NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ GÜC NÜMAYİŞİNƏ BAŞLADI – JURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLDİ

NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ GÜC NÜMAYİŞİNƏ BAŞLADI – JURNALİSTLƏR MƏHKƏMƏYƏ VERİLDİ

 

Bu gün Bakının Nizami rayon məhkəməsində Azinforum.az və Ovqat.com saytlarına qarşı qaldırılmış məhkəmə prosesi başlayıb. Qeyd edək ki, cavabdeh sayt kimi prosesə cəlb olunmağımız haqda bizə hər hansı bir bildiriş və ya zəng edilməyib. Bu səbəbdən də, Azinforum.az saytının rəhbərliyi belə bir prosesin baş tutduğu barədə tam məlumatsız olub.

Azinforum.az baş verən proseslərdən yalnız Ovqat.com-un baş redaktoru Heydər Oğuz vasitəsilə xəbər tuta bilib. Baş redaktorun bizə verdiyi məlumata görə, iddia ərizəsi Elnur Nuriyev adlı hakimin icraatındadır:

"Məhkəmə iclasında cavabdeh tərəf qismində yalnız mən dəvət olunmuşdum. Elə orda mənə məlum oldu ki, Azinforum.az-ı da bizə istinadən həmin məqaləni tirajladığına görə, prosesə cəlb ediblər. Mən hakimin diqqətinə qanunvericiliyin tələblərini çatdırdım və bildirdim ki, məqaləni istinadla yayan sayt heç bir məsuliyyət daşımır”.

Heydər Oğuzun sözlərinə görə, o, saytımızın cababdeh qismində prosesə cəlb edilməsinə etirazını bildirib. Şair-publisistin bu iradı həm hakim, həm də iddiaçının vəkili tərəfindən haqlı olaraq qəbul edilib. Hakim vəkilə iddianı yenidən işləyib məhkəməyə təqdim etməyi tapşırıb. Məhkəmə prosesi gələn ayın 7-ə qədər təxirə salınıb.

Heydər Oğuz Azinforum.az-a bildirib ki, iddiaçı Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır: ” Biz "Naxçıvanın sabiq daxili işlər naziri və qardaşı türk iş adamına necə fırıldaq gəlib” sərlövhəli məqaləyə görə məhkəməyə verilmişik. Məqalədə bütün iddialar türk iş adamı Osman Gezekerə aiddir və mən onun sənədlərlə təsdiqlədiyi fikirlərini qələmə almışam. Amma nədənsə, Əvəz Əhmədov iddia irəli sürəni yox, onu qələmə alan jurnalisti məhkəməyə verir”.

Heydər Oğuz yazının üzərindən bir neçə ay keçəndən sonra məhkəməyə çəkilməsini təsadüfi saymır. Onun fikrincə, beynəlxalq qurumlar tərəfindən Azərbaycan hakimiyyətinin söz azadlığına görə dalana sıxışdırıldığı bir zamanda ciddi hüquqi əsaslardan olmadığı məhkəmə prosesinin başlaması bulanıq suda balıq tutmağa oxşayır: "

Görünür, xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən uzaqlaşdırılan Əhməd Əhmədov öz qardaşı vasitəsilə Azərbaycan hökumətini beynəlxalq qurumlar qarşısında çətin vəziyyətə salmaq və bundan yararlanaraq yenidən itirdiyi vəzifəyə qayıtmaq istəyir. Bir növ, Azərbaycan hakimiyyətini şantaj etməyə cəhd göstərir. Əks halda, iddiaçı tərəf bir kənarda qaldığı halda mətbuat nümayəndəsinin məhşər ayağına çəkilməsi başqa heç bir arqumentlə əsaslandırıla bilməz”.

Heydər Oğuzun fikrincə, yəqin ki, Əhməd Əhmədov və onun qardaşı bu gücü azadlıqda qala bilmələri kimi amillərdən alırlar:

"Haqqında ağlasığmaz ittihamlar irəli sürülən nazir azadlıqda qalmağı bacardıqdan sonra, yəqin ki, bu cür üsullarla reabilitasiya olunmağı düşün. Ümid edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları və hakimiyyəti bu "cəsarəti” layiqincə qiymətləndirəcək və lazımi tədbirlər görəcək”.

