Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) başqanı Seyfullah Türksoy: "Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı hüzur və sabitliynin açarıdır"

 

Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) başqanı Seyfullah Türksoy: "Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı hüzur və sabitliynin açarıdır"

 


 

 

- Dünya türkləri Sizi yaxından tanıyırlar, həm də ona görə ki, uzun müddət jurnalistlik də etmisiniz. Bu zaman kəsimində Sizi təqdir edənlər də, qınayanlar da oldu. Maraqlıdır, Türk dünyasını Türkiyədə lazımınca tanıda bildinizmi?

Türksoy: Bir jurnalist olaraq 30 ildir bu sahədə əlimdən gələni edirəm. 1989-cu ildə Bolqarıstanda Türklərə qarşı basqıları gündəmə gətirdim. Sonra, yenə 1989-da Özbəkistanda – Fərqanədə qətl edilən Ahıska Türkləri barədə günlərcə yazdım. Ermənilərin Xocalıda Azərbaycan Türklərinə qarşı həyata keçirdiyi soyqırımı, 20 Yanvar hadisələrini, Qarabağın işgalını həm qəzetçi, həm də televiziya aparıcısı olaraq ən çox gündəmə gətirənlərdən biri də mən oldum. 1991-ci ildə Sovetlər Birliyi dağıldığı zaman müstəqillik qazanan bütün Türk Cümhuriyyətlərini ziyarət etdim və nəticədə məndə bu sahəyə böyük maraq yarandı. Balkanlardan Qafqaza, Orta Asiyadan Sibirə qədər dünyanın harasında soydaşlarımız varsa, ziyarət etdim, özəlliklə Ahıska Türkləri, Borçalı Türkləri, Suriya və İraq Türkmənləri, Uyğurlar, Qaqauzlar kimi həmin dönəmdə yetərincə tanınmayan Türk toplumlarını gündəmə gətirdim. Mən əlimdən gələni etdim, başqalarının nə iş gördüyünü onlardan soruşmaq lazımdır. Məni kimin qınadığını bilmirəm, amma elələri varsa, Türk qanı daşımadığına əminəm!

- Sizcə, hazırda dünya Türklərinin ən vacib problemləri hansılardır?

Türksoy: "Dildə, fikirdə, işdə birlik” ideyasının canlandırılması lazımdır. Mütləq ortaq dil və ortaq əlifba birliyinə nail olmalıyıq. Türklərin ortaq bazarı, ortaq televiziyası, ortaq universitetləri olmalıdır. Türk Cümhuriyyətləri və qohum xalqlar arasında turizm fəaliyyəti daha sıx qurulmalıdır. İqtisadi sahədə əməkdaşlıq inkişaf etdirilməli və bunun üçün lazımi infrastruktur yaradılmalıdır.

- Türk dünyasına gəzintinizə yekun vurdunuzmu? Araşdırmaçı-jurnalist olduğunuz halda, nə üçün sonradan iş həyatına (biznes sahəsinə) atıldınız?

Türksoy: Xeyr. Mən yenə qəzetçiyəm, yenə proqramlar hazırlayıram; jurnal və qəzet çıxarır, televiziya verilişləri hazırlayıram. Mənim işim media sektoru və qəzetçilikdir. İndi əlavə olaraq Qeyri-Hökumət Təşkilatında fəaliyyət göstərir, mədəni, akademik və elmi işlərlə məşğul oluram.

-Türkiyədə bəziləri "hepimiz ermeniyiz” deyərək, küçələrdə şüarlar səsləndirərkən, Siz Bakıda Şəhidlər Xiyabanında onlara "hepimiz Hocalıyız, hepimiz Karabağlıyız” deyə cavab verdiniz...

