“LEFORTOVA” sınağından üzü ağ çıxan haqlıdır

 


 

Çox təəccüb  edirəm tərzi – cədidə ki, onu əcnəbilər oxuduqca hünər izhar ediyor.

Halbuki millətimizdən onu kim ki, oxuyur, Qaliba həzrəti Allahı da inkar ediyor.

 

Cəfakeş Sabirimiz bu misraları 1910-cu ildə yazıb. Mənasını başa düşməyənlərə izah edirəm, təzə üsulla təhsil alıb savadlanan əcnəbilər dağı dağ üstə qoyurlar, hünər göstərirlər, bizim gülməşəkərlər isə bir balaca oxuyan kimi, havalanıb Allahı da danırlar.

... ABŞ-in Azərbaycanda R. Harniş soyadlı bir səfiri vardı. Kişi özünü elə aparırdı ki, elə bil SSRİ dövründə Moskvanın buraya təyin etdiyi ikinci katib idi. Bizim "qeyrətli” müxalifətin fürerləri onun hüzurunda daima amadə durardılar.

            Harniş ağa qatı dindar katolik kimi elə bazar, ya da əlamətdar gün olmazdı ki, kilsədə canla-başla ibadət edib, psalom oxumayaydı. Bizim danabaş yazarlarsa belə dindar katolikin daxili işlərimizə həyasızcasına qarışmasına məhəl qoymayıb, din xadimlərimizə ağıl dərsi verməkdən utanmırdılar. Xatırlayın, Harniş necə bölgələrə səfərlər edib dövlət məmurlarının ovqatını təlx edirdi. Ona yerini göstərmək əvəzinə "jurnalistlərimiz” iqtidarı sancmaqdan həzz alırdılar.

Siz elə bilirsiniz, istiqlaliyyətimizin qəsdinə duranlar bizim qələm əhlinin belə nakəsliyini görmürdülər? Görürdülər və nəticə də çıxarırdılar.

            ...”Pambuq bəyləri” təzə-təzə vəzifə kreslolarına dırmaşmışdılar ki, hansısa ipləmənin ağlına uzaq Yakutiyaya səfərə çıxmaq fikri düşdü. Burada qan su yerinə axırdı, qeyrət dağarcıqları isə dünyanın o başına gedib bir vacib məsələni öyrənmək istəyirdilər, görəsən, ölənə qədər yuyunmağın nə olduğunu bilməyən Yakutiya şamanları ilə bizim qohumluğumuz var, ya yox?!

...Mən hələ indiyə qədər bir dəfə görmədim ki, Alp Ər Tonqa belə gəldi, Atilla belə getdi deyən boşboğaz güruhunun içindən ölkənin mənəvi mühitini zəhərləyən missionerlərə, mənfur sektalara qarşı tutarlı bir söz deyən çıxsın.

Dünyanın çox ölkələrindən it kimi qovulmş elə təriqət, sekta yoxdur ki, Azərbaycanda qeydiyyatdan keçib bizlərə qarşı təbliğat aparmasın. Küçə-bazarda eybəcər zahiri görünüşləri hamının diqqətini çəkən vəhhabilərin ölüm saçan bakteriyalar kimi artıb çoxalması çoxunu narahat eləmir.

Türk-islam dünyasında təfriqə salan, neçə-neçə dövləti qana bələyən mason-anqlosaks cahangirləri Azərbaycanı Suriyanın gününə sala bilərlər. Mən hələ açıqdan açığa erməni cəlladlarına dostuq, hörmət hissləri təlqin edən "Yəhova şahidləri” adlı mənfur qurumun əməllərindən danışmıram.

Ən nadan, ən cahil adam da görür ki, ölkədə ideoloji boşluq var. Xalqın YAP-ın yağ-bal içində neynim demədən yaşayan "ideoloqlarından” zəndi-zəhləsi gedir. Bunların biri cürət edib simsarsız, şikayətləri heç yanda eşidilməyən kasıb-kusubun cəm olduğu yerə getmir.

Özü də maraqlıdır ki, üzvlərinin sayı neçə yüz min olan partiyanın üzdə ancaq iki-üç təmsilçisi var. Mənə milyon da versələr onların heç biri ilə rubəru oturub söhbət də etmərəm. Mən Aydın Mirzəzadə ilə nə danışmalıyam?

