Allah betərindən saxlasın

 

Allah betərindən saxlasın

 

 

Gürcüstan Respublikasında Azərbaycan əhalisinə "tatrebi”, ərazisinə isə "Kvemo Kartili” dedikləri qədimdən də qədim bir bölgə var. Tarixi mənbələrə görə, Şərqi Gürcüstandakı gürcülərdən çox-çox əvvəl bu bölgədə Azərbaycan türkləri yurd salıb, binə qurublar. Soydaşlarımızın kompakt və pərakəndə yaşadıqları həmin ərazinin xəritə üzərində konturlarını cızsaq, yəni ayırıb rəngləsək, qanadlarının birini Kiçik Qafqaz dağlarının şimal yamaclarına – Pəmbək və Qaraxaç silsiləsi boyu, o biri qanadını Böyük Qafqazın cənub yamaclarına sərən, başını əsrarəngiz Qarayazı düzənliyinə və Qavırrı çayının sahillərinə, ayaqlarını isə ta Axir Kələyə qədər uzadan nəhəng qartala oxşayan bir şəkil alınar. Təbiəti zəngin, torpağı münbit, çayları bol, suları büllur kimi təmiz, əhalisi işgüzar və istedadlı olan aranlı-yaylaqlı bu cənnətməkan ərazi min illərdir Azərbaycan türklərinin – soydaşlarımızın əzəli və əbədi məskəni, daha obrazlı desək, dirilərimizin vətəni, ölülərimizin mədfəni olmuş və yenə də olmaqdadır.

Bu barlı-bərəkətli yurdun ta qədimdən Kür çayından cənubuna Borçalı, şimal tərəfinə isə Qarayazı, Qaraçöp adı veriblər ulularımız. Borçalı bölgəsində dörd rayon – Marneuli, Ağbulaq, Dmanisi və Bolnisi, Qarayazı bölgəsində iki rayon, Qardabani, Qaraçöp və daha bir neçə Azərbaycan kəndləri, Azərbaycanın digər bögələri – İrəvan, Ağbaba, Dərəçiçək, Zəngibasar, Vedibasar, Göyçə, Qaranlıq, Dağ Şəril, Zəngəzur, Dilican və s. cənnət yurdları ermənilərə peşkəş verdiyimiz kimi, Borçalının dağlıq hissələrini də – Pəmbək və ətraflarını Cəlaloğlunu, Hamamlını ta Axirkələyə qədər – gürcülər peşkəş etmişdi haylara.

Ötən əsrin qırxıncı illərinin axırlarında ermənilər qədim Oğuz yurdu olan və Sovet dövründə Ermənistan adlanan Qərbi Azərbaycanda yaşayan 150 min azərbaycanlını toy-düyünlə Azərbaycanın Kür-Araz ovalığına toplayıb köçürərək onların doğma evlərində erməniləri, gürcülər isə pərakəndə halında yaşayan azərbaycanlıları tarixi yurdlarından köçürüb, həmin kəndlərdə gürcüləri yerləşdirdilər. Tiflisdə yaşayan azərbaycanlıların da yarıdan çoxunu şəhərdən çıxarıb Azərbaycana, İrana qovdular.

Böyük Vətən Müharibəsindən sonra ermənilər daha bir həyasızlıq edərək, Ermənistan ərazisindəki türk izlərini silmək üçün Qərbi Azərbaycandan türk adlarını, türk toponimlərini erməniləşdirərkən, gürcülər də Gürcüstandakı adları – toponimləri gürcüləşdirməyə başladılar. Borçalını - Marneuli, Baş Keçidi - Dmanisi, Çörük Qəmərlini - Bolnisi, Qarayazını - Qardabani, Qaraçöpu - İoro-Muğanlı elədilər və oradakı bütün azərbaycanlılar yaşayan kəndlərin sonluğuna bir "lo” artırıb gürcüləşdirdilər. Və daha sonra bu rayonlara dağ gürcülərini –svanları yerləşdirdilər. Azərbaycanlılar yaşayan rayonların kolxozların, sovxozların, məktəblərin rəhbərliyinə gürcülər gətirildi. Bir sözlə, qonşularımız "türk intiqamı” və "Şah Abbas kini” ilə qovrulub-qarsıyanda, bizlər də Qazax meşələrini, Gədəbəyin yamaclarını, Kəlbəcərin Qara gölünü, Sarı yalını ermənilərə pay verə-verə "Qardaş” olub, Hayıstan, Azərbaycan, bir də amxançqo Gürcüstan mahnılarını oxuya-oxuya Xram çayın, Ağstafa çayın sahillərində dostluq abidələri ucaldırdıq.