Türksoy: Bəli, bəzi özünü tanımazların "Hepimiz Ermeniyiz" dediyi günlərdə 1918-ci ildə Qafqaz Türk-İslam Ordularını, Nuru Paşanı, Məhəmməd Əmin Rəsulzadəni, Xocalını, Qarabağı, Üzeyir Hacıbəyovu, Mikayıl Müşfiqi, Hüseyn Cavidi və Azərbaycan Türklüyünü anlatmağa çalışırdıq; Türkiyədə "Xocalıya ədalət” mitinqləri keçirirdik, Azərbaycandan gələn dostlarımıza Türkiyə telekanallarında Xocalı soyqrımını, Qarabağ konfliktini anlatmaları üçün imkanlar təşkil edirdik. Bunu ən yaxşı Azərbaycandakı könül dostlarımız bilir.

- Başqanı olduğunuz Dünya Qarapapak Türkləri Birliyi hansı məqsədlə təsis olundu?

Türksoy: Qarapapaq Türkləri, Böyük Azərbaycan Türklüyünün ayrılmaz bir hissəsidir. Yüzillər öncə Anadoluya Qafqazdan gələn bu insanlara Azərbaycan Türklüyünün və Mədəniyyətinin bir parçası olduqlarını anlatmağa çalışdıq. Qarapapaqlar ayrı bir millət, ya da ayrı bir irq deyildir. Eynən Yörük Türkmənlər, Kumıklar, Qaraçaylar, Uyğurlar, Tatarlar kimi bir Türk boyudur. Oğuz-Qıpçaq adət-ənənələrini yaşatmaqdadırlar. Tarix boyunca Azərbaycan Türklüyünün bir parçası olaraq varlıqlarını, kimliklərini yaşatmışlar. Ümumiyyətlə, Qarapapaqlar Əfşarlar, Qacarlar, Bıçaklılar, Şahsevənlər, Qaradağlılar, Ayrımlar kimi Azərbaycan Türklüyünü təşkil edən topluluklardan biridir.

"Qarapapaq” sözü yeni bir qavram deyildir. Osmanlı, rus və İran qaynaqlarında da yüz illərdir vardır. Biz "Qarapapaq” dediyimizdə, bölücülük üçün deyil, Türklüyümüzə, qədim tariximizə, mədəniyyətimizə və Azərbaycanımıza vurğu etməyi hədəfləyirik. Bu bir topluluğun təyin olunmasıdır. Eynən Ağqoyunlular, Qaraqoyunlular, Qacarlar, Əfşarlar, Yörüklər dediyimiz kimi. Bütün bu toplumlar Türk Dünyasının mədəni zənginlikləridir. Azərbaycan

Türklüyünün və Qafqazın bir hissəsi olan Qarapapaq Türkləri fərqli dönəmlərdə Anadoluya köç ediblər. Özəlliklə 1876-1877-ci il Türk-rus savaşları zamanında, 1828-ci il "Türkmənçay” anlaşması sonrasında, Bolşevik inqilabı dönəmində və sonaralar köçlər olmuşdur. Eyni ailədən, eyni sülalədən insanların kimisi Qarsa, kimisi Muşa, kimiləri də Sivas, Ağrı, Amasya, Van kimi şəhərlərə yerləşmişlər. Uzun illər bu ailələr bir-birindən ayrı yaşadılar. Birliyimizin məqsədi qohumların bir-birini tapması, Gürcüstan, Azərbaycan, Dağıstan və İran başda olmaqla, müxtəlif ölkələrə səpələnmiş şəkildə yaşayan bu qohum-əqrabalar arasında könül, dostluq və əqrəbalıq münasibətlərinin inkişa etdirilməsidir. Karpat tamamən mədəni və insani məqsədli bir cəmiyyətdir. Olduğumuz, fəaliyyət göstərdiyimiz ölkələrin daxili işlərinə qarşımarıq. Hər zaman barış, dostluq, sabitlik, mədəni və iqtisadi əməkdaşlıq əsas hədəflərimizdir.

- O halda nə üçün Borçalı deyil, Qarapapaqlar birliyi?

