ŞOR YEMƏKDƏN ŞORANLIĞA DÜŞMÜŞÜK-Felyeton

ŞOR YEMƏKDƏN ŞORANLIĞA DÜŞMÜŞÜK-Felyeton

 


 

 

(Felyeton)

 

İki aydan bəri məni qurudub armud qaxına döndərən Şirvanlıların icad etdikləri duzlu şoru süfrəmizdə görəndə səbrimin möhkəm ilgəyi açıldı! Bir duzlu şora, bir də ev sahibəsinin qəhərdən bozarmış üzünə baxıb:

- Arvad, yenə də şor!? - dedim, - Bazar, dükanda qeyri ərzaq qəhətə çıxıb?

Mənim gileyim arvadı alça ağacı kimi silkələdi. Dilinin nə qədər acısı vardı əndərdi başımdan aşağı.

- Başıma xeyir, kişinin dünyadan xəbəri yoxdur, deyəsən? Dükan-bazarda quş iliyindən tutmuş arı südünə qədər, nə istəsən var. Amma gərək adam ayağını yorğanına binəm uzatsın.

- Yorğanı bir az uzun eləsən dünya dağılar bəyəm?

Bu kəlmə arvadın hikkə bardağını bir az da qaldırdı. Suyu çox gələn dəyirman sayaq başladı tozanaq qoparmağa.

- Əlbəttə, dağılar. Səninlə mənim aldığımız pensiyanın cəmi, dövlətimizin, eləcə də dünya səhiyyə təşkilatının bir nəfər üçün  müyyən etdikləri minimum istehlak səbətinin yarısını belə doldurmaz. Bu qəpik-quruşla dükanlarda kilosu 18 manata satılan kərə yağı, 12 manata satılan mal əti, 13 manata biçarə camaata sırınan qoyun əti, bircə ildə qiymətləri kələlçarxa çıxan qeyri ərzaq məhsulları alıb səninçün döşəmə plov, ballı qayqanaq, ya da "Arzuman küftəsi” bişirəcəyəm? Pulum nəyə çatır onu da alıb süfrəyə qoyuram ki, ömrümüzü bir təhər başa vuraq.

Arvadın giley-güzarını və bir sıra millət vəkillərimizin televiziya ekranlarından bülbül kimi cəh-cəh vura-vura, bizdə bağ belə, bostan elə dediklərini beynimdə dolandırırkən yadıma əllinci illərdə bir şirvanlı tələbə  dostumun baməzə qaravəlilsi düşdü. O, danışırdı ki, obalarında Rusetdə, ya haradasa əsgərlik eləyən kasıb qohumu yurda qayıdanda özü ilə bərabər sevib-seçdiyi bir «blandinka» nazənin də gətirir. Yağ içində böyrək kimi böyüyən xanım, Şirvanın palçıqlı yollarını, cındırından cin hürkən, uçuq-sökük evlərini və bir də gəlin getdiyi kasıb ailənin ağır dolanışığını görüb, gəldiyinə peşiman olsa da ailə yuvasını dağıtmaq istəmir və hamı nə yeyirsə, ondan yeyir.

Biçarə kasıb kişinin evində də duzlu Şirvan şorundən və üzsüz süzmədən savayı bir şeyi olmur. Təzə gəlin hansı təzə qohumun kəndarına ayaq basır süfrəsində duzlu şorla üzsüz süzmədən savayı bir şey görmür. Elə bu səbəbdən də Lonyanın təzə gəlininin ikicə ayda gül çöhrəsi şoran torpaq sayaq cadar-cadar olur.

Axırda şor yeməkdən şoranlıq səhraya dönən gəlin ata-anasını görmək bəhanəsiylə biryolluq doğma yurduna qayıtmağa qərar verir. Lyonyanın təzə qohumları yığışaraq «slavyan gözəlini» dəmir yol vağzalından yola salırlar. Biçarə qadın yerini rahatlayandan sonra başını yavaş-yavaş hərəkət eləyən vaqonun açıq pəncərəsindən bayıra çıxarıb, onu ötürməyə gələnlərə deyir:

- Ay camaat, mən qaçıb canımı qurtardım. Siz də başınıza çarə qılın. Yoxsa «izvesəoxşar» andır - duzlu şor hamınızın axırına çıxacaq.

