“Azərsu” bəyan edir: “Uşaqların zəhərlənməsi içməli suyla bağlı deyil”

“Azərsu” bəyan edir: “Uşaqların zəhərlənməsi içməli suyla bağlı deyil”

 

Sumqayıtda zəhərlənib xəstəxanaya yerləşdirilən uşaqlarla bağlı "Azərsu” ASC bəyanat yaydı

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 119 uşağın içməli sudan zəhərlənməsi haqqında xəbər günün əsas mövzularından biridir.

"Azərsu” ASC-dən  verilən məlumatda bildirilir ki, zəhərlənmə içməli sudan baş verməyib.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, bu hadisə ilə əlaqədar "Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olub və dərhal Cəmiyyətin mütəxəssisləri, Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb, insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb: "Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq etmişdir ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur. Növbəti günlərdə də "Azərsu” ASC-nin əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqləri davam etdirmiş, müxtəlif ünvanlardan su nümunələri götürmüş və müqayisəli yoxlanılması uçun hər 2 qurumun laboratoriyasına təqdim olunmuşdur. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Məlumatda daha sonra yazılır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi və ətraf yaşayış məntəqələrinin içməli su təchizatı Şollar-Bakı Su Təchizatı Qurğularından və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən aparılır. Bu mənbələrdən, magistral kəmər və şəbəkələrdən Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış ünvan və qrafiklər üzrə götürülmüş su nümunələri gündəlik yoxlanılır və hər 2 qurum tərəfindən nəzarət təmin edilir.

 "Azərsu” ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır.

Onu da qeyd edək ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb..

"Azərsu” ASC bir daha bəyan edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev cə Ceyranbatan qəsəbəsində yaşayan 100-ə yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstaxanada bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəsatəxanaya kütləvi müraciət daxil olub: "Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən iki və yeddi yaş arasıdır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri labaratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri labaratoriyanın verdiyi rəydən sonra məlum olacaq". 

Valideynlərdən bəziləri bildirib ki, uşağında qusma, başgicəllənmə halları su içdikdən sonra baş verib.

Hazırda Bakı sakinləri içməli suda xlorluluğun həddən artıq olmasından şikayətlidirlər. Görünür, bu hadisə ilə əlaqədar "Azərsu” ehtiyat tədbirlər görüb, suyu normasından çox xlorlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}