Türksoy: Qarapapaqlar sadəcə Borçalıda yaşamır. Türkiyənin 44 şəhərində və dünyanın ən az 15 ölkəsində əqrəbalarımız yaşayır. Borçalılar, Qarslılar, Sivaslılar, Dərbəndlilər, Sulduzlular dediyimiz zaman, bu, təkbaşına bir anlam ifadə etmir. Əqrəbalarımızın diqqətini çəkmək və bir həmrəylik və birlik ruhu yaratmaq üçün bu adı seçməyi uyğun gördük. Bizim mövqeyimiz barışdan, qardaşlıqdan, mədəni və iqtisadi əməkdaşlıqdan yana olduğu üçün, davakar, təfriqəçi, marjinal və radikal axınların da önünü kəsmiş olduq, onların gələcəkdə edəcəyi təxribatları önləmiş olduq. Bizim xoşniyyətli, səmimi, fəaliyyətlərimizi yaxından izləyən dost ölkələr sosial və mədəni fəaliyyətimizdən çox məmnundurlar.

- Türkləri mədəni dəyərlərinə, soylarına görə xüsusiyyətlərə ayırmaq bölücülük deyilmi?

Türksoy: Xeyr, deyildir. Qədim Türk mədəniyyəti ucsuz-bucaqsız bir dəryadır və bu bir reallıqdır. Var olan bir şeyə gözlərimizi qapataraq "yox” demək, özümüzü aldatmaqdır. Bu zənginliyi mətbəx mədəniyyətindən musiqi mədəniyyətinə qədər hər sahədə görürük. Bir Özbək, Uyğur, Qazax, Qaraçay və ya Başqırd Türkünün hər birinin fərqli yeməkləri, fərqli geyimləri, fərqli musiqi alətləri olduğu kimi, Qarapapaqların da saz-söz-aşıqlıq mədəniyyətinin olması normaldır. Bu, Türk Dünyasının zənginliyidir. Bu gözəllikləri yaşatmanın kimə nə zərəri var? Baxın, atamız Oğuz Xanın 6 oğlu 24 nəvəsi vardır və hər bir nəvəsi fərqli bir Türk boyunu təmsil edir. Bunların adlarının ayrı-ayrı olması təbiidir. Hər biri Türk Atanın balalarıdır. Türkiyədə Yörük, Türkmən, Azəri (Azərbaycan türkü – müəl.), Uyğur, Özbək, Qazax, Qırğız, Qaraçay, Ahıskalı, Çepni, Çeçen, Boşnak (Bosniyalı – müəl.), Tatar, Qaradəniz, Ege, Ağ Dəniz kimi adlarla fəaliyyət göstərən minlərcə qeyri-hökumət təşkilatları vardır və kimsə bunu yadırğamaz, qəribə qarşılamaz, mədəni zənginlik olaraq görür. Eyni şəkildə Türkiyədəki 81 şəhər, minlərcə qəsəbə, onminlərcə kənd adına qurulan və fəaliyyət göstərən ən az 50 min dərnək, vəqf və federasiya mövcuddur.

- "Qarapapaq türkləri” deyərkən, konkret olaraq kimləri nəzərdə tutursunuz?

Türksoy: Qarapapaq Türkləri Azərbaycan Türklüyünün bir hissəsidir. Keçmişdə sərhəd bölgələrdində yaşayan savaşçı Türklərə Qarapapaqlar və ya Qara Börklülər (Qarapapaqlar – müəl.) deyilmişdir. Qafqazdan Türkiyəyə köç edən, 1944-cü ildə Stalin tərəfindən Orta Asiyaya sürgünə göndərilən bu soydaşlarımıza Qazaxıstan və Qırğızıstanda Tərəkəmələr də deyilməkdədir. Anadoluda köçəri Türklərə Yörüklər deyildiyi kimi, Qafqazda yayda yaylaqlarda, qışda qışlaqlarda yaşayan köçərilərə Tərəkəmə deyilmişdir. Nəticə etibarilə Oğuz-Qıpçaq adət-ənənələrini eyni anda yaşadan bir Türk tayfasıdır.

- Qarapapaqlar Birliyinə kimlər üzv ola bilər və bu qurumun hədəfləri nələrdir?

