Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Borçalı” İctimai Birliyinin müraciəti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Borçalı” İctimai Birliyinin müraciəti

 

Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, 28 noyabr 2016-cı ildə "Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində ümummilli bir məsələnin - Gürcüstanda soydaşlarımızın təhsili, Azərbaycan dilinin tədrisinin vəziyyəti ilə bağlı narahatlıqlar müzakirə edilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nəsimi adına Dilçilik İnstitutunun rəhbər vəzifəliləri, tanınmış elm və təhsil işçiləri, politoloqlar, qəzet-jurnal redaktorları və təhsil ekspertləri iştirak etmişlər. Tədbirin yekunu olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinəmüraciət qəbul olunmuşdur.Müraciətdə deyilir:

 

 

"Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövlət vəzifələrinə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdisə, bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası! Hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif vədigər fənləri tədris edən müəllimlərin əksəriyyətinin yaşı 65-70 arasındadır.”

 

"Borçalı” İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin dosentiKərəm Məmmədov və "Borçalı” İctimai Birliyinin elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini, yazıçı-publisist Şərif Kərimlinin imzaladıqları müraciətdə daha sonra deyilir:

 

"Hörmətli cənab Prezident, Sizin 2015-ci ildə Gürcüstana səfəriniz zamanı söylədiyiniz fikirlər mənzərəni çox gözəl əks etdirir: "Gürcü dilini bilmək çox vacibdir və əlbəttə ki, siz Azərbaycan dilini, öz tarixi köklərinizi heç vaxt unutmamalısınız.” 

Ancaq bu problem təkcə Borçalı və borçalıların deyil, bütöv Azərbaycanın problemidir. Cənab Prezident, Sizin bu barədə də söylədiyiniz dəyərli təkliflərin inikasını borçalılar böyük ümidləgözləyirlər: "Hesab edirəm ki, Dövlət Neft Şirkəti burada əsas investor kimi öz rolunu oynayacaqdır. İlk növbədə bunu Gürcüstanda etməlidirlər, çünki burada böyük sayda azərbaycanlı əhali yaşayır.”

 

Danılmaz bir həqiqəti qəbul etməliyik: Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin müvafiq qurumları, görkəmli ziyalılar bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq!

Keçən əsrin 80-ci illərinin sonlarında Gürcüstanda Azərbaycan dilində təhsil verən 180 orta məktəb vardısa, indi onlardan 124-ü fəaliyyət göstərir. Bunların isə 28-i gürcü-azərbaycan, 3-ü gürcü-rus-azərbaycan təmayüllü məktəblərdir.  

Gürcüstan Konstitusiyasına görə azərbaycanlılar da daxil olmaqla etnik xalqların öz dillərində təhsil almaq hüququ var. Bu həm dövlətin marağındadır, həm də həmin azlıqların cəmiyyətə inteqrasiyası baxımından olduqca önəmlidir.

Lakin Gürcüstanda Azərbaycan dilində təhsil verən bir sıra ali məktəblərin bağlanması, eyni zamanda Azərbaycanın universitetlərində yaradılan baryerlər borçalı məktəblilərinin sonrakı təhsil pillələrində seçim hüququnu sıfıra endirir.

Vaxt vardı Azərbaycanın ali məktəblərində minlərlə soydaşımız təhsil alırdı. Hazırda isə Azərbaycanda təhsil alan əcnəbilər içərisində Gürcüstandan olan azərbaycanlı tələbələrin sayı barmaqla sayılası qədərdir. Gürcüstan universitetlərində isə bu gün minlərlə azərbaycanlı tələbə gürcü dilində təhsil alır. 

Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 14.3-cü maddəsində çox doğru olaraq deyildiyi kimi, "Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.” Bu müqəddəs missiyanı xüsusi vurğulayan hörmətli Prezidentimiz məlum səfərində soydaşlarımızın təhsil aldığı məktəblərin maddi-texniki bazasına diqqət yetirməyi də unutmamağa çağıraraq aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdi: "Mən şəxsən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi olmasın. Təhsil Nazirliyinə də göstəriş verilmişdir ki, kitablarla, dərsliklərlə bağlı məsələlər öz həllini tapsın. Bilirəm ki, bəzi hallarda məktəblərdə müəllim qıtlığı vardır.

 

Müraciətin sonunda deyilir:

"Bu humanist fikirlərin sahibi və onun həyatda inikasını şərtləndirən bir şəxs kimi, daha da aktuallaşan bəzi problemləri bir daha dilə gətirərək bütün borçalılar adından, hörmətli Prezidentimiz, Sizə və aidiyyəti qurumlara müraciət edirik:

 

-Azərbaycan dilli məktəblər üçün kadrlar hazırlayan və keçən əsrin 90-cı illərinə qədər mövcud olmuş A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda olan Azərbaycan dili və ədəbiyyatı, habelə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin bərpası;

-Bakı Dövlət Universitetinin Qazax filialında Gürcüstan vətəndaşı olan soydaşlarımızın dövlət sifarişi əsasında, yaxud güzəştli şərtlərlə təhsil almalarına şərait yaradılması (Təhsil alacaq şəxslər təyinatı üzrə işləməyəcəyi təqdirdə dövlət tərəfindən çəkilən xərcin 3 mislində cərimə olunacağı ilə bağlı müqavilə bağlanması və məsələnin hüquqi tərəflərinin Gürcüstan hökuməti ilə razılaşdırılması); Burada hazırlanan mütəxəssislərə gürcü dilini və Gürcüstan tarixini tədris etmək məsələsinə də baxıla bilər;

  -Kənd kitabxanaları ləğv olunub, məktəb kitabxanaları isə son 20-25 ildə heç bir yeni kitab almayıb. Bu da yeniyetmələrin bədii zövqünün və dünyagörüşünün formalaşmasında mənfi təsirini göstərir. Həmin kitabxanalara (həm də kənd kitabxanalarına) Azərbaycanda nəşr olunan yeni kitabların çatdırlması;

  -Humanitar (xüsusən də tarix və coğrafiya) fənlər üzrə Azərbaycanda və Gürcüstanda nəşr olunmuş dərsliklər arasındakı uyğunsuzluqların aradan qaldırılması üçün hər iki respublikanın təhsil nazirlikləri, təhsil ekspertləri və müvafiq sahənin mütəxəssislərinin iştirakı ilə müzakirələr keçirilməsi;

-Azərbaycanın müxtəlif dövlət ali təhsil ocaqlarında təhsil alan Gürcüstan vətəndaşlarına əcnəbi kimi yanaşılmasına son qoyulması və qəbul imtahanında yüksək bal topladıqları halda onların da Azərbaycan vətəndaşları kimi təhsil haqqından azad edilməsi;

 

-Gürcüstandakı azərbaycandilli məktəblərin tədris-metodiki vəsaitlərlə, dərsliklərlə, proqramlarla təmin edilməsi.”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}