Nədən bu gün BORÇALI aktual məsələdir?

Nədən bu gün BORÇALI aktual məsələdir?

 

Türk Qafqazda zəif duruma düşəndə ilk itirən Borçalı olur

28 noyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Borçalı” İctimai Birliyinin 1993-cü ildən sonra ilk dəfə olaraq, genişmiqyaslı böyük bir toplantısı keçirildi. Təhsil və dilçilik sahəsi üzrə əksər mütəxəssislər bu böyük toplantıda iştirak edirdilər. Çoxsaylı təkliflər irəli sürüldü. BDU-nun prorektoru Sani Hacıyev, keçmiş təhsil naziri Firudin Ağasıoğlu, AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, APU-nun prorektoru Məlikməmməd Cəbrayılov və digər ünlü mütəxəssislər fundamental səviyyədə Borçalıda  gün ana dilimizin problemlər, onun həlli yolları haqqında çıxış etdilər. Bölgədə yaranmış durumun yenidən kəskin xarakter alması barəsində isə HƏYƏCAN TƏBİLİ çalındı.

Tarixin acı gerçəkləri

Tarixi, mədəni, etnoqrafik və sosial düzəndə Qafqazda tarix boyu ağır sosial və qlobal gərginliklərin çöküşü başlayan kimi, dərhal "fürsətçilik” adlı sindrom gündəmə gəlir. Belə bir məqamda çoxlabirintli hədəflərə hesablanmış prosesdə bütün hücumlar ancaq biz türklərə qarşı tuşlanır. Son min illik tariximizi diqqətlə incələsək minlərlə faktı sadalamaq mümkündür. Gəncə Qapısından tutmuş üzü bu yana belə bir davamlı siyasət son iki yüz ildə daha da səhşətli xarakter almağa başlamışdır. Elə buna görə də, tarixi torpaqlarımız bir-bir əlimizdən gedir. Bütün bunlar azmış kimi, işğal edilmiş ərazilərimizdə assimliasiya olunmaq təhlükəsi ilə, ya da oradan tamamilə deportasiya ilə üzləşirik. Ermənistan və qondarma Darğlıq Qarabağ ağrımız məhz buna görə mövcuddur. Xəzər imperatorluğu dönəmindən başlayaraq, dalğavarı şəkildə ən böyük sarsıdıcı zərbələr məhz Borçalıya dəyib. Keçmiş Sovetlər Birliyi dönəmində Borçalının tarixi əraziləri indiki durumundan bir neçə dəfə kiçildilərək indiki halına gətirilib. Bütün bunlar azmış kimi, indi də Borçalıda yaşayan 600 minlik soydaşımızın beynəlxalq birliyin apardığı dərin siyasətin nəticəsində tamamilə assimliasiya olunması hədəfləri ortaya qoyulub. Avropa Birliyi bu strategiyanı vaxtilə indiki Bolqarıstan, Rumıniya, Yunanıstan, Balkanlar və Skandinav yarımadaları, Macarıstan və digər bölgələrdə çoxdan təcrübədən keçirib. Rusiya məhz bu taktika ilə hərəkət edərək Krım və Quzey Qafqazda həmin strategiyandan bəhrlənmək siyasətini yürüdür. Qafqazın etnosiyasi mənzərəsində antitürk hədəflərin coğrafi mənzərəsinin acı gerçəyi bu gün daha geniş miqyasda özünü göstərməkdədir. Dağıstan, Çeçenistan, Kabarda-Balkar və Qaraçay-Çərkəzdə noqay, kümük, qaraçay, balkar, türkman, Ahısqa və Azərbaycan türklərinin inkarı siyasəti son 25 ildə daha dözülməz həddə çatıb. Tarixi və ənənəvi nəqliyyat yoları, etnomədəni proseslər, beynəlxalq əlaqələr və münasibətlər məhz Qafqaz anlamında Borçalı üzərindən təmərküzləşib. Çox yaxın dönəmdə Qafqaz yenidən dünyanın ən çox diqqət çəkən məkanına çevriləcək. Belə ki, Transqafqaz Yolu ilə dəmir yollarının açılması, TANAP və TAP layihələrinin işə düşməsi, neft və təbii qaz kəmərlərinin Türküstan (Orta Asiya) -Qafqaz-Türkiyə-Avropa anlamında bütünləşməsi Qafqazın önəmini dünya çapında ön sıralara çıxaracaq. Beləliklə də türkün önəmi də bu prosesdə öndə olacaqdır. Ona görə də, Gürcüstanda xüsusilə 1949-cu ildən bu yana "gürcüləşmiş” erməni kadr siyasəti sayəsində bu prosesdə öncələrdə Moskvanın dəstəyi ilə bu acı həqiqətləri gerçəkləşdirilirdisə, bu dəfə antitürk prosesinə beynəlxalq birliyin də cəlb edilməsi təhlükəsi dərinləşə bilər. Ona görə də bizlər Borçalı məsələsində daha həssas olmaqla yanaşı, gözlənilən bütün sapıntıların qarşısını almağa məhkumuq.

