçkilat idi ki, ermənilərin və onlara havadarlıq edən çar rəislərinin hər hansı antimüsəlman çıxışına fövrən, özü də amansızlıqla cavab verirdi. 1906-cı il qırğınlarında hərbi borclarını yerinə yetirməyərək ermənilərə kömək etmiş Şuşanın qubernatoru M.N.Qoloşapov, onun dəftərxana müdiri Kleçinski, Naxçıvanın qəza rəisi podpolkovnik Engel "Difai” təçkilatının xüsusi qərarı ilə cəhənnəmə vasil edildilər. Eyni vaxtda daşnakların, erməni terrorçularının da say-seçmə başçılarına da divan tutuldu. "Difai” heç bir vaxt əməlini gizlətmirdi, milli düşməni cəhənnəmə vasil edən kimi bəyanatını da verirdi, yəni bu işi biz görmüşük! "Difai” kişilərinin şücaətini bizim hörmətli tarixçilərimiz azdan-çoxdan tədqiq ediblər. Amma nə ilə, hansı imkanlarla? Tirajı 300-500 nüsxə olan beş-altı kitabla vətənpərvərlik hissləri təlqin etmək olar? Milli şüuru belə oyadarlar? Nə cür olur, Azərbaycanın yüz minlərlə gənci, yeniyetməsi şou-biznes həşəratının az qala yataq-buduar macəralarını öyrənmək üçün sinov gedir.

         Yenə də "Difai” təşkilatından danışmaq istərdim. Kişilər ölümə gedirdilər, Allah və xalq qarşısında borclarını verirdilər, ailələrinin də bəlalara düşəcəklərini gözlərinin altına almışlar.

...Bizim kübarlıq iddiasına düşmüş "politoloqlarımız”, yalançı fəallıq göstərən bəzi siyasətbaz millət vəkillərimiz, "lətif” əndamlarını hər gün bədbəxt edilmiş kasıb qızlarına ovuşduran oliqarxlarımız, balalarının ad günlərini gah Hind okeanında, gah da Parisdə qeyd edən milli "burjuylarımız” min il də qalsa, "Difai” təşkilatını yaradanların ayaqlarının tozu da ola bilməyəcəklər. Bunlar əl-ələ verib nə bir erməni milyonçusunu müflis edəndilər, nə də cəbhə xəttində min əzaba qatlaşan əsgərlərimizə əl tutandılar. Bəli, vaxtilə bu torpağın kişiləri qüdrətli imperiyanın fövqaladə səlahiyyətlərə malik generallarını, mahal rəislərini, millətin düşmənlərini harada gəldi cəhənnəmə vasil edirdilər. Dəfələrlə demişəm, ay kişilər, ay hersoqiniya, qrafiniya, mələkə titulunu almaq üçün sinov gedən bizim "siyasətşünas” xanımlarımız, amansız düşmənlə bir şey edə bilmirsinizsə, heç olmasa gənc nəslin evini göz qabağında yıxan şou-biznes həşəratının, efiri, səhnələri tutmuş xalturaçıların, telekanalları əxlaqsızların cövlangahına döndərmiş prodüserlərin, pulgir rejissorların nəfəslərini kəsin! Şəhərimiz gündən-günə gözəlləşir, köhnə binaların klassik görkəminin bərpa edilməsi nəyə desəniz dəyər. Amma küçələrimiz sanki Keyptaunun məhəllələridir, yəni yuxarıda adını göstərdiyim ictimai təbəqə o qədər gücsüzdür ki, dükan, maqazin sahibləri ilə bacara bilmir?

         ...Televiziya kanallarında müxtəlif tədbirlərdən reportajlar verirlər... Bər-bəzəkli salon, nə qədər desən süni gül, hamı üzünə ağayana qayğılı ifadə verib oturub, bir-iki türk, ya da sənəti-sübutu bilinməyən avropalı müsafir... Nə üçün cəm olublar? Ya hansısa axmaq bir kitabın”prezentasiyasıdır” (bunlar adam dilində təqdimat deməyə utanırlar!), ya da növbəti mənasız, bəhrəsiz gəvəzələmə... Danışırlar, danışırlar, ... sonra da durub gedirlər yeyib – içməyə! Belə "ali məqamlı” yığıncağın iştirakçısını yaxalayıb nə etdiklərini soruşsan, deyəcək ki, yağlı bir bəyanat verib ermənilərin atasını yandırıblar!

         ...104 il bundan əvvəl xeyriyyə cəmiyyətinin verdiyi cüzi yardımla dolanan 20 yaşlı Üzeyir bəy beş-altı cümlənin üstündə imperator ailəsinin hörmət etdiyi Maqda Neyman soyadlı əcnəbi xanımı yerində oturda bilir.  Amma özünə qəsr ucaltmış, pula-pul deməyən, yaşayışı 17-ci əsrin xanlarından min qat üstün olan müasir sərvət və vəzifə sahibi nə bir əsgərimizə iki manatlıq sovqat verir, nə də bir şou-biznes lotusuna söz deyir. Mən bikəs də hələ durub "Difai” dən danışıram.