Sovet hakimiyyətinin ayağı büdrəyən kimi bu "dostlar”, "qardaşlar” millətçiləri bizə qənim kəsildi. Erməni daşnakları Dağlıq Qarabağı, gürcü millətçiləri isə Borçalını, Qarayazını özününküləşdirmək davasına başladılar Azərbaycan xalqı ilə. Biri Ermənistanda və Dağlıq Qarabağda min illərdir yaşayan azərbaycanlıları büsbütün qovdular, o biri də Borçalı və Qarayazı camaatına göz verib, işıq vermədilər. Müstəqil Gürcüstanın prezidenti Qamşaxudyanın göstərişi ilə Bolnisi, Dmanisi rayonları boşaldılmağa başladı. Bakıya, Azərbaycana doğru indi də Gürcüstanda yaşayan azərbaycanlıların aramsız köçü başladı.

Köçürülmə məqamı Marneuliyə çatanda Azərbaycanda və Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının, Eduard Şvarnadze isə Gürcüstan Respublikasının prezidenti seçildi və onların birgə səyi ilə Gürcüstandan Azərbaycana başlanan köç dayandırıldı. Və köçürülən azərbaycanlıların geriyə - Baş keçidə, Bolnisiyə, Dmanisiyə qayıtmasına icazə verildi. Həmin vaxta qədər Gürcüstanda yaşayan 780 mindən çox soydaşımızın sayı yarıya qədər azalmışdı. İndi-indi onların sayı 450 minə çatmaqdadır.

Həmin dövrdən bəri Azərbaycan hökuməti böyük humanistlik göstərərək Gürcüstanda yaşayan soydaşlarımıza hər cür maddi yardım göstərir və mənəvi dəstək verir. Rayon və kəndlərin elektrik enerjisinə və yanacağa, xüsusən də təbii qaza olan tələbatını qismən də olsa ödəyir, yolları təmir edir, oradakı Azərbaycan məktəblərini dərs vəsaiti ilə təmin edir. Amma onu da qeyd etməliyik ki, Gürcüstandakı azərbaycanlılar oxuyan məktəblərdə vəziyyət çox acınacaqlıdır. Əvvəla, məktəblərin çoxu köhnə və  yararsız binalarda yerləşir. Onların əsaslı təmirə və yenidən tikilməsinə ehtiyac var. Azərbaycan hökuməti, xüsusən də Heydər Əliyev Fondu bu işdə gürcüstanlı soydaşlarımıza kömək əli uzada bilər. Bu, həm şərəf işidir, həm də dost, qardaş köməyi.

Allah betərindən saxlasın

 Digər və vacib problemlərin biri də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə Azərbaycan məktəblərinin sayı ildən-ilə azalmaqdadır. 25-30 il əvvəl həmin bölgələrdə 140-dan çox məktəb var idi. İndi onların sayı üç dəfədən də çox azalaraq 40-a enib. Əgər bir sıra dövlət əhəmiyyətli tədbirlər görülməsə, Azərbaycan dilində olan məktəblərin sayı daha da azala bilər. Bunun bir səbəbi məktəblərdə Azərbaycan dili və ədəbiyyatından dərs deyən müəllimlərin azlığıdır və olanların da yaşı altmışı çoxdan haqlayıb. Təzə müəllim kadrları isə demək olar ki, yoxdur. Və o bölgə üçün dil-ədəbiyyat və ümumiyyətlə, fənn müəllimləri hazırlanmır. Olan-qalan müəllimlər də çıxdaş olandan sonra uşaqlarımız nə Nizamini, Nəsimini, Füzulini, Vaqifi, Sabiri, Səməd Vurğunu tanıyacaqlar, nə də müasirlərimizi. Dilimizin bədiiyyəti də, stilistikası və fonetikası da yavaş-yavaş dəyişəcək.