Blandinka Lyonya dediyi kimi mənim də axırımı yaxınlaşdıran, əndamımdan duz ələyib, gözümdən yaş yerinə şor su şoralayan şoru şit olsun deyə üzsüz süzməyə qatıb candərdi yeyə-yeyə tüstüsü təpəsindən çıxan arvadın odunu söndürməyə başladım:

- Çox kiplənmə, arvad. İnkişaf və sosial tərəqqidə analoqu olmayan ölkəmiz gündən-günə çiçəklənir, gözəlləşir, varlanır. Çox mərtəbəli binalar, geniş küçələr, aynabənd evlər, bir-birindən yaraşıqlı möhtəşəm villalar, bağlar, parklar, idman kompleksləri, saysız şadlıq sarayları, rahat yollar doğma respublikamızın hüsnünü bəzəyir. Neftimiz, qazımız, işığımız, Avropanı və dünyanı nura qərq edir. Mən hələ digər yeraltı və yerüstü sərvətlərimizi demirəm. Rusiya bizim dadlı meyvəmizdən, şirəli tərəvəzimizdən ötəri sinov gedir. Pambığımız, taxılımız, üzümümüz, limonumuz, çayımız… dillər əzbəridir indi…

Arvad səngimək əvəzinə daha da püskürdü:

- Amma bizdə ağ neftin, benzinin qiyməti qalxıb kəllə-çarxa. Bazarlar da od tutub yanır. Ərzaq məhsullarının qiymətləri istiyə düşmüş «termometr» kimi elə hey qalxmaqdadır. Evdə yanan qazın, işığın işartısını gözün biri görür, o biri yox… Dəllal biznesmenlərin də vicdanlarını Tanrı qeybə çəkib. Xaricdə nə qədər köhnə, istehlak vaxtı keçmiş, insan səhhətinə zərər verən məhsullar, geni dəyişmiş meyvə-tərəvəz, bostan bitkiləri və nələrdənsə hazırlanmış sənaye məhsulları var bir ucdan daşıyıb gətirirlər və üçqat  bahasına sırıyırlar binəva camaata. Ona görə də neçə-neçə azar-bezar zəlisayaq darışıb millətin canına. Hansı xəstəxanaya gedirsən, xəstə əlindən tərpənmək olmur. Canı ağrıyan həkimə, aptekə qaçır.

Apteklər də maşallah yağışdan sonra oyanan göbələklərsayaq şəhərlərimizi doldurub. Hər addımda bir aptek açılıb. O günləri saymışam təkcə bir küçədə 31 aptek var. Xəstəxanaların dövrəsinə apteklərdən bəzək vurulub və yenə də onların sayı günü-gündən artmaqdadır. Bunun  məqsədini bilməsəm də səbəbini bilirəm. Xəstə çoxalanda dava-dərmana ehtiyac da çoxdur. Satılan dərmanlar da, əsl dərman ola, dərd yarıdır. Çoxu saxta və yararsız, ovucla içsən də faydası yoxdur.

Bəyənmədiyimiz sovet dövründə keyfiyyətə və qiymətə ciddi nəzarət var idi. Neçə-neçə dövlət qurumları keyfiyyətə və qiymətə məsul idi. Hər şeyin dövlət tərəfindən müəyyən edilmiş qiyməti vardı. Ticarətçinin həddi nə idi bu qiymətdən artıq sataydı həmin məhsulu. Vurub gözünü ikisini bir deşikdən çıxarardılar.

