Mikayıl Cabbarova qarşı cəbhə böyüdü

 Bir zamanlar YAP-ın ikinci şəxsi olan Əli Nağıyev Təhsil Nazirliyini topa tutdu

 

Təhsil naziri Mikayıl Cabbarovun hazırkı vəziyyəti sələfi Misir Mərdanovun nazir postundakı son aylarını xatırladır. Diqqətli oxucuların yadında qalmış olar, Misir Mərdanov da istefaya göndərilməmişdən bir neçə ay qabaq çox ciddi tənqidə məruz qalmağa başladı. İş o yerə gəlib çatmışdı ki, Misir Mərdanovun tənqidinə iqtidarın əsas simaları da qoşulmuşdu. Prezident Adminstarsiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin işə götürmək üçün savadlı kadr tapılmaması haqqında fikiri təhsil sisteminin ən ciddi tənqidi hesab olunurdu. Təhsildəki nöqsanlarla bağlı belə tənqidlərdən sonra Misir Mərdanov istefaya göndərildi. İndi də oxşar proses Mikayıl Cabbarovun ətrafında gedir. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor və ən əsası Yeni Azərbaycan Partiyasının qurucularından biri Əli Nağıyev mətbuata müsahibə verib və ölkədə təhsilin yarımcan vəziyyətdə olduğunu bəyan edib.

Əli Nağıyev əsassız və səbəbsiz belə kəskin bəyanatlar verən bir şəxs deyil. Eyni zamanda 1993-cü ildən siyasi səhnədə əsas simalardan birinə çevrilən Əli Nağıyev mövcud hakimiyyətin daxilində baş verən proseslər haqqında ən məlumatlı şəxslərdən biri hesab olunur. Buna görə də onun təhsilin vəziyyəti ilə bağlı işlətdiyi sərt ifadələr əsassız və səbəbsiz ola bilməz. Qeyd edək ki, Əli Nağıyev müsahibəsində çoxsaylı yeni məktəblərin tikilməsini və mövcud məktəblərin təmir olunmasını xüsusi vurğulayıb, ancaq bütün bunlara baxmayaraq təhsilin vəziyyətinin pisləşdiyini qeyd edib. Bir zamanlar YAP-ın ikinci şəxsi olan Əli Nağıyevin dediklərindən bu məna çıxır ki, dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Təhsil ocaqlarının maddi-texniki bazası güclənib. Ancaq Təhsil Nazirliyi təhsilin səviyyəsini yüksəldə bilməyib:"Əgər 10 il qabaq ali məktəblərə ən aşağı qəbul balı 300 idisə, indi 150-dir”. Əli Nağıyev bununla demək istəyib ki, on il əvvələ nisbətən indi təhsilin keyfiyyəti iki dəfə aşağı düşüb: "Bu dəhşətdir və prezidenti, milləti aldatmaqdır”. On il əvvəl də təhsildəki problemlərdən danışdığını qeyd edən Əli Nağıyev indiki fikirlərinin təsadüfi olmadığına və kimsəyə qarşı yönəlmədiyinə diqqət çəkmək istəyib. Yaranmış vəziyyətdən çıxış yolu kimi sabiq nazir təhsil nazirinin proqramı olmasını qeyd edib. Əli Nağıyevə görə, prezidentə təhsili yarımcan vəziyyətdən qurtarmaq üçün 1, 3, 5, hətta 10-cu tədbirin nədən ibarət olacağını da məruzə etməlidir. Bu işlər görülsə, 3 ildən sonra nə baş verəcək, 5 ildən sonra hansı nəticəni əldə edəcəyik hamısı proqramda öz əksini tapmalıdır. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovu proqramsızlıqda ittiham etmək mümkün deyil. Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında prezidentin 2014-cü il 24 iyul tarixli Sərəncamı əslində təhsildə yeni mərhələnin başlanğıcını qoymalı idi. Təəssüf ki, həmin sərəncamın imzalanmasından iki il yarım keçsə də, sənəddə əksini tapan məsələlərin böyük əksəriyyəti həyata bu gün də keçməyib. Qeyd edək ki, bu sərəncamdan təxminən bir il əvvəl, 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamla "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdi.

 Ancaq nə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, nə də Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncamlarda nəzərdə tutulan vəzifələr həyata keçirilməyib. Son zamanlar baş verən bəzi hadisələr göstərir ki, bu iki sərəncamda nəzərdə tutulan tədbirər həyata keçirilməsə, vəziyyət daha da pisləşəcək. Məsələn, təhsil naziri Mikayıl Cabbarov rayon təhsil şöbələrindən birinin rəhbərinin vəzifəsinin uyğun olmadığı haqqında icra başçısının qarşısında rəsmi şəkildə məsələ qaldırır. Ancaq nazirin həmin məktubu mətbuata sızana qədər təhsil şöbəsinin müdiri vəzifəsini icra etməkdə davam edir. Yaranmış vəziyyətlə bağlı məlumat mətbuata sızandan sonra icra başçısı məcbur qalıb, təhsil şöbəsinin müdirinivəzifəsindən azad edir. Ağcabədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovla bağlı baş vermiş bu hadisənin davamı da var. Məsələ ondan ibarətdir ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Mehdi Əhmədovdan sonra təhsil şöbəsinin müdiri vəzifəsinə rayondakı orta məktəblərdən birinin direktoru olan Solmaz Rəhimova adlı şəxsi təyin edib. Halbuki, Maliyyə Nazirliyi Ağcabədi rayon Təhsil Şöbəsində və məktəblərində apardığı yoxlama zamanı Solmaz Rəhimovanın direktor olduğu məktəbdə 38 min manatlıq maliyyə pozuntusu aşkarlayıb. Maliyyə Nazirliyinin yoxlamasının nəticəsi hal-hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Əgər hər hansısa qəti tədbirlər görülməsə belə, haqqında 38 min manatlıq maliyyə pozuntusu olan bir şəxsin Təhsil Şöbəsinə müdir təyin olunması heç bir səbəblə izah edilə bilməz. Bütün bunlar ilk növbədə Təhsil Şöbələrinin yerli icra hakimiyyətlərindən asılı olmasının nəticəsidir. Buna görə də əsas vəzifə Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamının tam icrasına,  regional idarələrin yaranmasına nail olmaq lazımdır. Bu stuktur islahat təhsilin inkişafına ciddi təsir edə bilər. Əks halda təhsil işçiləri təhsillə bağlı proseslərə deyil, kənd təsərrüfatı məhsullarının yığımına cəlb olunacaqlar. Təhsil sektorunda yaranan dəhşətli vəziyyət  onun yarımcan olması haqqında bəyanat və açıqlamalar isə dedi-qodu olaraq qalacaq.

 

Azad Aydın,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}