Qaradağ mahalının tayfaları:Tarixdə və günümüzdə - ARAŞDIRMA

Qaradağ mahalının tayfaları:Tarixdə və günümüzdə - ARAŞDIRMA

 

Güney Azərbaycandakı Qaradağ mahalı (rəsmi adı Arasbaran) ilə bizim Qarabağı Araz çayı ayırır. Tarixən Qaradağ əhalisi Qarabağla sıx əlaqədə olmuş, aralarında qohumluq bağlılıqları qurulmuş, bölgə tayfalarının yerdəyişmələri baş vermiş, köçərilər eyni yaylaq və qışlaqları istifadə etmiş, çar Rusiyası dövründə Qaradağ əhalisi işçi qüvvə olaraq Qarabağa üz tutmuşdur.

Qaradağ mahalının tarixi və əhalisinin öyrənilməsi Qarabağ, Naxçıvan və Zəngəzurun tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Araşdırmadan göründüyü kimi, Qarabağ və Qaradağın, demək olar ki, əksər etnonim və toponimləri ortaqdır. Bunlardan Kolanı, Kəngərli, Çələbyanlı, Müqəddəm, Qaraçorlu, Məhəmmədxanlı, Şahsevən, Quşçu, Xələc, Sarıcalı, Püsyan, Məfruzlu, Xəlifəli, Qaraxanlı və digərləri qeyd oluna bilər. Hacxacəli tayfa adının "hacxocalı" və "xocalı" kimi də işlənməsini nəzərə alsaq, bu adın Xocalı və Xocavənd ilə əlaqəsinin ola biləcəyi ehtimalı da var.

Qaradağda Qacarlar dövrü Qarabağdan köçmüş Kolanı, Çələbyanlı, Kürdəhmədli, Qarabağlı, Gəncəli tayfaları da vardır ki, bu barədə Kolanı, Çələbyanlı tayfalarının Qaradağda daha qədimdən də olmasını qeyd etmək gərəkir. 1835-ci ildə Çələbyanlu elinin Xumarlı, Xudayarlı, Zərnəli və digər obaları Qarabağa köçmüşdür.

qaradaq-8

Tarixi mənbələrdən məlum olduğu kimi, şah Abbas zamanı Osmanlı hücumu qarşısında Naxçıvan əhalisindən Qaradağ və Dizmara çoxsaylı köçürmələr olmuşdur. Dizmar adlanan bölgə də Qaradağın tərkib hissəsidir və hazırda Qaradağda Naxçıvanla səsləşən Kəngərli, Kolanı, Xələc, Vərməzyar, Miləq (Milax), Düdəngə, Püsyan, Məfruzlu, Qalxun (Qarxun), Qazan, Qarabağlı, Qız qalası, Kələki, Təzəkənd, Yengicə, Dizəc və digər tayfa və yer adları göstərilə bilər. Eyni zamanda Qaradağın mərkəzi olan Əhər şəhərində Naxçıvani (Naxçıvanlı) tayfası vardır.

Qaradağ mahalının Qərbi Azərbaycanla (indiki Ermənistan) səsləşən Göyçə (Göyçə Sultan kəndi və Göyçəbel dağ adı), Gorus, Məncuvan (Mincivan) və digər toponimləri də diqqəti cəlb edir.

Azərbaycan Respublikasında olan Qaradağ, Qaradağlı yer və tayfa adları digər maraqlı faktlardır.

Tarix boyu Qaradağ mahalının adı "Qərəcədağ" və "Qərədağ" kimi də işlənib. "Arasbaran" adının bu bölgəyə verilməsi Pəhləvilər dövründə baş vermiş, lakin əhali arasında Qaradağ adı yaşamışdır. Qarabağ adında olduğu kimi, Qaradağ adında da "qara-böyük” anlamını daşıyır. Bu mahalın ərazisi hazırkı Əhər, Vərzeqan, Horand, Heris, Kəleybər, Xudafərin, Dizmar və digər bölgələri əhatə edir.

qaradag -6

İndiki Qaradağ ərazisi tarixi Qaradağ mahalı ərazisindən kiçikdir. Tarixi keçmişdə bu mahala sonradan Mərənd, Culfa, Təbriz və digərlərinə qatılmış bəzi digər bölgələr də daxil idi və 12 min kv. km-dən artıq ərazini əhatə edirdi. Tarixi Qaradağ mahalı Araz çayı, Muğan, Meşkin, Təbriz və Mərənd arasındakı ərazini əhatə edirdi.

