İqbal Ağazadə özgə mülkiyyətini ələ keçirməkdə ittiham olunur –Sahibkarlar partiya sədrinə qarşı etiraz aksiyasi keçirəcək

İqbal Ağazadə özgə mülkiyyətini ələ keçirməkdə ittiham olunur –Sahibkarlar partiya sədrinə qarşı etiraz aksiyasi keçirəcək

 

"Biz – mülkiyyət hüququ pozulan vətəndaşlar İqbal Ağazadənin rəhbərlik etdiyi Ümid partiyasının qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırıq”.

Ovqat.com xəbər verir ki, məlumatı saytın əməkdaşı ilə söhbətində iş adamı Etibar Qasımov bildirib.

İş adamının bildirdiyinə görə, onları buna vadar edən səbəb partiya sədrinin qardaşı İlqar Ağazadə ilə aralarında gedən mülkiyyət mübahisəsidir: "Mən və digər şikayətçilər Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın birinci mərtəbəsindən obyekt almışıq. Düz 11 il əvvəl 200 min manat ödəyərək aldığım həmin yeri daha sonra İqbal Ağazadə şəxsi əlaqələri vasitəsi  və məhkəmələrin haqsız qərarları ilə özününküləşdirmək istəyir. Hazırda öz hüququmuz uğrunda apardığımız mübarizə isə heç bir nəticə vermir. İqbal Ağazadənin hakimiyyətdəki himayədarları məhkəmələrə təzyiq göstərərək  hüquqlarımızın bərpasına mane olurlar. Bizim də çarəmiz etiraz aksiyaları ilə dərdimizi ölkə rəhbərliyinə çatdırmağa qalıb”.

Qeyd edək ki, ötən cümə günü 1 saylı Bakı İnzibati-İqtisadi  Məhkəməsində Mömünat Hacıbəyovanın hakimliyi ilə keçirilən prosesdə etirazçıların iddiası təmin olunmamışdı. İddiaçılar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin  2013-cü ildə çıxartdığı qərarla öz mülkiyyətlərinin əllərindən alınmasından şikayətçi idilər. Bir növ "səndən sənə şikayətim var” prinsipi ilə keçirilən məhkəmədə iddiaçıların vəkili Elmar Kərimov çıxış edərək hakimin binanın birinci mərtəbəsini zirzəmi kimi qiymətləndirməsini həm hüquq, həm də arxitektura baxımından absurd hesab etmiş və fikrini belə əsaslandırmışdı: "Əvvəla, binanın həmin hissəsinin birinci mərtəbə olması gözlə görüləcək qədər aydındır. İkincisi, hətta həmin hissə zirzəmi olsa belə, onun başqasına satılması qanunlaqadağandır. Çünki qanunvericiliyə əsasən, hündürmərtəbəli binaların zirzəmisi sakinlərin ortaq mülkiyyətidir, heç bir tikinti şirkəti onu başqasına sata bilməz”.

Vəkilin bütün əsaslandırmalarına baxmayaraq, hakim Mömünat Hacıbəylinın iddianı təmin etməməsini İqbal Ağazadənin himayədarlarının məhkəməyə təzyiqi kimi qiymətləndirən Etibar Qasımov öz mülkiyyəti uğrunda mübarizəni bir neçə istiqamətdə aparacağını bildirib:

"İstiqamətlərdən biri hüquqi çərçivədir. Biz son məhkəmə instansiyasına qədər mübarizəmizi davam etdirəcəyik. Hətta öz ölkəmizdə hüququmuzun bərpasına nail ola bilməsək, beynəlxalq məhkəmələrə baş vuracağıq. İkinci istiqamət isə etiraz aksiyaları təşkil etməkdir ki, bu sahədə ilk addımı Ümid partiyasının qərargahının qarşısında atmağa hazırlaşırıq. Növbəti mərhələdə bütün hüquqi aktları heç sayıb Ağazadə qardaşlarının xeyrinə qərarlar qəbul edən məhkəmələrin önündə aksiya keçirməyi planlaşdırırıq”.

Etibar Qasımov onu da bildirdi ki, İqbal Ağazadənin Rusiyadakı mülkiyyətlərinin siyahısını da çıxarıb və müxalifət partiyasının sədri kimi görünən bu adamın hansı vəsaitlə həmin zənginliyi əldə etdiyini araşdırmaq üçün yaxın günlərdə hüquq mühafizə orqanlarına müraciət edəcək: "İqbal Ağazadə və onun qardaşı İlqar unutmasınlar ki, mən onlar kimi Azərbaycanın pullarını aparıb Rusiyada investisiya kimi yatırmamışam. Əksinə, dırnağımla, dişimlə Rusiyada qazandıqlarımı gətirib öz ölkəmə qoymuşam. Məqsədim bir neçə ailəyə çörək pulu qazandırmaq olub. Mən o obyekti ərsəyə gətirmək üçün Sumqayıtdakı evimi belə satmışam. Hazırda kirayələrdə yaşayıram. Öz halal çörəyimi hansısa dələduzların mənimsəməsinə imkan verməyəcəyəm”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}