Oxşar əhvalatlar-Felyeton

Oxşar əhvalatlar-Felyeton

 


 

 

Bəzən həyatda baş verən əhvalatlar, hadisələr bir-birinə bənzəyir. Söz-sözə uyar olmasa da, fikir bir-birini tamamlayır. İnanmırsınız? Elə isə mən müxtəlif zamanlarda olan iki əhvalatın ucundan-qulağından danışım, siz də baxın onlar bir-birinə oxşayır, ya yox!

Birinci əhvalat.Belə nəql edirlər ki, günlərin bir günü ac toyuq yuxusunda darı görən kimi, molla da yuxusunda görür ki, kimsə onu yağlı bozbaşa qonaq eləyib. Yuxudan oyanır və baxır ki, bozbaş nə gəzir. Arvada deyir:

-Arvad, mədrəsəyə gedəndə yolumu bazardan salacam. 2 girvənkə ət alıb, göndərəcəyəm evə. Sən də, əlinə sağlıq, həmin ətdən əla noxudlu, ədvalı bozbaş bişirərsən. Evə qayıdanda qabaq-qənşər oturub iştahla yeyərik.

Molla dediyi kimi də eləyir. Mədrəsəyə gedəndə yolunu bazardan salır. Qəssabxanadan iki girvənkə yağlı qoyun əti alıb gətirir mədrəsəyə. Əti şagirdlərindən biri ilə evinə göndərir və başlayır əvvəl dərslərinə, sonra məsciddə ibadətinə.

Hə, molla öz ibadətində, məktəbdarlığında olsun, indi də deyək mollanın arvadından. Arvad əti alıb dəsmalı açır. Baxır ki, ətdən keçməli deyil, adam onu lap çiy-çiy yemək istəyir. İştahı güc gəlir və ətin hamısını qovurub, ötürür içəri və başlayır toxqarına yununu darayıb, cəhrəsini cırıldatmağa.

Elə ki, vaxt tamam olur, gün başa çatır, Molla Nəsrəddin qayıdır xanəsinə. Baxır ki, arvad oturub əmin-arxayın cəhrəsini bulayıb, ip əyirməkdədir. Evdən də bozbaş iyi burnuna dəymir. Soruşur:

-Arvad, evə ət göndərmişdim, aldın?

-Bəli, kişi, aldım.

-Həmin ətdən bozbaş bişirdin?

-Xeyr, bişirmədim.

-Niyə? Buna bir səbəbmi var?

Arvad başlayır səbəbi söyləməyə:

-Kişi, uşaq əti verdi mənə. Mən də onu səliqə ilə doğrayıb qoydum bax bura. Getdim ki, qazanı yuyub gətirim, qayıdanda baxdım ki, andır pişik göndərdiyin ətin hamısını yeyib.

Molla arvadın qırımından duyur ki, düz demir. Eləmir tənbəllik, pişiyi tutub qoyur tərəzinin bir gözünə, o biri gözünə də iki girvənkəlik daş atır. Baxır ki, tərəzinin gözləri düpbədüz dayanıb. Onu arvadına göstərib:

-Arvad, ət yeyən pişiyin çəkisi iki girvənkədir. Əgər o, əti yemiş olsaydı, dörd girvənkə olardı. İndi sən de, bu, ət deyil, pişikdirsə, ət hanı? Yox, pişik deyil, ətdirsə, bəs, pişik hanı?

Mollanın hesab tərəzisi və dərin məntiqi önündə arvad qalır gözlərini döyə-döyə və qəbahətini alır boynuna.

İndi mən ötən ildə hamının gözüm görüb, qulağım eşitdiyi ikinci əhvalatı danışım, siz də baxın ki, müxtəlif zamanlarda olmuş iki əhvalat bir-birinə bənzəyir, ya yox?

İkinci əhvalat.İnişilin son, ötən ilin isə ilk aylarında geniş və işıqlı kabinetində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədov başladı öz-özünə düşünməyə: Ayə, münbit torpaq, bol su, isti hava bizdə, üstəlik də təcrübəli taxılçılar da bizdə. Belə ola-ola hansı səbəbdən dövlətimiz əhalimizi bol çörəklə təmin etmək üçün hər il yüz milyonlarla valyuta (dollar) verib, ayrı-ayrı ölkələrdən taxıl alır? Ola bilməzmi bu taxılı özümüz əkib-becərək, öz çörəyimizi öz təknəmizdən yeyək! Üstəlik də malımızı, qoyunumuzu, toyuğumuzu, qazımızı, hinduşkamızı da yemləyək və artığını da sataq bizim kimi ərzaq taxılına ehtiyacı olan qonşulara? – deyib, dedikləri nəzəriyyənin əməliyyatını götür-qoy etməyə. Yazdı-pozdu, düzdü-qoşdu və axırda küllükdən muncuq tapan uşaq kimi sevincək dilləndi:

-Olar! Biz ərzaq taxılımızı özümüz yetişdirməliyik öz torpağımızda. Düzdür, indiyəcən buna nail olmamışıq. Bu məlum! Amma indən sonra biz istədiyimizi əldə edəcəyik. Daha çox taxıl əkib, daha çox və keyfiyyətli taxıl istehsal edəcəyik!