Qaradağ mahalı, adında da əks etdirdiyi kimi, dağlıq bir bölgədən ibarətdir və bölgə əhalisi qədimdən maldarlıq və heyvandarlığa böyük önəm vermişdir. Qaradağ tayfaları yaxın keçmişədək köçəri həyat sürmüş, hazırda bir qismi oturaqlaşmış (taxtaqapı olmuşdur), bir qismi isə yarımköçəri olmuş və təkcə yay fəslində yaylaqlara gedirlər.

Pəhləvilər dövrünə kimi Qaradağın ictimai-siyasi həyatında aparıcı rol yerli tayfalara məxsus olmuşdu, onlar böyük hərbi gücə malik idilər. Səfəvilər dövründə Qaradağ tayfaları Muğan şahsevənlərinin tərkibi olmuş, Qacarlar dövründə sərhəd bölgəyə çevrilməsi və Rusiya ilə müharibənin təsiri ilə ayrıca siyasi-hərbi gücə çevrilmişdir. Qacarlar dövrü boyunca qaraçorlu, çələbyanlı və hacəlili tayfaları növbə ilə mahalın hakim gücü olmuş, Rusiyaya qarşı döyüşlərdə əsas qüvvələrdən biri sayılmış, həmçinin Qacarlar dövlətinin bir sıra digər daxili və xarici müharibələrinə (Məşrutə hərəkatına, şəkkak tayfasına qarşı, Xorasan sərhədlərində döyüşlərdə və s.) cəlb edilmişdilər. Pəhləvilər hakimiyyətə gəldiyi zaman bir sıra tayfalar kimi bu mahalın da tayfalarının gücündən ehtiyat edildiyi üçün oturaqlaşmağa məcbur edilmiş, silahsızlaşdırılmış, bəzi başçıları sürgün edilmiş, bununla getdikcə əvvəlki hərbi gücünü itirmişdir. 

Şahsevən tayfaları arasında bölgü aşağıdakı kimidir: El, tayfa, tirə, göbək, oba, ailə. Tirə bir neçə obanı, göbək 20-30 ailəni, oba kiçik bir qrupu, el isə siyasi birlik, qohumluq və ya müəyyən digər bağlılıqlar əsasında bir neçə tayfanı özündə birləşdirir.

Qaradağ tayfalarında da oxşar tərkib vardır. Hazırda Qaradağ mahalında Çələbyanlı, Hacəlili (əsas tirə və oymaqları Qaraxanlı, Yağbəstili, Gəncəli, Çaxırlı, Bəstamlı, Qarabağlı, Kəngərli, Pirəlili, Müqəddəm), Hacxacəli (Gəbəlu və digər tayfalar), Məhəmmədxanlu, Hüseynəkli (Kolanı və digər tirələr), Qaraçorlu (Kiçikli, Atmiyanlu, Bəstam, Daş Gorus tirələri), Tərəkəmə, Çıraqlı, İnanlu, Müqəddəm,  İlyaskanlu, Zinbəgli, Mədədli, Qaradağlı  və digər tayfa və tirələr yaşamaqdadır.

Qarabağın böyük tayfalarından biri olan Kolanı tayfası Qaradağda yerləşdiyi əraziyə görə Qaraçorlu elinin Hüseynəkli tayfası daxilində tirədir. Lakin bu tayfa sonralar Hüseynəklilərin tərkibinə daxil edilmiş, keçmişdə ayrıca bir tayfa kimi mövcud olmuşdur. Eyni ilə Gəbəlu tayfası da ayrıca olmuş, sonralar Hacxacəlilərə birləşmişdir. Buna Qarabağlı, Kəngərli, Gəncəli və digərlərinin hacəlililərə qatılmasını da əlavə etmək olar. Bu birləşmələr tarixin müəyyən dövrlərində bu elatlardan birinin güclənməsi, digər ətraf tayfaları özünə tabe etməsi, ittifaqlar və ya dövlətin sonrakı inzibati bölgüləri nəticəsində baş verirdi.

