“Mənzil yox, tapdalanmış şərəf və ləyaqətimin bərpasını tələb edirəm…”

“Mənzil yox, tapdalanmış şərəf və ləyaqətimin bərpasını tələb edirəm…”

 

Yeni mənzil sevinci yaşayan həmkarlarımın hamısını təbrik edirəm. Onların arasında həqiqətən ləyaqətli, peşəkar qələm sahibləri var. İşığınız gur yansın! Sizi sevindirdiyi üçün möhtərəm Prezidentimizə də xoş niyətinə, savab işinə görə təşəkkürümü bildirirəm.
 
Mən bir vətəndaş kimi həmişə Prezident ədalətini ALİ ƏDALƏT hesab eləmişəm, ölkəmizdə hər bir sahədə bu ədalətin zəfər çalacağına inanmışam. Təəssüf ki, bu gün mənim gözümdə PREZİDENT ƏDALƏTİNƏ kölgə saldılar, bir az sərt ifadə etsəm, bu ali ədaləti qətlə yetirdilər. Bu qətlin sifarişçisi də məlumdur, icraçıları da. Adama mənzil verərlər də, verməzlər də. Dünyanın axırı deyil ki… Amma mənə qarşı dörd il əvvəl, 1-ci bina istifadəyə veriləndə də eyni ssenari üzrə ədalətsizlik olmuşdu. İndi də adımı siyahıya saldılar, yüzlərlə adam məni təbrik elədi və…binanın açılışına dəvət eləmədilər.
 
Bunu artıq diqqətsizlik, etinasızlıq kimi yox, kiminsə, kimlərinsə düşmənçiliyi kimi qəbul etmək olar. Mənim cənab Prezidentə daha bir müraciətim olacaq. Ola bilsin ki, 142 illik mətbuat tariximizdə 2 milyon tirajla qəzet buraxan, 20 Yanvar qırğını zamanı Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, "əsl jurnalistika qəhrəmanlığı göstərən”, Xocalı soyqırımı haqqında həqiqəti xalqa çatdıran, iki fəxri adı olan, haqqında sənədli filmlər çəkilən, çoxlu yaradıcılıq mükafatına layiq görülən, həmişə vətəndaşlıq mövqeyi ilə seçilən, dövlətimizin və dövlətçiliyimizin yanında olan, ölkəmizin çətin vaxtlarında (1992) Naxçıvana, Heydər Əliyevlə görüşə gedən jurnalistlər qrupuna rəhbərlik edən, ictimai-siyasi həyatımızda fəallığı ilə seçilən, Ahıl Jurnalistlər Məclisinin sədr müavini olan bir qələm sahibinin narahatlığı cənab Prezidentin diqqətini cəlb edəcək, Ali ədalətin bərpa olunması üçün addımlar atılacaq.
 
Mən bu ümidlə hələlik bir sıra radikal addımlardan çəkinirəm. Gündəmdə qalmağı xoşlamayan bir adam kimi, arzulayıram ki, heç bu addımlara ehtiyac qalmasın. Xüsusi qeyd etmək istəyirəm ki, kirayədə yaşamağıma baxmayaraq, mən mənzil yox, tapdalanmış şərəf və ləyaqətimin bərpasını tələb edirəm. Məni mənzil almağım münasibətilə təbrik etməyə tələsmiş yüzlərlə dost-tanışdan, ləyaqətli həmkarlarımdan üzr istəyirəm…
 
 
Məzahir Süleymanzadə


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}