İcra başçısı keçmiş metodistin özünə qəsdinə səbəb olub? -Qardaşından ağır ittiham + İH-dən açıqlama

İcra başçısı keçmiş metodistin özünə qəsdinə səbəb olub?

 

Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün, rayon təhsil şöbəsinin keçmiş metodisti Müqabil Baxışov Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil şöbəsinin müdiri Nicat Həsənovun təhdidləri ilə üzləşdikdən sonra özünü asıb. 

Bu haqda mərhumun qardaşı Yusif Baxışov məlumat verib. 

Y. Baxışov iddia edib ki, qardaşı uzun müddətdir işləmək üçün müxtəlif strukturlara müraciət edib, həmçinin icra başçısını, eləcə də təhsil şöbəsini dəfələrlə sosial şəbəkələrdəki səhifələrdə tənqid edib.

Virtualaz.org-un verdiyi məlumata görə, Yusif Baxışov deyib ki, qardaşının müxtəlif instansiyalara müraciətlərinə baxmayaraq onu işə götürməyiblər: "Səbəb bu idi ki, son vaxtlar Laçın rayonunun icra başçısı Aqil Nəzərlini sosial şəbəkələrdə fəal şəkildə tənqid edirdi. Qardaşım Aqil Nəzərlinin heç vaxt orduda xidmət etmədiyini və saxta diploma sahib olduğunu yazırdı”.

Qardaşının dediyinə görə, Müqabil Baxışov məktub yazaraq ona təhdidlər olduğu üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib. Y. Baxışov deyib ki, 7 qardaşdılar və ailələri təhlükədədir.

M. Baxışov sonuncu dəfə dünən, dekabrın 6-da səhər saat 08.19-da özünün "Facebook” səhifəsində paylaşım edib. 

Bundan başqa, o, Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Bayram oğlu Həsənovla bağlı paylaşım edərək yazıb: 

"Məşhur Nicat müəllim cavan oğlan imiş ki. Əvvəla onu deyim ki, bu insan kimdirsə, bu şəxsə çox da yazı, şikayət-filan fərq etmir. İlin-günün bərk vaxtında hər təhsil şöbəsi müqavilə ilə müəllim götürə bilməyəndə Nicat müəllim götürürdü… Həmişə maraqlıdır ki, niyə bacaran yoxdur görəsən? İşləməyi haqqında danışmağa belə dəyməz”.

Baxışov sonda yazıb ki, bu şəxsi nə deyib müdir təyin ediblər. Baxışov dekabrın 5-də canlı yayım edərək Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli haqqında da danışıb:

"Aqil Nəzərli ali məktəblərə test imtahanlarında yetərli bal toplaya bilməyib, ali məktəb tələbəsi adını almayıb. Bundan sonra Futurologiya Universitetinə qəbul olub. O universitetin sertifikatı olmadığına görə diplom ala bilməyib, hansı yolla Təfəkkür Universitetindən diplom alıb? Saxta yollarla alıb. Aqil Nəzərli sidik saxlaya bilməməsi səbəbi ilə hərbi xidmətdən yayınıb. Aqil Nəzərli müvəqqəti icra başçısı təyin olunanda etiraz etmişdim. Çünki onun diplomunun saxta olması ilə bağlı məndə məktub vardı”.

Ertəsi gün dekabrın 6-da Facebook-da  onun  çıxışının altında Faiq Məmiyev adlı istifadəçi M. Baxışovun əmisi oğlu olduğunu, səhhətində heç bir problem olmadığı halda təhdidlərə məruz qalaraq canına qəsd etdiyini yazıb.

"Müqabil mənim əmim oğludur. Səhhətində heç bir problem yox idi. Ali savadlı, layiqli pedaqoq, Laçın Rayon Təhsil Şöbəsində metodist və inspektor vəzifələrində işləmiş müəllim idi. Son illər Laçın rayonunda onun başına gəlməyən müsibətlər qalmadı. İlyarım ərzində işlə bağlı etdiyi müraciətlərinə baxılmadı və təhqiqlərə məruz qalaraq canına qəsd edib, bu dünyadan köçdü”.

O da məlum olur ki, Baxışov tez-tez canlı yayım edərək, Laçın rayonunda baş verənlərlə bağlı danışıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, intihar hadisəsi ilə bağlı Təcili Tibbi Yardıma müraciət daxil olmayıb.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyəti sözügedən məsələyə münasibət bildirib. 

İcra Hakimiyyətinin "Qafqazinfo"ya ünvanladığı məktubda bildirilir ki, Laçın rayonunun Şeylanlı kəndində anadan olmuş Müqabil Baxış oğlu Baxışovun intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlılığı yoxdur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}