"BİZ ÖZÜMÜZÜ QALİB HESAB EDİRİK"

 

Əhməd İmamquliyev: "Gürcüstan tarixində ilk dəfə 10 min azərbaycanlı seçici müxalifət partiyasının namizədini dəstəklədi”

"Hər bir azərbaycanlıya hədə-qorxu gəlirdilər ki, siz Əhmədə səs verməklə Gürcüstan dövlətçiliyinə zidd gedirsiniz”


"Qızılhacılıda olan proses elə bu hakimiyyətin özü tərəfindən qurulmuş bir oyun idi”

"Hətta Azərbaycan dövlətinin maraqları olsa belə, mən belə düşünürəm ki, bu cür addım düzgün deyildi...”


Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərində Marneulinin Qızılhacılı kəndində baş verən xoşagəlməz hadisələr 6 nəfər soydaşımızın həbsi ilə nəticələndi. Onlardan 1 nəfər artıq azad edilsə də, 5 nəfər gənc hələ də həbsdədir. Biz, "Hürriyyət” olaraq, bu və digər məsələlərlə bağlı Gürcüstanın hakim "Gürcü arzusu” Partiyasının deputatı Ruslan Hacıyev, ana müxalifətin – Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov, eləcə də Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Kvemo-Kartli qubernatorunun keçmiş birinci müavini Hüseyn Yusubovla görüşüb, onların baş verən hadisələrləbağlı fikirlərini oxucularımıza çatdırmışıq. Bu dəfə isə, seçkilərdə daha çox diqqət mərkəzində olan, Vahid Milli Hərəkat Partiyasının Marneulidən majoritar namizədi, seçkilərin birinci turunda qalib gəlməsinə baxmayaraq, ikinci turda "Gürcü arzusu”nun namizədinə uduzduğu elan olunan Əhməd İmamquliyevin baş verənlərlə bağlı mövqeyini dərc edirik:

- Əhməd bəy, ilk olaraq bilmək istərdik ki, Marneulidə nə baş verirdi və yaranmış qarşıdurmanın kökündə nə dayanırdı?

- Marneulidə sadəcə seçki prosesi gedirdi. Bəs, bu seçkilər necə keçirdi? Məncə, biz bunu müzakirə etsək, daha yaxşı olar. Çünki, seçki ilə bağlı olan çoxsaylı qanun pozuntusuna yol verildi. Bu nə idi? İlk öncə "Gürcü arzusu”nun liderləri bizə şər atmaq, bizi ləkələməklə məşğul idilər ki, guya biz milli münaqişə yaradırıq. Bunlar səhv addımlar idi. Arxasınca isə artıq hədə-qorxu gəlməyə başladılar. Təkcə bizə yox, Marneuli rayonunda yaşayan hər bir insana, Gürcüstan vətəndaşı olan hər bir azərbaycanlıya hədə-qorxu gəlirdilər ki, siz Əhmədə səs verməklə milli məsələ qaldırırsınız, Gürcüstan dövlətçiliyinə zidd gedirsiniz və s. Təəssüf ki, hətta artıq parlamentin deputatı olan Ruslan Hacıyev və s. şəxslər də bu mövqedə idilər. Onlar bu günə kimi də elə düşünürlər ki, hakimiyyətə qarşı getmək dövlətə qarşı getməkdir. İnsanlara deyirdilər ki, siz Gürcüstanın dövlətçiliyinə qarşı çıxırsınız. Bu kimi yollarla xalqa hədə-qorxu gələrək, seçiciləri bizdən uzaqlaşdırmağa çalışırdılar. 
Bilirsiniz ki, bu, birinci turda alınmadı. Biz birinci turda qalib gəldik, birinci yerə çıxdıq. Cəmi iki faiz səs çatmadı ki, deputat mandatını əldə edək. Amma, buna baxmayaraq, biz mübarizəmizi davam etdirdik. İkinci turda da artıq hüquq mühafizə orqanları, hərbi və təhlükəsizlik orqanları, maliyyə şöbələrinin, bir sözlə, bütün dövlət strukturlarının əməkdaşlarından istifadə edib xalqı qorxutdular. Hətta şəxsi firmalarda işləyən insanlara da hədə-qorxu gəlirdilər ki, sizin hamınızı işdən çıxaracağıq. Tələbələrə deyirdilər ki, Əhmədə səs versəniz, sizi universitetdən azad edəcəyik. Belə hədə-qorxudan, qanun pozuntusundan sonra, baxmayaraq mandat əldə etmədik, biz özümüzü yenə də qalib hesab edirik. Bizim tərəfimizdə olan gənclər, ortayaşlı nəslin nümayəndələri, ağsaqqallar və bütün insanlar hamımız qalib kimi bir-birimizi təbrik etdik. Çünki, hesab edirik ki, biz qalib gəldik. Bizim əlimizdə bir nəticə var ki, Gürcüstan tarixində ilk dəfə 10 min azərbaycanlı seçici müxalifətin tərəfinə keçib, müxalifət partiyasının namizədini dəstəklədi. Biz ona görə qalibiyyətimizi qeyd etdik və artıq inteqrasiya dediyimiz elə budur. Biz bunu əldə etdik.