Türksoy: Başda bütün Azərbaycan Türklüyü olmaqla, özünü Türk hiss edən hər kəs bu Birliyin üzvü ola bilər. Zatən, bizim bütün tədbirlərimizdə bunu xüsusilə ifadə edirik və dost, qonşu ölkə olan Gürcüstan da daxil olmaqla, bütün qardaş cümhuriyyətlərin, Osmanlı, Səfəvi, Qəznəli, Səlcuklu, Xarəzmşah kimi tarxidəki Türk dövlətlərinin bayraqlarını tədbirlərimizdə önə çıxarırıq. Və təbii ki, Qaqauziya, Türkməneli, Tatarıstan, Başqırdıstan, Tuva kimi qardaş toplumların bayraqlarına da yer veririk. Biz birləşdiriciyik. "Dildə, Fikirdə və İşdə Birlik” həyata keçərsə, Türk Dünyasının daha güclü olacağına inanırıq. Başda qardaş cümhuriyyətlər və qonşu ölkələr olmaqla, hər yerdə barışın, dostluğun, sevginin hakim olmasını arzu edirəm. O cümlədən Rusiya, İran, Gürcüstanın dostluq və əməkdaşlıq münasibətlərinə də çox əhəmiyyət veririk.

- Rəhbərlik etdiyiniz qurum haralarda və nə kimi layihələr həyata keçirməkdədir?

Türksoy: Karpat yeni bir qurum olmasına rəğmən, son 1 ildə Türkiyənin 5 ayrı şəhərində mədəni qurultaylar təşkil etdi. Gürcüstanda - Borçalıda 400 uşağı sünnət etdirdi; Borçalıya iş adamlarıyla birgə ziyarətlər oldu, investisiya imkanları araşdırıldı, Borçalıda müəyyən sayda azərbaycanlı tələbəyə təqaüd ayrıldı. Borçalıda əngəlli gənclərə əlil arabaları hədiyyə edildi. 2017-ci ildə görüləcək fəaliyyət planı çərçivəsində Gürcüstanın Kvemo-Kartli Quberniyası ilə əməkdaşqlı protokolu imzalandı. Buna görə, Türkiyə-Azərbaycan və Gürcüstan arasındakı strateji layihələrin müzakirə ediləcəyi akademik simpozium keçiriləcək; Türkiyə-Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq bayramı gerçəkləşdiriləcək; ehtiyacı olan 1500 uşağa geyim hədiyyə ediləcək, yenə çox sayda uşaq sünnət ediləcək; şeir və saz-söz festivali keçiriləcək; akademik, elmi konfranslar təşkil ediləcək, tariximiz və mədəniyyətimizlə əlaqəli kitab nəşrləri və araşdırmalara dəstək veriləcək. Bunlardan əlavə, bəzi gözəl sürprizlərimiz də olacaq.

- Bəziləri iddia edir ki, Siz Qarapapaqlar adı altında bir sıra maddi-mənəvi, siyasi çıxarlar əldə etmək niyyətindəsiniz...

Türksoy: Mən və yoldaşlarım böyük bir fədakarlıq göstərərək bu işləri həyata keçiririk. Hər hansı bir maddi çıxarımız olmadığı kimi, bu xidmətləri göstərmək üçün şəxsi maddi imkanlarımızdan istifadə edirik. Burdan bir maddi çıxar əldə etdiyimizi irəli sürən hansı müftəridirsə, bu iddiasını sübut etməsə, onu yer üzünün ən şərəfsiz və namussuz insanı elan edirəm. Maddi qazanc əldə etmək məqsədiylə meydana çıxmaq istəsək, hər halda bu Qarapapaq Birliyi olmazdı.

- Bəzi seqmentlər Sizin Rusiya xüsusi xidmətinin adamı olduğunuzu irəli sürməkdədir. Bir də, bu arada FƏTÖ mövzusuna necə baxırsınız?

