ŞÜVƏLANLI "HƏCİ"NİN SEÇKİ MACƏRALARI... - Və yaxud deputatlığa namizədin fars rejimi ilə nə kimi bağlantısı var?

ŞÜVƏLANLI "HƏCİ"NİN SEÇKİ MACƏRALARI...

 

İki gün əvvəl – fevralın 4-də yolum Şüvəlana düşmüşdü. İlk dəfə idi ki, bu qəsəbədə olurdum. Axşam saatlarında burada bir tanışımla görüşüb, şəhərə qayıtmalı idim. Elə görüşdüyüm insan da yeganə tanıdığım şüvəlanlı idi. Amma vəziyyət elə gətirdi ki, tanışımın israrla məni çay süfrəsinə dəvət etməsi nəticəsində, həmin gün daha bir neçə şüvəlanlı tanıdım. Üstəlik, bu qəsəbənin insanlarının necə qonaqpərvər, dini inancı yüksək və təmizqəlbli olduqlarının şahidi oldum...

Çay süfrəsi ətrafında söhbət seçkidən düşdü. Bu zaman gənclərdən biri saatına baxıb, "az qalıb, yarım saat sonra Həci ilə görüş başlayacaq”, - dedi. "Həci”nin kimliyini və görüşün hansı məqsədlə keçirildiyini soruşduqda isə, məlum oldu ki, söhbət deputatlığa namizdələrdən biri ilə nəzərdə tutulan təşviqat kampaniyasından gedir. Tanışımın da bu görüşdə iştirak edəcəyini öyrəndikdən sonra, çayımı bitirib, onların vaxtını almadan sağollaşmaq istədim. Lakin qəzetdə çalışdığımdan xəbərdar olan tanışım mənim də görüşdə iştirak etməyimi təklif etdi. "Bir jurnalist kimi sənin fikrin bizim üçün maraqlıdır. Doğrudur, kənar adam deyil, yerlidir. Amma haqqında başqa söhbətlər də var. Odur ki, gedək, yarım saat dinləyək, görək nə vədlər verəcək” – deyə bildirdi. 

Ardıcıl israrlardan sonra, Şüvəlandakı "Xəzri” şadlıq evində deputatlığa namizəd, "Həci” kimi təqdim olunan Abid Qafarovla keçiriləcək görüşdə iştirak etməyə qərar verdim. Görüşdən əvvəl tanışımın, "səndən bir xahişimiz də olacaq, görüşlə bağlı təəssüratlarını qəzetdə yaz, ağı ağ, qaranı qara” – sözlərindən sonra bu haqda yazacağıma da söz vermək məcburiyyətində qaldım.

Beləliklə, əvvəlcədən Şüvəlan sakinlərinə paylanılan dəvətnamədə göstərilən vaxtda – saat 20:00-da 14 saylı Xəzər seçki dairəsindən deputatlığa namizəd Abid Qafarovla görüş başladı. Namizəd təqdimatsız-filansız mikrofonu əlinə alıb, ilk olaraq özü haqda məlumat verdi. Məsələn, əslən Qala kəndindən olmasından, 3 ali məktəb bitirməsindən (?), BP-nin hansısa törəmə şirkətində çalışmasından, 4 övladı olmasından və nə qədər təəccüblü olsa da, böyük sərkərdə Nadir şahın nəvəsi olmasından və s. ağızdolusu danışmağa başladı. Ətrafıma baxdıqda hiss edirdim ki, onun pafoslu çıxışı böyük maraqla izlənilir. Amma zala toplanan 200-250 nəfərə yaxın insanın böyük əksəriyyətinin xəbəri yox idi ki, bu "Həci” necə deyərlər, hapa-gopa basmaqla, onların başını aldadır. Məsələn, deyir ki, Qala kəndində vaxtilə mövcud olan qala (kəndin adı götürülən abidə- müəl.) "mənim yeddinci babam Nadir şah tərəfindən tikilib”. Tutaq ki, Nadir şahın Abid Qafarovun yeddinci babası olduğu haqda nağıllara inandıq. Və yaxud onun yeddinci nənəsinin Nadir şahın sevimlisi olduğunu həqiqət kimi qəbul etdik. Bəs, 5 min ilə yaxın tarixi olan və adını da məlum qaladan götürən Qala kəndinin Nadir şah tərəfindən tikildiyini iddia etmək nə dərəcədə doğrudur? Təbii, bir zamanlar həmin qala "Nadir-qala” adlandırlıb. Amma bu, heç də hımin qalanın Nadir şah tərəfindən tikildiyinə dəlalət etmir. Sadəcə, tarixi mənbələr göstərir ki, Nadir şah ruslarla müharibə aparan zaman onun qoşunu həmin qalada və onun ətrafından məskunlaşıb. Hansı ki, bu savaşda Nadir şahın qoşunu ruslara qalib gəlib və həmin vaxtdan kəndin adı «mühafizə olunan yer», başqa sözlə alınmaz, məğlubedilməz qala kimi tarixə düşüb.

