Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına başlanılıb

 

25.04.2017. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı yeni layihənin icrasına start verilib.

"Türk Dünyası İnfo” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə 4 ay müddətinə həyata keçiriləcək. Layihə Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində təbliğat işlərinin aparılması, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması məqsədi daşıyır. Azərbaycan-Gürcüstan dostluğu timsalında və qonşu ölkədə soydaşlarımızın kompakt yaşaması əsas götürülərək, regionda milli maraqlarımızın, ana dilimizin, tarixi-mədəni dəyərlərimizin qorunması kontekstində Gürcüstanda uyğun profilli tədbirlərin – Azərbaycan-Gürcüstan dostluğu günlərinin keçirilməsi nəzərdə tutulub.

Birliyin sədri Dəyanət Osmanlı bildirib ki, bu ölkədə soydaşlarımızın gənc intellektual hissəsi, eləcə də ölkəmizə dost münasibətində olan müasir gürcü yazarları, elm adamları arasında Azərbaycan həqiqətləri, hər iki ölkə üçün ermənilərin siyasətinin acı nəticələri barədə məlumatlar yaymaq, habelə tarixi, ədəbi-mədəni nümunələrimizin təbliğinə böyük ehtiyac duyulur. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin noyabrında Gürcüstana səfəri zaman müxtəlif dairələrdə, o cümlədən soydaşlarımızla keçirdiyi görüşlər insanlarımızın perspektiv milli inkişafa hesablanmış inteqrasiya təşəbbüslərdə böyük bir stimuldur. Eyni zamanda, səfəri ölkələrimizin müştərək maraqları baxımından yeni nəsil insanlarımızın dost ölkənin ictimai platformasında real imkanlar qazanmaları üçün ciddi dəstək hesab edirik. Bu mənada Prezident İlham Əliyevin Marneuli şəhərində soydaşlarımızla görüşdəki çıxışındakı tezislər milli maraqlarımızın, dəyərlərimizin qorunması istiqamətində layihənin icrasında xüsusilə konseptual əhəmiyyətə malikdir.

Bu kontekstdən çıxış edərək bir toplu nəşr olunacaq. Kitabda ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərini əks etdirən seçmə materiallar yer alacaq və nəşr Gürcüstanda ictimaiyyətin diqqətinə təqdim olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}