Paşinyan rəqibilə mübarizəyə arvadını və qızını da qoşub - Şərh

Paşinyan rəqibilə mübarizəyə arvadını və qızını da qoşub

 

Baş nazir Vanetsyanı gözdən salmaq üçün hər şeyə hazırdır

Ermənistanda Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Artur Vanetsyan arasındakı qarşıdurma artıq açıq siyasi müstəviyə keçib. "AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı tərəflərin bir-birinə ünvanladıqları ittihamlara geniş yer verir.

Artıq bu prosesə baş nazirin "Ayakan Jamanak” qəzetinə rəhbərlik edən arvadı Anna Akopyan və 22 yaşlı qızı Mariam da qoşulub. Belə ki, bir neçə gün əvvəl baş nazirin arvadının qəzetində A.Vanetsyanla bağlı ifşaedici materiallar dərc edilib.

 

 

Bundan sonra isə qızı Mariam həmin məqaləni özünün "feysbuk” səhifəsində paylaşaraq, bir zamanlar ailəlikcə dostluq etdikləri Vanetsyanın çirkin üsullardan istifadə etməklə onların ailəsinə və hakimiyyətə qarşı mübarizə apardığını bildirib.

Qeyd edək ki, sözügedən məqalədə Vaneytsyanın hələ MTX direktoru olduğu dövrdə, yəni Paşinyanla işlədiyi vaxt baş nazirin əleyhinə kompramat müharibəsi apardığı iddia edilir. Bildirilir ki, sabiq təhlükəsizlik şefi kriminal avtoritet Aram Vardanyanın vasitəsilə mətbu orqanların birinin baş redaktoruna Paşinyanın arvadı və qızı ilə bağlı ifşaedici materiallar ötürərək, dərc etdirib.

Hazırda isə Vanetsyana mətbuatda baş nazirə qarşı kampaniya aparmasına sabiq prezident Serj Sarksyanın kürəkəni Mikael Minosyan və parlament aparatının sabiq rəhbəri Ara Saqatelyan aktiv formada köməklik göstərir. Bütün bunları anasının qəzetindən götürərək paylaşan M.Paşinyan baş verənləri onların ailəsinə və hökumətə qarşı "sui-qəsd” adlandırıb.

 

 

Ermənistanda kifayət qədər tanınan politoloqlardan olan Armen Badalyan isə mətbuata açıqlamasında qeyd edib ki, hazırkı hökumət nə yolla olursa olsun özünə real alternativ qüvvənin yaranmasının qarşısını almağa çalışır.

Onun fikrincə, Paşinyanın öz rəqiblərinə qarşı sərt davranışının kökündə bundan əvvəlki hakimiyyətin Ermənistanda baş nazir postuna həddindən artıq böyük səlahiyyətlər verməsi durur. İndi də Paşinyan bu imkanlardan istifadə edərək, bütün əks qüvvələri, fikirləri boğmağa çalışır.

Badalyan hesab edir ki, öz vəzifəsindən birmənalı qarşılanmayan şəkildə bəyanat verərək gedən A.Vanetsyan elə həmin gündən Ermənistanın siyasi arenasında özünəməxsus yer qazanıb.

Onun yığdığı siyasi kapital isə heç də az deyil və özü də artıq siyasi fiqur olaraq, ciddi çəkiyə malikdir. Vanetsyanın mətbuatda və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərməsi isə Paşinyan hökumətini çox qıcıqlandırır.

Və bu proses o səviyyəyə çatıb ki, artıq baş nazir arvadı ilə qızını da mübarizəyə qoşub. Lakin Badalyanın fikrincə, Vanetsyan Paşinyanın qızına deyil, ona qarşı kampaniya aparan KİV-lərə cavab verməklə doğru addım atıb.

Çünki M.Paşinyanın fikirlərinə reaksiya verməyən sabiq MTX rəisi şou xarakterli siyasətçilərə aid edilə bilməz.

Politoloq qeyd edir ki, hökumətin Vanetsyanı gözdən salmağa, aktivliyini azaltmağa yönələn addımları hələlik gözlənilən nəticələri vermir. Lakin Badalyanın fikrincə, Paşinyanın ölkədə tək, yeganə söz sahibi olması üçün hələ bir neçə müqavimət ocaqlarını da neytrallaşdırması lazımdır.

Bunlardan ilk ikisi Paşinyana tabe olmaq istəməyən Konstitusiya Məhkəməsi və A.Vanetsyandır. Digər üçü isə Qarabağdakı qondarma rejim, erməni apostol kilsəsi və mətbuatdır.

Cəlal



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}