Əlbəttə, hansısa deputatlığa namizədin tarixi bilgilərinin zəif olması qəbahət deyil. Amma Nadir şahın "yeddinci babası” olduğunu iddia edən Abid Qafarovun ən azı öz kəndinin tarixini bilməsi vacibdir.

Namizədin özünütəqdimatında diqqətimizi çəkən ikinci məsələ "3 ali məktəb” bitirməsi ilə bağlı oldu. Çünki görüş zamanı namizədin Facebook səhifəsinə baxdıqda, 2 ali məktəb bitirdiyini yazırdı. Dediyinə görə, ilk olaraq Azərbaycan Dövlət Neft Akademiyasını (keçmiş AZİ – müəl) bitirib. Bəs, ikinci və üçüncü ali təhsili? Görüşdə məlum oldu ki, "ikinci ali məktəb” kimi magistratura təhsili almasını, "üçüncü ali məktəb” kimi isə elmi iş üzərində işləməsini göstərir. "Elmi işimi kitab kimi çap edib, sizlərə təqdim edəcəm, bu da olacaq 3-cü ali məktəb” – deputatlığa namizəd elə belə də dedi. 

O ki qaldı BP-də çalışması haqda fikirlərinə, doğrudur, o, BP-nin törəmə şirkətlərinin birində mütəxəssis kimi çalışıb. Amma onun "mən BP-də deputatdan 3-4 dəfə artıq maaş alırdım. Mən ona görə bu işdən imitna edib, namizədliyimi verdim ki, sizə xidmət edim” – fikri heç də inandırıcı deyil. Əlbəttə, Azərbaycanın dövlət müəssisələri ilə müqayisədə BP-də əmək haqqı bir neçə dəfə artıqdır. Lakin sıradan mütəxəssisin maaşının deputatın maaşından 3-4 dəfə artıq olmadığını sübut etməyə ehtiyac yoxdur. O halda A.Qafarovun özünü "deputat maaşına göz dikməyən namizəd” kimi qələmə verməsi heç də səmimiyyət göstəricisi deyil.

Həmçinin, "Həci”nin özünü "Avropayönlü” namizəd kimi təqdim etməyə çalışması da kifayət qədər diqqətçəkən idi. Məsələn, adam deyir ki, "BP-də mənə səhnə mədəniyyəti, insanlar qarşısında neçə çıxış etməyi öyərdiblər”. Maraqlıdır, Dəniz Əməliyyatları Departamentində mütəxəssis kimi çalışan bir əməkdaşa BP əməkdaşlarının "kütləni idarət etmək təcrübəsi”ni aşılamaqda nə marağı olub?! Və yaxud namizədin şirkətdə ona "türk, rus, ingilis və ərəb” dillərinin öyərdilməsi haqda iddiaları nə dərəcədə doğrudur? Halbuki, onu tanıyanlar Abid Qafarovun bu 4 dildə orta səviyyədən də aşağı bildiyini iddia edirlər. Bunun əksinə, farsca az-çox danışdığı haqda məlumatlar var. Bəs, o halda "Həci” Abid niyə farsca deyil, ərəb, ingilis, rus və türk dillərini bildiyini deyir?!

Şübhəsiz, şüvəlanlı tanışlarım bu sualın cavabını təxminən bilirlər. Əslində, məni bu görüşə gəlməyə vadar edən də tanışımın, əvvəldə qeyd etdiyim kimi, "...haqqında başqa söhbətlər də var” fikri idi.

Qeyd edim ki, hələ görüşə gələrkən jurnalist marağı ilə tanışımdan bu söz-söhbətlərin nədən ibarət olduğunu soruşmuşdum. O, ilk öncə danışmaq istəməsə də, sonradan, görünür, qonaq olduğumu nəzərə alıb, bu haqda mənə məlumat verməyə məcbur oldu...

