Əhsən bizə, Zahid Oruc!

 

 Bu günlərdə Milli Məclisimizin möhtərəm deputatımız, şövkətli xalq elçimiz, çox hörmətli Zahid Oruc müəllim millətimizə bir xoş müjdə verdi. Bu xəbəri eşidən andaca çoxları kimi mən də dambara çalıb, diringə vurdum. Nəyə də vurmayaq? Az qala otuz ildir bu xəbəri gözləmirdi bizim üzdə düşmənə nifrət, ürəkdə sevgi-məhəbbət bəsləyən bir paramız?

Nəydi möhtərəm Zahid Oruc müəllimin millətimizə müjdə və sevinc paylayan xəbəri? Deputatın gül ağzından gülab kimi tökülən sözləri necə eşitmişəm, eləcə də deyirəm. O dedi ki, "ermənilər Bakıya qayıtmaq istəyirlər. Nə olar, qayıtsınlar. Ancaq bir şətlə, bizə güllə atmayıbsa, bizə düşmən münasibəti bəsləməyibsə, qanunlarımıza və bayrağımıza hörmət bəsləyəcəksə, buyurub gələ bilərlər”.

Kişi çox düz deyir! Ermənilər bizə nə vaxtdan düşmən olub? Bir iqlimdə yaşayıb, bir topağın suyunu içib, çörəyini birgə yemişik. Nə olsun ki, son 100-120 ildə üç-dörd dəfə bir dəstə azğın "dığa qırığı” bizə tərəf güllə atıb, beş-on nəfər kasıb-kusubu öldürüb, evimizə-çəpərimizə od vurub. Yəni deyirsiniz belə xırda-para şeylərdən yana min illik qonşularımızla umu-küsünü saxlayaq? Axı, biz tolerant millətik!

Amma bu xoş müjdəni xalqımıza çatdıranda iki yanlışa – səhvə yol verib Zahid Oruc müəllim. Birinci yanlışlıq odur ki, bunu Zahid Orucun özü də bilməmiş olmaz, deyir ki, "ermənilər Bakıya qayıtmaq istəyirlər”. Ayə, ay ürəyimin təpəri, düşmənimin çəpəri, məgər ermənilər Bakıdan getmişdilər ki, indi də geri qayıtmaq istəsinlər? Ayə, ay millətimin üzdə olan gül balası, nə tez yadından çıxdı Ulu Öndərimizin neçə il əvvəl neçə yol dediyi "Bakı şəhərində otuz min erməni gəlinimiz yaşayır”. Deməli, təkcə Bakıda 30 min erməni gəlinimiz yaşayırsa, onun otuz min erməniləşmiş əri də yaşayır, onunla birlikdə 130 min də törəməsi sarmaşıb sarmaşıq kimi şəhərimizin hər yerinə - küçəsinə, idarəsinə, müəssisəsinə... Mən hələ kimlərinsə əli ilə adını, soyadını dəyişən, dünənəcən erməni, bu gün isə xalis Azərbaycan türkü olanları demirəm. Əmin ol, Ermənistanla aramız azca düzələn kimi onlar yenidən erməni olacaq, inandığın Allahın böyüklüyünə and olsun! Mən də istəyirəm belə olsun və hər kəs öz adı ilə çağırılsın. Axı, biz tolerant millətik!

İkinci yanlışlıq da ondan ibarətdir ki, erməninin Bakıya, eləcə də Azərbaycana qayıtması xəbərini müjdələyənlərin nə birincisisən, nə də axırıncısı. Əzizim Zahid müəllim, əvvəli demirəm, son 100-200 ildən bəri erməniləri Azərbaycan torpağına çağıran da biz olmuşuq, rus çarlarının və canişinlərinin yağlı dillərinə, qızıl pullarına aldanıb, öz torpaqlarından ermənilərə pay verənlər də. İstəyirəm həmin "payölçənlərin” bir neçəsini barmaq hesabı verim, sənə.

Birincisi, möhtərəm həkim Nəriman Nərimanov idi ki, on birinci ordunun əsgərləri daşnak Ermənistan sərhədini Qazax tərəfdən keçməmiş bolşevik ermənilər Ermənistanda sovet hökuməti qurduqlarını elan edən kimi, yəni 1920-ci il noyabr ayının 30-da yoldaş Nərimanov Bakı Sovetinin iclasında erməni həmkarlarının bu qələbəsini sevincək bakılılara xəbər verib, özü də fəxarətlə demişdi: "Biz – Azərbaycan Sovet Respublikası Ermənistanla dövlət sərhədlərini ləğv edirik və Azərbaycanın Naxçıvan, Zəngəzur və Göyçə mahallarını erməni qardaşlara hədiyyə veririk”.

Bu hədiyyələrin davamını Azərbaycan dövlətinə başçılıq edən ermənilər və erməni qafalılar elədilər. Naxçıvan MSSR-in doqquz kəndini, Mehrini və onun ətrafındakı kəndləri Ermənistana pay verdilər, bu, iki.

Mir Cəfər Bağırov isə başqa yol seçib, bir erməninin təhriki ilə Ermənistan SSR ərazisi olan, min illərlə ana yurdu Qərbi Azərbaycandan Azərbaycan əhalisini allı-güllü yaylaqlardan, buz bulaqlardan dəf-daraqla Kür-Araz ovalığının ilan mələşən susuz səhralarına köçürdü. Səbəbi də o idi ki, həmin ərazilərdə köçkünlər yüz min hektarlarla pambıq əkib-becərəcək və respublika rəhbərliyi də mərkəzdən bir "malades” və bir də orden, medal alacaq. Belə də olmalı idi. axı, biz tolerant millətik!