Özlərini demokratiya zəbanələri sayanların işləri isə lap Allaha qalıb. İflasa uğramış sələflərindən ibrət dərsi almamış bu ağalar, indi də durub camaata nüsxəbəndlik edirlər. Milli şura rəhbərliyinin təşkil etdiyi icazəli mitinqdə atəşin nitqlər səslənub. Bununla işim yoxdur, bir şeyə ki, icazə verilib daha başqa söz ola bilməz. Qabaqcadan deyirəm, mənim bir alim, bir tədqiqatçı kimi Cəmil Həsənliyə böyük hörmət və ehtiramım var. Onunla tanışlığımdan qürur duyuram. ...

Həmin mitinqdə hazırda həbsdə olan Tale Bağırzadənin bəyanatı da eşidilib.

Mənə günortadan sonra inqilabçılıq edənlərin ağına-bozuna baxmadan hərcayı-hərcayı danışmaları təsir edir. "Zülmün yanında namaz qılmaqdansa ateisti müdafiə etmək daha yaxşıdır...” bu təzə zühur etmiş qondarma "müctəhidin” gül dəhanından çıxan sözdür. Mən binəva da deyirəm, ağalar, yaşlılarınız, lider saydığınız siyasi müflislər 1988-ci ildən ateistlərin dedikləri ilə durub oturublar.

Mən yazdığım saysız-hesabsız məqalələrimlə çoxdan sübut etmişəm ki, Azərbaycanda başlamış "xalq hərəkatı” ilk dəqiqələrdən əcnəbilər, türk-islam dünyasının qatı düşmənləri tərəfindən idarə olunub.

Siz sidq-dillə (yerinə, şəraitinə, mühitinə baxmadan) səccadəyə əyilsəydiniz Azərbaycanın tən yarısı düşmən əlinə keçməzdi, on minlərlə şəhidin qan qisası yerdə qalmazdı. Rəyasət uğrunda ikrah oyadan vurnuxmanı, pak məqsəd, iman, milli qeyrət uğrunda aparılan mübarizə ilə bir tutmaq olmaz.

Qəribə bir şakər yaranıb əgər iqtidarı yeri gəldi gəlmədi söyürsənsə, onda xalqın dini, imanı haqqında ağzına nə gəldi deyə bilərsən.

Durub beləsinin ağzına vurasan, deyəcəklər ki, bəs filankəs irticanı müdafiə edir, iqtidara yarınmaq istəyir. Bəziləri irad tuta bilər ki, mitinqin üzərindən neçə gün keçib, bu qoca niyə indi qəzəbnak olub?  Məni təbdən çıxaran tanınmış din xadimi Hacı Tahir Abbaszadəyə qarşı yönələn tənə və qınaqlardır. Ən əvvəl ondan başlayaq ki, Hacı Tahir Abbaszadə  istiqlal şairi Xəlil Rza Ulutürklə əl-ələ verib Bakını milli düşmənlərimizdən təmizləyəndə, dəfələrlə ölüm hədələri ilə üzləşəndə, milyonluq mitinqlərdə xalqın qarşısında kişi kimi çıxış edəndə indiki  "mübarizlərin” əksəriyyəti masa altında iməkləyirdi, valideynləri də hələ bilmirdilər kimə "Ləbbeyk!” desinlər.

Sonradan təriflənib ağac başına çıxarılan "pambuq bəylərinin” birində Hacı Tahirin cəsarəti yox idi ki, onun kimi ağzından od püskürtsün. O, Lefortovo adlanan məşhur həbsxanada Xəlil Rza Ulutürklə bir yerdə idi və sınmadı da.

Qafqaz müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, "İmamzadə” ziyarətgah kompleksinin mütəvəllisi, istiqlaliyyət uğrunda mübarizənin tanınmış öncülü kimi Hacı Tahir Abbaszadənin tam ixtiyarı var ki, Vətənimin bu günündə yava-yava danışanların ağızlarından vursun. Çəkdiyi əzablar, dövlət və xalq qarşısındakı xidmətləri ona bu haqqı verir.