Görkəmli tədqiqatçı Əsnaəşəri Xiyavi Çələbyanlu tayfasına Qarabağlı, Yusifxanlı, Yağbəstili və Çaxırlu tirələrini, Hacəlili tayfasına Müqəddəm, Qaraxanlı, Bəstamlı, Ləngərli, Gəncəli, Pirəlili və Özbək tirələrini, Hüseynəklu tayfasına Qəribə, Kolanı cədid, Salehli, Əşili, Bədirxanlı, Yunisbəyli, İbrahimbəyli, Fərruxxanlı, Abbasbəyli, Əmirxanbəyli, Qaris, Həşili, Yarili və Mürsəlli tirələrini, Qaraçorlu tayfasına Çiçəkli, Qurclu, Atmiyanlu, Günpapaq, Qırreyli və Ballı tirələrini aid edir.

Qaradağ şahsevənlərinin Sarıxan bəy Əfşarın nəslindən olduğu, Muğan şahsevənləri kimi qızılbaşlardan ayrıldığı, otuzikilərdən olduğu  fikirləri vardır. Hacxacəli tayfası Qaradağ şahsevənlərinin əsas tayfalarındandır. Çələbyanlu, Hacəlili, Hacxacəli, Məhəmmədxanlu, Hüseynəkli və Qaraçorlu böyüklüklərinə görə "el" adlanmış, bəzi digər tayfalar onların tərkibinə qatılmış, bu tayfalar içərisində bir sıra tirələr şəklində qalmışdır. Məhəmmədxanlu və Çələbyanlu tayfaları bir kökdən hesab olunur və inanca görə, Çaldıran döyüşü zamanlarında Osmanlı ərazisindən – Sarıqamış və Ağrı bölglərindən gəlmədirlər. Bu iki tayfanın ruslarla müharibə zamanı Fətəli şahın göstərişi ilə Arazın o tayından Qaradağa köçürüldüyü də mənbələrdə vardır.

Xudafərin.

Eyni zamanda Qaradağda olan Sarıcalı, Püsyan, Məfruzlu, Tatar, Şamlu, Xələc, Quşçu, Şahsevən, Xəlifəli və digər yer adları, yəqin ki, eyniadlı tayfaların izləridir. Xətay, Göyçəbel yer adları bu adların istər toponim, istərsə də etnonim (Şah İsmayılın təxəllüsünü götürdüyü Xətay tayfası  və İranın bir sıra bölgələrində də olan türkmənşəli Göyçəli tayfası) ilə bağlılığı qəbul edildiyi halda əhəmiyyətlidir.

Qaradağ mahalında ermənilər az sayda kənddə yaşamışdır. Bununla belə ermənilər qondarma "Böyük Ermənistan” xəritəsinə Qaradağı da əlavə etməyi unutmayıblar. Ermənilər 1918-ci ildə əllərinə düşən bir fürsətdən yararlanmağa cəhd göstərmişdilər. Həmin ildə ermənilər Qarabağ, Naxçıvan, Urmiya, Salmas, Zəngəzur və digər bölgələrdə azərbaycanlılara qarşı qırğınlar törətdiyi vaxt Qaradağın Sar və Mucumbar kəndlərində yerli azərbaycanlılarla birgə yaşayan ermənilər də qonşularına xəyanət etdi. Andranikin Xoy şəhərinə hücumu və digər bu hadisələrdən ürəklənərək azərbaycanlılara qarşı hücuma başladı və bu kəndləri tutdular. Həmin vaxt Qaradağın hacəlili tayfası kəndi ələ keçirən ermənilərə qarşı hücuma keçərək onları məğlub etdi. Azərbaycanlılar, tarix boyunca olduğu kimi, yenə də ermənilərin canlarını bağışlayaraq həmin kəndləri tərk etmələrini tələb etdilər və köçən ermənilər Təbriz şəhərinə yerləşdilər. Ermənilərin Urmiya və Salmasda azərbaycanlılara qarşı soyqırımları zamanı əhalini müdafiə edən az sayda dövlət qüvvələri içərisində Qaradağ tayfalarının hərbi qüvvələri də vardı.

Qaradağ tayfalarının tarixində ermənilərlə bağlı digər bir məqam daşnak Yeprem xanın başçılığı ilə hökumət qoşunlarının Qaradağ tayfalarını məğlub etməsi olmuşdur. Qaradağ tayfalarının məğlub edilərək zəiflədilməsi "Böyük Ermənistan” ideyası uğrunda Qarabağla bağlı olan bu tayfaların təsir qüvvəsinin azalmasına da xidmət edirdi.

Ş.Savalan



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}