Millət vəkili:“Vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmamalıdır”

Millət vəkili:“Vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmamalıdır”

 

"Həmkarım Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırdı ki, VIII sinifdə Azərbaycan tarixindən iki dərsliyin – "Azərbaycan tarixi” və "Qarabağ tarixi” dərsliklərinin olması doğru deyil. Bu məni təəccübləndirdi və haqlı olaraq Siyavuş Novruzovu müdafiə etdim. Narahat olduğum üçün faktı yoxladım. Yəqin etdim ki, orta məktəblərin VIII sinfində ancaq həmmüəllif olduğum "Azərbaycan tarixi” dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur”.

Bunu millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

O bildirib ki, VIII sinfin "Azərbaycan tarixi” dərsliyində verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir: "Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunub. Aydınlaşdırdım ki, bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kurs təşkil olunub. Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə –  Azərbaycan və rus dillərində "Qarabağ tarixi” adlı tədris vəsaiti yazılıb. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməyib və institutun Elmi Şurasında təsdiq olunmayıb”.

Y. Mahmudovun fikrincə, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır: "Düşünürəm ki, indiki mərhələdə ayrı-ayrı bölgələr üçün ayrıca tədris vəsaitlərinin yaradılmasına heç bir ehtiyac yoxdur. Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil”.  (APA)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}