Daha sonra 1984-cü ildə Ermənistanla olan sərhəd mübahisələrini eşidən Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi K.M.Bağırov Bakıdan Qazaxa qədər birnəfəsə yüyürüb, torpaqlarını, meşələrini ermənilərə vermək istəməyən camaata dil töküb, üz vurub: "Elə hesab edin ki, bu torpağı siz mənə hədiyyə edib pay verirsiniz” – dedi və min hektarlarla əkin-biçin sahələrini, meşələri ermənilərə verdi.

1989-cu il hadisələrində yenə də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Bakıdan və Azərbaycandan gedən erməniləri geri çağıraraq camaata gözaydınlığı verirmiş kimi, "Gözünüz aydın, ermənilər geri qayıdır”, - demədi?

Bəsdir, yoxsa yenə deyim? Bilirəm ki, Vəzirovdan və sizdən sonra hələ neçə ermənipərəstlər biz tolerant xalqa gözaydınlığı verəcəklər. Bilirsiz niyə? Ona görə ki, canbir, qəlbbir qohumlar, dostlar, əmilər, dayılar, xala-bibi oğlanları illərlə bir-birinin həsrətini çəkirlər.

Bu gəlişdən başqa məqsəd güdənlər də az deyil. Evtikən baronlar tikdikləri minlərlə binaların boş qalan saysız mənzillərini qayıdan ermənilərə satmaq, özlərinin mülklərini, villalarını zövqlə qurmaq, daha gözəl və üzüyola katibələr saxlamaq qərarındadırlar. Axı, ermənilər bu işlərin mahir ustaları, pərgarlarıdırlar.

İnanın mənə, Zahid müəllim. İstəyirəm mən də bizim kənd evinin birindən on il öz evi kimi istifadə edən və düz qırx il xeyir-şər süfrəmizin başında oturan Asadur kişinin oğlu Ərtuna tel vurub qonaq çağırım. O Ərtuna ki, kəndimiz basılanda bizim min zillətlə tikdiyimiz evimizi həmin Asadurun nəvəsi, Ərtunun oğlu Xacik yandırıb, külünü də göyə sovurub. Neynək, canı sağ olsun, yandırıb, yenisini tikərik. İndi bir ev üçün yüz illik dostumuzdanmı küsəcəyəm? Axı, biz dostsevər, qonaqpərvər və tolerant millətik.

Belə olmasaydı, 1918-ci ilin mart qırğınının ən böyük canisi (üç gündə onun birbaşa təşkilatçılığı ilə 12 mindən çox günahsız azərbaycanlı qətlə yetirildi) İrəvandan Bakıya, Dərbənddən Lənkərana, Qazaxdan Qarabağa, Zəngəzura, daha uzaq bölgələrə qədər uzanan Azərbaycan ərazisində erməni başkəsənlərinə arxalanaraq, bolşevik-erməni dövləti qurmaq iddiasına düşən və həmin məqsədlə də Qubada, Şamaxıda, Salyanda, Qarabağda, Zəngəzurda, Vedibasarda, İrəvanda, Göyçədə yüz min insanın qanına susayan daşnak-bolşevik Stepan Şaumyana və digər ermənilərə - Baqranyana, Stepanyana möhtəşəm heykəllər yapıb, muzeylər qurmuşduq. Bakının küçələrini, prospektlərini, rayonlarını, şəhərlərini, müəssisələrini, kolxozlarını əlləri azərbaycanlı qanına batan ermənilərin adları və şəkilləri ilə bəzəmişik. Nə olsun onlar təkcə bir il ərzində (1920-ci il 28 apreldən 1921-ci il 1 mayadək) 42 min azərbaycanlını, üstəlik də 1917-1918-ci illərdə ermənilərə güllə atanları həmin o mikoyanlar, minasyanlar və mirozyanlar rus silahı ilə güllələmişdilər. Nə olsun qırmışdılar? Axı, biz tolerant millətik.

Deyəsən, möhtərəm deputatımız Zahid Orucun çağırışı öz bəhrəsini verib. Budur, bir neçə gündür ki, millətimizin say-seçmə oğlanları bir-iki ermənini salıblar yanlarına, Bakının hər guşəsini – Şəhidlər Xiyabanını, Dənizkənarı parkı, erməni kəndində tikilən çoxmərtəbəli binaları, hətta Sumqayıtı və qeyri yerləri gəzdirirlər. Əhsən bizə! İnşallah, bu, başlanğıcdır. Gələcəkdə çox yerləri qarış-qarış gəzdirəcəyik, hətta "Gülüstan” sarayında Bakıya gələn ermənilərin şərəfinə böyük qonaqlıq da təşkil edəcəyik. Axı, biz qonaqpərvər, tolerant millətik!

Bu tolerant millətin tolerant və qonaqpərvər oğlu kimi mənim də bir arzum var. İstəyirəm ki, dədə evimi yandırıb külünü göyə sovuran köhnə dostum Ərtunun oğlu Xacikin xoş gəlişi və toy-büsatlı görüşü zamanıxalqsız xalq artistlərindən üzdə olan bir neçəsini çağırım ki, həmin şənlikdə bizim üçün ürəkdən gələn bir şövqlə oxusun:

 

Kür, Araz, Ararat,

Gözəldir bu həyat.

Qardaş olub Hayestan –

Azərbaycan!

 

<!      Doğrudan da əhsən bizə!

                                                                                          Məmməd Əfşan,

"Yeni Sözçü" qəzeti




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}