"Hansı bayram olur olsun, insanı stress və sıxıntı içində saxlayır..." - Deputatdan şərh

 

"Bu gün 8 martda həmişəki kimi bayır-bucaqda əməlli başlı qiymət soyqırımı yaşanırdı. Hərə qarşısına çeşid-çeşid gül buketi qoyub ayrı vaxtda elə də qiyməti olmayan güllərin üzərində istədiyi qiyməti yapışdırıb satırdı. Hələ ətirlərin qiymətindəki artımı da buraya əlavə etsək, durum hər kəsə daha aydın olar. Belə məsələlərdə satıcını heç vaxt insaf motivlərinə dayanaraq qınamaq doğru sayılmaz. Çünki bazarın öz qanunları var, tələb olmasa, təklif də bu sayaq kəllə-çarxa çıxa bilməz".

 Bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, burada ən sıxıntılı durumu yaşayan da kişilərdir və hansısa formada mütləq alıcı sifətində təmasda olmağa məcbur qalırlar.:

"Bilirəm ki, çox adam ürəyi istədiyi adamı hədiyyəsiz təbrik edə bilmir ki, bəs yaxşı anlaşılmaz.

Halbuki indinin telefon imkanları o qədər genişdir ki, bir neçə dəqiqənin içində bütün nəzərdə tutduğun insanları təbrik etmək olar. Deməli, 8 mart bir stress... 8 martın da ardından Novruz Bayramı gəlir və az imkanlı ailələrin çoxu Novruz Bayramınının maddi sıxıntılarının içində yazın gəlməsi sevincini yaşaya bilmirlər. 

Yəni hansı bayram olur olsun, toylarımız və yaslarımız kimi sadə mahiyyətinə uyğun olmayan formada baxıldığına görə insanı stress və sıxıntı içində saxlayır. Nə alaq, bir az bahalı olsun ki, söz çıxarmasınlar, qızın ərə getməsinin birinci ilidir, oğlanın evlənməsinin birinci ilidir, elə təmtəraqlı hazırlıq görək ki, başları aşağı olmasın və başqa formalarda məsələyə yanaşmanı görürük. Hələ Azərbaycanın bəzi bölgələrində təmtəraqlı kirvə görüşləri, kirvənin bütün nəsil-nəcabətinə hədiyyələrin seçilməsi kimi böyük məsrəflərə başa gələn səfeh adətlərimizin də buraya əlavə olunmasını demirəm".

Fazil Mustafa bunun səbəbini nə yoxsulluqda, nə savadsızlıqda, nə də imkansızlıqda, nə də zənginlkdə görür:

"Bizlər, yəni azərbaycanlıların böyük əksəriyyəti öz həyatımızı, insani münasibətlərimizi o qədər mürəkkəbləşdirmişik ki, sadələşdirməyə qorxuruq və cəsarətimiz çatmır. Qardaş, insanın xoş sözə ehtiyacı var, ünsiyyətə ehtiyacı var, gərəkirsə maddi yardıma ehtiyacı var. Ancaq bunun edilməsi vaxtı məhz 8 mart və ya Novruz Bayramı, Ramazan və ya Qurban bayramı deyil ki... 

Hələ bir çoxlarımız bayramdan öncə qəbiirləri ziyarətə getmək adətini də unutmuruq. Bəzi bölgələrdə yüzlərlə peşəkar dilənçi və qəbirstanlıq mollaları artıq müşavirə keçirərək qəbirstanlıqda yer bölüşdürmə işini də yekunlaşdırıblar. İndidən bilirlər ki, hansı qəbirstanlığa varlı və ya yoxsul insanlar mütləq adətə uyaraq gələcək və onlarda pulları necə qopardacaqlar. Halbuki həmin pulları elə imkansız qohum-qonşulara çatdırsalar, daha savab iş görmüş olardılar". 

Deputat nəticə olaraq fikirlərini belə paylaşıb: 

"Qadınları təbrik etmək üçün hökmən 8 martın qiymət soyqırımını gözləmək ağıllı ritual deyil, iyirmi gün öncə gülün, ətrin ucuz vaxtında təbrik etsəniz də qadınlar anlayışla qarşılarlar, bayramda da telefonla təbrikinizlə möhtəkirlərə meydan verməmiş olarsınız. Ardınca Novruz Bayramına qohumlar, dostlar arasında qarşılıqlı maddi mübadilə tədbiri kimi yanaşmayın, səmimiyyət fürsəti kimi baxın. 

Getdiyiniz yerə yaxın tariximizdə olduğu kimi, bir limon və ya çay içmək üçün yüngül bir şirniyyat götürüb getməkdən utanmayın, beləcə daha çox qohumu, qonşunu, dostu ziyarət etmiş olarsınız. Bayramqabağı qəbir ziyarətinin də heç bir dini mənası yoxdur, istənilən vaxt bu zyarəti gerçəkləşdirə bilərsiniz, oradakı mollalara və peşəkar dilənçilərə pulunuzu mənasız yerə peşkəş edincə, bunu imkansız qohum-qonşulara, dostlara xərcləsəniz daha faydalı iş görmüş olarsınız. 

İndi bəziləri deyəcək ki, məgər dərdimiz budur. İnanın ki, dərdimizin biri də budur: həyatımızı bacardıqca sadələşdirmiş olsaq, həm lüzumsuz məsrəflərdən uzaq olarıq, həm də boş şeylərə görə sıxıntıya düşmərik".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}