İndi isə bizdə qiymətlər sərbəstdir deyə, hər dükan aldığı malı özü qiymətləndirir. Həmin malın keyfiyyətinə isə baxan yoxdur. Olsa da, məsul olanlar öz ciblərinə işləyirlər. Elə bu səbəbdən də bazar-dükanda satılan ərzaq mallarının çoxu keyfiyyətsiz, kənar qarışıqlı, vaxtı keçmiş və insan sağlamlığına mənfi təsir edən məhsullardır…

Gördüm arvad yaman yellənib. Danışdıqca bütün əgər-əskiyimizi ipə-sapa düzəcək, başladım onu dilə tutmağa:

- Fikir eləmə, arvad, «yaman günün ömrü az olar», - deyiblər. Hazırda dövlətimiz neftdən asılılığ azaltmaq üçün yeni-yeni istehsal sahələri yaradır. Pambıq, üzüm, bağ-bostan əkinlərinin sahələrini genişləndirir. Əhaliyə yeni-yeni iş yerləri açır.

Odur ey, baramaçılığı inkişaf etdirmək məqsədilə Çindən azı 2 milyon tut tingi, Misirdən yeni məhsuldar pambıq çiyidi, Kanadadan, Hollandiyadan taxıl və kartof toxumları, İspaniyadan məhsuldar üzüm tingləri, Almaniyadan, İsveçdən cins inəklər alıb ki, istehsal etdiyimiz məhsuldan həm özümüz yeyək, həm də xaricə ixrac edib, ölkəyə valyuta gətirək.

Mən hələ sosial, mədəni və idman sahələrindəki uğurlarımızdan demirəm. Son illərdə bölgələrimizdə neçə-neçə idman-sağlamlıq bazaları, olimpiya mərkəzləri, beynəlxalq standartlara cavab verən idman qurğuları tikilib istifadəyə vermişik. Məhz buna görə də dünyanın nəzərləri bizə dikilib. Üç ildə dünyanı heyrətdə qoyan üç beynəlxalq idman oyunu - Avropa, İslam həmrəyliyi, Beynəlxalq Şahat Olimpiadası, Voleybol güləş «Formula-1» birincilikləri məhz Azərbaycanda- Bakıda keçirilib. Bəli! Azərbaycanın sürətli inkişafı göz qabağındadır.

Analoqu olmaayn bu tərəqqini eşidən əcnəbilər - siyasət, iqtisadiyyat, mədəniyyət, idman, ədəbiyyat, incəsənət və ən əsas da gödəniyyət nümayəndələri ilə bir ucdan axışırlar ölkəmizə, gündən-günə gözəlləşən şəhərimizə. Sahil bulvarımıza, bir-birindən yaraşıqlı  bağlarımıza, parklarımıza, qızıl qumlu dənizimizə və bölgələrin dilbər guşələrində ucaldıla möhtəşəm qonaq evlərimizə, pəhpəhli villalarımıza hayıl-mayıl olurlar.

Axı niyə də olmasınlar? Neft bizdə, qaz bizdə, işıqlı və rahat həyat bizdə, ağ balıq, qara kürü bizdə, üstəlik də bol günəş, bərəkətli torpaq, ilıq dəniz bizdə. Gəlirlər, gəzirlər, yeyirlər-içirlər və bizim üçün də şən nəğmələr deyə-deyə geri qayıdırlar.

Arvad ağa tərs-tərs üzümə baxıb:

- Sən isə duzlu şor yeməkdən gözlərində şoranlıq-yulğun yaranmışdı. Vaxtında özünü xəstəxanaya çatdırmasaydın işıqlı  dünyaya həsrət qalacaqdın. Nə yaxşı ki, yaxşı həkimlər və yaxşı insanlar az da olsa, bizdə var. Sən Allah şadlığına şıllaq atma, qabağında duzlu şoru üzsüz süzməyə qarışdırıb ye.

Qaldım gözümü döyə-döyə, qordum ki,  ətin, yağın, pendirin, duzlu şorun, üzsüz süzmənin ən əsası da dava-dərmanın qiymətləri yenidən bahalaşsa, qorxuram aldığımız pensiyamız heç duzlu şor almağa da yetməyə. Mənim lal-dinməz dayandığımı görən arvad atmacasından qalmadı:

- Niyə susursan? Danış də, - deyərək yarımçıq qalmış gileyinə dəm verdi: - Bəs bilmirdinmi min illik qoyun və mal-qara qışlaqlarını, harın məmurlar və onların törəmələri kotanın qabağına verəndə və ən azı dörd-beş milyon qoyun-quzu sürüləri, mal-qara naxırları qışlaqsız, otlaqsız qalacaq və bu səbəbdən də ətin-yağın, südün, pendirin... qiymətləri kəllə-çarxa qalxacaq. Bizim kimi quruca təqaüdlə dolananlar da duzlu şor, üzsüz süzmə tapanda sevinəcək.