Azinforum.az İnformasiya Portalının baş redaktoru Məhəmmədəli Qəribli də bu hadisədən təəccübləndiyini dedi: ” Bizim belə bir iddianın olması barədə heç bir məlumatımız olmayıb. Yəni bu haqda bizə hər hansı bir məktub və ya bildiriş göndərilməyib. Biz kifayət qədər ciddi işlərdə çalışmış bir türk iş adamının müsahibəsini Ovqat.com-a istinadən vermişik. Ən maraqlısı isə budur ki, iddia ərizəsində Əvəz Əhmədovun bizdən istədiyi təzminatın məbləği müsahibəni ilkin mənbə kimi yayan saytdan çoxdur. Biz internet üzərindən kiçik bir araşdırma apardıq. Məlum oldu ki, həmin müsahibəni 20-yə yaxın sayt tirajlayıb. Ancaq göründüyü kimi, məhkəməyə ilkin mənbə və biz verilmişik. Əslində, mən bunun səbəbini bilirəm. Çünki həmin yazılardan sonra, Əhmədovlar müxtəlif vasitələrlə mənimlə əlaqə yaratmağa can atdılar. Maraqlıdır ki, onlar səslənən iddiaların təkzib edilməsini və ya mövqelərinin verilməsini deyil, yalnız məqalənin silinməsini istəyirdilər. Hətta bunun müqabilində bizə müxtəlif şirnikləşdirici vədlər belə verdilər. Təbiidir ki, biz həmin təkliflərin hamısını rədd etdik. Ən maraqlısı isə budur ki, bir müddət sonra müsahibədə Əhmədovlar barəsində sərt ittihamlar səsləndirən türk iş adamının da həmin müsahibənin saytdan çıxarılması fikirinə düşdüyünü öyrənə bildik. Düzdür, Osman bəyin şəxsən özü bizimlə danışmayıb, ancaq onun adından belə xahişdə bulunanlar oldu. Sonradan biz gördük ki, müsahibənin həmin hissəsi Ovqat.com saytından da silinib. Əgər bu fakt Osman bəyin etirazına səbəb olsaydı, təbiidir ki, Heydər Oğuza ilk etirazı məhz o bildirərdi. Ancaq biz həmin hadisədən sonra onun müsahibəsinin davamının da silsilə şəklində Ovqat.com-da getdiyini gördük. Yəqin məsələnin məhz bu aspektilə bağlı türk iş adamı ilə Əhmədovlar arasında razılaşma olub ki, onlar məhkəməyə fikirlərin müəllifini deyil, jurnalistləri verirlər. Mən əslən Şərur rayonudanam. İddianın müəllifi ilə eyni rayondanıq. Bu səbəbdən də onu gözəl tanıyıram. Yaxşı olar ki, Əvəz Əhmədov belə iddialara düşməzdən əvvəl, özünə bir sual edərdi ki, Bakı şəhərində dəyəri 10 milyonlarla ölçülən varidada necə sahib olub? Sabunçu qəsəbəsindəki sauna və restoran, Babək prospektindəki böyük "prafilaktoriya”, ASAN xidmətə fantastik qiymətə icarəyə verilən obyekt onun biznes imperiyasının cüzi hissəsidir. Təbiidir ki, Əvəz Əhmədov bütün bu pulları qardaşı Əhməd Əhmədovun nazir işlədiyi dönəmdə qazanıb. Necə qazandığı barədə isə bizdən yaxşı məlumata malik olan yoxdur. Ümidvarıq ki, bizimlə bağlı edilən hüquqi yalnışlıq aradan qaldırılacaq. Əks halda, biz daha effektiv müdafiə tədibrlərinin qurulmasına əl atmalı olacayıq”.

Rövşən ƏLİ

Azinforum.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}