Dəyanət Osmanlı Borçalı gəncliyinə müraciət etdi

Dəyanət Osmanlı Borçalı gəncliyinə müraciət etdi

 

Borçalı gəncliyinə

Müraciət

 

Əziz dostlar!

Bu günlər Borçalıadı və "Borçalı” İB üzərindən gedən  mətbu-virtual yazışma və əsəbi mübahisələr ağsaqqalları, ziyalıları, gəncləri ciddi narahat edir. 

Haqlı narahatılıqdır.Əslində nələr baş verir və yurddaşlar arasında bölünməyən nədir? Yersiz ədavətin kökündə nə dayanır?  Bu suallara cavab tapılmasa,dolandırıcı  ambisiyalar durduqca, canlanma, oyanış olmayacaq,kinli mübahisələr də səngiməyəcək. Bir-birini haralarasa işləməkdə suçlayaraq gündəmin qəhrəmanı olmağa çalışan davakarlar mühiti daxili gərginlikdə saxlayır, təşəbbüslərə, praqmatik təkliflərə qarşı açıq etinasızlıq edirlər.Bu da qurumda və quruma iddiada bulunan bəzilərinin mühafizəkar düşüncəsi və ictimai fəaliyyətdə səriştəsizliyi ilə bağlıdır. Kimlərinsə milli-əxlaqi dəyərlərə məhəl qoymadan sosial şəbəkələrdə bir-birinə qarşı təhqiramiz fikirlər səsləndirməsi təəssüf doğurur.  İctimai qurumlarla əməkdaşlıq ümumən yox dərəcəsindədir. Bütün bunlar Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsinə  kömək etmək istəyən insanları  əsas məqsədlərdən yayındırmağa yönəlib.

Məsələ birbaşa "Borçalı” İC-nin (keçmiş!)2016-cı ilin iyununda keçirilən Ümumi yığıncağı ilə  bağlı deyil. Qüsurlar bir çox illər öncəyə bağlı olsa da,yığıncaqdan sonrakı dönəmdə gərginlik daha da artıb. Deməli, təməl sağlam qoyulmayıb. Hazırkı fəaliyyət tamamilə yarıtmaz olduğundan ictimai rəydə  müzakirələrin narazı tonu pik həddə çatıb.

Əziz Borçalı əsilli ziyalı-gənclər!

Sizə müraciətimin səbəbi soydaşlar arasında qütbləşməyə, avtoritar düşüncəyə, ətalətə, hoqqabaz oyunlara qarşı barışmazlığın ifadəsidir. Bu, mənim cəmiyyətin işinə könüllü dəstək vermək arzumdur. Neqativ meyillər "Borçalı” İB-də özünə möhkəm yer eləyib. Artıq arada heç bir səmimi münasibət qalmayıb. Birliyin idarəçiliyi zəkalı, milli, işgüzar, ictimai sektorda təcrübəli, təəssübkeş insanlara, xüsusən gənclərə etibar olunmalıdı. Mövcud aşınmalardan qurtulmağın tək yolu budur. Borçalı indiyədək Türk dünyasının bütün milli dəyərlərini qoruyub saxlamağı bacarmış bir parçasıdır. Onu şəxsi və qrup  ədavəti səviyyəsinə endirmək, adından manipulyasiya etmək kiməsəyə başucalığı gətirməz. Onsuz da bölgəmizdə gərginlik yaranmasını, insanlar arasında etibar, inam və həmrəyliyin pozulmasını istəyən qüvvələr vardır.

Ümumi yığıncaqdan sonra Birlikdə yeniləşmə cəhdi yalnız sədrin və İH-nin dəyişməsindən ibarət olub. Təəssüf ki, bəzi konservativ-narazıfikirlilər, hər addımda şəxsi maraq və reputasiya güdənlər yeni ictimai tələblərə adaptasiya ola bilmədiyinə görə sonucda acınacaqlı parçalanma reallaşıb. Rəhbər heyət yenilənərkən qəfil gərginlik yaranmışdı. Sanki bir nazirlikdi –vəzifə, səlahiyyət uğrunda rəqabətgedirdi. O vaxdan bəziləri qruplaşma yaradaraq bölücülüklə məşğuldular.  Və beləcə, utanc gətirən gizlənpaç oyunu hələ də davam edir. Belələrinə meydan verilməməlidir...

Əziz gənc borçalılar! 