Ay kişi, harda görünüb ki, yovşandan və ağ otdan, yulğundan savayı heç nə bitirməyən «Acınohur», «Ceyrançöl», «Qarayazı», «Qobustan», «Küdrü» və s. qışlaqlarda taxıl, pambıq əkilsin? İl boyu cövlan edən "Ağ yel”, "Qara yel” həmin əkinlərdə bircə dən də göyərib bitməyə imkan verməz. Versəydi o yerləri, min illər boyu babalarımız, ulularımız əkərdi də.

Bir də əkin üçün respublikada yer qəhətdir. 25-30 il əvvəl bağ-bostan yeri, taxıl zəmisi, pambıq sahəsi olan münbit torpaqlarımız indi baxımsızlıq ucbatından şoranlaşıb, yulğunlaşıb bataqlığa-qamışlığa çevrilib. Əkirsən, həmin yerləri əvvəl əkinə yararlı vəziyyəti gətir, sonra ək, biç, becər, sat və batıb-barın. Qalanını da «Azərsun» şirkətinə verin ki, o da çuğundur əkib, bağ-bostan becərsin və aldığı məhsulu da üç qat bahasına sırısın binəva camaata.

Arvadın belə dilavərliyi məni nixt eləmişdi. Zalımını qızının elə bil dilinin üstündə dil bitmişdi. Hesablama palatasına, Statistika idarəsinə və hakimiyyətin yalançı tutuquşularına dönüb yalan-doğru nə var üyüdüb tökürdü bir ucdan.

Sən demə, ehtiyac lalı da dilləndirərmiş. Day neyləsin, biçarə qorxur ki, o da duzlu şor yeməkdən, mənim kimi, şoranlığa dönsün.

Andıra qalmış "şor” əhvalatını Sabiranə bir şeirlə tamamlayıram. Oxuyub, bal yeyənlər feyziyab olsunlar.

 

                      Şor

 

"Bu nırxsız dükan-bazarda yenə də babatdır şor”,

Söyləyərək şorsatanlar, arvada hey satdı şor.

 

Səhər-axşam şor yeməkdən bozardım yovşan kimi,

Damağımı duz əritdi, dilimi çatlatdı şor.

 

Qurudaraq can-cəsədi döndəribdi qaxaca,

Bu yazıq əprim qocanı bir daha qocaltdı şor.

 

Yaş yerinə duz ələndi gözlərimdən də bu dəm,

Şoranlaşan kirpiyimlə didəmi dağlatdı şor.

 

Ətim əndamdan tökülüb, bir dəriyəm, bir sümük,

Bu, azmış deyə canıma, min dərdi calatdı şor.

 

Deyirlər bizdə qocalar yağ içir, həm bal əmir,

Bəs nədən mən fəqiri şor ilə aldatdı şor?

 

Şor əlindən olmuşam, inanın, candan bezar,

Canım da becəhənnəm, balamı ağlatdı şor.

 

Əlimdən alıb yuxumu duzlaşan oynaqlarım,

Döndərib bir yalquzağa, sübhədək ulatdı şor.

 

"Mənhusi bəxtimə bax”, axırda mən qocanı

Duzlaqlarda duz daşını özümə yalatdı şor.

 

Əhli-dəmlər nə bilsin biz yazıq əhli-qəmləri,

Atıb cəhənnəm oduna, min kərə qaynatdı şor.

 

Şorlaşan halımı görüb, elə bildi naşıyam,

O səbəbdən mən şairə çox mətləb anlatdı şor.

 

Məmməd Əfşan,

 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}