         Bir görün toyumuz, yasımız nə gündədir! Göz qabağında neçə-neçə telekanal elit fahişə və "qoluboy”ların, toyxana və mikrofon dəllallarının inhisarına verilib. Millət gövşəyən heyvana dönüb, hər yerdə yeyib-içirlər, qarınlar yerə dəyir, alver, hərzə-hərzə danışmaq, söyüş, zinakarlıq ölkəni başına alıb.

         Qəzetlər xəbər verir ki, bəs ermənilər əsirlikdə olan soydaşlarımızı qaytarmırlar. Elə mən də olsam qaytarmazdım. Başı yeyib-içməyə, alverə, əyyaşlıq, daha nə bilim, nə

 

bazlığa qarışmış millətin əsir soydaş nəyinə lazımdır? Öz sinəsi üstündə qırx beş min ermənini və onun saysız-hesabsız törəməsini arsız-arsız saxlayan millətin nəyinə hörmət edib əsirlərini qaytarasın? Bəzən məni milləti sevməməkdə ittiham edirlər. Bəli, mən bəşəriyyətin mədəniyyət xəzinəsinə 600 çeşni, misilsiz muğam sərvəti, təkrarsız miniatür inciləri, dəqiq elmlər sahəsində böyük əsərlər, Ürməvi, Üzeyir bəy, "Şeyx Səfi” xalısı bəxş etmiş tamam başqa xalqı sevirəm. "Mənsuriyyə” yə, "Bayatı-Şiraz”a qulaq asın, Sabirin odunda yanın və sonra çıxın çölə, özünüzü vurun qələbəlik yerlərə, eyş-işrət yerlərində baş verənlərə nəzər yetirin., insanlıq simasını itirmiş ədəbsizlərə, arsız ahıllara baxın. Sadaladığım müqəddəs mirasın sahibi sanki indiki naqis güruhun əcdadları deyilmiş. ...

         Rizə-rizə doğransam da inadımdan dönmərəm! "Cəngi”, "Misri”, "Heyratı”, "Heydəri” kimi cahangiranə havalar hara, bizim meşşan qaragüruh hara? "Çahargah”ı "Xəmsə”ni yaratmış millət nə cür oldu Xocalı binamusluğuna tab gətirdi? Nə cür oldu ayda altı mindən çox qız-gəlinin Dubay yoluna düşməsinə biganə qaldı.?

Ordumun əsgərinə də zabitinə də canım qurban, amma küçədə, bayırda az qala eni ilə uzunu bərabər olan şişqarın zabitə rast gələndə təbdən çıxıram. Istiqlaliyyət uğrunda qurban gedənlərin sayı-hesabı yoxdur, cəbhə xəttində hər gün atışmadır, xəstəxanalarda nə qədər yaralı var, neçə-neçə bölgə səksəkə içindədir, mən hələ bəzi dövlət strukturlarının gərgin iş rejimində işləməyini (bunu danmaq namərdlik olardı!) nəhayət başqa müşkülləri demirəm, belə müsibətin içində bəzi zabitlərin rəhmətlik Zülfəli demişkən vağzal samovarlarına oxşaması vallah, billah biabırçılıqdır. Mən çox istərdim ki, bizim zabitlər qəddi-qamətləri, atletik bədən quruluşları, şıq, səliqəli geyimləri ilə göz qamaşdırsınlar, rəftarları, davranışları ilə gənclərə örnək olsunlar. Əsgərlərimizin vəziyyətindən danışmıram., bunu hamı bilir. Bu illər ərzində hələ mən görmədim ki, bir əsgər valideyni balasının xidmətindən, onun komandirlərinin rəftarından razılıqla danışsın. Bəzən elə şeylər eşitmişəm ki, elə faktlarla üzləşmişəm ki ayaqlarımın altından yer qaçıb. Əlqərəz, bu gün söhbəti burada bitirib başqa mətləbə keçirəm.

... Aprel döyüşləri danılmaz bir həqiqəti də ortaya qoydu, xalq hər həqarətə məruz qalsa da, rüşvətxor bandasına nifrət etsə də, oliqarxlar tərəfindən alçaldılıb mənən sındırılsa da, ən nəcib sifətlərin, comərdliyini göstərdi.

Nə qədər cavan şəhadətə çatdı, nə qədəri şikəst oldu, nə qədər valideyninin saçına dən düşdü... Dərddən beli bükülmüş zavallıların biri durub demədi ki, niyə cəbhədə ancaq yetimlər, ailənin tək övladı, arxasız, köməksiz uşaqlar qana bələnirlər? Elə bunun üçün də bizim iqtidar əsgər ailələrinin qarşısında səcdə etməlidir.

Bir yanda dərddən od tutub yanan ana həlak olmuş nakam balasının ayaqqabısını öpüb oxşayır, bir yanda da hansısa binamus məmurun bicbalası elit fahişə ilə bahalı əyləncə mərkəzində kefə baxır... Budurmu müstəqillik? Millətin taleyini oyun-oyuncağa döndərənlər çox arxayındırlar, elə düşünürlər ki, fələyin çərxi onların istəyi ilə fırlanacaq və heç kim belə suallar verməyəcək .

 Firuz Haşımov,

Sozcu.info  

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}