Bahalı dərmanlar və firmaların oyunu...

Bahalı dərmanlar və firmaların oyunu...

 

Dünya Sakit

İş elə gətirdi ki, son həftələrdə bir neçə dəfə həkim-aptek "marşrutu” ilə hərəkət edəsi oldum. Bu "səfərlər” zamanı 2-3 dəfə həkim yazan dərmanları aptek və depolarda tapa bilmədim. Birinci dəfə resepti əczaçıya göstərəndə siyahıdakı ilk dərmana baxıb "bundan gəlmir neçə aydır” dedi. Niyəsini soruşduqda isə mənalı şəkildə "həkimin yanına get, biləcəksən” söylədi.

Onun dediyinə əməl etmək məcburiyyətindəydim – dərmanın əvəzləyicisini yazdırmalıydım. Buna görə də dübarə həkimin yanına qayıtdım. O isə əsəbi halda "bu firmalar yenə başlayıblar oyuna” deyərək, reseptə yeni dərman adı  yazdı: "Tərkib eynidir, amma birinci yazdığım xeyli ucuz idi, bu biri bahalıdır”. Daha sonra bildirdi ki, son vaxtlar firmalar eyni tərkibli dərmanların ucuz olanlarının idxalını dayandırıb, daha bahalı analoqlarını gətirirlər. Həkimin dediyinə görə, yalnız göz xəstəliklərində daim istifadə etdiyi 10-a yaxın dərmanın idxalı ötən 1 ildə dayandırlıb. Yeri gəlmişkən, aptekə qayıdıb yeni dərmanı aldım – 19 manata. Əczaçılar bildirdilər ki, gətirilməsi dayandırılan dərman 7-8 manat imiş – yəni 2 dəfədən də çox ucuz.

Analoji halla uşaqlar üçün olan bir neçə dərmanı axtararkən də üzləşdikdə anladım ki, problem kifayət qədər ciddidir. Məsələni daha da dəqiqləşdirmək üçün tanıdığım digər bir neçə əczaçıyla əlaqə saxladım və onlar da eyni sözləri söylədilər. Belə məlum oldu ki, dərman idxalı ilə məşğul olan əsas oyunçular qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə başlanmasından sonra bu taktikanı tətbiq edirlər -  eyni tərkibli ucuz dərmanların idxalını dayandırır, nisbətən baha olanlarını gətirirlər. Ki, Tarif Şurasının müəyyənləşdirdiyi gəlir marjası üzündən azalan qazanclarını bərpa etsinlər.

Qeyd edim ki, son 2 ildə ölkəyə dərman idxalı böyük sürətlə artır. Tarif Şurası rəsmilərinin açıqladığı məlumatlara görə, 2016-ci ildə  dərman vasitələrinin idxalı 2015-ci ilə nisbətən 20 faiz artıb. 2017-ci ilin yanvarına isə 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 51 faizlik artım qeydə alınıb. 
 
Dövlət Statistika Komitəsinin məlumatlarında da bu artım əksini tapır. Məsələn, ölkəyə gətirilən dərman vasitələrinin böyük bir qisminin daxil olduğu "Pərakəndə satış üçün qablaşdırılmış halda tərkibində digər antibiotiklər olan dərman vasitələri” mal qrupu üzrə 2014-cü ildə idxal 76,6 ton(744,3 min dollar və ya 1 tonu 9,7 min dollar), 2015-ci ildə 3 dəfə çox - 228,35 ton (3108,19 min dollar – yəni 1 tonu 13,6 min dollar), 2016-cı ildə 376,57 ton (7028,01 min dollar - yəni 1 tonu 18,7 min dollar) təşkil edib. Göründüyü kimi, idxalla yanaşı, gətirilən dərman vasitələrinin qiyməti də artır. 

Dərman vasitələrinin idxal həcmindəki artım, əlbəttə ki, qeydiyyat sahəsindəki şəffaflaşma ilə bağlıdır. Qiymət artımında isə devalvasiyaların xeyli payı var. Lakin burada idxalçı şirkətlərin daha çox qazanc əldə etmək istəyi, daha doğrusu, insanların həyatını bu istəyə rahatlıqla qurban etmələri də az rol oynamır. Bu şirkətlərə maraqlı deyil ki, devalvasiyadan gəliri azalanlar yalnız onlar deyil, azalma əhalinin bütün təbəqələrində gedir. Və evinə getdikcə daha az pul daxil olan insan artan dərman xərclərini ödəmək üçün sözün həqiqi mənasında, boğazından kəsir. Bir çox hallarda isə kəsməyə xərc tapa bilməyib, sağlamlığını itirməklə barışmalı olur. 

Görünən odur ki, insanların dərmansız-davasız, xəstəlik əlində aciz qalması dərman idxalından milyonlar qazananları heç narahat etmir. Hər halda, narahat etsəydi bu qədər qəddar davranmazdılar...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}