Bu acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün Azərbaycan hakimiyyəti ciddi fikirləşməlidir. İlk növbədə, o məktəblərdə işləmək üçün həmin bölgələrə yaxın rayonlarımızda – Qazaxda, Ağstafada, Balakəndə Pedaqoji Universitetin filialları açılmalı və həmin filiallara bir sıra güzəştlər və tələblər çərçivəsində gürcüstanlı gənc soydaşlarımız qəbul edilməlidir. Bu şərtlə ki, onlar təhsillərini başa vurduqdan sonra doğma yerlərinə qayıdıb məktəbdarlıqla məşğul olsunlar. Dövlət, xüsusilə Təhsil Nazirliyi oradakı Azərbaycan məktəblərini müntəzəm və dolğun olaraq dərs vəsaitləri ilə təmin etməlidir.

Xatırldaım ki, Saakaşvilinin prezidentliyi dövründə Azərbaycanda, xüsusən də Zaqatala və Qax rayonlarında olan gürcü əsilli ingiloylara - onların sayı o qədər də çox deyil, cəmi-cümlətani on-on beş ingiloy kəndi ola, ya olmaya. Lakin həmin kəndlərin uşaqları üçün böyük güzəştlər edildi. İngiloylar Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olundular. Onlara xüsusi şərait yaradılıb, yüksək təqaüd verildi. Bir şərtlə ki, onlar təhsilini başa vuranda öz doğma kəndlərinə qayıtsınlar. Bundan əlavə, həmin ərazilərdə olan gürcü abidələri böyük zövqlə təmir edilib, gürcülərin istifadəsinə verildi.

Azərbaycan hökuməti də qonşusundan nümunə götürməli, Tiflisdə və o ətrafda zaman-zaman yaradılmış maddi mədəniyyət abidələrimizi, vaxtilə Tiflisdə yaşayıb-yaradan mütəfəkkirlərimizin, yazıçılarımızın, hərbi və dövlət xadimlərimizin məzarlarını, yaşadıqları evləri, qulluq göstərdiyi dövlət idarələrini müəyyən edib abadlaşdırmalı və həmin binalara xatirə lövhələri vurmalıdır. Yenə amma!..

Bütün Borçalı və Qarayazı camaatını daim narahat edən problemlərin biri də becərilən kənd təsərrüfatı və heyvandarlıq məhsullarının Azərbaycana gətirilməsində süni maneələrin qoyulmasıdır. Bütün gürcülər bilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar çox çalışqan və qoçaq camaatdır. Əkinçiliyin və maldarlığın dilini gürcülərdən qat-qat yaxşı bilirlər və bol məhsul istehsal edirlər. Gürcüstan rəhbərliyi də etiraf edir ki, Tiflis, Rustavi, Qori və ətraf sahələrin və digər yaşayış məntəqələrinin əhalisini kənd təsərrüafatı və heyvandarlıq məhsulları ilə təmin edən Gürcüstanda yaşayan azərbaycanlılardır.

Elə bu günün özündə hər azərbaycanlı ailəsi ən azı on-on beş baş iribuynuzlu mal-qara, əlli-yüz baş qoyun-keçi saxlayır və tonlarla kartof, pomidor, kələm, meyvə yetişdirir. Həmin məhsulları onlar Gürcüstan bazarlarında tam realizə edə bilmirlər. Həm də məhsul bolluğu bazarlarda ucuzluq yaradır.

Ərazisinin səkkizdə birini müvəqqəti itirən bə bir milyondan çox qaçqını-köçkünü olan Azərbaycanda, xüsusən də Bakıda bu məhsullara böyük ehtiyac var və onların qiymətləri də gündən-günə bahalaşmaqdadır. Məsələn, Tiflisdə kiloqramı dörd manat olan qoyun əti Bakı bazarlarında on manata satılır. Yağ, pendir, kartof, kələm də onun kimi... Amma yuxarıda dediyimiz süni maneələrə görə həmişə ehtiyac duyulan bu məhsulları Azərbaycana keçirmək, Bakıya gətirmək müşkül işə çevrilib.