- Seçkilərin ikinci turu ərəfəsində Qızılhacılı kəndində qarşıdurma baş verdi və 6 gənc həbs olundu. Hesab edirsiniz ki, bu proseslər məhz sizə görə baş verdi?

- Yox, tam tərsi. Mən düşünürəm ki, orda – Qızılhacılıda olan proses elə bu hakimiyyətin özü tərəfindən qurulmuş bir oyun idi ki, çağırıb gəncləri, ümumiyyətlə əhalimizi qorxutsunlar və bizə dəstək vermələrinin qarşısını alsınlar. Çünki, siz bəlkə mediadan görmüş olarsınız, orda olan prosesdə mən yox idim. Mən o prosesə sonra getdim və gəncləri sakitləşdirdim. Biz, ümumiyyətlə, hər bir insana demişdik ki, qanun pozuntusuna yol verməyə ehtiyac yoxdur, çünki biz qalib gəlirik. Sonucda da bu nəticəni göstərdik ki, biz həqiqətən qalib gəlirik. Yəni hər hansı qanun pozuntusuna yol verməyə bizim ehtiyacımız yox idi. Bu hadisələr də təbii ki, bir tək "Gürcü arzusu”na sərf edirdi. Bunu kimin əli ilə və necə başlatdılar, hələ biz bilmirik...

- Hesab edirsiniz ki, bu hadisələr öncədən hazırlanmış təxribat idi?

- Bu, yüzdəyüz təxribatdır. İnsan bu hadisələrin əvvəlindən axırına gələndə, bunu tam dərk edir. Yəni burda belə bir proses oldu və 6 nəfəri həbs etdilər. İkinci tura bir gün qalmış isə bir nəfəri buraxdılar və ona dedirtdilər ki, siz "Gürcü arzusu”na səs verin, bütün uşaqları buraxacağıq. Odur ki, bu təxribat və eyni zamanda gənclərin taleyi ilə oynamaq idi. 

- Bəs o gənclərin taleyi necə olacaq, siz bununla maraqlanırsınız?

- Gənclərin taleyi... Siz bəlkə tanıyırsınız, eşitmiş olarsınız, burda Qafqaz Müsəlmanları İdarəsinin Alı Alıyev adlı nümayəndəsi var. O insan həmin gənclərin taleyi ilə oynadı. Onların valideynlərinə söz verdi ki, noyabrın 6-na kimi biz bu gəncləri buraxdıracağıq. Yəni oktyabrın 30-da seçki idi, dedi ki, ayın 2-dən 6-na qədər biz buraxdıracağıq. Amma heç kəsi buraxdırmadı. Alı Alıyev, Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndəsi Anar Nurmamedov, hətta o idarənin rəhbəri Ramin İgidov – bunlar düşdülər bütün kəndlərə və belə şayiələr yaydılar ki, əgər siz "Gürcü arzusu”na səs verməsəniz, o gənclərə iş verəcəklər, hətta bəzi gənclər, cavanlar yenə həbs olunacaq. Yəni bu kimi sözlərlə xalqa yalan məlumat verib, insanları "tupik”ə saldılar.

- Bəs, siz hesab edirsiniz ki, o gənclərə iş veriləcək?

- Yox, mən bildiyim qədərilə o gənclərə iş verilməyəcək. Çünki, bu, sadəcə siyasi oyuna görə lazım idi. Bu oyunun yazarı hakimiyyət partiyası idi, icraçıları da bayaq adlarını çəkdiyim insanlar. Və onlar istədikləri nəticəni əldə edə bildilər. Amma mənim düşüncəmə görə, şərt parlament deputatının mandatını əldə etmək deyildi. Əsas o idi ki, Gürcüstanda artıq milli azlıqların səsi, haqları tələb olunub və qorunmalıdır.

- Seçkidən bir gün əvvəl Ramiz Həsənovun Marneuliyə səfər edərək, sizin rəqibiniz – "Gürcü arzusu” partiyasının namizədi Tamaz Naveriani ilə görüşməsi haqda hansı düşüncədəsiniz?

- Sözün düzü, mən bu haqda heç nə düşünmürəm. Əgər bu Azərbaycan dövlətinin addımı idisə, o Azərbaycan dövlətinin özünə bağlı olan bir siyasətdir. Çünki mən ilk öncə Gürcüstan vətəndaşıyam. Azərbaycan bizim milli vətənimizdir, amma Gürcüstan bizim vətənimizdir, hansı ki, dövlətçilyini, dövlət bütövlüyünü, dövlət maraqlarını qorumağa biz vadarıq və qoruyacağıq. Əgər Ramiz Həsənov Azərbaycan dövlətinin maraqlarını qoruyurdusa, yenə deyirəm, bu onun şəxsi fikri, düşüncəsi olar bilərdi. Şəxsi deyil, artıq dövlət düşüncəsidirsə, biz ona qarşı mənfi bir söz deyə bilmərik. Amma pis hal baş verdi... Hətta Azərbaycan dövlətinin maraqları olsa belə, mən belə düşünürəm ki, bu cür addım düzgün deyildi. Çünki ən azından bizim milli vətənimizdir. Burda yaşayan azərbaycanlıların taleyi ilə oynamaq kimi alındı. Mənim düşüncəm bu cürdür.

