Potensial “avtoqatillər” - küçələrdə şütüyən aqressiv və əsəbi sürücülər...

 

Paytaxt yollarında sürücülərin əksəriyyəti bir-birinə qarşı qəzəbli, amansız, düşmən mövqeyində dayanır; Azər Allahverənov: "Gündəlik qayğılar, məişət problemləri stresə gətirib çıxarır”

Azərbaycanda sürücülər qədər aqressiv bir təbəqə bəlkə də yoxdur. Hər gün paytaxt yollarında şütüyən sürücülərin əksəriyyəti bir-birinə qarşı o qədər qəzəbli, amansız, güzəştsiz, düşmən mövqeyində dayanır ki, imkanları olsa cinayət törədərlər.

Bu sətirlərin müəllifi də bir sürücü kimi tez-tez sürücü mədəniyyətsizliyi ilə üzləşir. İnsanlar bir-birinə yol vermək istəmirlər, söyüşə keçirlər, bəzən maşından düşüb əlbəyaxa olurlar.

Məsələn, İranda olanda fərqli sürücü mədəniyyətinə şahid idik. Sürücü səhvə yol verəndə, qəza törədəndə qarşısındakı ona nəinki əsəbləşmir, təşəkkür edir, "əllərin ağramasın, baba” deyirdi.

Türkiyə və Gürcüstanda avtomobil sürmüş biri kimi də söyləyə bilərəm ki, Azərbaycanla müqayisə oluna bilməz, sürücü mədəniyyəti çox inkişaf edib. Bizdə isə bir-birinin yolunu kəsmək, müştəbehlik, özündən başqasını fikirləşməmək adət halını alıb.

Sürücülərin aqressivləşməsinin əsas səbəbi kimi tıxacları, maşınların çoxluğunu, gündəlik həyatın stresli olmasını göstərə bilərik.

Amma bir çox sürücü görürsən ki, öz həmkarını az qala terror etməyə hazırdır, ona ən qatı düşməni kimi baxır.

Bu sahə o qədər geniş, problemləri isə o qədər müxtəlifdir ki, nə qədər yazsan, danışsan, qurtaran deyil. Çünki sürücü mədəniyyəti və vərdişləri formalaşmayıb.

Nəqliyyat eksperti Azər Allahverənov ile ilgili görsel sonucu

Nəqliyyat eksperti Azər Allahverənovun "Yeni Müsavat”a bildirdiyinə görə, sürücü mədəniyyətinin çox aşağı səviyyədə olduğunu etiraf etmək lazımdır.

Onun fikrincə, söhbət yol mədəniyyətindən gedir: "Burada piyadalar, sərnişinlər və sürücülər yol hərəkətinin iştirakçılarıdır. Amma təəssüf ki, daha çox sürücülərdə aqressivliyi müşahidə edirik.

Ola bilsin, gündəlik qayğılar, məişət problemləri stresə gətirib çıxarır. Bunu da sürücülərdə daha çox görürük".

Ekspert hesab edir ki, aqressiv sürücü potensial təhlükədir: "Əsəbi, gərgin adam özünü saxlaya bilmir, büruzə verir. Bu zaman sükan arxasında emosional olur və qəza törədə bilər.

Biz tövsiyə edirik ki, sürücülərdə peşəkarlığın artırılması ilə yanaşı onlarda mədəniyyətin inkişaf etdirilməsi də lazımdır.

Doğrudur, bu gün ayrı-ayrı kurslarda sürücülük mədəniyyəti dərsləri keçirilir. Eyni zamanda Nazirlər Kabinetinin tədris planı var.

Amma mürəkkəb prosesdir, eyni vaxtda hamı nəzakətli olmur. Ona görə də müxtəlif maariflədirici, məlumatlandırıcı tədbirlərlə geniş sürücü kütləsinə təsir etmək olar".

A.Allahverənov qeyd etdi ki, sürücü vəzifələrində konkret müddəalar var və bir çoxuna əməl edilmir:

"Sürücü aqressivliyinin artması qar topasına bənzəyir. Əgər 100 sürücüdən 5 nəfər aqressiv olursa, yerdə qalan 95 nəfər onu tənbeh edə bilər.

Lakin 100 sürücüdən 40 nəfəri belədirsə, artıq yaxşı hal deyil. Odur ki, yollarda mübahisələr, davalar olur, sürücü ilə sərnişin və piyada arasında əsəblər tarıma çəkilir.

Bu baxımdan acınacaqlı vəziyyət yaranıb. Hesab edirəm ki, videoçarxlar hazırlanmalı, psixoloji mərkəzlər bu məsələni diqqətdə saxlamalı, sürücü mədəniyyətinin inkişafı üçün kompleks tədbirlər görülməlidir".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}