Türksoy: Bu iddianın qaynağını mənim 9 il öncə Çeçenistan prezidenti Ramzan Kadırovdan aldığım müsahibə təşkil edir. Çeçenistanda Kadirova müxalif bəzi dinçi terror təşkilatları və onların yandaşları mənim reportajımdan sonra təhdid və təhqir dolu yazılar yazdılar, böhtanlar atdılar. Bunlar intihar hücumları təşkil edərək, məsum insanları öldürən qatillərin tərəfdarlarıdır. Bizim kim olduğumuzu və nə işlərlə məşğul olduğumuzu, çox şükür, dövlətimiz də, millətimiz də, dostlarımız da çox yaxşı bilir. Bu iddianı ortaya atanlar bu gün Suriyada ən qorxunc vəhşilikləri gerçəkləşdirən, sələfi-vəhhabi radikal İslam anlayışına sahib terroristlərdir. DAEŞ, Əl-Qaidə, Taliban, "Qafqaz Əmirliyi” kimi radikal dini terror təşilatlarıdır. Və kürd-islamçı bəzi dairələrdir. Bunlar Qərbin kəşfiyyat xidmətlərinin istifadə etdiyi maşalardır. Mən 30 ildir qəzetçiliklə məşğulam və televiziya verilişləri hazırlayıram. Rəhmətlik Heydər Əliyev, Türkmənbaşı, Nazarbayev, Bakıyev, Gül, Ərdoğan və İlham Əliyevin də aralarında olduğu 50-dən artıq dövlət adamından müsahibə aldığım kimi, Kadirovla da reportaj hazırladım. Bunu "rus agenti” olaraq şərh edənlərin ümumiyyətlə terrorçu və bölüçü zehniyyət sahibi olan insanlar olduğu bizləri təccübləndirməkdədir. Çeçenlər də bizim qardaşlarımızdır. Ramzan Kadirov xalqı üçün gözəl işlər görür. Onu təbrik edirəm. Ayrıca, Rusiya ilə Türkiyənin dostluq münasibətlərinin yaxşı olmasını arzu edirəm. Bizim fikirlərimizin doğruluğu illər sonra daha yaxşı anlaşılmışdır. Suriyada sələfi qruplarının törətdiyi vəhşilik bizi haqlı çıxarmışdır. Dövlətimizin indi həyata keçirdiyi siyasət bizim illərdir müdafiə etdiyimiz siyasətdir. Sevinclə ifadə edim ki, bizə Kadirovla şəkilimdən dolayı "rus agenti” deyən bəzi şəxslər Kürdçülük, DAEŞ, Əl-Qaidəyə simpatiyası olan, FƏTÖ-çu və İran xəfiyyəsi olması suçları səbəbiylə dövlətimiz tərəfindən saxlanılmış və həbs edilmişdir. İllər öncə bu mövzu zatən qapanmışdır. 9 il sonra şantajçı saxtakar boyatlamış bir mövzunu isidib gündəmə gətirmişdir. Bu durumu ciddiyə alınamayacaq dərəcədə xaraktersiz bir şarlatanın sayıqlamaları olaraq dəyərləndirirəm.

FƏTÖ mövzusuna gəlincə, çox şükür, bu alçaq, xain təşkilata qarşı mən və yoldaşlarımın verdiyi mücadilə dövlətimiz tərəfindən yaxşı bilinməkdədir. 17-25 dekabr 2014-cü il tarixində həyata keçirilən çevriliş cəhdi zamanı da, 15 iyul çevriliş cəhdi zamanı da mən və yoldaşlarım Dövlətimizin, Hökumətimizin, Prezidentimizin yanında yer aldıq. Çevriliş cəhdinin ilk saatlarından etibarən bütün yoldaşlarıma (arkadaşlarıma) küçəyə çıxmalarını və çevrilişçilərə qarşı müqavimət göstərmələrini söylədim. Çevrilişçilərin tanklarını ələ keçirən igid qardaşlarımızın arasında Karpat rəhbərləri və üzvləri də vardır. Bu olaylar sırasında 15 yaşındakı milli güreşçi olan qardaşım oğlu İsmet Eker 5 güllə yarası almışdır. Prezidentimiz Ərdoğan tərəfindən Külliyədə qəbul edilmiş və qazi adı almışdır. Mən və yoldaşlarım Türkiyə, Gürcüstan və Qırğızıstanda toplantılar təşkil edərək FƏTÖ təşkilatıına və çevrilişçilərə dəfələrlə meydan oxuduq. Dövlətimizin və prezidentimizin PKK, FƏTÖ, DAEŞ kimi terror təşkilatlarına qarşı apardığı mücadiləni hər platformda dəstəklədik və dəstəkləməyə davam edəcəyik.