Dil bir millətin varlığı və onun namusudur

Keçmiş Sovetlər Birliyi dağılandan sonra, "Gürcüstan gürcülər üçündür” şüarı ilə irəli çıxan hərəkatın sayəsində bu gün qondarma "Abxaziya” və "Güney Osetiya” sindromu yaşanılmaqdadır. Hələ bu azmış kimi, "Cevaxk” (Ahısqa) problemi gündəmə gəlsəydi, faktiki olaraq Gürcüstan dövləti yox olardı. Məhz Azərbaycan və Gürcüstan dövlətlərinin birgə səyləri nəticəsində bu sindrom dəf edildi. Elə bu prosesdən sonra, Gürcüstan bir dövlət olaraq addım-addım irəliləməkdədir. 1918-1920-ci illərdə olduğu kimi, 1991-1994-cü illərdə də Borçalı Türkləri Gürcüstanın ərazi bütünlüyü uğrunda böyük bir mücadilə vermişlər. Bu milli davada bir nəfər də olsun erməninin adını çəkmək qeyri-mümkündür. Azərbaycanın milli şairi Tehran rejiminə üz tutaraq vaxtilə belə bir misra yazmışdı:
"Ey İran qəsrini əlilə tikən,
İrandan hər zaman bəlalar görən”.
Bu gün Gürcüstanın bir dövlət olaraq, inkişafında və mövcudluğunda tarixdə olduğu kimi böyük fədakarlıqlar göstərən Borçalı Türklərinə qarşı ögey münasibətlərin sərgilənməsi gerçəkdən üzücüdür. Gürücüstan qanunvericiliyinə əsaslansaq, əhalinin say tərikibinə görə ölkə parlamenti və hökuməti formalaşdırılmalıdır. Borçalı Türkləri məhz bu faktlar əsasında parlamentdə azından 15-20 millət vəkili ilə təmsil olunmalıdırlar. Ancaq, min dəfələrlə təəssüflər olsun ki, onların bu hüquqları əllərindən alınıb. Qanunla yerli özünü idaraetmə strukturlarında həmin bölgədə yaşayan vətəndaşlar təmsil olunmalıdırlar. Ancaq, bu hüquqlar da Borçalı Türklərinin əlindən alınıb. Ölkənin ərzaq təhlükəsizliyini təmin edən Borçalı Türkləri bunca strateji önəm daşıyan istedadını göstərə bilirsə, deməli digər sahələrdə də bu gücünü və qüdrətini ortaya qoya bilər. Dövlət quruculuğu məsələsində faktiki olaraq, Borçalı Türkləri tammailə "qapı arxası”nda qalmış durumu yaşamaq zorunda qalıblar. Bütün bunlar azmış kimi, "dövlət dili” statusu bəhanəsi ilə Borçalıda Türk dilinin unutdurulması prosesinə start verilib. Ana dilində təhsil və bu yöndə yeni kadrların hazırlanması məsələsi Gürcüstan dövlətinin maraq dairəsinə aid sayılmır. Azərbaycanın bu prosesdə iştirakını isə yaxına buraxmır. Halbuki, Ermənistan-Gürcüstan anlaşmaları sayəsində Cavaxetiya (Ahısqa) vilayətində yaşayan və bu gün faktiki olaraq sayları 120 min nəfər olan ermənilər üçün İrəvanda din xadimlərinin, dil və ədəbiyyat üzrə müəllimlərin, mədəniyyət və KİV sahəsində kadrların hazırlanır. Belə bir proses Borçalı Türklərinə görə bürokratik əngəllərlə yasaq edilib. Ermənistan nazirlər kabinetinin yanında Gürcüstana yönəlik "Erməni Cevaxk Bölgəsi” adlı qurum fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən və xarici dövlətlərdəki erməni diasporunun ianələri sayəsində "Erməni Cevaxk Bölgəsi”ndə erməni etnik varlığının qorunub saxlanılmasına dəstək verilir. Bütün bunlar iki dövlət arasında qarşılıqlı anlaşmalar yolu ilə tənzimlənir. Borçalı Türkləri ermənilərdən fərqli olaraq, heç bir zaman Gürcüstan dövlətinə qarşı nə etnik bölücülük siyasətində, nə də bu ölkəyə qarşı hər hansı bir defolt oyunlarda iştirak etməyiblər. Onların sadəcə ana dilində təhsil almaq, mədəniyyətini qoruyub saxlamaq, milli kimliyinin düzəni ilə yaşamaq ilgiləndirib. Son bir neçə ildə bu hüququ da Borçalı Türklərinin əlindən almaq üçün aparılan siyasət artıq Türkün milli varlığına qarşı gizli bir hədəfin görünən tərəfi kimi dəyərləndirmək olar. Borçalı Türklərinin əlində olan yeganə statusundan məhrum edilməsi yönündə aparılan siyasətin qarşısı dərhal alınmalıdır. Bu proses acı da olsa, sabah daha dərin qatlara qədər inkişaf edə bilər. Unutmaq olmaz ki, dil bir millətin varlığı, həm də onun namusu deməkdir.

