Ağcabədidə təhsil kimlərə etibar olunub?

 


Mikayıl Cabbarov təhsil şöbələrindəki vəziyyəti dəyişə bilmir

Təhsil sistemində islahatların yarımçıq nəticəsiz qalması bu sahədəki proseslərin nazir Mikayıl Cabbarovun nəzarətindən çıxmasına səbəb olub. Azərbaycan tarixində bu gün təhsil sistemində oxşar vəziyyət yaranmayıb. Təhsilin vəziyyətinin acınacaqlı olması artıq ən yüksək səviyyələrdə etiraf olunur. Əgər Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev savadlı kadr çatışmamazlığından şikayət edirsə, deməli təhsil sistemində vəziyyət çox acınacaqlıdır. Çünki, savadlı kadr çatışmırsa, deməli təhsil sistemi bərbad gündədir. Bu sahəyə cavabdeh birinci şəxs olan nazir Mikayıl Cabbarov isə prosesləri nəzarət altına ala bilmir. Bunun ən bariz nümunəsi Ağcabədi rayon Təhsil şöbəsində baş verən proseslərdir.

Qeyd edək ki, Azərbaycan Təhsil Naziri Mikayıl Cabbarov Ağcabədi rayon Təhsil Şöbəsində baş verən korrupsiya hallarını, təhsilinin səviyyəsinin ildən-ilə gerilməsini nəzərə alıb bu ilin mayında şöbə müdiri Mehdi Əhmədovun tutduğu vəzifəyə uyğunsuzluğu ilə bağlı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova məktub göndərmişdi. İcra başçısı Şahin Məmmədov isə bir müddət nazir Mikayıl Cabbarovun məktubundakı tövsiyəni nəzərə almamağa çalışdı. Yalnız təhsil nazirinin məktubu ictimailəşdikdən sonra icra başçısı şöbə müdiri Mehdi Məmmədovla yollarını ayırmaq məcburiyətində qaldı. Çünki, əks halda Ağcabədi rayon təhsil müəssisələrindəki korrupsiyaya görə ittihamlar icra başçısına qarşı yönələcəkdi. Digər tərəfdən nazir Mikayıl Cabbarovun mövqeyinin nə qədər zəif olduğu təsdiq olunacaqdı. Qeyd edək ki, maliyyə nazirliyinin yoxlama briqdası Ağcabədi rayonunun bir neçə təhsil ocağında külli miqdarda maliyyə pozuntuları üzə çıxarmış, aşkar olunan faktları hüquqi qiymət vermək üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərmişdi.

Çox maraqlıdır ki, maliyyə nazirliyinin yoxlama briqadasının maliyyə pozuntuları aşkar etdiyi təhsil müəssisələrindən biri də 5 saylı tam orta məktəb olub. Ancaq hansısa nəməlum səbəbdən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun təhsil şöbəsinə rəhbərliyi məhz həmin 5 saylı tam orta məktəbin direktoru Solmaz Rəhimovaya etibar edib. İcra başçısnın bu təyinatı zamanı hansı prinsipləri əsas götürməsi məlum olmasa da, bu təyinatın rayonda ciddi söz-söhbətə səbəb olması inkar edilməzdir. Ancaq deyəsən bu da son deyil. Ağcabədi rayonundan aldığımız məlumata görə təhsil şöbəsinin müdirəsi Solmaz Rəhimova Ağcabədi rayon M.F.Axundov adına Şəhər 3 saylı məktəb liseyin sabiq direktoru, adı bir çox qalmqallarda hallanan Tofiq Zeynalovu Təhsil Şöbəsində metodist vəzifəsinə təyin edib. Bu isə rayon ziyalıları arasında ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, ölkə mediasında bir müddət əvvəl yayılan xəbərlərdə lisey direktoru Tofiq Zeynalovun rəhbər şəxsə yaraşmayan əməllərindən söhbət açılırdı. Bununla bağlı burada geniş danışmaq istəmirk. Yalnız onu qeyd edirik ki, Tofiq Zeynalovun əməlləri barəsində məlumat almaqüçün internetdə kiçik bir axtarış komandası verməklə bu şəxslə bağlı çoxsaylı bilgilər əldə edə bilərsiniz.

Biz həmin məlumatları internetdən əldə etməyi oxucuların öz öhdəsinə buraxıb, bizə məlum olan bilgiləri oxucularımızla paylaşırıq. Əldə etdiyimiz məlumata görə, maliyyə nazirliyinin Ağcabədi rayon təhsil müəssisələrində apardığı yoxlama zamanı Tofiq Zeynalovun rəhbərlik etdiyi M.F.Axundov adına Şəhər 3 saylı məktəb liseyində də maliyyə pozuntuları aşkarlanıb. Məlumatlı şəxs bildirir ki, maliyyə nazirliyinin üzə çıxardığı maliyyə pozuntularına son hüquqi qiymət verilmədən bu prosesdə adı hallana biləcək şəxslərə vəzifə verilməsi doğru hal deyil. Haqqında sərt ittihamlar səslənən şəxslərin təhsil şöbəsində vəzifəyə gətirilməsinin rayon əhalisi arasında narazılığa səbəb olması da gözardı edilə bilməz.

Ağcabədi rayon sakinlərini ən çox narahat edən məsələ isə təhsilin günü-gündən geri getməsinə baxmayaraq təhsil nazirliyinin prosesə seyriçi qalmasıdır. Belə görünür ki, TN-i yerlərdə vəziyyətə nəzarəti tam itirmək üzrədir. Adının açıqlanmasını istəməyən ekspert isə hesab edir ki, aralarında Ağcabədi rayonunun da olduğu 27 rayon və şəhərin dövlət büdcəsinin dotasiyasından məhrum edilməsi və tamamilə özünü maliyyələşdirməyə keçirilməsi nazirlik və komitələrin, o cümlədən TN-nin yerlərdəki vəziyyətə nəzərətini daha da zəiflədəcək. Bundan sonra icra başçıları maliyyələşdirmə ilə bağlı məsuliyyətin onların üzərlərində olduğunu iddia edərək daha müstəqil davranacaqlar. Bu isə ilk növbədə təhsil, mədəniyyət və səhiyyədə vəziyyətin pisləşməsinə səbəb olacaq. Bu gün adlarını qeyd etdiyimiz sahələrdə vəziyyətin hansı səviyyədə olduğunu və bundan sonra da pisləşə biləcəyini nəzərə alanda, xalqın gələcəyi ilə bağlı nikbin düşünmək olmur. Mövzununun aktuallığını nəzərə alıb diqqətdə saxlamağa çalışacağıq.  Yazıda adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq.

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}