 

 

Onun hansı sözündə qüsur, natamamlıq, qəbahət var? Neşə illər bundan əvvəl şou-biznes həyasızcasına qol qanad açıb səhnələri, efiri inhisara alanda, bu müdhiş təhlükənin mahiyyətini, vuracaq zərəri qabaqcadan bilib həyəcan təbilini çalan bizim unudulmaz sənətkarımız Habil Əliyev oldu, "Uşaqlarınızı bu mədəniyyətdən qoruyun!”- Əziz Habil müəllimin bu dad-fəryadına bir ziyalı səs vermədi. Axırda hamı xabi- qəflətdən bir ziyalı səs vermədi. Axırda hamı xabi-qəflətdən bidar olub ayılanda artıq gec idi. Gəncliyin mənəvi aləmini şikəst edib, klassik mədəniyyətimizi balaqan səviyyəsinə endirənlərə daha o fəxri ad qalmadı ki, verməsinlər. "Əməkdar...” "xalq...” titullarını alanlara daha yaxın düşmək olmadı. Nəticə göz qabağındadır.. Allah Mehriban xanımı hər bəladan hifz eləsin, onun misilsiz səyi, zəhməti sayəsində qədim muğam sənəti məhvdən bəli, bəli məhz məhvdən xilas oldu. Mən hələ incəsənətin digər sahələrindən danışmıram.

Kim nə deyir desin, mən ürək sözlərimi dilə gətirirəm. Ölkənin ideoloji mühitini sağlamlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün ikinci Mehriban xanım lazımdır.

Hesabata bir "quş” qoymaq xatirinə keçirilən tədbirlərə, çağrılan iclaslara, toplantılara diqqət etsəniz haqlı olduğumu görəcəksiniz.

Bu dəqiqənin özündə respublikanın elə erudisiyalı, savadlı ürəyi yanan ziyalısı yoxdur ki, Hacı Tahir Abbaszadənin xəbərdarlığına şərik çıxmasın. Biz loru dildə desək, fil qulağında yatmışıq, nə kin-küdurətdən, nə hikkədən, nə də biganəlikdən əl götürmürük. Sərvəti zaman sahibləri imansız, rəiyyət arsız.... Nəyiksə buyuq!

Yüzə yüz faiz əminəm ki, Cəmil Həsənli kimi böyük alim o mitinqdə olsaydı, heç vaxt imkan verməzdi ki, hər yetən məsuliyyətsiz çıxış edib aləmi bir-birinə vursun. Kim olmasa da o adi adamlardan fərqli olaraq başımızın üstünü almış böyük təhlükəni görür.

Şəhərdə, bölgələrdə marqinalların sayı saat ba saat artır, ən mənfur təriqətlərin emissarları da əllərini sallayıb gözləmirlər. Pul onlarda, yaxşı dil qabiliyyəti olan təşviqatçılar da onlarda. Mənə onların təşviqatçılarını dinləmək müyəssər olub. Bunlar qarşılarında duranları yolundan azdırıb iradələrinə tabe etmək işində ustadırlar. Onların hər biri min YAP məruzəçisini çaya susuz aparıb susuz gətirə bilər.

Fikir verin, Rusiya kimi nəhəng dövlət bapbalaca Dağıstanda qayda-qanun yarada bilmir. Gündə terror aktından, basqından, qətillərdən reportajlar verilir. Lefertova imtahanından üzü ağ, şərəflə çıxmış Hacı Tahir Abbaszadə əgər ağzına yiyəlik edə bilməyənə tünd cavab verirsə, haqlıdır. Siyasətbazlıq, tribuna lotuluğu dövrü arxada qalıb, nə xalq əvvəlki sadəlövh toplumdur, nə də zamana daha o zamana deyil.

Kiçik bir ricət. Haray-həşirlə, qiyə-qışqırıqla meydanlara, küçələrə axışırdıq, günlərlə tətil edirdik, sonra da iş yerindən avans da alırdıq, maaş da. Müəssisə, idarə rəhbərləri qorxularından əsə-əsə ordan-burdan bir təhər vəsait tapıb camaatı sakit edirdilər.

Keçdi o günlər, əvvəla iş yoxdur, ikincisi hansı axmaq iş yerini qoyub küçəyə çıxa bilər, onu həmin dəqiqə qovarlar, nəhayət üçüncüsü kim təminat verə bilər ki, şəhərdə xaios yaransa, düşmən əl qatıb tifaqımızı dağıtmayacaq.

Firuz Haşımov 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}