- Həmin səfər zamanı Ramiz müəllimlə görüşə bildiniz?

- Bəli, Ramiz Həsənovla bizim görüşümüz oldu. Təbii ki, bu mətbuatdan və hər şeydən kənar oldu. Görüşümüz sırf onunla bağlı oldu ki, regionda qarşıdurma baş verməsin. 

- Seçki sonrası svan və azərbaycanlılar arasında qarşıdurmasının olması ilə bağlı təxribat xarakterli informasiya yayıldı. Sizcə, bu informasiyanın yayılmasında hansı qüvvələr maraqlı idi?

- Bununla bağlı mənə də Azərbaycandan jurnalistlər zəng vurmuşdu. Mən həmin proses baş verəndə onlara da dedim... Bazarda bir qadın dünyasını dəyişdi, öldürdülərmi, öldümü, onun haqqında gərək rəsmi arayış olsun. Bəs, bu milli məsələ idimi? Xeyr. Bu, özü-özlüyündə olan bir səhv proses, qanun pozuntusu idi. İnsanı öldürmək qanunlara qarşı durmaqdır. Amma Gürcüstanda hansısa azərbaycanlı ilə başqa bir millətin nümayəndəsi arasında qarşıdurma yaranarsa, bu o demək deyil ki, milli qarşıdurmadır. Çox təəssüflər olsun ki, Azərbaycanın bəzi saytları, bəzi kanalları xalqa bununla bağlı səhv məlumat ötürdülər və mən orda jurnalistlərin günahını daha çox görürəm. Çünki bu, ocağın üzərinə neft tökmək kimi bir şey idi. Bəlkə burda kiminsə marağı var idi, amma istəyirəm bilsinlər ki, biz Gürcüstan azərbaycanlıları buna icazə vermərik. Gürcüstan bizim vətənimizdir, biz öz vətənimizdə, heç bir millətlə qarşıdurmaya icazə vermərik. 

- Həmin qadının ölümünə səbəb olan insan həqiqətən də svan millətindən idi?

- Yox. Biz araşdırdıq. O, svan kökənli deyil, Acariyadan olan acar kökənlidir. Sadəcə, seçkidən bir neçə gün sonra olduğuna görə, ola bilsin, bəzi maraqlı qüvvələr bunu o cür yaymağa çalışdılar. Amma çox şükür ki, biz bunun qarşısını ala bildik. Burda əhali bilirdi ki, bu nə məsələdir. Amma yenə də deyirəm ki, bunlar hansısa medianın reytiniqini qaldırmaq və yaxud hansısa şəxsi maraqlar üzərində qurulan bir şeylər idi. 

- Deyirsiniz ki, mandat əldə etməsəniz də, özünüzü qalib hesab edirsiniz. O halda gələcək seçkilərə necə baxırsınız?

- Təbii ki, biz gələcək seçkilərə yeni güclə, yeni düşüncələrlə, yeni layihələrlə addım atacağıq. Belə bir gözəl söz var: "insanı gücləndirən qalibiyyət deyil, düzgün addımlardır”. Biz məğlub olmamışıq, qalib də olmadıq, amma gücləndik. Bəzi səhvlərin, bizə qarşı atılan addımlar səbəbindən gücləndik. Çünki bir insanın güclənməsi və qalib gəlməsi üçün hökmən onun qarşısında tərəf, güclü bir rəqib olmalıdır. Biz rəqimizin bizə qarşı atdığı addımların üzərindən öz gələcək planlarımızı quracağıq. Mən başdan da vurğuladım, bizim qalibiyyətimiz o mandatın üzərində deyil. Bizim qalibiyyətimiz düşüncələri dəyişmək və düşüncələrin üzərində qurulmuş bir layihə idi. Biz Gürcüstan azərbaycanlılarının tam, həqiqi inteqrasiya formasının qalibiyyətini qazandıq. Gürcüstan azərbaycanlıları artıq dərk etdilər ki, bizim hüquqlarımız, haqlarımız və təlabatlarımız Gürcüstan dövlətindən olmalıdır. Bizim Azərbacan hakimiyyətindən və dövlətindən heç bir asılılığımız olmamalıdır. Gürcüstan azərbaycanlıları Gürcüstan hakimiyyətindən tələb edir. Qarşı durursa da Gürcüstan hakimiyyətinə qarşı durur, amma nə milli, nə də dövlətçiliyə zidd olmamaq şərtilə. Yəni bizim gürcü milləti ilə heç bir problemimiz olmayıb, olmayacaq. Gürcüstan dövlətçilyinin hər zaman yanındayıq və gəlcəkdə də Gürcüstan dövlətinin maraqlarını dəstəkləyərək öz siyasi addımlarımızı atıb, dövlətimizin daha da inkiş etməsi üçün əlimizdən gələnləri edəcəyik. 

Ayxan İLDIRIMTÜRK
Bakı-Marneuli-Bakı
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}