Prezident Davosda dünya biznesinin nəhəngləri ilə bir arada

 

Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə olan İlham Əliyev bir çox ikitərəfli görüşlər keçirib, bu gün isə çıxış edəcək

Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri davam edir.

Sozcu.info  xəbər verir ki, prezident İlham Əliyev yanvarın 20-də Davosda "VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə "VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev "VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, "VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Prezident həmin gün "CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə də görüşüb.

İlham Əliyev "CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

Xanım Kelli Kramer  Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirib və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirib. Xanım Kelli Kramer qeyd edib ki, Azərbaycan "CISCO” şirkəti üçün regionda ən önəmli ölkədir.

Yanvarın 20-də İlham Əliyev "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə də görüşüb. Görüşdə "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını qeyd edib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. .

Yanvarın 21-də isə dövlət başçısı  "Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşüb.

İ.Əliyev  ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulayıb.

Cees’t Hart Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə edib, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Söhbət zamanı bildirilib ki, bu ildən başlayaraq "Carlsberg Group” şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb.

Qeyd edək ki, forumda qlobal liderlər və aparıcı ekspertlərin iştirakı ilə Böyük Xəzər regionunda insan və iqtisadi potensialın reallaşmasına dəstək məqsədilə bölgənin perspektivləri müzakirə ediləcək, qlobal ideyaların mübadiləsi aparılacaq.

Avropa və Asiyanın qovşağında yerləşən Xəzər regionu ilə dünyanın digər regionları arasında qarşılıqlı siyasi, ticarət, elmi əlaqələrin inkişaf etdirilməsi, yeni texnologiya və innovasiyaların regiona gətirilməsi və genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Prezident İlham Əliyev yanvarın 22-nə təyin olunmuş "Strateji Proqnoz: Avrasiya” sessiyasında iştirak edəcək. Musavat.com media.az-a istinadən bildirir ki, görüşlə bağlı müvafiq informasiya Davos Forumunun saytında yerləşdirilib.

İclas Bakı vaxtilə 13:30-14:15-də və ya Mərkəzi Avropa vaxtı ilə 10:30-11:15-də keçiriləcək. Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə edəcəklər.

Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib. Sessiyanın məruzəçiləri Azərbaycan Prezidenti İlham Əliyev, "Astana” Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov (Qazaxıstan) və "VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin (Rusiya) olacaq.

Forum çərçivəsində Transzəxər qaz kəməri, onun Böyük Xəzər regionunda rolu və Xəzər Nəqliyyat Koridoruna həsr edilmiş sessiyalar keçiriləcək. Sessiyalar zamanı geo-politik və iqtisadi dəyişikliklər, regionda sülhün qorunması məsələlərinə də toxunulacaq.

Forum yanvarın 24-dək davam edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}