Gürcüstan gömrük məntəqələrindən həmin məhsullar rüsumsuz və ya cüzi rüsum ödəməklə buraxılır. Azərbaycan gömrük-keçid məntəqələrində isə hər baş qoyun üçün 36 ABŞ dolları, hər baş qaramal üçün 80-120 ABŞ dolları həcmində və daha çox dövlət rüsumu tələb olunur. Bu, açıq tələblərdən savayı gizli tələblər də olur... Əgər Azərbaycan dövləti bu və ya digər həlli vacib olan problemi həll etsə, həm Azərbaycanın kənd təsərrüfatı məhsulları satılan bazarlarda və mağazalarda ucuzluq olar, həm də Gürcüstandakı soydaşlarımızı məngənə kimi sıxan bank kreditlərindən xilas ola bilərlər.

Bütün bunlar bir yazar və jurnalist kimi mən bildiklərimdir. Bilmədiyim həlli vacib problemlər isə daha çoxdur. Ən mühüm şərt isə bu problemlərin azaldılmasına çalışmaq, özü də ürəkdən, cani-dildən yanaşmaq lazımdır. Bu işdə Gürcüstan parlamentində olan azsaylı azərbaycanlı deputatların (çox təəssüf ki, 450 min azərbaycanlının Gürcüstan parlamentində dörd nəfər deputatı var) ki, səfirliklər və Azərbaycan Respublikası Milli Məclisində Gürcüstan azərbaycanlıları olan deputatların birgə səyi və ictimai təşkilat kimi formalaşan "Borçalı” Birliyi böyük işlər görər və hər iki dövlətin – Gürcüstan və Azərbaycan dövlətlərinin nəzər diqqətini həmin problemlərin həllinə yönəldə bilərlər. Belə olmasa, bütöv Qərbi Azərbaycan – Zəngibasar, Vedibasar, Göyçə, Zəngəzur, Ağbaba, Sərdarabad boşaldığı kimi, nə vaxtsa Borçalı da boşala bilər və itirilmiş torpaqların və ürəyimizdə düyün bağlayan dərdlərimizin biri də artar. Və yaxud Dərbənddə yaşayan 70 min Azərbaycan türkü və o taydaki az qala 35-40 milyon Azərbaycan türkü kimi öz məktəbləri, müəllimləri olmadığından, fars, ləzgi və ya avar dilində yazıb oxuyacaqlar. Bu isə tarix boyu faciələrin girdabında boğulan öz torpağını, yurdunu itirə-itirə bölünən, parçalanan Azərbaycan xalqı üçün böyük itkilərə aparıb, faciələrə səbəb ola.

Tarixin ibrət dərslərini öyrənib nəticə çıxarmayan millətlərin faciəsi başqaları üçün yox, ancaq onun özü üçün ibrət dərsinə çevrilir. Elə bu səbəbdən də zaman-zaman dillərdə dolaşan bir ibrətamiz xalq rəvayəti ilə tamamlayıram bu yazımı.

Allah betərindən saxlasın

 

 

...Deyirlər, bir nəfər səyyah coşqun çayın sahili ilə gedirmiş. Baxır ki, suda bir insan kəlləsi axır və o kəllə  axa-axa da deyir: "Ay Allah, betərindən saxla məni! Ay Allah, betərindən saxla məni!”.

Səyyah bu sözləri eşidəndə gülür və gülə-gülə deyir: "Ay bədbəxt, bundan da betər gününmü olacaq? Cansız, beyinsiz, qupquru kəlləsən. Bundan betər daha hansı gündən qorxub Allaha yalvarırsan”.

Səyyah bunu deyəndə görür ki, həmin quru kəllə iri bir qaya parçasına dəyib çilik-çilik oldu. Sümük qəlpələri ətrafa dağıldı. Səyyah kəllənin sulara qərq olan qırıqlarına baxaraq fikirli-fikirli: "Bədbəxt kəllə bu dağılmadan, çiliklənmədən qorxduğuna görə Allahdan yardım və ümid diləyirmiş” – deyərək yoluna davam edir.

...Doğrudan da bədbəxtləri Allah betərindən saxlasın. Elə bizi də...

 

Məmməd ƏFŞAN

Yazıçı-publisist 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}