- Hazırda Çeçenistan lideri Ramzan Kadırovla münasibətiniz hansı səviyyədədir?

Türksoy: Bildiyiniz kimi, Çeçenistanda yaxın zamanda yaşanan iki böyük Savaşda 400 min insan öldü. Çeçen xalqının təxminən üçdə biri yox oldu. Bütün şəhərlər yandırıldı, yıxıldı. Bugünkü prezident Ramzan Kadirovun babası Əhməd Hacı Kadirovu bir sui-qəsdlə şəhid edən radikal dinçi-sələfi qruplar savaşın başlamasına və onminlərcə insanın məhv olmasına səbəb oldular. Çeçenistan indi bir barış, hüzur, inkişaf dönəmi yaşayır. Mən Çeçen qardaşlarımın Qərbli xəfiyyələrin qurbanı olmasını istəmirəm, Çeçenistandakı bu barış və inkişaf müddətinin davam etməsini istəyirəm. Çünki onlar da bizim qardaşlarımız və əqrabalarımızdır. Ramzan Kadirovla illər öncə bir neçə reportajım oldu. Xalq tərəfindən çox sevilir. Özəlliklə gənclər çox sevir. 5-6 ildir heç bir əlaqəm yoxdur. Bir qəzetçi olaraq reportaj hazırlamaqdan kənar heç bir söhbətim və işim də olmamışdır.

- Yazar Seyfullah bəylə iş adamı Seyfullah bəyi bütünləşdirən ortaq və fərqli dəyərlər nələrdir?

Türksoy: Mən Türkiyə Cümhuriyyəti Mətbuat, Nəşr və İnformasiya Nazirliyinə (Başbakanlık Basın Yayın Enformasyon Başkanlığı) bağlı və müddətsiz mətbuat şərəf kartına sahib bir qəzetçiyəm. Hələ də məsləyimi davam etdirirəm. Ayrıca, Karpat başqanı, İpəkyolu Strateji Mərkəzinin rəhbəri və Moldova/Qaqauziya Cümhuriyyəti Türkiyə Rəsmi Təmsilçisi vəzifəsini daşıyıram. Türk Dünyası Könül Elçisi və Fəxri Böyük Elçi adını da daşımaqdan qürur duyuram.

- Siz uzun zaman Türk dünyası ilə bağlı proqramlar hazırlayaraq, belə demək olar ki, türk insanını bir-birinə tanıtdınız…

Türksoy: Doğrudur. Bir çox bilinməyən Türk toplumlarını ilk dəfə mən tanıtdım. Türk Dünyası ilə Türkiyə arasında gönül köprüləri qurdum. 1944-ci ildə Stalinin sürgün etdiyi bir çox topluluğu ilk dəfə mən gündəmə gətirdim. Çeçenistan ziyarətlərim zamanı orada yaşayan Kumık Türklərinin və Ahıska Türklərinin kəndlərinə yol çəkilməsinə, məktəb, xəstəxana tikilməsinə vəsilə oldum. Türk Cümhuriyyətlərinə yatırım qoyan və ticarətlə məşğul olan bir çox insan bizim televiziya proqramlarımızdan təsirləndiyini söyləmişdir. Gördüyümüz işləri burada uzun-uzadı anlatmaq imkansızdır, amma bu qədərini deyim; Balkanlardan Qafqazlara qədər Türk Dünyasının hər köşəsində ayaq izlərimiz vardır. Bundan qürur duyuram.

- Sizin Borçalı kökənli olduğunuz deyilir...

Türksoy: Bəli, mənim ana tarəfdən ulu babam Molla Süleyman Bolşevik inqilabı zamanı Borçalıdan Qarsa hicrət etmişdir. Ata tərəfdən İbrahim Xəlil Ağa babam da Ağbabadan Qarsa gəlmişdir. Əqrəbalarımızın bir qismi hələ də Borçalıda və Azərbaycanda yaşamaqdadır.

