Universitetə həsr edilən ömrün sahibi Abel Məhərrəmov

 

Bir neçə gün əvvəl, yanvar ayının 5-də akademik Abel Məhərrəmovun 67 yaşı tamam oldu.  67 illik ömrün 17 ili ölkənin ən böyük və ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetinə rəhbərlik dövrünə düşür. Əslində isə Abel Məhərrəmov ömrünün  yalnız 17 ilini deyil, demək olar ki, 50 ili Bakı Dövlət Univürsiteti ilə bağlıdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakultəsinə qəbul olunanda yəqin özü də bilmirdi ki, bundan sonra bütün ömrü bu ali məktəblə bağlı olacaq. Hətta universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışması da, 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olması da onun Bakı Dövlət Universitetindən ayrılması deyildi. Bu yalnız kiçik bir fasilə, məzun olaraq auditoriyasını tərk etdiyi Universitetə müəllim olaraq dönməsi yolunda növbəti addım idi. Abel müəllimi Bakı Dövlət Universitetindən, hətta siyasi faəliyyəti də ayıra bilmədi. Milli Məclisinin III (2005-2010 illər) və IV (2010-2015 illər) çağırış deputatı olan Abel müəllim parlamentə V çağrış seçkilərinə də məhz Bakı Dövlət Universiteti ilə yollarını ayırmamaq üçün qatılmadı. Abel Məhərrəmov parlamentin rəhbərliyində təmsil də oluna bilərdi. Ancaq o siyasi səhnədə uğur qazanmaq əvəzinə ömrünün təxminən 50 ilini  Bakı Dövlət Universitetinin inkişafına sərf etmək yolunu seçdi. Burada bir haşiyə çıxaraq qeyd etmək  istərdik ki, Abel müəllimin deputat kimi də fəaliyyəti çox uğurlu olmuşdur. Onun haqqında belə deyirlər ki, Abel müəllim Milli Məclisə bir ziyalı kimi daxil oldu, onu bir ziyalı kimi də tərk etdi. Halbuki, onun bəzi həmkarları parlamentə ziyalı kimi daxil olsalar da, orada partiya funksanerinə, siyasi qovğaların iştirakçılarına çevrildilər. Abel Məhərrəmov siyasi fəaliyyəti boyu Heydər Əliyev ideyalarına sadiq olsa da, bunu özünün ziyalılığı ilə etdi. Ümumiyyətlə, Abel müəllim ziyalı kimi özünün üzərinə düşən vəzifənin öhdəsindən gələ bilən, bunu heç nəyə qurban verməyən ziyalılarımızdan biridir.

 

Abel müəllimin rektor olduğu dövrdə Bakı Dövlət Universitetinin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşmaqla yanaşı, təhsilin və tədrisin səviyyəsi də yüksəlib. Əgər Abel Məhərrəmovdan əvvəl Bakı Dövlət Universitetində iki dildə elm tədris olunurdusa , indi üç dildə elm tədris olunur. Bu illər ərzində müasir dövrün tələblərinə uyğun yeni ixtaslar üzrə fakultə və kafedralar yaranıb. Abel müəllim ömrünü Bakı Dövlət Universitetinə həsr etsə də, özünü  tapdığı kimya elmini də heç vaxt ikinci plana keçirməyib.  Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalənin dərc olunması , 33 ixtirası, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaitinin müəllifi olması da Abel müəllimin kimya elmini heç vaxt həyatında ikinci plana keçirmədiyinin təsdiqidir. Abel Məhhərəmovu elm aləmi isə daha çox kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən bir alim kimi tanıyır, qəbul edir. Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü seçilməsi də onun bir alim kimi bütün dünyada qəbul edilməsinin göstəricisidir.

Yanvar ayının 5-də 67 yaşı tamam olan Abel Məhhərəmovun hələ uzun illər kimya elminin inkişafına, Bakı Dövlət Universitetinin daha da böyüməsinə və elm mərkəzi olmasına xidmət edəcəyini arzu edirik. Siyasi səhnədə, dövlət aparatında, biznesdə uğurlardan imtina edərək özünü elmə, gənc nəslin biliklərə yiyələnməsinə həsr edən alimlərimiz var. Necə ki, Azərbaycanda belə elm xadimləri var, o zaman elmin gələcəyindən nigarançılıq  olmayacaq. Bu isə Azərbaycan dövlətinin gələcəyinə daha nikbin baxmağa imkan verir. Millətinə bu imkanı qazandıran insanları alqışlamaq, təqdir etmək hər birimizin vəzifəsi olmalıdır.

Arzuman  LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}