Üç polisi "əzişdirən" 45 kq-lıq qadının məhkəməsindən: Vəkili bu gücün sirrini açdı

Üç polisi "əzişdirən" 45 kq-lıq qadının məhkəməsindən: Vəkili bu gücün sirrini açdı

 

İş adamı  Barat Abdullayevin məhkəmə prosesi davam edir.

Ovqat.com xəbər verir ki, bu gün Ağır Cinayət İşləri üzrə Bakı Məhkəməsində iş adamı  Barat Abdullayevin həyat yoldaşı Təyminə xanımın cinayət işinə baxılıb.

Xatırladaq ki, məhkəmə iclasının keçirilməsi 28.04.2017-ci ildə nəzərdə tutulsa da, hakimlərdən birinin bəlli olmayan səbəblərdən prosesə gəlməməsi iclasın 01.05.2017 tarixinədək təxirə salınmasına səbəb olmuşdu.

Bugünkü məhkəmə iclasını hakim Ramella Allahverdiyeva açaraq, ilk sözü təqsirləndirilən şəxs - Təyminə Şamil qızı Abdullayevanın müdafiəçisi Janna Bağırovaya verdi.

Janna Bağırova müvəkkilinin Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2. və 315.2-ci maddələri ilə təqsirləndirildiyini qeyd etdi.

Bağırova çıxışında T. Abdullayevanın əslində zərərçəkmiş olduğunu bildirib və onun haqqında irəli sürülən hər 4 maddənin əsassızlığını təsdiqləyən arqumentləri sadaladı. Onun fikrincə, mübahisə predmeti olan ev Barat Abdullayev tərəfindən öz həyat yoldaşına bağışlanılıb.

Vəkil bu hədiyyənin hekayəsindən də bəhs edib. Bildirdiyinə görə, Barat Abdullayevin ikinci qeyri-rəsmi ailəsi mövcud imiş. Bu faktın üstü açılanda Təyminə və Barat Abdulayevlər arasında ixtilaflar yaşanır. İş adamı öz günahını bağışlatmaq üçün evi Təyminə xanıma hədiyyə edir. Təyminə xanım isə evi satarkən qaynı Nazim Abdullayevin maneçiliyi ilə üzləşir.

Müdafiəçi Janna Bağırova işin istintaqının düzgün aparılmamasında müstəntiqi günahlandırıb: "Bağışlanmış və ya vərəsəlik qaydasında yaxınlarının adına keçmiş əmlak birgə mülkiyyət hesab oluna bilməz. Buna görə də müstəntiq, ən azından, qeyd edilən mənzilin hansı əsaslarla Təyminə xanımın adına keçirilməsini araşdırmalı, bu məqsədlə Dövlət Reystr Xidmətinə sorğu verməli idi. Çünki, qeyd edilən əmlak əri tərəfindən Abdullayevaya bağışlanmışdı. Bu baxımdan həmin əmlak birgə mülkiyyət hesab oluna bilməz”.

Vəkil müvəkkilinə qarşı irəli sürülən sənəd saxtakarlığı  ittihamıyla da razılaşmayıb. İttihama görə, T. Abdullayeva öz şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq, özünü evli deyil, subay göstərib. Vəkil isə bu saxtakarlığın T. Abdullayevanın deyil, "Asan Xidmət”in günahı ucbatından törəndiyini və bunun hüquqi sənədlərlə sübuta yetirildiyini bildirib. Onun dediyinə görə, müstəntiq Teymur Ağamirov isə "Asan Xidmət”in bu səhvinin məsuliyyəti nədənsə Təyminə xanım üstünə atıb:

"Belə olduqda, Təyminə Abdullayevanın əməlində AR CM-nin 320.1 maddəsində nəzərdə tutulan cinayət tərkibinin mövcudluğundan da söhbət gedə bilməz”.

O ki qaldı T. Abdullayevanın təkbaşına 3 polis əməkdaşına müqavimət göstərməsi iddiasına, Janna Bağırova bu ittihamı da absurd hesab edir: "45 kq. çəkisi olan bir qadın 3 polisə necə xəsarət yetirə bilər?! Üstəlik, bu polislər canlı-cüssəli insanlardırlar və əksinə, onlar Təyminəyə fiziki təzyiq göstəriblər”.

Vəkil bu maddənin cinayət işinə əlavə olunmasının sirrinə də aydınlıq gətirib. Onun fikrincə, müstəntiq digər ittihamları əsaslandıracaq arqumentlər tapmaqda çətinlik çəkdiyi üçün polisə müqavimət iddiasına ehtiyac hiss edib: "Bu ittiham Barat Abdullayevə də sərf edirdi. Çünki kifayət qədər imkanları, milyonları olan bu iş adamı öz ailəsindən boşanarkən qanuna əsasən, əmlakını onunla bölüşdürməliydi. BAbdullayev isə bununla qəti razılaşa bilmir, həmin əmlakı əlində saxlamaq üçün bu cür çirkin yola əl atmaq qərarına gəlir”.

Bağırova cinayət işinin istintaqında Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin bir neçə maddəsinin, o cümlədən 303.1, 91.4 maddələrinin kobud şəkildə pozulduğunu da hakimlərin diqqətinə çatdırıb. Onun bildirdiyinə görə, cinayət işi bir il müddətində aparılmasına baxmayaraq, Təyminə Abdullayevaya bu haqda heç bir məlumat verilməyib, o, istintaqın gedişatından xəbərsiz saxlanılıb.

Bir ildən sonra təqsirləndirilən şəxsin istintaqa cəlb olunmasında da qəribə hallar yaşanıb. O, 20 dəqiqə ərzində 7 ekspertin nəzarətindən "keçirilib” və 38 vərəqdən ibarət rəylər hazırlanıb. Bunun riyazi olaraq mümkünsüzlüyünə diqqət çəkən vəkil həmin faktların cinayət işinin qondarma və sifarişli olduğundan xəbər verdiyinə inanır.

Sonda Janna Bağırova yuxarıda qeyd edilənləri nəzərə alaraq və AR CPM-nin 303-cü maddəsini rəhbər tutaraq, məhkəmədən təqsirləndirilən şəxs T. Abdullayevanın pozulmuş hüquqlarının bərpa edilməsi, bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi.

Hakim qarşı tərəfin iddiasını növbəti prosesdə dinləyəcəyini bildirərək, məhkəmə prosesini 03.05.2017 tarixinə keçirildini elan etdi.

Məhkəmədən sonra əməkdaşımızla danışan Təyminə Abdullayeva başına gətirilən oyunlarla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyeva və vitse-prezident Mehriban Əliyava xanıma müracət hazırladığını bildirib. O, ümidvardır ki, Azərbaycan qadının üzləşdiyi bu problem onların diqqətindən kənarda qalmayacaq, vəzifə və mülkiyyətlərinin verdiyi imkanlardan faydalanaraq, köməksiz bir anaya zülm edənlər öz layiqli cəzalarına çatacaqlar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}