- Türkiyədən baxıldıqda Borçalı türklərinin və bu bölgənin indiki durumu necə görünməkdədir?

Türksoy: Türkiyədən baxıldığında Borçalı bizim həyata keçirdiyimiz proqram öncəsində heç görünmürdü. 15 il öncə həyata keçirdiyimiz televiziya proqramları ilə yavaş-yavaş görünməyə başladı. Dünya Qarapapaq Türkləri Birlyini təsis etməmizin məqsədi ata yurdumuz Borçalını daha yaxşı tanıtmaq, əqrəbalarımızı tapmaq, əməkdaşlıq imkanlarını inkiş etdirmək, mədəniyyətimizi, sazımızı, sözümüzü daha da eşitdirməkdir. Necə ki, KARPAT-ın qurulmasıyla birlikdə həyata keçirdiyimiz mədəni fəaliyyətlərlə "Borçalı”, "Sulduz”, "Dərbənd” adlarını, Borçalı-Qarapapaq Türklərini milyonlarca insan öyrənməyə başlamışdır. Minlərcə insanımızdan təşəkkür və xeyir-dualar aldıq. Ancaq bəzi fitnə qrupları da boş durmayaraq, bizim fəaliyyətmizi əngəlləmək üçün ağıla gəlməyən iftiralar, yalanlar ortaya atdılar. Həzrət Əli buyurur ki, "Yaxşılar düşmənsiz olmaz!" Keçmişdə öz qardaşını kürəyindən vuran bəzi satqınlar, xainlər olduğu kimi, bu gün də onların nəvələri eyni xəyanətlə bizi kürəyimizdən vurmağa çalışır. Ancaq bu təxribatçı - bölücü provokatorlar biabır olmuş və utancverici bir duruma düşmüşdür. Karpat birliyin, bərabərliyin, dostluq və qardaşlığın, mərdliyin, vəfanın, fədakarlığın ünvanıdır.

- Gürcüstanda həyata keçirməyi düşündüyünüz nə kimi layihələriniz var?

Türksoy: Bu mövzuda yuxarıda qısmən də olsa, bəzi bilgilər verdim. Bu qədərini söyləyim; Gürcüstan dövləti bizim ən yaxşı qonşumuzdur, dostumuzdur, müttəfiqimizdir. Gürcüstan-Türkiyə və Azərbaycan arasında çox önəmli strateji layihələr həyata keçirilməkdədir. TANAP, Bakı-Tiflis-Qars Dəmiryolu xətti kimi nəhəng layihələr bölgə ölkələrinə zənginlik və bərəkət gətirəcəkdir. Biz bu dostluq və əməkdaşlığın altını mədəni- sosial və iqtisadi layihələrlə doldurmalıyıq. Oradakı soydaşlarımız rahat və demokratik bir ortamda yaşayırlar. Gürcüstan dövlətinə təşəkkür edirik. Biz həyata keçirəcəyimiz mədəni, social, iqtisadi və idman sahəsindəki fəaliyyətlərdə əsla Gürcü-Türk ayırımı etmədən, hər kəsə dostca, qardaşca yaxınlaşacağıq. Xalqların, toplumların bir-biri ilə dostluq və qardaşliq içində olması bərəkət gətirir, hüzur gətirir, sabitlik gətirir. Bütün bu səbəblərlə "Yaşasın Türkiyə-Azərbaycan-Gürcüstan dostluğu və qardaşlığı” deyirik.

- Hansı qurumlarla əməkdaşlıq etməkdəsiniz?

Türksoy: Bizim rəsmi və özəl bir çox qurumla qurumla əməkdaşlığımız mövcuddur. Həyata keçirdiyimiz işlərdə bizə lojistik dəstəyini əsirgəməyən TİKAya, Gürcüstan dövlətinə, Kvemo-Kartli Quberniyasına, Türk "Qızıl Ay”ına, bələdiyyələrə, fədakar iş adamlarına təşəkkür edirik.