 "Borçalı" İB-nin İH-də, Gürcüstanda və kənarda çox sanballı ziyalılarımız, istedadlı gənclərimiz var. Onlar bu prosesdə seyrçi mövqedə qalmalı deyillər. Tanınmış, təcrübəli insanların məsləhətləri nəzərə alınmalıdır.  Fikrimcə, hərə özünə uyğun şəkildə - kimi maarifçi təşəbbüslərləri, kimi də xeyriyyəçiliyi ilə bölgəmizin inkişafına investisiya qoymalıdı. Axı bizdən sonra daha dinamik, çevik düşüncəli gənclik gəlir. Biz onların Vətənə, milli maraqlara bağlılıq, ictimai inkişaf barədə dəyərlərə münasibətinin bərkiməsinə yardımçı olmalıyıq.

Amma görünür,  Birlikdə (və kənarda!) bəziləri bunu istəmirlər. Reallıq odur ki, biz ictimai fəaliyyətə səmimi münasibət, gənclik ruhu gətirməsək, ortada uğurlu bir nəticə olmayacaq. Budur, artıq proseslərin stixiyası dəyişib və qurum intriqa yuvasına çevrilib...  Borçalı adına mənfəətarzuzuna düşən, cəmiyyət arasında məqsədli təfriqə yaradan, bir sözlə, hərəkətləri ilə yurdun imicinə ləkə gətirənlər yerini tanımalıdır.  Əks təqdirdə zərbə yenə də bölgəmizə, sadə insanalara dəyəcək, onların hüzurunu pozmağa xidmət edəcək.

Əziz Borçalılar!                                  

Biz səylərimizi Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafına töhfə verməyə,  bölgədə azərbaycançılıq məfkurəsinin təbliğinə, soydaşlarımızın qayğı və problemləri baxımından yerli ictimai qurumlarla əməkdaşlığa yönəltsək daha məqsədəuyğun olar.

Azərbaycan Prezidentinin Gürcüstan azərbaycanlıları barədə aydın mövqeyi bizim fəaliyyətimizdə əsas prioritet olmalıdaır:"Biz çox istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar”.

Azərbaycan dövləti, xüsusilə Prezident İlham Əliyev xarici ölkələrdə,o cümlədən Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Azərbaycanın dövlət və hökumət rəsmiləri tez-tez Gürcüstana səfər edir, faydalı görüşlər keçirir, məktəblərimiz dərsliklərlə təmin olunur.Bugünkü Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin səviyyəsi soydaşlarımızın həyatında müsbət təsirini göstərir.

Prezident İlham Əliyevin 2015-ci ildə Marneulidə soydaşlarımıza üz tutaraq "Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin həm rahat yaşamanız təmin edilsin, eyni zamanda, siz tarixi kökləri daim uca tutasınız” -deməsi dövlətimizin harada yaşamasından asılı olmayaraq, öz insanına sahib çıxması barədə bir mesajdır. Biz bunu dəyərləndirməli, fəaliyyətimizin prioriteti olaraq qəbul etməliyik.

İctimai sektorun inkişafına dövlətimiz bütün imkanları yaradıb. QHT-lərin inkişafı üçün yüksək səviyyəli qanunvericilik bazası mövcuddur. Sadəcə,bunlardan faydalanmağı bacarmaq gərəkdir. Amma bir çoxları bu imkanları görmür, ya dadərk etmirlər.

Sayğılı gənclər!

Artıq Birliyin illik konfransına sayılı günlər qalır. Yenə sədrlik ətrafında müzakirələr qızışıb, "yaxşı” namizəd axtaran kim, "yuxarı”lardan xeyir-dua aldığını söyləyən kim... Daha bunlara son qoyulmaldlır. İctimai maraqları tapdayan adamların QHT idarəçiliyində işi ancaq pozuculuqdur.Birliyin fəaliyyəti (fəaliyyətsizliyi!) barədə qanunvericiliyin və Nizamnamənin tələblərinə uyğun tədbir görülməsinə ehtiyac var.

Bu konfransda ümumi işə mane olan intriqant amilləraradan qaldırılmalı, əsl ziyalılardan ibarət şəffaf, sağlam,səmimi, mədəni-ictimai mühit yaradılmalıdır.

 

Sizə böyük ehtiram və sayğılarla,

Dəyanət Osmanlı

Şair-publisist,



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}