Nədən bu gün BORÇALI aktual məsələdir?

 Ana dili siyasətindəki beynəlxalq təcrübələr

Fransa, Almaniya, İngiltərə, İtaliya, İspaniya, Portuqaliya, Rusiya, İsveç, İran, Türkiyə və digər dövlətlər öz ərazilərindən kənarda yaşayan soydaşlarının etnik kimliyinin qorunub saxlanılması üçün hər il dövlət büdcəsindən onmilyonlarla dollar vəsait xərcləyir. Təhsil siyasətini özəlliklə xüsusi diqqət mərkəzində saxlayır. Gürcüstan kimi imkanları məhdud olan dövlət İran, Rusiya, Ukrayna, Azərbaycan və digər ölkələrdə yaşayan soydaşlarının ana dilini və mədəniyyətlərini unutmamaq üçün hər il Tiflis, Batum, Rustavi, Kutaisi, Qori və digər şəhərlərdəki universitetlərdə dövlət büdcəsi hesabına kadrlar hazırlayır. İran "farsdilli xalqlar” və "şiəlik” doktrinasına uyğun öz universitetlərində Tacikstan, Pakistan, İraq, Suriya və digər ölkələr üçün kadrlar yetişdirir. Türkiyə Moldova, Rumıniya, Kosovo, Makdedoniya, Sloveniya, Serbiya və Bolqarıstanda yaşayan türklər üçün öz büdcəsi hesabına həmin dövlətlərdə yaşayan soydaşlarına kadrların yetişdirir. Faktiki olaraq Güney Amerikanın bütün dövlətləri üçün İspaniya və Portuqaliyada kadrlar hazırlanır. Ermənistan İran, Liviya, Suriya, Gürcüstan, İsrail, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna, Qazaxıstan, Belorus və digər dövlətlərdə yaşayan soydaşları üçün ana dili, din və mədəniyyət istiqamətində öz universitetlərində kadrlar yetişdirir. Fransa, İngiltərə, Almaniya və Rusiya isə nəinki öz soydaşları üçün, hətta başqa xalqların onların dilini öyrənmələri siyasətini dövlət düzəni adına doktrinaya çeviriiblər. Min dəfələrlə təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan Borçalı Türkləri məsələsində bütün məsuliyyətləri boyunlarından atırlar. Borçalıda ana dilində təhsil almaq kimi problem faktiki olaraq çözülməmiş bir durumdadır. Hər il orta məktəblərimizin sayı da azalmaqdadır. Bu problemin həll edilməsinin haraya qədər davam edəcəyi bəlirsizlik sindromuna yuvarlanıb. Unutmaq olmaz, 1935-ci ilə qədər Qafqazda xalqlar arasında anlaşma dili Türk dili olub. Güney Qafqazda Azərbaycan Türkcəsi, Quzey Qafqazda isə Kumuk Türkcəsi. Biz demirik ki, tarixin təkərini geri döndəmək gərəkdir. Azından bizlər harada yaşayırıqsa, orada ana dilində təhsil almaq və milli mədəniyyətimizi qorumaq üçün çalışmalıyıq. Bu məsələnin çözüm yolları bəsit və çox sadədir. Bunun üçün Tiflisdəki universitetlərin birində, ya da iki dövlət arasında anlaşma yolu ilə Azərbaycanda kadrların hazırlanması o qədər də böyük problem deyil. Necə ola bilər ki, Gürcüstanda ingilis, fransız və almandilli universitetlərin sayı artıq 50-ni ötüb, ancaq, öz vətəndaşları olan xalqların ana dilində təhsili üçün bunca bürokratik əngəllər illərlə davam edir. Borçalı Türklərinə bunca həqarətlə münasibət sərgiləmək, onun varlığını inkar etmək, ən adi insani hüququ olan ana dilində təhsil almaq, kadr yetişdirmək kimi siyasətlərə son qoyulması bəşəri bir faciədir. Gürcüstan Azərbaycan dövlətinin sayəsində özünə bir qardaş ölkə kimi hər zaman tapınıb. Bu ölkənin varlığı üçün Azərbaycan və Borçalı Türklərinə minnətdar olmaq olmaq əvəzinə, inkar yolunu tutmaq gerçəkdən böyük bir rəzalətdir. Fikrimizcə, bu gün Borçalı ilə bağlı problemlərin daha çox qabardılması qeyd etdiyimiz kimi, Qafqazın tale məsələsidir. Qafqaza olan ilgi artıq çox yaxında dünyanın aparıcı strategiyası ilə uzlaşması deməkdir. Bu hədəflərə "paxıllıq” etmək, başqalarını inkar yolunu tutmaq heç kimə uğur gətirməyəcək. Bu gerçəyi dərk edərək Borçalı Türklərinin bütün hüquqlarını tanmaqla mövcud sorunlar sözülə bilər. 28 noyabr tarixində "Borçalı” İctimai Birliyinin keçirdiyi toplantıda məhz bu məsələnin həlli yolunun elmi-konseptual yollarını ortaya qoyuldu.

"Yeni Sözçü” qəzetinin Analitik Qrupu  



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}