Elə o gündən başladı taxılçılıqla məşğul olan fermerlərə daha yaxşı toxum tədarük edib, daha çox taxıl əkdilər. İnsafən də, fermerlər nəzərdə tutulduğundan daha çox taxıl əkməyə başladılar. Dövlətimiz də bunun müqabilində əkinçilərə bəs qədər toxum, gübrə və əkin-biçində işlədilən yanacaq üçün subsidiya (yəni kömək, yardım) ayırmağa (?)

Elə ki, biçin başladı, məhsul yığıldı, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun sevincdən sümüyü şaqqıldadı. Sevinc nidası isə bütün respublikada eşidildi. Niyə də eşidilməsin? Nazir dediyini eləmiş, verdiyi vədi yerinə yetirərək, 2016-cı ildə nə az, nə azacıq, 3 milyon 200 min ton taxıl istehsal etmişdir ki, bunun da 1,8 milyon tonu xalis ərzaq buğdası idi. Hesablamaya görə, həmin rəqəm bizə lazım olan ərzaq taxılından - yəni buğdadan 300 min ton çox idi. Bu hələ harasıdır? Həmin qələbədən vəcdə gələn Heydər Əsədov bütün informasiya kanallarının nümayəndələri önündə təntənə ilə elan etdi ki, bu il - yəni 2016-cı ildə biz yüz ildən bəri görüb-götürmədiyimiz bir uğura imza ataraq, hər hektardan 30 sentner (yəni 3 ton) taxıl toplayıb, doldurmuşuq fermerlərin anbarlarına.

Bu yerdə məni gülmək tutdu və öz-özümə dedim:

- Ayə, Qərbi Avropada – Almaniyada, Fransada, Belçikada, Niderlandda, hətta bapbalaca Hollandiyada və dünyanın ən böyük əhali potensialı olan Çin Xalq Respublikasında hər hektardan 60-70 sentner taxıl yığılır, dinib-danışmırlar. Amma hektardan 30 sentner taxıl götürən Heydər Əsədov cənabları bu rəqəm əsrin ən böyük nailiyyəti və möcüzəsi adlandırır...

Nə isə... Heydər Əsədov nailiyyətləri ilə öyünməkdə, uğurlarına uğur qatmaqda olsun, biz də bu uğurlarının tərs üzünə baxaq. Elə ki, Respublika Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov həmkarının bu uğurunu eşitdi, cumdu taxılçı fermerlərin üstünə. Bu əlverişli şəraitdən və vaxtdan istifadə edərək, Dövlət Taxıl Fonduna daha çox ehtiyat ərzaq taxılı tədarük etmək istədi. Bu məqsədlə də bütün fermerlərin taxıl anbarlarını ələk-vələk eləsə də, 15-20 min tondan artıq keyfiyyətli ərzaq taxılı toplaya bilmədi. Səbəbi də o idi ki, toplanan taxılda ya bolluca dən qarışığı idi, ya da buğda vacib keyfiyyət komponentlərinə cavab vermirdi.

O biri tərəfdən Dövlət Statistika və Gömrük Komitələrinin illik hesabatlarındakı rəqəmlər H.Əsədovun dediklərinin əksini üzə çıxartdı. Həmin rəqəmlərdə deyilirdi ki, H.Əsədovun 1,8 milyon ərzaq buğdasını burada qoyub, biznesmenlər xaricdən 1,6 milyon ton taxıl və un gətirmişdilər respublikaya. Və valyuta qıtlığı çəkdiyimiz bir dövrdə xarici hesablara 380 milyon dollar (bəlkə də daha çox) valyuta köçürmüşdülər. O da bizim üçün maraqlıdır ki, iqtisadi hesablamalarda deyilir ki, əhalimizə il ərzində 1,5 milyon ton ərzaq taxılı gen-bol bəs edir. Amma H.Əsədovun bu məqsədlə becərib ərsəyə gətirdiyi 1,8 milyon ton buğda ola-ola hansı səbəbdən bu qədər taxıl və un gətirdiklərini bəyan edirlər?

Biz peşə sahiblərinə də o qalır ki, Molla Nəsrəddin sayağı quraq mizan-tərəzini, deyilənləri və hesaba alınanları qoyaq tərəziyə və möhtərəm Kənd Təsərrüfatı Nazirimizdən eyhamla soruşaq:

-Cənab Heydər Əsədov, əgər siz ötən il 1,8 milyon ton (əvvəlki ildə nəzərdə tutulduğundan on faiz çox) buğda istehsal etmişdinizsə, biznesmenlərə nə düşmüşdü ki, çuval-çuval valyuta verib, respublikaya 1,6 milyon ton taxıl və un gətirirdilər? Yox, əgər tacirlər Azərbaycana 1,6 milyon ton ərzaq taxılı gətiriblərsə, bəs, sizin istehsal etdiyiniz 1,8 milyon ton (mən 3,2 milyon ton demirəm ha) taxıl haraya qeyb olub? Siz deyin. İndi biz, üstəlik də binəva camaat kimə inanaq? Sizin dediklərinizə, yoxsa iki mötəbər komitənin rəsmi rəqəmlərinə?

İndi gördünüzmü, nə zamansa deyilən və zamanların məhəng daşından süzülən baməzə pişik əhvalatı ilə Respublika Kənd Təsərrüfatı nazirimizin dediyi buğda sicilləməsi necə də bir-birinə bənzəyir və hörgü daşları kimi bir-birini tamamlayır.

Məmməd Əfşan



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}