Sözsüz ki, istənilən namizədin özü haqda şişirdilmiş məlumatlar verməsi, bilmədiyi, yaxud az məlumatı olduğu sahənin "peşəkarı” olduğunu deməsi normal qəbul edilə bilər. Nəticədə, adamın hədəfi seçicilərin səsini əldə etmək olduğundan, özünü hər bir sahənin bilicisi kimi təqdim etməsi anlaşılandır. Onsuz da ağıllı seçici istənilən namizədin çıxışına başlayar-başlamaz onun "hansı yuvanın quşu” olduğunu ayırd etməkdə çətinlik çəkməyəcək. Amma elə namizədlər də var ki, onlar yalan danışmaq üzrə ixtisaslaşdığından, bir çox hallarda seçiciləri öz təsir dairələrinə almağı bacarır və onların səsi əldə edə bilirlər. Abid Qafarovun seçicilələr görüşündə gəldiyim qənaət də bu oldu ki, 38 yaşlı namizəd yalan danışmağın "ustası” olmaqla yanaşı, kifayət qədər yetiş(diril)miş bir kadrdır. Elə onun özü də yetişdirildiyini inkar etmir.

Bəs, görəsən onu yetişdirənlər həqiqətənmi BP-nin mütəxəssisləri olub? Şüvəlanlı tanışımın sözlərindən, eləcə də qəsəbədə gəzən söz-söhbətdən belə aydın olur ki, bizim "Həci”ni yetişdirənlər heç də ingilislər olmayıb. Belə ki, Şüvəlanda onun İranla dərin bağlantısı olduğu haqda iddialar var. Deyilənə görə, molla rejiminə bağlı olan və İrana böyük sipmatiya bəsləyən "Həci” Abid seçkiyə də məhz bu rejimin nümayəndələrinin tövsiyyəsi ilə qatılıb. Yeri gəlmişkən, onun özü də çıxışında bunu dolayısı ilə etiraf etdi ki, "noyabrın 1-dək seçkiyə qatılmaq ağlımdan belə keçmirdi. Sadəcə, mənə edilən təkliflərdən sonra bu haqda qərar verdim”.

Yazımın əvvəlində də qeyd etdim ki, şüvəlanlıları dini inancı yüksək və təmizqəlbli insanlar kimi tanıdım. Onu da əlavə edim ki, bu qəsəbənin sakinlərinin 100 faizə yaxını şiə inancına sahibdir. Bu baxımdan, şiə dövləti olan İranın istər Şüvəlana, istər də Bakının digər şiə inanclı kənd və qəsəbələrəinə hər zaman maraq göstərdiyi, islam faktorundan istifadə edərək onları ələ almağa çalışdığı heç də sirr deyil. Biz, ən azı Nardaran hadisələrində bunun şahidi olduq. Abid Qafarovun şüvəlanlılarla görüşündən isə bir daha aydın oldu ki, İran hər zaman olduğu kimi, yenə də Azərbaycanda keçirilən seçki prosesinə müdaxilə etməyə çalışır. Söhbət ondan gedir ki, fars rejiminin yetişdirdiyi insanlar "mələk” donunda seçicilərin qarşısına çıxarılır, Abid Qafarov kimi "mən sizdən biri deyiləm, mən elə sizin özünüzəm” deyərək, təmizqəlbli insanların səsini "oğurlayırlar”. Bəli, məhz oğurlayırlar. Çünki hakimiyyətin seçki qurusuna topa-topa bülleten atması ilə "mən sizin özünüzəm” deyib, seçiciləri aldatmaq elə onların səsini oğurlamaqdır!

Ayxan İLDIRIMTÜRK

P.S. Güman edirəm ki, seçicilərlə görüşdə A.Qafarovun niyə farsca bildiyini gizlədərək, bilmədiyi rus, ingilis və ərəb dilində sərbəst danışdığını idda etməsinin səbəbləri dəyərli oxucularımıza aydın oldu...

P.P.S. Şüvəlanlı tanışıma söz verdiyim kimi, deputatlığa namizədləri ilə görüşdən təəssüratlarımı qələmə aldım. Amma bu yazımda Abid Qafarovun cəmi bir neçə yalanına diqqət ayırdım, hansı ki, onun cəmi 1 saatlıq çıxışında söylədiyi yalanları bir-bir sadalasaq, bir neçə qəzet səhifəsi lazım olardı... 
 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}