Ayrıca Karpat olaraq bizim Borçalı və Azərbaycanda əməkdaşlıq edəcəyimiz cəmiyyətlərdən biri də dəyərli ziyalımız, Borçalının qeyrətli oğlu professor Kərəm Məmmədlinin başqanı olduğu "Borçalı” İctimai Birliyidir. Özəlliklə akademik və elmi fəaliyyər sahəsində məhsuldar əməkdaşlıq etməyi hədəfləyirik.

Bundan əlavə, fəaliyyətimiz zamanı hər zaman yanımızda olan Gürcüstandakı "Salam” Mədəni Xeyriyyə Cəmiyyətinə və bu cəmiyyətin çalışqan, qeyrətli, yardımsevər, mələk qəlbli başqanı Maya Rəcəbova xanıma da özəlliklə təşəkkür edirəm. Zatən, Gürcüstandakı bütün çalışmalarımızı bu qardaş cəmiyyətlə birlikdə həyata keçirməyi düşünürük.

- Bəziləri onu da iddia edir ki, Sizin Borçalı ilə bağlı fəaliyyətiniz bölgədə separatizmə xidmət etməkdədir?

Türksoy: Bu iddianı ortaya atan qəzetçi görkəmli şəxs daha öncə bölücü və təxribatçı fəaliyyətləri səbəbiylə Gürcüstana girişi qadağan edilmiş olan bir şantajçı provokatordur. Keçən günlərdə də Ukraynadan deport edilmiş və ölkəyə girişi yasaqlanmışdır. Şantajla və dürüst insanlara çamur atmaqla keçimini, yaşamını təmin edən bu provokator Azərbaycanda da bənzər suçlardan ötrü iki dəfə həbsdə olmuşdur. Türkiyədə də bir çox insanı aldatmış və dolandırmışdır. Bizi də şantaj etməyə cəhd etmiş, istədiyi pulu vemədiyimizdən, bu cür alçaq iddia və iftiralarla çamur atmışdır. Onunla bağlı hüquqi prosedur başladılmışdır. Mövzunu diqqətdə saxlayırıq. Bu mövzuda Azərbaycan ədalətinə güvənirəm.

-Sizi təhdid edən, təhqir edən, hədəfə alan bəzi internet saytları və qeyri-hökumət təşkiları haqqında nə düşünürsünüz? Bəs, onların sizdən gözləntiləri nələrdir?

Türksoy: Şantaj məqsədiylə bizə və dostlarımıza iftira atan, təhqir edən təxribatçı şəxs və onun iftiralarını dərc edən bəzi şantajcı internet saytları haqqında vəkillərimiz lazımi hüquqi proseduru başlatmışdır. Biz bu cür ucuz şantajçılara "papuç buraxmarıq”. Qanun önündə hesab verəcəklər.

-Azərbaycanla bağlı proqramlar həyata keçirən, ölkəmizdəki Qarabağ problemini dünyaya çatdıran yazarlardan biri olaraq gördüyünüz işlər bəllidir. Bu yöndəki işləriniz indi də davam edirmi?

Türksoy: Azərbaycan bizim canımız, ata yurdumuzdur. İkinci vətənimizdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi "Biz bir millət, iki dövlətik" və Ulu Öndər Atatürkün dediyi kimi, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!" Mən, zatən 30 ildir Azərbaycanın könüllü diasporunu həyata keçirirəm. Qarabağ və Xocalı faciəsi ilə bağlı Türkiyədə ilk televiziya proqramlarını mən hazırladım; Şəhər-şəhər, kənd-kənd gəzdim, Qarabağı, Xocalını, Azərbaycanı anlatdım. İndi də Karpat olaraq minlərcə insanın qatıldığı bütün qurultaylarımızda, tədbirlərimizdə anlatmağa davam edirik. Azərbaycan bizim sevdamızdır. Qarabağ ruhumuzdur. Xocalı ürək ağrımız, göz yaşımızdır. İşgal altındakı Qarabağ topraqları üçün lazım gəldikdə ölmək də daxil, hər cür fədakarlığa hazırıq. Səməd Vurğunun dediyi kimi;

"El bilir ki, sən mənimsən

Yurdum-yuvam məskənimsən

Anam, doğma vətənimsən

Ayrılarmı könül candan

Azərbaycan, Azərbaycan!"

 

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}